93
yaşlı Azərbaycan polisi
1918-ci il may ayının 28-də
öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq
Cümhuriyyətinin milli hökumətinin
tərkibində Daxili İşlər Nazirliyi yaradılib. 1918-1920-ci illəri əhatə
edən fəaliyyəti dövründə, nazirlik
və onun tərkib hissəsi olan polis Azərbaycan
dövlətinin formalaşmasında, milli
maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin
ön sıralarında olmuşdur.
Azərbaycan
milisi Böyük Vətən
müharibəsində də öz sözünü
deyib
Azərbaycan Xalq
Cümhuriyyətinin yaranandan sonra Fətəli xan Xoyskinin başçılığı ilə
hökumət təşkil edilir və o, eyni zamanda,
cümhuriyyətin ilk daxili
işlər nazirliyi kimi
fəaliyyət göstərir.
1918-ci il iyunun 24-də AXC milli
hökuməti “Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular
haqqında” özünün 178 saylı qərarını
verir. Həmin qərara uyğun
olaraq iyulun 2-də Gəncədə
ilk polis orqanları təsis
edilir, onların kadr və
məvacib məsələlərinə baxılır.
1920-ci il aprelin 27-də Azərbaycan Xalq
Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə Daxili
İşlər Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Azərbaycan SSR Daxili
İşlər Nazirliyi ictimai
təhlükəsizliyi təmin edən orqan
idi.
Həmin
dövrdə Azərbaycanın daxili
işlər orqanları cinayətkarlığa qarşı
mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində
böyük təcrübə qazanıb,
yüksək bilik və peşə
hazırlığı əldə edib, respublikada asayişin, əmin-amanlığın
keşiyində mətanətlə dayanıb, təşkilati
cəhətdən möhkəmlənib.
1941-45-ci illərdə
faşizm ilə mübarizədə Azərbaycan
polisinin 800 nəfərə yaxın əməkdaşı
rəşadətlə vuruşub, qəhrəmanlıq,
igidlik nümunələri göstərərək
yüksək orden və medallara
layiq görülüblər.
I Qarabağ müharibəsi dövründə
Azərbaycan polisi 932 şəhid verib
Ermənistan-Azərbaycan
münaqişəsi başlandıqdan sonra
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932
şəhid verib, 681 əməkdaş isə
əlil olub.
Azərbaycan
Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrunda
gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara,
dinc əhalinin təhlükəsizliyinin təmin
edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai
təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən
cəsarət göstərdiklərinə görə, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamları
ilə daxili işlər
orqanlarının 66 əməkdaşına “Azərbaycan
Respublikasının Milli Qəhrəmanı”
fəxri adı verilib, 86 əməkdaş
“Azərbaycan Bayrağı” ordeni,
247 əməkdaş isə müxtəlif orden
və medallarla təltif edilib.
18 oktyabr 1991-ci ildə “Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı qəbul
edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi
keçmiş SSRİ Daxili
İşlər Nazirliyinin tabeliyindən
çıxıb və həmin dövrdən suveren
Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi kimi
fəaliyyət
göstərir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə
“Daxili İşlər Nazirliyinin
Əsasnaməsi və strukturu” təsdiq edilib.
Ötən
il ərzində DİN-in fəaliyyəti
Daxili işlər
orqanlarının işinə qiymət vermək üçün cinayətkarlığa
qarşı mübarizə, ictimai
qaydanın və ictimai təhlükəsizliyin
təmin edilməsi sahəsində 2010-cu ildə görülmüş işləri təhlil
etmək kifayətdir.
2010-cu il ərzində
daxili işlər orqanları tərəfindən
cinayətkarlıqla mübarizə, ictimai
asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri
uğurla yerinə yetirilmiş,
ölkədəki kriminogen durum nəzarətdə saxlanılıb.
Hesabat
dövründə DİN sistemi üzrə
qeydə alınmış cinayətlərin 86,6%, onlardan hədə-qorxu ilə tələb etmələrin
100,0%, qaçaqmalçılıq cinayətlərinin 98,1%, ekoloji cinayətlərin 98,0%, şəxsiyyət
əleyhinə olan cinayətlərin 97,7%,
zorlamaların 94,7%, qəsdən adam
öldürmə 94,3%, yol hərəkəti və nəqliyyat vasitələrinin
istismarı qaydalarını pozmaların 94,2% (o
cümlədən, ölümlə nəticələnən
yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin
95,9%), qəsdən sağlamlığa az
ağır zərər vurmaların 94,2%, narkotik
vasitələrlə bağlı cinayətlərin
92,4%, insan alveri ilə
bağlı cinayətlərin 91,4%, mənimsəmə və
israfetmə cinayətlərinin 91,2%, xuliqanlıqların 91,1%,
dələduzluq cinayətlərinin 89,5%, seksual
xarakterli zorakılıq hərəkətləri
cinayətlərin 79,5%, soyğunçuluqların 72,4%
açılması təmin edilib.
İnsan alveri ilə bağlı cinayətlərə
görə 134 nəfər məsuliyyətə cəlb olunub. Hesabat dövründə daxili işlər
orqanları tərəfindən qanunsuz
dövriyyədən 659 kiloqramdan artıq
narkotik vasitə götürülüb,
94 kq-dan artıq narkotik
vasitənin qaçaqmalçılıq yolu
ilə ölkəyə gətirilməsinin qarşısı
alınıb.
Görülmüş tədbirlər
nəticəsində keçmiş illərdən
bağlı qalmış 296, o cümlədən,
65 ağır və xüsusilə, ağır cinayətin
açılması təmin edilib. Hesabat
dövründə axtarışda olan təqsirləndirilən
şəxslərin 2322-i (63,4%), o cümlədən,
törədilmiş ağır və xüsusilə,
ağır cinayətlərin subyekti olan 301 nəfər (8,2%) tutulub,
itkin düşmələri ilə əlaqədar
axtarış elan olunmuş
926 şəxsdən 665-nin (71,8%) yeri
müəyyən edilib.
“Biz əldə olunmuş
nailiyyətlərlə kifayətlənməməliyik”
Azərbaycan polisinin peşə bayramı Ümummilli
Lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli
Fərmanı ilə təsis olunub. Ümummilli Liderin Azərbaycana
rəhbərlik etdiyi bütün
dövrlərdə gördüyü
möhtəşəm işlərin miqyası, o cümlədən, daxili
işlər orqanlarının formalaşmasında və
inkişafındakı rolu son
dərəcə böyük və əvəzsizdir.
Xüsusi
qeyd etmək lazımdır ki, məhz Ulu Öndərimizin
müdrik və uzaqgörən rəhbərliyi
ilə həyata keçirilən qətiyyətli tədbirlər,
aparılan quruculuq işləri və hərtərəfli
islahatlar Daxili
İşlər Nazirliyi sistemində də
xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin möhkəm əsasını
qoydu. İmzaladığı fərman və
sərəncamlar, göstərdiyi qayğı daxili
işlər orqanlarının inkişafında mühüm əhəmiyyət kəsb etməklə
bərabər, həm də idarəetmədə keyfiyyətcə
yeni prinsiplərin və təkmilləşmələrin
tətbiqini sürətləndirib.
Ümummilli Lider Heydər Əliyev 2003-cü il iyulun 1-də daxili işlər orqanlarının şəxsi
heyətinə müraciətində demişdi:
“Dövlətimizin güclənməsi, demokratiyanın
inkişafı, qanunun aliliyinin
təmin edilməsi sahəsində biz əldə
olunmuş nailiyyətlərlə kifayətlənməməliyik”.
Bu
tövsiyəyə uyğun olaraq, nazirliyin
qarşısında duran ən əsas vəzifələrdən
biri böyük
çətinliklər və gərgin səylər hesabına
qazanılmış müsbət mövqeləri əldən
verməmək, uğurlardan
arxayınlaşmamaq, onları qoruyub saxlamaq və daha da artırmaqdır. Bunun üçün polisin kifayət qədər qüvvəsi,
potensialı, kadr ehtiyatı var.
Prezident İlham Əliyev daxili
işlər orqanlarına daim böyük önəm verir
Prezident
İlham Əliyevin dövlət
başçısı seçilməsindən sonra DİN-in
inkişafı daha da
sürətlənib, şəxsi heyətin peşəkarlıq
səviyyəsini artırılıb, onların sosial müdafiəsini, yaşayış və
iş şəraitini, struktur
qurumların maddi-texniki bazasını köklü surətdə yaxşılaşdırılıb.
Ötən dövrdə nazirliyin Polis
Akademiyasında ən yüksək tələblər səviyyəsində
tədris və məişət korpusları, xüsusi
təchiz olunmuş auditoriyalar,
idman kompleksi, sıra
meydanları və s. istifadəyə verilib. Akademiyada
ixtisaslı polis kadrlarının
hazırlanması üçün hər
cür şərait yaradılıb.
Şəxsi
heyətin vəzifə və rütbəyə görə
maaşları artırılıb, habelə, cinayətkarlığa
qarşı mübarizədə, ictimai asayişin təminində mühüm
əhəmiyyət kəsb edən xeyli sayda avadanlıq, avtomobil, xüsusi texnika və vasitələr
alınıb.
Nazirliyin bir çox struktur
qurumları üçün lazımi
şəraiti olan yeni
inzibati binaların inşası və təchizatı
da həyata keçirilib.
Məhz bu işlərin nəticəsidir ki, son illərdə
respublikamızın bütün ərazisində
kriminogen durum köklü surətdə müsbətə doğru dəyişib və ağır cinayətlər
törətmiş minlərlə cinayətkarı birləşdirən
2 minə yaxın cinayətkar dəstə zərərsizləşdirilib.
Əhalidə olan 40 minə yaxın qanunsuz odlu silah
yığılıb. Asayişin təmininə,
cinayətkarlıqla mübarizənin nəticələrinə
görə respublikamız uzun müddətdir
ki, MDB, eləcə də, Şərqi Avropa məkanında ən öncül
yerlərdən birini tutur.
Elçin Bayramlı
Səs.- 2011.- 2 iyul.- S. 3.