Böyük
sənətkarın xatirəsi anılacaq
Dövlət Film Fondunun təşkilatçılığı
ilə cari ilin sentyabrında Azərbaycan kino sənətində
öz imzasını qoymuş sənətkar, əməkdar
artist Hamlet Xanızadənin 70 illik yubileyinə həsr
olunmuş xatirə gecəsi keçiriləcək.
Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə bildirib ki, son vaxtlar Dövlət
Film Fondu tərəfindən bütün sənətkarlarımızın
yubileyləri, xatirə tədbirləri qeyd olunur: “Şübhəsiz,
bu sırada Hamlet Xanızadənin də öz yeri vardır.
H.Xanızadə Mehdi Məmmədov, Əliağa Ağayev,
Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı,
Hökumə Qurbanova, İsmayıl Dağıstanlı və
onlarla müqtədir sənət korifeyləri ilə birgə
işləyib, onlardan sənətin sirlərini mənimsəyib.
Hamlet Xanızadə haqqında düşünəndə
ilkin olaraq tamaşaçının yadına Topal Teymur obrazı
düşür. Aktyor bu obrazın ifası üçün
elə orijinal üslub seçib ki, istər-istəməz
tamaşaçıda şər əməllərə nifrət
hissi doğurur”.
A.Kazımzadə deyib ki, istər
kino, istərsə də teatrda Hamlet Xanızadənin
yaratdığı obrazlar özünəməxsusluğu, səmimiliyi,
tamaşaçını özünə cəlb etməsi ilə
daim fərqlənib: “Hamlet Xanızadə güclü
yaradıcı potensiala malik aktyor idi. Biz belə sənətkarlarımızla
daim fəxr etməliyik”.
Qeyd edim ki, bu gün Azərbaycan kino sənətində böyük
iz buraxmış xalq artisti Hamlet Xanızadə doğum
günü - 70 illik yubileyidir. Tanınmış sənətkar
1941-ci ildə Bakının Şağan qəsəbəsində
dünyaya göz açmışdı. Hamlet Xanızadə
orta təhsilini burada
almışdı və atası Bəbir kişi
heç onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində
baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib
gəldi. Müharibənin dəhşətli
ağrılarını hələ körpəliyində
çəkən bu uşağın taleyində çox
şeylər ağrılı olmuşdu. Hamlet
uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət
Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu,
1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına
işə gəlmişdi. Hamlet Xanızadə elə institut
illərindən özünü istedadlı aktyor kimi təqdim
etmişdi. Tədris teatrında yaratdığı rollar
müəllimlərin də, uşaqların da qəlbində
özünə yer almışdı. Bilmirəm ilk dəfə
hansı rolu oynayıb, kimlərlə tərəf-müqabil
olub. Bircə onu bilirəm ki, bu sənəti sidq ürəkdən
sevirdi və ilk rolu da, heç şübhəsiz, bu sevgi
ruhunda yaradılmışdı.
Çox tamaşalarda
oynayıb. Onların adlarını sadalamaqla qurtaran deyil. Tərəf-müqabilləri
də ki, səhnəmizin “ulduz”ları olmuşdu. Mehdi Məmmədov,
Əliağa Ağayev, Ağasadıq Gəraybəyli,
İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl
Dağıstanlı və onlarla müqtədir sənət
korifeyləri ilə birgə işləyib, sənətin sirlərini
mənimsəyib. Bu teatr onun üçün həm də məktəb
idi. Hünərin nə idi ki, belə sənətkarların
qarşısında nəyi isə səhv edəsən, nəyi
isə nəzərdən qaçırasan. Hamlet Xanızadə
burada püxtələşdi, tamaşaçıların qəlbinə
yol tapdı. Onu sevirdilər, alqışlayırdılar.
Hamlet haqqında düşünəndə ilkin olaraq yadıma
Topal Teymur düşür. Hər dəfə bu televiziya
tamaşasına baxanda onun yaratdığı Topal Teymurun qəddar
görkəmi uzun zaman gözlərim qarşısından
çəkilmir. Aktyor bu obrazın ifası üçün
elə orijinal üslub seçib ki, istər-istəməz
tamaşaçıda şər əməllərə nifrət
hissi doğurur.
Bir də “Nəsimi” filmindəki Topal Teymuru
xatırlayın. Yusif Vəliyevin yaratdığı həmin
obrazla H.Xanızadənin qəhrəmanını müqayisə
edəndə oxşar əlamətlər olduğunu necə də
aydın hiss etmək olur. Doğrudan da, bizim aktyor sənətimizdə
çox böyük nəhənglər yetişib.
Yaxşı ki, kinomuz, televiziyamız olub və hər iki sahədə
yüzlərlə aktyorumuzun bizə ərmağan etdiyi əsərlər
yaşayır və onlar Azərbaycanın çox qiymətli
milli-mənəvi sərvətinə çevrilib.
“Dəli yığıncağı”, “İblis”,
“Ölülər” və s. tamaşalarda Hamletin bütün qəlbi
və ruhu ilə yaratdığı nə qədər qəhrəmanlar
olub. Hər dəfə səhnəyə çıxanda
tamaşaçı alqışlarının ardı-arası
kəsilməzdi.
Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin “Dəli
yığıncağın”da Molla Abbası, Nəriman Həsənzadənin
“Atabəyləri”ndə Nizamini, Nazim Hikmətin “Şöhrət
və unudulan adam”ında doktoru böyük sənətkar məharəti
ilə yaratmışdı. Dünya ədəbiyyatı incilərindən
F. Şillerin, V. Şekspirin əsərlərində
oynamışdı.
Kinoya 70-ci illərdə gəlmişdi. Tofiq
Tağızadənin “Yeddi oğul istərəm” filmindəki
Gizir obrazını xatırlayırsınızmı? Gəray
bəyin “vuran əli” olan Gizir tədbirli insandır. O, hər
şeyi götür-qoy etməyi bacarır. Hamlet qəhrəmanının
bu xüsusiyyətlərini qabartmaqla, onu filmin əsas qəhrəmanları
səviyyəsinə qaldırır. Hamlet kinonu da çox
sevirdi və ömrünün son illərində kinoya daha
çox meyillənmişdi. Filmlərə tez-tez çəkirdilər
onu. Hərdən dublyaja, “Mozalan”a da dəvət edirdilər.
Enerjili insan idi. İşləmək onu heç vaxt
yormazdı. Təki ürəyincə olan, daha doğrusu, ona
“yaraşan” rollar olsun. İlk dəfə “O qızı
tapın” filmində kinorejissor Həsən Seyidbəyli çəkmişdi
onu. Oynadı, özünü təsdiq etdi. Sonra isə
kinorejissor Kamil Rüstəmbəyov Hamleti “Axırıncı
aşırım” filmində çəkdi. Kərbəlayı
İsmayılı yola gətirmək üçün Abbasqulu
bəylə birgə Qarabağlar kəndinə yollanan
Talıbov Qəmlonun qəzəbinə düçar olur.
Talıbov qorxmaz, igid, insan taleyinə biganə qalmayan qəhrəmandır.
Aktyorun Kərbəlayının qəbulunda o qorxunc
anlardakı simasını xatırlayırsınızmı?
Çox istedadla yaradılıb bu səhnələr. Hamlet
Xanızadə belə dramatik səhnələrin əsil
ustası idi.
Amma İmaş (“Arxadan vurulan zərbə”) tamam başqa
ampluada işlənmiş bir qəhrəmandır. O, həyatın
çətinliklərini görüb başı
daşdan-daşa dəyib. Həbsxana həyatı da
yaşayıb. Baş verən ən kiçik cinayətlərdə
belə onun adı hallanır. Amma Qəmərlinskinin
öldürülməsindən onun xəbəri yoxdur.
Bacısı da bir tərəfdən onun ovqatını
korlayır. Xoşu gəlməyən bir nəsildən olan
Fazili sevir. Bu mürəkkəb hadisələr fonunda onun
xarakteri açılır. Hamlet bu epizodları elə
istedadla, məharətlə ifa edir ki, tamaşaçı əsil
aktyor sənətinin şahidinə çevrilir və onu sevməyə
bilmir. Əyninə sırıqlı geymiş bu
oğlanın taleyinə heç kəs biganə qala bilmir.
“Axırıncı aşırım”da isə onun rolu o qədər
böyük olmasa da, bu bolşevik obrazını Hamlet
Xanızadə çox istedadla yaratmışdı. Hamletin ən
uğurlu ekran qəhrəmanlarından biri “Arxadan vurulan zərbə”
filmindəki İmaşdır. İmaş da baş qəhrəman
deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə
təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə
çatdırır. Hamletin bu filmdəki rolu kinomuzun çox
maraqlı qəhrəmanlarındandır. Xəlifə Mötəsimi
isə “Babək” filmində yaratmışdı. Bu tarixi filmdə
onun ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin
ümumi gedişinə təsir göstərən tarixi
simadır. Hamlet onu uğurla yaradıb, sevdirib bizlərə.
Və nəhayət, “Qətl günü” filmindəki Sədi
Əfəndi. Sədi Əfəndi ümumiləşmiş
yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə
görürük və bu insanın düçar olduğu xəstəlikdən
sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından
keçmiş bu insanın bütün
ağrılarını məharətlə yaşayır, onu
sevdirir, elə özü sevdiyi kimi. Yusif Səmədoğlunun
eyniadlı romanı əsasında lentə alınmış
“Qətl günü” filminə Hamletin dəvət olunması
təsadüfi deyildi. Sədi Əfəndi həyatın
sınaqlarından keçmiş, sənətkar taleyi
yaşamış bir obrazdır. Bu obraz mürəkkəb
olduğu qədər də ziddiyyətlidir. Tarixin
ağrılı dövründə, 30-cu illərin
repressiyalarının qurbanı olan yüzlərlə sənət
adamının ümumiləşmiş obrazıdır. Hamlet
Xanızadə Sədi Əfəndinin ifası
üçün çox orijinal detallar tapıb, onun
bütün iztirab və yanğılarını sifətindəki
cizgilərlə verə bilir. Müasir mövzuda çəkilmiş
“Yaramaz”da (rejissor V. Mustafayev) zavod direktorunu oynayır. Bu obrazla
aktyor müasir rolların da gözəl ifaçısı
olduğunu bir daha təsdiq edir.
Hansı rolda çəkilməsindən asılı
olmayaraq, aktyor oynadığı rolun məsuliyyətini
gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil
tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu
tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə
toxunmazdı. Rolları isə əksinə qəddar,
zalım, qaniçən insanlar olurdu.
Hamlet Xanızadə güclü yaradıcı potensiala
malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif
xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist
idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət
mükafatı və bir də xalqın ürəyində
qazandığı məhəbbət idi. Bu məhəbbət
bu gün də var, sabah da olacaq.Hamlet Xanızadə
ömrünün son günlərinə qədər işləyirdi.
Özü də həvəslə, yorulmadan işləyirdi.
1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli
dərəcədə sarsıtmışdı və günlərin
birində bu ağrılar onun ürəyini əbədi olaraq
susdurdu. Həmin il fevralın 22-də. Hətta şəhidlərimizin
40-nı görmək belə ona qismət olmadı.Hamlet
Xanızadə çox həssas insan idi. Millətin,
xalqın qeyrətini çəkən, onun yolunda ölümə
belə getməyə hazır olan aktyor 20 Yanvar faciəsinin
qurbanı oldu. Onu Şəhidlər Xiyabanında dəfn etmədilər,
doğma kəndlərinin qəbiristanlığında
torpağa tapşırdılar. Hər dəfə Hamlet
Xanızadənin çəkildiyi filmlərə tamaşa edəndə
bu qəribə taleli insanın böyük sənətinə
qibtə edirsən. Onun qəhrəmanları onu bu xalqın sənət
tarixində əbədiləşdirib. Hamletin əziz xatirəsi
heç zaman sənətsevərlərin yaddaşından silinməyəcək.
Zümrüd
Səs.-
2011.- 5 iyul.-S. 12