Vətəndaş
cəmiyyəti quruculuğunda
qadınların rolu
Ümummilli maraqlar Azərbaycan
qadınlarının bir daha sayıq olmasını və
birliyini tələb edir
Hər bir cəmiyyətdə demokratik proseslərin
inkişafında qadınların rolu kifayət qədər
yüksəkdir. Xüsusilə də, onlar vətəndaş
cəmiyyəti institutlarında təmsil olunanda və bu
istiqamətdə davamlı fəaliyyət quranda demokratik
proseslərə ciddi töhfələr vermiş olurlar. Birmənalı
şəkildə demək olar ki, bu gün Azərbaycanda fəaliyyət
göstərən qeyri-hökumət təşkilatları sırasında
çoxsaylı qadınlar yer alır. Hansı ki, onlar ən
müxtəlif sahələrlə bağlı təklif və
ideyalar verir, həmin ideyaların reallaşması
üçün güc və bacarıqlarını əsirgəmirlər.
Bununla bağlı AMEA Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun baş elmi işçisi, f.e.d.,
professor Rəna Mirzəzadə QHT-lərin Azərbaycan cəmiyyətinin
getdikcə fəal bir hissəsinə çevrildiyini söylədi:
- Məlumdur ki, XX əsr bir çox tarixi hadisələrlə
Azərbaycan xalqının yaddaşında silinməz izlər
qoymuşdur. Bunlardan biri də, Azərbaycan
qadınlarının ictimai-siyasi həyata gəlişi və
bu sahədə böyük nailiyyətlər əldə etməsidir.
Azərbaycan qadını tarixin ən çətin və həlledici
anlarında həmişə öz sözünü deməyi
bacarmış və bütün sınaqlardan
alnıaçıq çıxmışdır. XX əsrin
sonunda da Azərbaycanın dövlət müstəqilliyinin əldə
edilməsində və ərazi bütövlüyünün
qorunması uğrunda mübarizədə
qadınlarımızın da böyük əməyi
olmuşdur. Azərbaycan qadınları bu gün ölkəmizdə
gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunda, demokratiyanın inkişafında fəal
iştirak edir, öz bilik və bacarıqlarını dövlətimizin
güclənməsinə və inkişafına yönəldirlər.
Qeyd etmək lazımdır ki, 1993-cü ildən Azərbaycan
qadınlarının ictimai-siyasi fəaliyyəti daha da
sürətlə inkişaf etməyə başladı. 1995-ci
ilin iyununda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının
“Qadınlara münasibətdə bütün
ayrı-seçkilik formalarının ləğv olunması
haqqında” Konvensiyasına qoşuldu. Elə həmin ilin
yayında Heydər Əliyev Çində keçirilən
Qadınların IV Beynəlxalq Konfransında
qadınlarımızın yüksək səviyyədə təmsil
olunmaları üçün Milli Hazırlıq Komitəsinin
yaradılması barədə Sərəncam imzaladı. Tarixə
Pekin Konfransı kimi düşən beynəlxalq
toplantının qəbul etdiyi qərar və qətnamələr
dünyada qadın problemlərinin həllinin tezləşdirilməsi
üçün mühüm əhəmiyyət kəsb edir.
Amma bütün dünyanın bu şəkildə qəbul
etdiyi Pekin Konfransından öncə, məhz Ümummilli
Liderimiz Heydər Əliyevin siyasi düşüncəsi, Azərbaycan
qadınına böyük sayğısı bu işlərin
ölkəmizdə hələ xeyli illər öncədən
həyata keçirilməsinə start verdi. Ümummilli
Liderimiz Heydər Əliyevin 14 yanvar 1998-ci il Fərmanı ilə
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsini təsis etməsi isə
görülən işlərin zirvə nöqtəsi oldu.
Bununla qadınlara əlavə səlahiyyət verildi,
birbaşa onların problemləri ilə məşğul olan
dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada
ölkəmizdə qadınların daha fəal olmasına,
onların cəmiyyətin bütün sahələrində
mühüm yer tutmalarına yüksək dövlət siyasətinin
göstəricisidir.
Bu bir həqiqətdir ki, 2000-ci ilin mart ayının
6-da Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan
Respublikasında dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında” Fərmanı ölkədə
qadın siyasətinin gerçəkləşməsinə
xidmət edən məsələlərdəndir. Təqdirəlayiq
haldır ki, həmin sənəd 2001-ci ildə bütün
dünya dövlətlərinə paylanılıb və bu sahədə
ən yaxşı sənəd kimi qəbul olunub.
Azərbaycan qadını hər zaman cəmiyyətin
bütün sahələrində özünəməxsus yer
tutmuş, tarixin ən çətin və həlledici
anlarında həmişə öz sözünü deməyi
bacarmış, tarixdə şərəfli bir yol keçərək
XXI əsrə qədəm qoymuşdur. Bu da bir həqiqətdir
ki, üçüncü minillikdə dünyada gedən qlobal
ictimai-siyasi proseslər, eləcə də, beynəlxalq
qadın hərəkatının yeni keyfiyyət mərhələsinə
qədəm qoyması dünya qadınlar birliyi
qarşısında böyük və məsul vəzifələr
qoymuş, qadınların cəmiyyətdəki mövqeyinin
daha da gücləndirilməsini zəruri etmişdir.
Dövlət müstəqilliyimizin bərpasından
sonra ötən iyirmi il ərzində Azərbaycan
qadını milli dövlət quruculuğu prosesinin fəal
iştirakçısına çevrilmiş, ölkəmizin
sosial-iqtisadi, intellektual-mədəni potensialının
artırılması üçün dəyərli töhfələr
vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət,
eləcə də, digər sahələrdə
qazandığı uğurları ilə o öz nüfuzunu
ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş
cəmiyyəti quruculuğu istiqamətində
qadınlarımızın nailiyyətləri məmnunluq hissi
doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit
qarşıdakı illərdə də onlara öz fitri
istedadlarını, yaradıcılıq imkanlarını tam
gerçəkləşdirə bilmələri
üçün bütün lazımi şəraiti təmin
edir. Ümummilli Liderimiz Heydər Əliyev
qadınlarımızın cəmiyyətdəki rolu
haqqında danışarkən demişdir: “Azərbaycan
qadını öz iradəsi və mərdliyi,
saflığı və səadəti ilə cəmiyyətimizin
həyatında, xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşmasında müstəsna rol oynamışdır”.
Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidi
ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycan
qadınına olan sayğını daha da artırdı. Onun
ölkəmizdə açıq cəmiyyət uğrunda
gördüyü işlər gender probleminin həlli
üçün hərtərəfli baza yaratdı. Məhz
Ümummilli Liderimiz Heydər Əliyevin müəllifliyi ilə
qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasında
qadınların kişilərlə bərabərhüquqlu
olması təsdiq edilib. Bununla demokratik cəmiyyət
quruculuğunda qadınların iştirakının hüquqi
bazası yaradılıb. Bu isə, öz növbəsində,
ictimai-siyasi həyatımızın bütün
sferalarında gender siyasətinin güclənməsinə gətirib
çıxarıb. Ümumiyyətlə, Ulu Öndər Heydər
Əliyev siyasi xəttinin bərqərar olduğu zamanlarda
qadınlarımızın hüquqlarının qorunması,
onların cəmiyyətin bərabərhüquqlu üzvü
olması üçün mümkün olan bütün
işlər görülüb. Nəzərinizə
çıtdırmaq istəyirəm ki, bu gün Heydər Əliyev
dedikdə müstəqil Azərbaycan dövləti, müstəqil
Azərbaycan dedikdə isə Heydər Əliyev yada
düşür. Bu ifadələr leksikonumuzda sinonim kimi
işlədilir. Ona görə də, Ulu Öndər Heydər
Əliyevin Azərbaycan qadınına cəmiyyətdə
yüksək yer verməsindən danışarkən, bu, həm
də elə Azərbaycan dövlətinin bu istiqamətdə
gördüyü iş kimi qəbul edilməlidir.
Biz qadınlar fəxr edirik ki, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın şəxsində
Azərbaycan qadınları dünya səviyyəsində
öz sözünü deyir. Şərq və Qərb
xüsusiyyətlərini özündə cəmləşdirən,
milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısı,
Azərbaycan adət-ənənələrinin qoruyucusu,
ümummilli problemlərimizin dünya müstəvisinə
çıxarılmasında əvəzsiz xidmətləri
olan Mehriban xanım Əliyeva ideal bir qadın obrazıdır
və bu obraz Azərbaycan qadınlarının
dünyabaxışında, gələcəyində
mühüm rol oynayır. Ona görə də, ümumən
qadınlarımız yaranmış bu imkan və şəraitdən
istifadə etməlidirlər. Şübhə etmirəm ki,
dövlətimizin diqqət və qayğısından
yararlananlar yaxşı ana, nümunəvi həyat
yoldaşı olacaqlar. Bütün bunlar onu göstərir ki,
Azərbaycanda qadın problemləri daim dövlət
qayğısındadır və gender proqramı
ardıcıl surətdə həyata keçirilməkdədir.
Çünki Azərbaycan bu sahədə problemlərin həllinin
tərəfdarıdır. Məhz buna görə də, bu
gün vətəndaş cəmiyyəti quruculuğu və
dövlətimizin inkişafında qadın fenomeni həmrəylik
və milli birlik rəmzinə çevrilərək öz fəaliyyətilə
dövlətimizin gündən-günə qüdrətlənməsinə
xidmət edir. Ölkə Prezidentimiz cənab İlham Əliyevin
rəhbərliyi ilə dinamik inkişaf edən ölkəmizdə
irimiqyaslı iqtisadi layihələrin
iştirakçısı kimi qadınların da əldə
olunan nailiyyətlərdə böyük rolu
danılmazdır. Bu baxımdan, inanıram ki, Azərbaycan
qadınları gənc nəslin milli adət-ənənələrə,
azərbaycançılıq məfkurəsinə
bağlılıq ruhunda tərbiyəsi işinə bundan
sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən
ölkəmizin gələcəyi naminə qüvvələrini,
bilik və bacarıqlarını əsirgəməyəcəklər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 7 iyul.- S. 12.