Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar vardır

 

Ölkəmiz son dövrdə inkişaf potensialını sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan dövlətlər sırasında öz mövqeyi, eləcə də, mövcud, real tərəqqisi ilə seçilir və özünəməxsus yer əldə etmişdir. Qısa zaman kəsimində, əldə edilən uğurlar Azərbaycanın milli maraqlarının zəmnində yer almış, həmçinin, dövlətimiz tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi və mədəni mövqe, məhz belə nüfuzun Azərbaycan ətrafında formalaşmasına, sərgilənməsinə gətirib çıxarmışdır.

 Təbii ki, bu uğurlar, müvəffəqiyyətlər, ölkədə iqtisadiyyatının, sosial rifahının yüksəlməsi ilə nəticələnmişdir. Azərbaycan iqtisadiyyatının təməlini təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin, bütövlükdə, sferasının dəyişməsinə səbəb olmuşdur. Prezident İlham  Əliyevin Azərbaycan iqtisadiyyatına neft sektoru tərəfindən gələn gəlirin bərabərində, eləcə də, ondan daha artıq bir şəkildə gəlir gətirə biləcəyi turizmin inkişafını zəruri hesab etməsi, əlbəttə ki, müəyyən amillərə əsaslanır. Ölkə başçısının səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir və əhəmiyyətli məna daşıyır: “Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktiki tədbirlər görülür. Bu da, onu göstərir ki, bir neçə il bundan öncə bəyan etdiyimiz proqram və konseptual yanaşmamız həyatda öz əksini tapır”.

 

Ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması

 

 “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədi ilə ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyəti həyata keçirilir. Kifayət qədər potensialın olması isə öz növbəsində, Azərbaycana müxtəlif dövlətlərin axınını gücləndirir və ölkədə turizmin inkişafına mühüm təkan verir.

 

 Ölkəmizdə turizm sektorunda çalışa biləcək ixtisaslı mütəxəssislər yetişməkdədir

 

 Hər il olduğu kimi, bu il də Azərbaycana səfər edən turistlərin sayı artmaqdadır. Statistik rəqəmlər və gələn gəlir göstərir ki, Azərbaycan turizmi ilbəil inkişaf edir və əhalinin sosial rifahının yüksəlməsi istiqamətində dövlətin büdcəsindən gələn gəlirin əsas hissəsini təsdiq edir. Xüsusilə, vurğulamaq mümkündür ki, ötən illərlə müqayisədə bu il, həm xarici turistlər üçün, həm də daxili turizm sahəsində qiymətlər aşağı salınmış və xidmətlər kifayət qədər yüksəlmişdir. Bu isə, onu sübut edir ki, hazırda ölkəmizdə turizm sektorunda çalışa biləcək ixtisaslı mütəxəssislər yetişməkdədir. Bu sahənin mütəxəssisləri Azərbaycandan kənarda təcrübə keçərək, turizm yeniliklərinin və xidmətlərinin Azərbaycanda tətbiqinə nail olmuşlar. Gözəlliyi və əsrarəngizliyi ilə seçilən, müasir və milli ornamentləri özündə əks etdirən yeni otellərin, mehmanxanaların, yay pansionatlarının və bu kimi digər infrastrukturların inşası buraya gələn axının yüksək səviyyədə təminatına əhəmiyyətli dərəcədə əsas verir. Yayın ilk ayında artıq Azərbaycanın Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Masallı kimi istirahət zonalarında istirahət edənlərin sayının davamlı şəkildə artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir. Eyni zamanda, artıq turizm sektorundan dövlət büdcəsinə gəlirlər daxil olur ki, bu da Azərbaycanın inkişafına, əhalinin maddi rifahının yüksəlməsinə və müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına sərf edilir. 5 il üçün nəzərdə tutulan proqram və Prezident İlham Əliyevin 2011-ci ili Azərbaycanda “Turizm ili” elan etməsi gələcəkdə də Azərbaycan turizminin ölkə iqtisadiyyatının sürətlənməsinə, xüsusilə də, dövlət büdcəsinə yatırılan gəlirin artmasına təsir göstərəcəyinə doğru atılan mühüm addımdır.

 

 

 RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 7 iyul.- S. 8.