Vətəndaş
cəmiyyətində dinin yeri və rolu necə
olmalıdır?
Dünyada
sivil, demokratik, dünyəvi dövlət modeli, tolerant cəmiyyət
quruluşu ilə tanınan Azərbaycanda
xarici düşmənlərin bütün təhlükəli
planları iflasa uğrayır. Ölkəmizin düşmənlərinə
bizim dünyada yaranmış müsbət imicimiz sərf etmir
və hər vasitə ilə buna ləkə salmağa
çalışırlar. Hər dəfə Qarabağ problemi
ilə bağlı kritik məqam yarananda bəzi xarici qüvvələr
ölkədə qarşıdurma yaratmağa
çalışırlar. Həm də bunun üçün
nədənsə dindarlardan yararlanmağa cəhd edirlər.
Azərbaycanda
dövlət-din münasibətləri çox yüksək səviyyədədir
Azərbaycanda
bütün dini konfessiyalara sərbəst şərait
yaradılıb və heç bir maneçilik törədilmir.
Dünya şöhrətli siyasətçi Heydər
Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində
müstəqil ölkənin vətəndaşlarına
bütün bəşəri azadlıqların arasında, həm
də dini etiqad azadlığını bəxş edib.
Ulu
Öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512
saylı Fərmanı ilə Dini Qurumlarla iş üzrə
Dövlət Komitəsi yaradılıb. Prezident İlham
Əliyev də hər zaman dini dəyərlərə
böyük hörmət göstərib və Azərbaycanın
dünyada nümunəvi tolerant ölkə imicini
qazanmasında əsas roy oynayıb.
Son
illərdə ölkədə dövlət tərəfindən
500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər
məbəd və ziyarətgahlar tikilib. Hazırda 2000-ə
yaxın məscid və ziyarətgah var. Azərbaycanda dini
bayramlar ən yüksək səviyyədə keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığı ilə dövlət tərəfindən
çox böyük vəsait ayrılaraq Təzəpir məscidinin
dünyanın ən zəngin və ən möhtəşəm
məscidlərindən birinə çevrilməsi dini dəyərlərə
hörmətin hansı səviyyədə olduğunu göstərir.
Ölkəmizin ali məktəblərindən biri olan Bakı
İslam Universitetində və digər universitetlərin
ilahiyyat fakültələrində xeyli gənc dini təhsil
alır. Bundan başqa, onlarla gənc islam ölkələrinin
aparıcı universitetlərində təhsillərini davam
etdirirlər.
Tolerantlıq
dövlətə və xalqa qarşı hörmətsizliyə əsas
vermir
Ölkədə
yaradılmış demokratik şəraitdən, tolerant
mühitdən gen-bol yararlanan bəzi təriqətlərin mənsubları
isə daha da irəli gedərək şəriət dövləti
yaratmağa, dünyəvi dövlət modelindən imtinaya
çalışırlar. Azərbaycan Konstitusiyası xalq tərəfindən
yaradılıb və Ali Qanunumuzda açıq şəkildə
deyilir ki, Azərbaycan sivil, dünyəvi dövlətdir. Lakin
bununla yanaşı, ölkədə dini konfessiyaların fəaliyyəti
üçün hər cür şərait yaradılıb,
onların qanun çərçivəsində öz təbliğatlarını
aparması təmin olunub. İnsanlarımız dini qaydalar və
müasir həyatın tələblərini
uyğunlaşdıraraq öz həyatlarını
düzgün yaşamağa çalışırlar.
Sirr
deyil ki, Azərbaycana qarşı düşmən mövqedə
olan xarici ölkələrin xüsusi xidmət orqanları, bəzi
terror təşkilatları öz çirkin niyyətlərini
həyata keçirmək üçün dini təriqətlərdən
istifadə edirlər. Bəzi təriqətlərin üzvləri
ifrat dərəcədə fanatik dindarlığa meyil göstərirlər
və ictimai təhlükəsizlik üçün problemlər
yaradırlar.
Son
illərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən
dəfələrlə fanatik dini qrupların üzvləri tərəfindən
törədilməsi planlaşdırılan terror və təxribat
hallarının qarşısı alınıb. Lakin son preseslər
göstərir ki, bu qüvvələr öz çirkin niyyətlərindən
əl çəkmək fikrində deyillər.
Dini
amildən yararlanıb qarşıdurma yaratmağa cəhd
edirlər
Azərbaycan
monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini
seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub.
Azərbaycanda xalq və dövlət arasında qırılmaz
bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə
qoparmaq iqtidarında deyil. Əlbəttə, bütün sahələrdə
olduğu kimi, dini sahədə də müəyyən problemlər
mövcuddur. Bu da əsasən maariflənmənin
aşağı səviyyədə olması ilə
bağlıdır. Azərbaycanda da məhz bu amildən
yararlanıb qarşıdurma yaratmağa cəhd edirlər.
Son
vaxtlar ölkədə dindarların həssaslığından
yararlanmağa çalışan qüvvələr tərəfindən
ortaya bəzi məsələlər atılıb. Söhbət
kiçik yaşlı şagirdlərin orta məktəblərə
çadrada gəlməsinə icazə verilməsini tələb
edən bir qrup radikal dindarın fəaliyyətindən gedir.
Lakin həm dövlət, həm cəmiyyət bu məsələdə
təmkinli davrandı və növbəti təxribat projesi də
baş tutmadı. Ümumiyyətlə, hər hansı bir dində,
eləcə də, islamda qadınların, xüsusilə də,
uşaq və yeniyetmələrin çadraya bürünməsini
vacib buyuran müddəa yoxdur. “Quran”da bununla bağlı
açıq və konkret olaraq “örtünün, geyinin”
deyilir. Yəni, əyininizə paltar geyinin, ayıb yerlərinizi
örtün.
Ta
qədimdən bəri dünyanın heç bir yerində
qız-qadınların üzləri, saçları ayıb
yerlər sayılmayıb, o üzdən hər hansı bir
dini mənsubiyyət kiçik yaşlı qızların
valideynləri tərəfindən zorla çadraya
bürünməyə məcbur edilməsini gərəkdirməz.
Hər kəsin geyim azadlığı var, lakin hər yerin də
özünün qayda-qanunları var. Əgər şagird məktəbə
təhsil almağa gəlirsə, buranın daxili
qayda-qanunlarına riayət etməyə borcludur, müqəddəs
elm ocağında çadraya bürünməyə, ya da
açıq-saçıq geyimə ehtiyac yoxdur.
İnsan
hüquqlarını kobud pozan İran rejimi bizə nəyi
irad tuta bilər?
Bu
günlərdə ki, Azərbaycan beynəlxalq təşkilatlar
və Ermənistan qarşısında münaqişənin həllini
daha qətiyyətlə tələb edir və öz
torpaqlarını azad etmək üçün yaxın zamanda
ən ciddi tədbirlər görəcəyini bəyan edib. Hər
dəfə belə kritik məqamlarda xaricdən bəzi məlum
qüvvələr ölkədə siyasi, dini və milli
qarşıdurma yaratmağa çalışırlar. Lakin hər
dəfə də bu planlar iflasa uğrayır. Bəzi din
xadimləri Azərbaycanda baş vermiş bu və ya digər
hadisəni qərəzli şərh edir, təhdid və
şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili
işlərinə kobud şəkildə qarışırlar.
İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin
Azərbaycana qarşı çıxışları, ölkəmizin
daxili işlərinə kobud müdaxilələri yolverilməzdir
və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı
şəkildə etirazla qarşılanır. Belə kobud və qərəzli
münasibət iki qonşu ölkə arasında münasibətlərə
heç də yaxşı təsir göstərmir,
qarşılıqlı etimadı zəiflədir, səmərəli
əməkdaşlıq mühitinə zərbə vurur. Cənub qonşumuz müsəlmanlıqdan
danışmazdan öncə, din qardaşlarını
soyqırıma məruz qoyan, torpaqlarını işğal edən
xristian dövlətə yardımlarını
dayandırmalıdır. Yaxşı olardı ki, onlar öz
ölkələrində mövcud olan dözülməz şəraitdən,
insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından,
son zamanlar İranın qarşılaşdığı digər
problemlərdən danışaraq nöqsanları aradan
qaldırmağa çalışsınlar. Hər 8 saatda bir
insanın asıldığı molla rejiminin rəsmilərinin,
din xadimlərinin dünyəvi, demokratik qanunlarla idarə
olunan ölkənin daxili işlərinə
qarışması məntiqəuyğun deyil.
Göründüyü kimi, Azərbaycanda dini problem yoxdur, sadəcə,
bunu süni surətdə yaratmağa çalışan bir
qrup adam var ki, onların da belə əməllərinin
qarşısı qanunauyğun formada alınır. Ölkədə
yaşanan son hadisələr və ona reaksiyalar göstərdi
ki, cəmiyyətimiz sivil yaşamı, müasir dünyaya inteqrasiya
yolunu davam etdirir və xarici qüvvələrin sifarişi ilə
ölkədə ara qarışdırmağa
çalışanlara qarşı öz mövqeyini ortaya
qoyur.
Elçin
Bayramlı
Səs.- 2011.- 8 iyul.- S. 8.