Azərbaycan dünya mətbuatında
Azərbaycanın Almaniyadakı səfiri Pərviz
Şahbazov Almaniyanın “TV Berlin” telekanalına müsahibə
vermişdir. Azərbaycanlı diplomat tanınmış
aparıcı Peter Brinkmanın “Eurovision -2011”, Azərbaycanda
iqtisadiyyatın, turizmin inkişafı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və bir çox
məsələlərlə bağlı suallarına cavab
vermişdir. Münaqişə ilə bağlı həqiqətləri
tamaşaçıların diqqətinə çatdıran səfir
torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən
işğal olunduğunu, işğal altındakı ərazilərdə
etnik təmizləmə siyasətinin
aparıldığını, bunun nəticəsində isə
1 milyondan artıq azərbaycanlının öz doğma
yurdlarından didərgin düşdüyünü diqqətə
çatdırmışdır. P.Şahbazov müsahibəsində
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf
etdiyini, turizm sahəsinə böyük diqqət göstərildiyini,
ölkədə dini dözümlülüyün hökm
sürdüyünü, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki
rolunu və digər məsələləri geniş şəkildə
işıqlandırmışdır.
Astanada “Turan Times” qəzetində Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ilə
bağlı “Pervaya ledi Azerbaydjana” sərlövhəli
geniş məqaləsi dərc olunub
Astanada rus dilində nəşr olunan “Turan Times” qəzetində
AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə
xüsusi müxbiri Qulu Kəngərlinin Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın fəaliyyəti ilə
bağlı “Pervaya ledi Azerbaydjana” sərlövhəli
geniş məqaləsi dərc olunub. Bundan əvvəl həmin
yazı Almatıdakı “Türkel” internet qəzetində
verilmişdi.
Qulu Kəngərli bu məqaləni Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc), “Exo” qəzetinin və
“Trend” informasiya agentliyinin materialları əsasında
hazırlayıb.
Məqalədə Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan
mədəniyyətinin inkişafında və dünya ölkələrində
təbliğində əvəzsiz xidmətləri geniş əksini
tapıb. Materialın əvvəlində deyilir ki, Gəncənin
sonuncu xanı Cavad xanın məqbərəsinin yenidən
qurulmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri
var. Yazıda bildirilir ki, Azərbaycanın birinci xanımı
ölkəmizdə müntəzəm olaraq keçirilən
müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin
və festivallarının təşkilində mühüm rol
oynayır. Oxucuların diqqətinə
çatdırılır ki, beynəlxalq muğam festivalı
və muğam ifaçılarının müsabiqəsi,
M.Rostropoviç adına, eləcə də
D.Şostakoviçin və Bülbülün yubileylərinə
həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Beynəlxalq
musiqi festivalı, aşıqların beynəlxalq festivalı
kimi tədbirlər məhz Mehriban xanım Əliyevanın
yaxından dəstəyi ilə həyata keçirilib.
Məqalədə bildirilir ki, Azərbaycanın birinci
xanımının təşəbbüsü ilə
Bakıda Beynəlxalq Muğam Mərkəzinin, Müasir
İncəsənət Muzeyinin binaları inşa olunub,
açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Kompleksi
yaradılıb. 2010-cu ildə Azərbaycandan kənarda 150
dövlət əhəmiyyətli tədbir keçirilib. Bu mərasimlərin
təşkilində Mehriban xanım Əliyevanın xidmətləri
ölçüyəgəlməzdir.
Yazıda Mehriban
xanım Əliyevanın çoxşaxəli fəaliyyəti
“Mehriban Əliyevanın mədəniyyətimizin
inkişafında əvəzsiz rolu”, “Heydər
Əliyev Fondunun “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi, “Beynəlxalq
fəaliyyət”, “Qəbələdə Beynəlxalq musiqi festivalı”, “Azərbaycanın YUNESKO və
İSESKO ilə əməkdaşlığının mədəni
həyatın uğurlu inkişafına təsiri”,
“Azərbaycan qadınlarının dünya
tarixində rolu” və digər yarımsərlövhələr
altında verilib.
Malayziyanın “The Leaders İnternational” jurnalında Azərbaycan haqqında məqalə dərc olunub
Malayziyanın nüfuzlu “The Leaders” jurnalının
iyun nömrəsində Azərbaycan haqqında məqalə dərc
olunmuşdur.
Azərbaycanın Malayziyadakı səfirliyindən
bildirmişlər ki, məqalə ölkəmizin
Malayziyadakı səfiri Tahir Kərimovun müsahibəsi əsasında
çap olunmuşdur.
Jurnal həm Malayziyanın, həm də bütün
dünyanın biznes aləmində baş verən hadisələri,
həmçinin, müxtəlif sektorlarda fəaliyyət
göstərən aparıcı rəhbər məmurlarla
keçirilmiş müsahibələri
işıqlandırır.
Məqalədə, Azərbaycanın iyirmi il bundan əvvəl
öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi
çətinliklərdən, əldə olunan nailiyyətlərdən
bəhs olunur. Həmin dövrdə müstəqilliyin qorunub
saxlanılmasında və dövlətçiliyin möhkəmləndirilməsində,
eləcə də, ölkə iqtisadiyyatının gücləndirilməsində
Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu
xüsusi qeyd edilir. T.Kərimov, həmçinin, Azərbaycanın
hazırkı iqtisadi inkişafından, ölkə
iqtisadiyyatına sərmayə qoyuluşu və biznes
üçün mövcud geniş imkanlardan söhbət
açmışdır.
Strateji Araşdırmalar Mərkəzinin direktor
müavini Türkiyənin nüfuzlu “Today”s Zaman” qəzetinə
müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini
Gülşən Paşayeva Türkiyənin ingilis dilində nəşr
olunan nüfuzlu “Today”s Zaman” qəzetinə müsahibə
vermişdir.
Müsahibədə bildirilir ki, Ermənistanla Azərbaycan
arasında mövcud olan problemlərin həlli hər iki tərəfin
XXI əsrin paradiqmaları - etnik ünsürlərin zənginliyi
və fərqliliklərin vəhdəti prinsiplərinə əməl
etdiyi təqdirdə mümkün olacaqdır.
Türkiyə ilə Azərbaycanın Cənubi
Qafqazdakı problemlərin, xüsusilə də, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
fəal əməkdaşlıq etdiklərini xatırladan
Gülşən Paşayeva əlavə etmişdir ki, biz
Ankaranın bu problemin ədalətli həlli üçün
göstərdiyi səylərdən məmnunuq.
İndi regionda 1994-cü ildəki vəziyyətdən
daha fərqli bir şərait vardır. Azərbaycan siyasi,
iqtisadi və hərbi sahələrdə böyük
inkişaf yolu keçmişdir. Azərbaycan ilə Ermənistan
arasında güc balansı kəskin şəkildə dəyişmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində irəliləyiş əldə
olunduqdan sonra Azərbaycanın və Türkiyənin Ermənistanla
sərhədləri açıla bilər və bu,
bütün tərəflərin mənafeyinə xidmət edəcəkdir.
SAM-ın direktor müavini Türkiyə ilə əlaqələrin
bütün səviyyələrdə yüksələn xətlə
inkişaf etdiyini vurğulamış, 2011-ci ilin mart ayında
iki ölkənin strateji araşdırmalar mərkəzləri
arasında imzalanmış memorandumun əməkdaşlıq
üçün yeni imkanlar yaratdığını söyləmişdir.
O demişdir ki, əsas məsələ dövlət
qurumlarının, qeyri-hökumət təşkilatlarının
və jurnalistlərin səfərləri,
qarşılıqlı məsləhətləşmələr
qardaş ölkələrimizin bütün məsələlərə
dair məlumatları operativ şəkildə və bilavasitə
əldə etmələri baxımından çox əhəmiyyətlidir.
Bununla Türkiyədəki qardaşlarımıza
işğal olunmuş ərazilərimiz, onların tarixi və
mədəniyyəti haqqında daha dolğun məlumatlar verilə
bilər. İki ölkənin diaspor təşkilatları
arasında güclənən əməkdaşlıq nəticəsində
ABŞ-dakı siyasətə daha səmərəli təsir
göstərmək olar. Digər tərəfdən, bizim “bir
millət, iki dövlət” kimi vahid bir diaspor təşkilatımız
da ola bilər.
Gülşən Paşayeva Türkiyə ilə Azərbaycan
arasında enegetika sektorunda əməkdaşlıqdan, həyata
keçirilən mühüm layihələrdən də ətraflı
bəhs etmişdir.
“Moldovskiye vedmosti” qəzeti Azərbaycan haqqında
Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyinin dəstəyi ilə Moldova universitetlərinin
tələbələri və xüsusi liseylərin yuxarı
sinif şagirdləri arasında “Mən Azərbaycan
haqqında nə bilirəm” müsabiqəsinə yekun
vurulmuşdur.
Ölkəmizin Moldovadakı səfirliyindən
bildirmişlər ki, müsabiqə Azərbaycanın müstəqilliyinin
bərpa olunmasının 20-ci ildönümünə həsr
edilmişdir.
Tədbirdə Moldovanın təhsil nazirinin müavini
Loretia Xandrabura, Xarici İşlər və Avropaya
İnteqrasiya nazirliklərinin idarə rəisi Yevgeniy Vizir,
Moldova Təhsil Nazirliyinin idarə rəisi Yelene Petrov, Moldova
Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov,
“Moldovskiye vedmosti” qəzetinin baş redaktoru Natalya Uzun və
digər KİV-lərin nümayəndələri iştirak
etmişlər.
Tədbirdə 200-dən çox ali məktəb tələbəsi
və xüsusi liseylərin yuxarı sinif şagirdlərinin
iştirak etdiyi müsabiqənin əhəmiyyəti barədə
məlumat verilmişdir. Bildirilmişdir ki, müsabiqə
haqqında Moldova KİV-lərində geniş xəbərlər
dərc edilmiş, Moldova Xarici İşlər və Avropaya
İnteqrasiya nazirlikləri, Moldova Təhsil Nazirliyinin və səfirliyimizin
saytlarında rus, ingilis və rumın dillərində məlumatlar
verilmişdir. Tədbirdə
çıxış edən Moldova təhsil nazirinin
müavini L.Xandrabura və başqaları müsabiqənin təşkilatçılarına
təşəkkürlərini bildirmiş, qaliblərin
Bakıya səfərinin əhəmiyyətindən, gənclərimizin
dostluq əlaqələrindən danışmışlar.
Sonda doqquz mövzuda aparılan müsabiqənin 12
qalibinə və 4 fəal iştirakçıya səfirliyin
diplomu, xatirə hədiyyələri təqdim edilmiş, onlar
ölkəmizə səfər etmək imkanı əldə
etmişlər.
Müsabiqədə qalib gəlmiş mövzular səfirlik
tərəfindən xüsusi kitab şəklində çap
olunacaqdır.
Valeh
Səs.- 2011.- 9 iyul.- S. 14.