Füzuli ədəbi
məktəbinin ən layiqli
davamçısı
Bu gün Azərbaycan klassik musiqi sənəti
tarixində müstəsna möveyə malik olan böyük
şair Seyid Əzim Şirvaninin doğum günüdür.
Azərbaycan
poziyasına müxtəlif janrlarda olan sənət nümunələrini
təqdim edən şair klassik poeziyamıza yeni nəfəs gətirərək,
onun nadir incilərinə orijinal misraların əlavə
etmişdir. Seyid Əzim Şirvani 19-cu əsr Azərbaycan
poeziyasının ən görkəmli nümayəndələrindən
biri olub, Füzuli ədəbi məktəbinin ən layiqli
davamçılarındandır.
1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində
anadan olan Seyid Əzim Şirvani kiçik yaşlarından
etibarən, ərəb və fars dillərini öyrənmiş,
Şamaxıda mədrəsədə oxuyub orta ruhani təhsili
almışdır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi
21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf
və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə
aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi
elmlərə də böyük maraq göstərir.
Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni
üsul üzrə məktəb açaraq ömrünün
axırına qədər burada müəllimlik edir. Köhnə
mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara
dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini
təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən
ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın
görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur
yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və
bir sıra başqa yazıçılar məhz onun məktəbində
oxumuşlar.
Zəngin ədəbi yaradıcılığa malik
olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycanca,
digəri isə farsca iki böyük külliyyatdan ibarətdir.
Şairin əsərləri içərisində
müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr,
Sədi, Hafiz və Füzuli şeirlərinə
yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani
yaradıcılığının çox hissəsi lirik janrda yazılmış
orijinal əsərlərdən
ibarətdir ki, bunların da çoxu qəzəllərdir.
Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi
yer tutur. Onun aşiqanə qəzəlləri
daha çoxdur. Müəllifin şeirə
hərarət və
can verən dərin lirikasını məhz bu qəzəllərdə
görmək olur:
Gecə gördüm səni,
ey afəti-dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.
Seyid Əzim Şirvani yaradıcılığının
ikinci mərhələsi
onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır
ki, artıq bu zamandan etibarən
onun yaradıcılığında
realizm üstünlük
təşkil edir. Onun realist şeir yaradıcılığı
sahəsinə keçməsində
“Əkinçi” qəzetinin
mühüm rolu olmuşdur. Çünki
məhz “Əkinçi”nin təsirilə şair günün bir çox zəruri məsələləri
ilə maraqlanır və yaradıcılığında
yeni mövzulara keçir, müasir həyatın tələblərinə
uyğun şeirlər
yazır, Azərbaycanın
ilk mətbu orqanında
nəşr etdirir. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır,
Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini
alqışlayır, onu
bilikli bir müəllim və xeyirxah bir insan
kimi qiymətləndirirdi.
O, “Əkinçi”də çap
etdirdiyi şeirlərilə
müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:
Bəs “Əkinçi” cəlalımızdır
bizim,
Nasehi xoş məqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim
“Əkinçi” vəfat.
Şairin əsərləri içərisində
öyüd,
Təmsil və didaktik
mahiyyət daşıyan
mənzum hekayələr
vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik,
dostluq, yoldaşlıqda
mətanət, çalışqanlıq,
əzilənlərə kömək,
insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin
öyüdlərin əsas
məzmununu təşkil
edir.
Seyyid Əzim Şirvaninin böyük islam
mütəfəkkiri olması
təkzibolunmaz faktdır.
Şairin təkcə
ruhani ailəsində anadan olmasını, islam dünyasının
böyük mədəniyyət
ocaqları və dini mərkəzləri olan Nəcəf, Bağdad və Şam şəhərlərində
ali ruhani təhsili almasını göstərsək, dediklərimiz
sübuta yetər. Hamımıza məlumdur ki,
sovet dövründə
Azərbaycan, demək
olar ki, qədim Şərq mədəniyyətindən, adət-ənənələrindən
təcrid olunmuş şəkildə yaşamağa
məcbur edilib. Tarix göstərir ki, istənilən imperiya öz müstəmləkəsinə
çevirmək istədiyi
məmləkətlərin əhalisini
əvvəlcə öz
tarixi köklü mədəniyyətindən məhrum
etməyə çalışıb.
Bu baxımdan, rus imperiyasının da Qafqazda Qoca
Şərqin tipik ölkəsi olan Azərbaycana münasibəti
təbii idi. Heç sirr deyil ki,
klassik Şərq poeziyasının ayrılmaz
hissəsi olan klassik Azərbaycan poeziyası da orta əsr Şərq
mədəniyyətinin təzahürü
idi və klassik poeziyamız bu mədəniyyətin, demək olar ki, bütün detallarını tam özündə
təcəssüm etdirirdi.
Rus imperiyası da bu vacib amili
daim diqqət mərkəzində saxlamış,
tarixi mədəniyyətimizi
öz mədəniyyəti
vasitəsilə assimilyasiya
etməyə çalışmış,
onun aradan getməsi üçün
bütün vasitələrdən
istifadə etmişdir.
Şirvani yaradıcılığı
və fəaliyyəti
ilə elmi islamı təbliğ edib. “Üçün” rədifli
qəzəlində özünü
göstərir:
Vaiz meyin məzəmmətin etməz səvab üçün,
Dildə bəhanədir sözü zikri-şərab
üçün.
Sovet təlimi burada göstərilən “vaiz” obrazını sırf dindar müsəlman obrazı kimi qələmə verməyə
çalışır və
Seyidin guya islam dininin
“iç üzünü
açıb göstərməsi”ni
iddia edirdi.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında
müstəsna mövqe
tutur. Onu öz dövrünün böyük
realist şairi kimi tanıdan “Yerdəkilərin
göyə şikayət
etmələri”, “Dəli
şeytan”, “Məkri-zənan”,
“Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən
qayıtması”, “Elmsiz
alim”, “Alim oğul ilə avam ata” və
s. satiralarıdır.
Öz zəngin yaradıcılığı
ilə Azərbaycan ədəbiyyatı tarixinə
qızıl səhifələr
əlavə edən Seyid Əzim Şirvani 1888-ci il
iyunun 1-də Şamaxıda
vəfat edib.
Zümrüd
Səs.- 2011.- 9 iyul.- S. 12.