MİLLİ
TALEYİMİZDƏ DÖNÜŞ YARADAN ŞƏRƏFLİ
TARİX
XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti,
dünyamiqyaslı ictimai-siyasi xadim, Ulu Öndərimiz Heydər
Əliyev bütün həyatını xalqının
nicatına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin
ideoloji-siyasi əsaslarını yaratmış, dövlət
müstəqilliyinin daimi və dönməz olmasını təmin
etmişdir. Qərinələr boyu əxz etdiyi dövlətçilik
təfəkkürünü, özünəməxsus milli-mənəvi
dəyərləri, adət-ənənələri, mental
xüsusiyyətləri müdrik rəhbərinin iradəsi, qətiyyəti
sayəsində vahid sistem halına gətirərək
özünütəsdiq imkanı qazanmış
xalqımız, hələ keçmiş ittifaq dövründə
gələcək müstəqilliyinə etibarlı təməl
formalaşdıra bilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 1969-1982-ci illərdə
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi olaraq ölkəmizə rəhbərlik etdiyi bu
dövrlər ərzində ölkədə bütün sahələrin
böyük sıçrayışla inkişafını təmin
etmiş, qəbul etdiyi qərarlar və atdığı
addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən
qabaqcıl inkişaf edən respublikalarından birinə
çevirmişdir. Ümummilli Lider Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin təməlini hələ 1969-cu
ildə 14 iyul tarixindən - respublikaya birinci rəhbərlik
dövründən qoymuşdur. Bu tarixdə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postuna
dövlətini, millətini sevən, onun taleyini öz taleyi
bilən Ulu Öndər Heydər Əliyev seçildi.
Ümummilli Lider Heydər Əliyev o dövrdə
respublikanın üzləşdiyi problemləri ilk gündən
düzgün müəyyənləşdirməklə,
onların həlli üçün lazımi iradə, qətiyyət
və prinsipiallıq göstərmiş, hər cür riskə
rəğmən, o dövrün naqisliklərini açıq
deməkdən çəkinməmişdir. Bu baxımdan Heydər
Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli
plenumundakı dərin məzmunlu, eyni zamanda, tənqidi ruhlu
çıxışı sovet Azərbaycanını problemlər
məngənəsindən dinamik inkişaf yoluna
çıxaran pozitiv prosesin başlanğıcı kimi
ehtiramla xatırlanır. Plenumda çıxış edən
Ulu Öndər Heydər Əliyev mövcud problemləri
konkret şəkildə, çılpaqlığı ilə
önə çəkmiş, dövlət idarəçiliyi
sistemində formalaşmış bürokratiya və korrupsiya
kimi neqativ tendensiyaların yolverilməz olduğunu bəyan
etmişdir. Zəngin təbii sərvətlərinə,
istehsal potensialına baxmayaraq, Azərbaycanın
keçmiş sovetlər məkanında geridə
qalmış respublikalar sırasına düşməsinin səbəblərini
araşdıran Heydər Əliyev elə ilk vaxtlardan iqtisadi
inkişafa xidmət edən kompleks tədbirlərin həyata
keçirilməsini təmin etməklə, peşəkar
strateq və müdrik dövlət xadimi olduğunu sübuta
yetirmişdir. Ulu Öndərin qənaətincə, Azərbaycanda,
ilk növbədə, milli-mənəvi ruh yüksəldilməli,
azərbaycanlıların öz ənənələrinə,
köklərinə bağlılığı sürətləndirilməli,
xalqın müstəqil yaşaya bilməsi üçün
lazım olan maddi-texniki baza yaradılmalı idi. Belə
böhranlı şəraitdə respublikamıza rəhbər
təyin olunan Heydər Əliyev durğunluq girdabında
çabalayan Azərbaycanın simasını tamamilə yeniləşdirmiş,
əsassız ərazi iddialarının gerçəkləşməsi
üçün fürsət axtaran ermənilərin
arzularını gözündə qoymuşdur. 1970-ci ilin əvvəllərində
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev belə
bir fikir irəli sürdü ki, Azərbaycan uzun müddət
aqrar ölkə kimi qala bilməz. Azərbaycanın inkişaf
etmiş sənaye ölkəsinə çevrilməsi
üçün yetərli imkan və şərait var. Biz
ölkənin və SSRİ-nin potensial imkanından maksimum
istifadə etməklə, öz sənayemizi inkişaf etdirməliyik.
Ulu Öndər Heydər Əliyev isə Azərbaycan sənayesinin
strateji proqramını hazırladı, həyata keçirdi.
Az müddətdə yüngül sənaye, tikinti sənayesi,
cihaz və neft maşınqayırma sənayesi 1970-ci illərdə
1960-cı illərdəki səviyyəsini on dəfədən
çox ötüb keçdi. 1980-ci ildə 1969-cu ildəkinə
nisbətən pambıq istehsalı 8 dəfə, üzüm
istehsalı 20 dəfə, tərəvəz istehsalı 12 dəfə
artdı. Ulu Öndərimiz gərgin əməyi, qətiyyəti,
fitri idarəçilik qabiliyyəti və vətənpərvərliyi
sayəsində Azərbaycan keçmiş ittifaqın geridə
qalmış əyalətindən bütün sahələrdə
sürətlə inkişaf edən, yüksələn
respublikaya çevrilmişdir.
Dahi Öndər Heydər Əliyevin təşəbbüsü
və gərgin əməyi nəticəsində
C.Naxçıvanski adına hərbi məktəbin
açılması Azərbaycanın həyatında çox
mühüm bir hadisə oldu. İlk dəfə olaraq ölkədə
hərbi kadrlar yetişdirilməyə başlandı. Bundan
başqa, azərbaycanlı gənclərin SSRİ-nin
adlı-sanlı ali hərbi məktəblərinə göndərilməsinin
də təşəbbüskarı məhz Ulu Öndər Heydər Əliyev
oldu. Biz bu addımın da vacibliyini müstəqillik
qazandıqdan sonra, erməni təcavüzkarlığı ilə
qarşılaşanda bir daha dərk etdik, Ümummilli Liderimiz
Heydər Əliyevin hər bir addımının müstəqilliyə
hesablandığının bir daha şahidi olduq.
Ümummilli Lider Heydər Əliyev hələ o dövrlərdən milli
inkişafın yeganə yolunu xalqın
yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada
elmin inkişafı üçün
bütün zəruri tədbirləri həyata
keçirmişdir. Həmin
illərdə respublikamızda məktəb tikintisi
prosesinin sürətlənməsi, maarif işinin yüksək
səviyyədə təşkili, ixtisaslı kadrlar
hazırlayan yeni ali məktəblərin
açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi
Ulu Öndərimizin təhsil siyasətinin
əsas leytmotivini təşkil etmişdir. Məhz Ümummilli Liderimizin şəxsi
müdaxiləsi və qayğısı ilə 70-ci illərdən
başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların
sayı intensiv şəkildə artmağa başlamış, bu
sahədə milliləşdirmə prosesinə start verilmişdir.
Bir məqamı
xüsusi vurğulamaq
istərdim. Vəzifə həmişə insanlardan
yüksək məsuliyyət tələb edir.
Xalqı tərəfindən həmişə sevilən Ümummilli Liderimiz Heydər
Əliyev bütün mənalı həyatını
Azərbaycanın çiçəklənməsinə,
qüdrətlənməsinə, insanların firavan
yaşamasına həsr etmişdi. Məhz
elə buna görə də
xalqımız bu dahi
şəxsiyyəti ölkənin başının üstünü qara buludlar aldığı təlatümlü
günlərdə yenidən hakimiyyətə gətirdi. Ulu Öndər Heydər Əliyevi nadir dövlət xadimi edən,
Onu ucalara qaldıran,
xalqın Ümummilli Liderinə çevirən
keyfiyyətlərdən birincisi Onun xalqına qırılmaz tellərlə
bağlı olması idi. Bütün şərəfli
ömrünü xalqının
rifahının yaxşılaşdırılmasına, Azərbaycanın
tanınmasına, onun beynəlxalq nüfuzunun artırılmasına sərf etdi və xalqına namuslu
xidməti hər şeydən uca tutdu. İqtisadiyyatın səmərəliliyini
yüksəltmək, keyfiyyət göstəricilərini
yaxşılaşdırmaq həmişə diqqət mərkəzində
durmuşdur. İctimai
əməyin məhsuldarlığı üç
beşillikdə 80 faiz artmış, milli gəlir artımının dörddə üç hissəsi bu amil hesabına əldə edilmişdir.
Xalq təsərrüfatının
inkişafına kapital qoyuluşu
xeyli artmış, 270-dən çox iri müəssisə,
sex, istehsal sahəsi tikilmişdir. Şamxor
SES, Azərbaycan DRES işə düşmüş,
dənizin dərinliyi 110-120 metrə çatan
yerlərdə quyular qazılması neft-qaz hasilatının inkişafında
keyfiyyətcə yeni addım olmuşdur. Həmçinin,
Bakı Metropoliteninin ikinci
növbəsi işə düşmüş,
Yevlax-Balakən dəmir yolunun tikilməsi
başa
çatdırılmışdır. Bu yolun
çəkilişi başa
çatdıqdan sonra, onun
yaxınlığındakı şəhərlərin və
rayonların sürətlə inkişaf
etməsi, buradakı zəngin iqtisadi və
təbii ehtiyatların təsərrüfat dövriyyəsinə
fəal cəlb olunması üçün
əlverişli şərait yaranmışdır. O
dövrdə memarlığımızın qızıl fonduna daxil olmuş
bina və komplekslər: Prezident İqamətgahı,
Prezident Aparatı, Dövlət Təhlükəsizlik
Komitəsinin binası, şəhərin mərkəzi,
Azadlıq meydanındakı kompleks, “Gülüstan” sarayı, “Respublika”
sarayı, Bakı Kondisioner Zavodu, Dərin Dəniz Özülləri Zavodu, 310 metrlik televiziya qülləsi, Rəqəmli Sistem Aparatları Zavodu, “Ulduz”, “Elektroterm”
zavodları, İdman Sarayı kompleksi, Şərq bazarı kompleksi, Neft
Daşlarında ictimai yaşayış
binaları kompleksi tikilmişdir.
Ümummilli
Liderimiz Heydər Əliyev azərbaycanlı
olduğu üçün
özünü xoşbəxt
sanırdı. Azərbaycan xalqı da, bütün dünyanın qibtə edəcəyi
Heydər Əliyev kimi Prezidenti
olduğu üçün
xoşbəxt idi. İndi
də ona görə xoşbəxtdir ki, əsası Heydər Əliyev tərəfindən qoyulan bu xoşbəxtliyə
Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən möhkəm və sarsılmaz təminat
yaradılmışdır.
Bəli, Ulu
Öndər Heydər Əliyev həyatını cismən başa vursa da, ruhən bizimlədir, fəaliyyətimizin,
nailiyyətimizin istiqamətvericisidir. Heydər Əliyev əbədi
yaşardır, O, dünya durduqca
Azərbaycan xalqının qəlbində yaşayacaq,
bütün insanlar tərəfindən
həmişə ən görkəmli ictimai-siyasi
və dövlət xadimi kimi
xatırlanacaqdır.
NƏSİB
MƏHƏMƏLİYEV,
Nəsimi
rayon
icra
hakimiyyətinin başçısı
Səs.- 2011.- 9 iyul.- S. 4.