QHT-lərin dövlət quruculuğu prosesində rolu artır

 

Milli QHT Forumunun prezidenti Rauf Zeynin “Səs” qəzetinə verdiyi açıqlamasında xüsusi olaraq qeyd edilir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, QHT-lərlə dövlət qurumları arasında münasibətlər sahəsində mühüm işlər görülüb: “Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu, həmçinin, müdafiə edildiyi demokratik ölkələrdəndir. Məlum olduğu kimi, 1998-ci ilin iyun ayının 18-də Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanmış Sərəncamla ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib.

Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Məhz bundan sonra ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində görülən fundamental tədbirlər davam etdirildi və bu sahədə çox ciddi nailiyyətlər əldə edildi. “Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin” - deyən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin real və qanunauyğun nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə yeni keyfiyyət dəyişiklikləri baş verdi. Eyni zamanda, bu sahədə əldə edilən nəticələr hüquqi dövlət quruculuğuna töhfə verən əhəmiyyətli faktor kimi çıxış etdi”.

R.Zeynin onu da vurğuladı ki, Ulu Öndər Heydər Əliyev tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində həyata keçirilən çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk” - deyən ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.

Milli QHT Forumunun prezidenti bildirdi ki, məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, ölkə Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü elan olunub: “Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması yönündə dövlət tərəfindən əhəmiyyətli tədbirlər görülür”. Onun sözlərinə görə, bir sıra qeyri-hökumət təşkilatları da bəhs edilən ali vəzifənin yerinə yetirilməsinə xüsusi töhfələr verməkdədir: “Eyni zamanda, Ombudsman təsisatı öz fəaliyyəti ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması işinə önəmli töhfələr bəxş edir. Ümumiyyətlə, Ombudsman təsisatının bu istiqamətdə gördüyü işlər sözügedən sahədə ciddi nailiyyətlərin əldə edilməsinə təkan verən faktordur. Onu da qeyd etmək istəyirəm ki, bəhs edilən təsisatın bilavasitə dəstəyi ilə hər il insan və vətəndaş hüquq və azadlıqları məsələsinə həsr edilmiş konfransların keçirilməsi bu istiqamətdə xüsusi önəm kəsb edir. Məlum olduğu kimi, bu il də ənənəvi surətdə konfrans təşkil edildi və orada bir çox ölkə və təşkilatdan nümayəndələr iştirak etdilər. Bu sahədə çox böyük uğurlar əldə etmiş ölkələrin nümayəndələri öz çıxışlarında bildirdilər ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində çox ciddi və əhəmiyyətli nailiyyətlər əldə edilib. Onu da qeyd edim ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi məsələsi Azərbaycan Konstitusiyasında da təsbit edilib və dövlət tərəfindən bu sahəyə ən yüksək səviyyədə diqqət və qayğı göstərilməkdədir”.

R.Zeyni, həmçinin, xalqımızın yarası olan Dağlıq Qarabağ həqiqətlərinin də Dünya Birliyinə yetərli qədər çatdırıdığını söylədi: “Məlumat üçün nəzərinizə çatdırım ki, bəli, bu gün qeyri-hökumət təşkilatlarının forumu və digər QHT-lər bu istiqamətdə xeyli işlər görürlər. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, 20 faiz torpaqlarımızın işğalı, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün olması, Dağlıq Qarabağda və ətraf rayonlarda minlərlə tarixi abidələrimizin dağıdılması, işğal altında olan torpaqlarda narkotiklərin əkilməsi və digər bu kimi informasiyaların dünyaya çatdırılması çox əhəmiyyətlidir. Milli QHT Forumunun 12 illik fəaliyyətinə nəzər salsaq, biz ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox əhəmiyyətli işlər görmüşük. Xocalı soyqırımı ilə bağlı Çexiya və Avstriya respublikalarında səfərdə olduq. Milli QHT Forumu və Beynəlxalq Diaspor Mərkəzinin təşəbbüsü ilə Texnolgiya Universitetində, həmçinin, Masarik Universitetində çox böyük tədbirlər keçirildi. Tədbirlərdə məclisi çex alimləri və bütün elm adamları bilavasitə özləri aparırdılar və özləri xəritədə işğal olunan torpaqları göstərək ölkə həqiqətlərimiz və digər faktlar haqqında tələbələrinə, müəllimlərinə məlumat verirdilər. Biz də orada sadəcə suallara cavab verirdik. Bu nöqteyi-nəzərdən, demək istəyirəm ki, əvvəllər bu proses beş-altı ölkədə gedirdisə, hazırda dünyanın 50-60 ölkəsində həm soyqırımı, həm 20 Yanvar, həm azərbaycanlıların 31 Mart Soyqırımı və digər hadisələr və əlamətdar bayramlarımızla bağlı bir sıra tədbirlər həyata keçirilir. Dünya mediasına, dünya QHT-lərinə bu informasiyalar geniş çatdırılır. Biz beynəlxalq təşkilatlarda təmsil olunuruq və ölkə həqiqətləri ilə bağlı təmsil olunduğumuz təşkilatlara, beynəlxalq ictimaiyyətin diqqətinə həm video, həm çap materialları ingilis, fransız, hətta erməni dilində materiallar dünya ictimaiyyətinə çatdırılır”.

Milli QHT Forumunun prezidenti onu da bildirdi ki, QHT-lərin bu istiqamətdə apardığı işlərinin əksəriyyəti QHT-lərə Dövlət Dəstəyi Şurasının verdiyi maliyyə ilə həyata keçirilir. Son illərdə ən böyük nailiyyətlərdən biri Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi, daha sonra isə Şuranın yaradılmasıdır ki, bu, vətəndaş cəmiyyətinin inkişafında yeni dövr, yeni imkanlar yaratdı. Bu imkanlar çərçivəsində ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bir neçə film çəkildi, layihələr həyata keçirildi: “Bizim bir sıra xarici ölkələrə səfərlərimiz QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə həyata keçirilir. Bu gün biz əldə etdiyimiz imkanlardan daha səmərəli istifadə etməliyik. QHT-lərin indiyə qədər gördüyü işlər böyük işlərdir. Amma bunlar azdır. Biz bundan da artıq işləməliyik. Bu gün dünya ictimaiyyəti özünü, demək olar ki, bu məsələlərdən xəbəri olmamış kimi aparır. Halbuki onlar Azərbaycan həqiqətlərindən xəbərdardırlar. Ona görə də dünya ictimaiyyətinə, mediasına, informasiya vasitələrinə, təşkilatlara daha çox məlumat çatdırılmalı, xeyli iş görməliyik, bir sözlə, onların qapısından əl çəkməməliyik. Bu işləri təkcə soyqırımı ərəfəsində deyil, bütün il ərzində görməliyik. Bu istiqamətdə kompleks və sistemli şəkildə iş aparmalıyıq ki, dünya ictimaiyyəti gerçəkliklə barışsın, bizə inansınlar. Bu gün bütün insanlar erməni kimi məkrli düşmənimizin olduğunu nəzərə almalıdır. Torpaqlarımız qaytarılmayana qədər biz sabitliyi poza bilmərik. Azərbaycan əhalisi dövlət başçısının torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı əmrini gözləməlidir. Bu gün münaqişənin həlli istiqamətində hər hansı razılaşma əldə olunan, yaxın zamanlarda konfliktin həllini tapacaq zamanda kimlərinsə marağı əsasında stabilliyin pozulması düzgün deyil. Buna yol vermək olmaz. Azərbaycan demokratik dövlətdir. Burada istənilən aksiya keçirmək olar. Lakin xüsusi proseslərdən ruhlanaraq məqam güdüb bu cür addımlar atmaq qeyri-ciddi məsələlərdir. Müxalifətin məqsədi hakimiyyətə gəlməkdir. Onlar bu məqsədlərini qanun çərçivəsində, seçki əsasında həyata keçirə bilərlər, bu cür addımlarla deyil. Bu haqda dövləti qurmayan insanlar düşünə bilər, bizim sadəlövh düşünməyə mənəvi haqqımız yoxdur”.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 13 iyul.- S. 10.