Azərbaycan
estradasının təkrarsız müğənnisi
Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə
Babayevin bu gün doğum günüdür. 1913-cü ilin 16
iyul tarixində dünyaya gələn Mirzə Babayev ilk təhsilini
Sənaye İnstitutunun memarlıq fakültəsində
alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər
şəhərlərində olan bir çox binaların və
muzeylərin layihə müəllifidir. Mirzə Babayev
müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində
müharibədən qayıdan zaman, görkəmli bəstəkar
Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində
başlayıb.
1948-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasına, məşhur müğənni
Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan
artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət
Filarmoniyasında çalışıb. Azərbaycan
respublikasının əməkdar artisti, xalq artisti, iki dəfə
“Humay” mükafatı laureatı olub. Ömrünün
90-cı ilində dünyasını dəyişib. Belə
bir tərcümeyi-hala malik müğənninin fəaliyyəti
bu illərin dönəmində yaddaqalan hadisələrlə
müşayiət olunur.
Yaşı 90-nı haqlasa da, gənclik hərarəti
var idi Mirzə Babayevin qəlbində.
Oxuyurdu, rəqs edirdi, sifətindəki təbəssüm
tamaşaçını ovsunlayırdı. Mirzə Babayev
2003- cü il yanvarın 13-də, ömrünün 90-cı
ilində dünyasını dəyişdi. Bu istedadlı sənətkarın
ömür kitabını vərəqlədikcə Azərbaycanımızın
musiqi tarixinin böyük bir dövrü gözlərimiz
qarşısında canlanır. Bu tarixin Mirzə Babayevlə
bağlı səhifələri daha maraqlı, daha zəngindir.
Mirzə Babayevin tərcümeyi-halı bir əsrə
yaxın bütöv bir dövrü əhatə edir.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil
alarkən müəllimi hələ o zaman hiss etmişdi ki,
Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu
istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə
obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə,
televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara
xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı
xidmətlərinin canlı şahidinə çevrilirsən.
Bu mötəbər musiqi ocağında dünya və milli
musiqimizin elmi əsaslarına yiyələnən Mirzə
Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından
birinə çevrilmişdi. Harada işləməsindən
asılı olmayaraq, Mirzə Babayev milli musiqimizin təbliğatçısı
idi. Onu yaxşı tanıyır və sevirdilər.
Tamaşaçılarla hər görüşü
böyük bir bayram olardı. Müğənninin oxuduğu
elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı
idi. “Mirzə müəllimin mahnıları” ifadəsi xalq
dilində artıq məxsusi deyimə çevrilmişdi. Mirzə
müəllim aktyor-müğənni idi. O, ifa etdiyi
mahnının bütöv obrazını yaradırdı.
Mahnıları oynaq və şirin idi. Tamaşaçı bu
nəğmələri dinləyəndə qəlbini nikbin bir
ruh bürüyərdi. “Limanlar”, “Saçlarına gül
düzüm”, “Sən uzaq, yaşıl ada”
mahnılarını onun ifasında dinlədikcə insan ruhu,
qəlbi təmizlənib, nəğməli bir dünya
yaşanılır. Doğrusu, bu gün adam Mirzə Babayevin
yoxluğuna inana bilmir. Elə hiss edirsən ki, yenə də
hansısa konsertdə səhnəyə çıxıb gənclik
həvəsiylə öz nəğmələrini oxuyacaq.
Yaxşı ki, bu nəğmələrin
yazıldığı lentlər, kasetlər saxlanılır
və onlar kifayət qədərdir.
Mirzə Babayev Azərbaycan
estrada musiqisini çox-çox yüksəklərə
qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti
ilə öz orijinal üslubunu yaradıb. Oxuduğu
mahnıların hər birində nikbin, həyatsevər bir
ovqat yaradıb. Yaşının ahıl dövründə
belə qəlbində gənclik hərarəti var idi. Tofiq
Quliyev, Emin Sabitoğlu kimi bəstəkarların
mahnıları onun ifasında ədəbilik qazanmışdı.
Mirzə müəllim Azərbaycan musiqi tarixində nadir
ifaçılardandır ki, mahnıları uzun illər
repertuarında yaşamışdır.
Mirzə Babayev həm müəllim,
həm də gözəl kino aktyoru idi. Azərbaycan kinosunda
onun yaratdığı rolların özünəməxsus
gözəlliyi var. Bu rolların epizodik və yaxud
böyük həcmli olmasının o qədər də fərqi
yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz
içindən keçirir və tamaşaçıya onu
bütöv xarakter kimi təqdim edir. Müsahibələrinin
birində demişdi ki, mən 100-dən artıq filmdə
çəkilmişəm. Ancaq filmlərdə ifa etdiyi
mahnıların sayı, bəlkə də, iki o qədərdir.
“Dərviş Parisi partladır”
filmində Məstəli şahı oynayır. Kamil Rüstəmbəyovun
bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta
bu vaxta kimi Məstəli şahın teatrdakı
ifaçılarından da çox-çox irəli gedə
bilib. Ümumiyyətlə, Mirzə Babayevin kino qəhrəmanları,
əsasən, kübar insanlardır. “26-lar”, “Sevil”, “Yenilməz
batalyon” və onlarca digər filmlərdə aktyor yaddaqalan,
gözəl obrazlara ekran həyatı vermişdir. Mirzə
Babayevin artistizminə nikbin bir ruh hakim idi. O çox vaxt, hətta
yaşlı dövründə də gənclərlə səhnəyə
çıxmağı xoşlayır, şux zarafatları ilə
zaldakı tamaşaçıları ələ ala bilirdi. Elə
bil kinodakı rollarına da hopmuşdu bu əhval-ruhiyyə.
Onunla işləyən rejissorlar deyirdilər ki, Mirzə
Babayev işləyəndə heç yorulmaq bilmirdik. Çəkiliş
meydançasında elə əhval-ruhiyyə yaradırdı
ki, hamı məmnun qalırdı. Ekranda görünməsi
ilə tamaşaçının ovqatına tamam yeni bir ruh gətirirdi.
Bir sözlə, o yaratdığı obrazın əsil
memarına çevrilirdi. Hərdən isə obrazlarına
şirin, məlahətli mahnıları ilə özgə bir
ovqat verirdi. Bizim kinoda Mirzə Babayev qədər mahnı ifa
edən ikinci bir müğənni, demək olar ki, yoxdur. “Onu
bağışlamaq olarmı?” filmində Tərlanın
mahnılarını xatırlayın. “O olmasın, bu olsun”
filmində Məşədi İbadın bütün
mahnılarını o ifa etmişdir. Mirzə Babayevin
müğənni kimi ifaçılığı ilə
aktyorluğu ahəngdarlıq təşkil edirdi. “Dəli
Kür” filmində Molla Sadığın qurduğu kef məclisi
onun qeyri-adi səsi ilə yadda qalıb.
Hamının
tanıdığı və sevdiyi Mirzə Babayev haqqında
danışmaq o qədər də asan deyil. Ona görə ki,
Mirzə Babayev hər gün, hər an
tamaşaçıların arasında idi. Onların
alqışları altında mahnıları ifa edərdi. Mirzə
müəllim milli musiqimizi xarici ölkələrdə
çox məharətlə təmsil edirdi. Dünyanın bir
çox ölkələrində yüksək
ifaçılıq məharəti ilə Azərbaycanımızın
musiqi sənətinin təbliğatçısı kimi
çıxış etmişdir.
Mirzə Babayevin
yaradıcılığından cild-cild kitablar yazmaq olar.
Çünki onun həyat yolu mədəniyyət və incəsənətimizin
zəngin bir dövründən keçir. Bu gözəl sənətkar
haqqında, yəqin ki, çox dəyərli filmlər
çəkiləcək, geniş həcmli monoqrafiyalar
yazılacaq. Onun mahnıları, filmləri uzun illər bu
xalqın mənəvi yaddaşında ən həzin
duyğular kimi yaşayacaq.
Bəli, zaman keçəcək,
nəsillər dəyişəcək, amma mənəvi dəyərlərimiz
arasında milli musiqimizin əvəzsiz xadimlərindən biri,
“Şöhrət” ordenli Mirzə Əbdülcabbar oğlu
Babayevin yaratdığı qənirsiz mahnılar, nəğmələr
öz gözəlliyini itirməyəcək. Çünki bu
mahnılar bu xalq üçün yaranmışdı və
xalq da onların ifaçısını sonsuz məhəbbətlə
sevirdi.
Zümrüd
Səs .- 2011.- 16 iyul.- S. 12.