Çoxəsrlik
dövlətçiliyimiz tarixində ulu öndər Heydər
Əliyevin müstəsna xidmətləri vardır
-
Azərbaycanın dövlət müstəqilliyinin yenidən
bərpa olunmasının 20 ili tamam olur. Amma gerçəklik
budur ki, Azərbaycanın müstəqil dövlət
quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən- ulu
öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra başlamışdır...
- Əlbəttə, bu inkaredilməz
faktdır ki, çoxəsrlik dövlətçiliyimiz
tarixində ümummilli lider Heydər Əliyevin müstəsna
xidmətləri vardır. Ulu öndər bildirirdi ki, milli
azadlığa nail olmaq üçün milli oyanış,
dirçəliş, milli ruhun canlanması lazımdır. Heydər
Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik
etdiyi dövrdə görülən işlər nəticəsində
milli ruhun yüksəlişi təmin edilmiş, milli dövlətçilik
ideyasının gələcəkdə böyük hərəkətverici
qüvvəyə çevrilməsi üçün
mühüm zəmin yaranmışdır. Bu baxımdan
ümummilli liderin ölkə rəhbərliyinə gəlişindən
sonrakı dövr milli özünüdərkin, milli
özünəqayıdışın
başlanğıcı kimi qəbul edilir. Azərbaycanın
xoşbəxt gələcəyinə böyük inam bəsləyən
Heydər Əliyev eyni zamanda buna nail olmağın
yollarını da müəyyənləşdirdi.
“Millətin siyasi müstəqilliyinin
özülünü onun iqtisadi cəhətdən
azadlığı şərtləndirir” söyləyən
ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki
dövründə ölkənin iqtisadi inkişafına
xüsusi diqqət göstərdi. 1969-82-cı illərdə
respublikada yaranmış ağır iqtisadi böhrandan
çıxış yolları tapıldı, onun iqtisadiyyatda
köklü struktur dəyişiklikləri aparıldı, təsərrüfatçılıqda
yeni üsullar tətbiq olunmağa başlandı. Ulu öndər
Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsidir
ki, 1970-1980-ci illər Azərbaycanın quruculuq səlnaməsində
ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə,
xalqın sosial rifah halının keyfiyyətcə yeni mərhələyə
keçməsinə görə ən parlaq səhifələr
təşkil etmişdir.
Hazırkı dövrdə Azərbaycanın
iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələrinin
sistemli olaraq genişlənməsi və dünya
iqtisadiyyatına inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə
Heydər Əliyev tərəfindən təməli
qoyulmuş potensiala əsaslanır.
- Ulu öndər Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qayıdışı da Azərbaycanın
düşdüyü ağır vəziyyətdən xilas
edilməsi ilə bağlıdır. Tarixə diqqət
yetirdikdə ümummilli liderin fəaliyyətinin əsas
istiqaməti olan xilaskarlıq missiyası daha çox önə
çəkilir. Bu missiyanı şərtləndirən amillər
hansılardır?
- 15 iyun 1993-cü ilin tarixə
Milli Qurtuluş kimi daxil olması nəinki ulu öndər Heydər
Əliyevin xilaskarlıq missiyasının, eyni zamanda Azərbaycanın
bugünkü reallıqlarının
başlanğıcının təsdiqidir. Azərbaycan
xalqı daim azadlıq, müstəqillik uğrunda mübarizə
aparmış, bu istəyinə nail olmaq üçün
böyük qurbanlar vermişdir. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın
Dövlət Müstəqilliyi Aktının qəbul
olunmasına baxmayaraq ilk illərdə ölkəyə idarəçilik
qabiliyyəti olmayan, öz şəxsi maraqlarını
dövlətin mənafeyindən üstün tutan şəxslərin
rəhbərlik etməsi Azərbaycanı böyük
uçurum qarşısında qoymuşdur. Belə bir
ağır durumda ulu öndər Heydər Əliyev xalqın
köməyinə gəldi. Həmin dövrün hadisələri
yaddaşlarda olsa da onların daim təkrarlanmasına, gələcək
nəsillərə çatdırılmasına böyük
ehtiyac var. Bu da səbəbsiz deyil. Ulu öndər Heydər Əliyev
daim çıxışlarında bildirirdi ki, indiki nəsil
Azərbaycanın müstəqillik yolunun nə qədər
ağır dövrdən keçməsindən xəbərsizdir.
Onlara həmin dövrün reallıqlarını
çatdırmaq, bugünkü inkişafa nail olmaq
üçün hansı çətinliklərdən
keçildiyini aşılamaq lazımdır.
Dövlət
başçısı İlham Əliyev bildirir: “İyirmi il
həm böyük, həm də çox da böyük
olmayan müddətdir. İyirmi il ərzində çox
iş görmək olar, heç nə görməmək də
olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci
iki ilini çıxmaq şərti ilə, doğrudan da tarixi
nailiyyətlər əldə edilmişdir. Bu gün
danışdığımız bütün uğurlar bu
müstəqilliyin nəticəsidir”
Qazanılan uğurların təməlində
ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası,
ondan sonrakı dövrlərdə həyata keçirdiyi
düşünülmüş və məqsədyönlü
siyasət dayanır. Cənab İlham Əliyev ulu öndər
Heydər Əliyevin möhkəm təməl üzərində
qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı
ən yüksək zirvələrə yüksəldir.
Uğurlarımızın biri-birini əvəzləməsinə
baxmayaraq, dövlət başçısı bildirir ki, biz
daim irəliyə baxmalıyıq. Azərbaycanın artan
iqtisad imkanları, siyasi mövqeyi, beynəlxalq aləmdə
nüfuzu daha mühüm uğurlara yol açır.
- Heydər Əliyevin dövlətçilik
strateji proqramında azərbaycançılıq ideyasına
bağlılıq, bütün soydaşlarımızın
bir amal ətrafında birliyi daha vacib şərt kimi irəli
sürülmüşdür. Bu gün müstəqil Azərbaycanımızın
uğurlarında bu amilin rolunu necə
görürsünüz?
- Bildiyiniz kimi, bu günlərdə
Bakıda Dünya azərbaycanlılarının III
qurultayı keçirildi. Qurultayda çıxışı
zamanı dövlət başçısı İlham Əliyev
diaspor quruculuğu sahəsində görülən işləri
önə çəkməklə yanaşı, mövcud
problemləri və onların həlli yollarını da diqqətə
çatdırdı. Diaspor təşkilatlarının
birliyinin artırılması daha vacib amil kimi
vurğulandı. Qeyd edək ki, Dünya azərbaycanlılarının
vahid mərkəzdən idarə olunmasının vacibliyi məsələsi
ulu öndər Heydər Əliyev tərəfindən irəli
sürülmüşdür. Bu addım nə zaman atıldı?
Ulu öndər Heydər Əliyev
bildirirdi ki, dünyanın müxtəlif ölkələrində
məskunlaşmış soydaşlarımızın həmrəyliyinə
nail olmaq üçün öncə ayrı-ayrı ölkələrdə
yaşayan azərbaycanlıların birliyi gərəkdir. Həmin
dövrdə müxtəlif ölkələrdə Azərbaycan
mərkəzləri, cəmiyyətləri yaradıldı.
Sonra onların vahid mərkəzdən idarə olunması təşəbbüsü
irəli sürüldu. Ulu öndər Heydər Əliyevin 23
may 2001-ci il tarixli sərəncamı ilə həmin ilin
noyabrın 9-10-da Dünya azərbaycanlılarının I
qurultayı keçirildi. Bu qurultay diaspor quruculuğu prosesinin
inkişafında yeni bir mərhələnin
başlanğıcı oldu. 2002-ci ildə Xaricdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradıldı. Hazırda bu komitə Diasporla
İş üzrə Dövlət Komitəsi adı
altında fəaliyyətini davam etdirir. Komitənin müxtəlif
ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatları ilə birgə əlaqələrinin
qurulması sözsüz ki, birliyimizə, həmrəyliyimizə
öz müsbət təsirini göstərir.
Ulu öndər Heydər Əliyev
bu birliyin zəruriliyini bu səbəbdən bildirirdi ki, hər
bir dövlətin özünü dünyada təsdiqləməsində
xarici siyasətinin düzgün qurulması vacib şərtdir.
Diaspor quruculuğu da xarici siyasətin əsas tərkib hissələrindəndir.
Digər tərəfdən bir faktı da unutmayaq ki, dünyada
azərbaycanlılara və türklərə qarşı əsassız
təbliğat aparan erməni diasporu fəaliyyət göstərir.
Bu gün onların Azərbaycan diasporunun güclənməsi
nəticəsində dünyada cərəyan edən proseslərə
təsir imkanları zəif olsa da vaxtilə bu imkanların
mövcudluğu erməni yalanlarının ayaq tutub yeriməsinə,
ölkəmizə qarşı ədalətsiz qərarların
qəbuluna səbəb olmuşdur. Bu günə qədər
birdəfəlik ləğvi mümkünsüz olan
“Azadlığa Dəstək Aktına” ədalətsiz 907-ci
düzəlişin edilməsi də erməni diasporunun gərgin
əməyinin nəticəsidir.
Müharibə şəraitində
yaşayan ölkəyik. Həqiqətlərimizin dünya
ictimaiyyətinə çatdırılmasında Dünya azərbaycanlılarının
da üzərinə böyük məsuliyyət
düşür. Dövlət başçısı İlham
Əliyev III qurultayda çıxışı zamanı bu məsələni
önə çəkərək diaspor təşkilatları
ilə həmin ölkələrdə fəaliyyət göstərən
səfirliklərimizin birgə fəaliyyətinin vacibliyini qeyd
etdi. Bu birlik nə qədər güclü olarsa, həqiqətlərimizi
beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə
çatdırmaq olar. Bir sözlə, ulu öndər Heydər
Əliyevin “Hamımızın ümumi vəzifəmiz
xalqımızda vətənpərvərlik, vətənə,
torpağa, millətə sədaqət, Vətən yolunda
şəhidliyə hazır olmaq hisslərini
formalaşdırmaq, inkişaf etdirmək və təbliğ
etməkdir” tezisi harda yaşamasından, hansı vəzifədə
çalışmasından asılı olmayaraq hər bir Azərbaycan
vətəndaşının fəaliyyətinin əsas
prinsipinə çevrilməlidir. Möhtərəm
Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, gündən-günə
güclənən Azərbaycan qürur mənbəyimizdir.
- Bu günün əsas
çağırışlarından biri iqtisadi
inkişafın gələcək istiqamətlərinin müəyyənləşdirilməsinin
güclü elmi əsaslara söykənməsidir. Bununla
bağlı fikirlərinizi bilmək istərdik.
- Ölkəmizin iqtisadi sahədə
əməkdaşlığına geniş imkan yaradan amillərdən
biri də elmi, intelektual potensialıdır. Azərbaycan Milli
Elmlər Akademiyasının illik ümumi
yığıncağında da dövlət
başçısı İlham Əliyev ölkəmizin
bugünkü uğurlarında elmin rolunu xüsusi
vurğulayaraq bildirmişdir ki, müasir dövlətin
qurulması elmin inkişafı olmadan mümkün deyildir.
Ölkəmiz bu gün bütün sahələrdə
mühüm uğurlara imza atıb. Bu uğurların
davamlılığını təmin etmək
üçün dövlət başçısı İlham
Əliyev kadr hazırlığını iqtisadi
inkişafın səviyyəsinə
uyğunlaşdırmağı qarşıya ən
mühüm vəzifə kimi qoyur. Hər bir dövrün
öz çağırışları, tələbləri
var. Dövlət başçısı bildirmişdir ki,
bütün dövrlərdə alimlərimiz Azərbaycanın
müxtəlif istiqamətlərdə inkişafına dəyərli
töhfələrini vermişdir. İqtisadi inkişafın
böyük sürət aldığı, müstəqilliyimizin
daha da möhkəmləndiyi bir dövrdə elmi potensialın
gücləndirilməsinə böyük ehtiyac var.
Qeyd etdiyimiz kimi, bu il müstəqiliyimizin
yenidən bərpa olunmasının 20 ili tamam olur. Azərbaycanın
ötən bu dövr ərzində qazandığı
uğurlar göz qabağındadır. Bütün
inkişafın təməli kimi dəyərləndirilən
sabtiliyin ölkəmizdə yüksək səviyyədə
qorunması uğurların bir-birini əvzələməsinə
geniş imkanlar açır. Bu gün Azərbaycanla iqtisadi əlaqələrin
qurulmasında maraqlı olan dövlətlərin sayı
sürətlə artır. Ölkəmizin malik olduğu təbii
resurslardan səmərəli istifadəsi beynəlxalq əhəmiyyətli
layihələrin icrasına, eyni zamanda maliyyə
imkanlarının artmasına yol açır. Akademiyanın
illik ümumi yığıncağında Prezident İlham Əliyev
bu faktı xüsusi qeyd etmişdir ki, əgər vaxtilə
alimlərimiz böyük neft-qaz yataqlarını kəşf
etməsəydilər və Azərbaycanın bu təbii
resursları olmasaydı, müstəqil həyatımız
başqa istiqamətdə inkişaf edə bilərdi. Müstəqil
siyasət aparmaq, iqtisadi, o cümlədən enerji sahəsində
müstəqil təşəbbüsləri irəli sürmək
maliyyə, iqtisadi və siyasi cəhətdən böyük
imkanlar tələb edir. Bu gün Azərbaycanın
iştirakı olmadan enerji, həmçinin nəqliyyat və
iqtisadiyyat sahəsində heç bir təşəbbüs irəli
sürülə bilməz. Azərbaycan enerji resurslarından əməkdaşlıq
əlaqələrinin daha da möhkəmləndirilməsi,
milli maraqlarımızın təmin edilməsi və ölkəmizin
qüdrətlənməsi naminə istifadə edir.
Bu da inkaredilməz faktdır ki,
respublikamızda elm və təhsilin maddi-texniki bazası və
kadr potensialı əsasən XX əsr ərzində
formalaşmışdır. 1970-1980-ci illərdə ulu öndər
Heydər Əliyevin bilavasitə təşəbbüsu ilə
gənclərin keçmiş ittifaqın müxtəlif ali məktəblərinə
kütləvi şəkildə göndərilməsi yüksək
ixtisaslı mütəxəssislərlə təminat
baxımından respublikanın qabaqcıl mövqelərə
çıxmasına imkan yaratmışdı.
Qeyd etdiklərim bir daha bu həqiqəti
təsdiqləyir ki, müstəqilliyimizin yenidən bərpa
edilməsindən sonrakı dövrdə əldə olunan
nailiyyətlərin əsası 1969-cu ildən qoyulmuş və
ulu öndər Heydər Əliyev duhasının təntənəsi
kimi tarixdə yer almışdır. Düzgün qurulan siyasət
daim ölkəni inkişafa, tərəqqiyə aparar. Nazirlər
Kabinetinin bu günlərdə keçirilən 2011-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında möhtərəm
Prezidentimiz İlham Əliyev bir daha ölkəmizin
uğurlarına diqqəti yönəldərək bildirdi ki,
bütün sahələr üzrə proqramların
mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi
və uğurlu icrası nəticəsində Azərbaycan
sürətlə inkişaf edir və yaxın zamanlarda
dünyanın inkişaf etmiş ölkələri
sırasına daxil ediləcəkdir. Bununla da ölkəmizin
uzunmüddətli və dayanıqlı inkişafına nail
olacağıq.
Səs.- 2011.- 16 iyul.- S. 7.