Azərbaycan muğamına həsr
olunmuş festival böyük maraqla qarşılanıb
Beynəlxalq müsabiqənin münsiflər
heyətinə dünya şöhrətli musiqiçilər
qatılıblar
Son illər YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü və rəhbərliyi altında həyata
keçirilən geniş sayda mədəniyyət layihələri
Azərbaycan mədəniyyətinin inkişafı və təbliğini
yüksək, yeni bir səviyyəyə qaldırıb. YUNESKO
tərəfindən bəşər mədəniyyətinin
incisi elan edilmiş Azərbaycan muğamına həsr
olunmuş beynəlxalq muğam festivalları böyük
maraqla qarşılanaraq, dünyada geniş əks-səda
doğurub.
Bu günlərdə Heydər Əliyev Fondunun daha bir
möhtəşəm beynəlxalq layihəsi - III Qəbələ
Beynəlxalq Musiqi Festivalı öz işinə
başladı. Festival çərçivəsində konsertlərdə
görkəmli musiqiçilər, bədii kollektivlər,
solistlər, dirijorlar iştirak edirlər. III Beynəlxalq
Musiqi Festivalı çərçivəsində
Pianoçuların II Beynəlxalq Müsabiqəsi də təşkil
olunub. Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ,
Norveç, Hollandiya, İtaliya, Fransa, Almaniyadan dünya
şöhrətli musiqiçilər və kollektivlər -
Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Boris Berezovski,
Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana
Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları
iştirak edirlər. Qeyd edək ki, keçirilən festivala təşkilati
dəstək Mədəniyyət
və Turizm Nazirliyidir.
Heydər Əliyev Fondu
tərəfindən Qəbələdə keçirilən
III Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Pianoçuların II Beynəlxalq Müsabiqəsi müvəffəqiyyətlə
davam etməkdədir. İyulun 17-də Qəbələ şəhərindəki
“Qafqaz Resorte” otelində müsabiqənin ikinci turu
başlanıb. İki gün davam edəcək bu turda 7
ölkədən 11 pianoçu, o cümlədən, Rusiyadan
Andrey Yaroşinski, Meksikadan Abdiel Yarquez, Azərbaycandan Nərgiz
Kəngərli, Yaponiyadan Mizuho Nakada, Rusiya-Azərbaycandan Fatimə
Əliyeva, Gürcüstandan Daniel Kontuaşvili, Ketevan
Cakarataşvili, Aleksandr Vaşadze, Anna Kipiani, Ukraynadan Aleksandr
Samoylov və Türkiyədən Eren Aydoğan müsabiqənin
finalına çıxmaq uğrunda mübarizə
aparırlar.
Festivalın proqramına uyğun olaraq, bu mərhələdə
gənc pianoçuların hər biri ümumilikdə 50 dəqiqə
ərzində 4 əsər ifa etməli olacaq. İkinci turun
ilk günündə 6 pianoçu dünya şöhrətli
bəstəkarlardan L.V.Bethovenin sonatasını, F.Listin
etüdünü, Tofiq Quliyevin “Qaytağı” əsərini
ifa edib. Həmçinin, iştirakçılar öz istəklərinə
uyğun olaraq İ.Bramsın, R.Şumanın, S.Raxmaninovun bir
romantik əsərini də səsləndirmişlər. Bu
turun ikinci günündə isə 5 pianoçu məharətini
nümayiş etdirəcək.
3 turdan ibarət olacaq Pianoçuların II Beynəlxalq
Müsabiqəsinin final mərhələsi iyulun 21-22-də
keçiriləcək. Finala vəsiqə qazanmış
iştirakçılar Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri ilə birgə
çıxış edəcəklər.
Qeyd edək ki, beynəlxalq müsabiqənin münsiflər
heyətinə dünya şöhrətli musiqiçilər
İtaliyadan Serjio Pertikaroli, İspaniyadan Xoakin Soriano,
Gürcüstandan Manana Doijaşvili, Azərbaycan-ABŞ Validə Suk, Azərbaycandan Oqtay
Abasquliyev, ABŞ-dan Oksana Yablonskaya, Norveçdən Eynar Stin
Nokleberq, Meksikadan Mirtala Salazar, Koreyadan Su Hyun Yu,
ABŞ-İngiltərədən Ceremi Zipman Tayler, İsraildən
Leonid Rozenberq, ABŞ-Çindən Bey-Hua Jaklin Tanq daxildirlər.
Münsiflər heyətinin sədri, amerikalı pianoçu,
BMT yanında Beynəlxalq İncəsənət
Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard
Musiqi Akademiyasının professoru Oksana Yablonskayadır.
Müsabiqə çərçivəsində
amerikalı pianoçu Oksana Yablonskayanın rəhbərliyi
ilə gənc ifaçılar üçün dünya
şöhrətli musiqiçilərin və münsiflər
heyətinin tanınmış üzvlərinin ustad dərsləri
təşkil olunacaqdır.
Pianoçuların beynəlxalq müsabiqəsi yeni
istedadların aşkarlanmasına, gənclərin peşəkarlarla
görüşünə və onlardan bu sahənin incəliklərini
öyrənməyə imkan verir.
Zümrüd
Səs.- 2011.- 19 iyul.- S. 12.