Azərbaycan
mətbuatının yaradılmasından 136 il
ötür
Bir neçə
gün sonra Azərbaycan
mətbuatının yaradılmasının 136 illiyi qeyd olunacaq.
Əsası “Əkinçi” qəzeti ilə qoyulan
Azərbaycan milli mətbuatı, bu gün dövlətin
diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan mətbuatının
daha yüksək səviyyədə inkişaf etməsi üçün
Prezident İlham Əliyev
tərəfindən bir çox
uğurlu addımlar atılıb, fərman
və sərəncamlar verilib. Ölkə
mətbuatının inkişafı yolunda
atılan bu uğurlu
addımlardan biri də keçən
il milli mətbuatın
135 illiyi münasibətilə cənab Prezident tərəfindən jurnalistlərin mənzillə
təminatına nail olunması üçün 5 milyon manat vəsaitin ayrılmasıdır. Bu baxımdan, demək olar
ki, Azərbaycan mətbuatı özünün 136 illik ildönümünü kifayət qədər
əldə olunan uğurlarla
qeyd edir.
Elçin Mirzəbəyli,
“Xalq Cəbhəsi” qəzetinin baş
redaktoru:
- 22 İyul - Milli Mətbuat Günü ilə
bağlı olaraq, redaksiya daxilində hər hansı bir
jurnalistin mükafatlandırılması nəzərdə
tutulmayıb. Biz bu işi qəzetimizin 10 illiyində həyata
keçirəcəyik. Yəni bu il bizim ikiqat
bayramımızdır. Əgər Milli Mətbuat Günü
ilə bağlı yubiley ili olsaydı, təbii ki, o zaman bu
günlə əlaqədar tədbir daha geniş dairədə
keçirilərdi. Ancaq biz bu işi noyabr ayında həyata
keçirəcəyik. O zaman qəzetin iş fəaliyyətində
bu günə kimi, təcrübəli və öz işində
daha məsuliyyətli olan jurnalistlərimiz
mükafatlandırılacaq.
Azərbaycan mətbuatının
əldə etdiyi bütün uğurlar göz
qabağındadır. Çünki mətbuatımız
günü-gündən daha da inkişaf etməkdədir. Demək
olar ki, Azərbaycan dövləti mətbuatın
inkişafı üçün əlindən gələni əsirgəmir.
Mətbuat da dövlət tərəfindən atılan bu
addımlara və çağırışlara cavab verir.
Burada medianın üzərinə böyük məsuliyyət
düşür. Öz işini qurmaq və əhatə dairəsini
genişləndirmək baxımından. Hesab edirəm ki, bu
müddət ərzində bir çox addımlar atmağa
nail olmuşuq.
Natiq Məmmədli,
“Kaspi” qəzetinin baş redaktoru:
- Bu il həm milli mətbuatın 136, həm də
“Kaspi” qəzetinin 130 illik yubileyidir. Yəni bizim
üçün ikiqat bayramdır. Biz də “Kaspi” qəzetinin
130 illik yubileyi çərçivəsində silsilə tədbirlər
keçiririk. Bir sözlə, bu il biz bayram əhval-ruhiyyəsi
içindəyik.
Azərbaycan mətbuatı
Milli Mətbuat Gününü bir çox uğurlu nailiyyətlərlə
qeyd etməyə hazırlaşır. Bunların içərisində
də biz mətbuat işçiləri çox arzu edərdik
ki, 22 İyul Mətbuat Günü ərəfəsində
jurnalistlər üçün nəzərdə tutulan
binanın təməli qoyulsun.
Akif Aşırlı,
“Şərq” qəzetinin baş redaktoru:
- Milli mətbuatın 136 illiyi ilə əlaqədar
olaraq, redaksiya daxilində hər hansı tədbirin
keçirilməsi nəzərdə tutulmayıb. Təbii ki,
Milli Mətbuat Günü ilə bağlı həm
KİVDF-nin, həm də Mətbuat Şurasının birgə
tədbiri olacaq. Yəni keçirilən həmin tədbirlərdə
biz mətbuat işçiləri iştirak edəcəyik.
Milli Mətbuat Günü ilə əlaqədar olaraq,
ayrı-ayrı təşkilatlar, bir çox jurnalistləri
mükafatlandırıb. Mən bilən, artıq bir neçə
təşkilat tərəfindən bizim ayrı-ayrı
jurnalistlərin mükafatlandırılması gözlənilir.
Ona görə də, redaksiya daxilində hər hansı
mükafatlandırılma nəzərdə tutulmayıb.
Azərbaycan mətbuatı
şərəfli tarixi yol keçibdir. Bu klassik jurnalist ənənələrindən
bəhrələnərək, öz inkişaf xəttimizi
müəyyənləşdirmişik. Bu gün də həmin
inkişaf prosesi davam etməkdədir. Təbii ki, texnoloji
baxımdan mətbuatda bir çox yeniliklər həyata
keçirilir. Azərbaycanda klassik jurnalist ənənəsinə
dayanan, o klassik qəzetçilik modeli bu gün də davam
edir. Bununla yanaşı olaraq, ölkə mətbuatında
internet mediası da sürətlə inkişaf etməkdədir.
Burada internet mediası ilə klassik qəzetçilik
arasında çox ciddi rəqabət mövcuddur. Bu rəqabətdə
çap mediası, yazılı media öz mövqeyini qoruyub
saxlaya bilir. Bu isə bizim üçün ən uğurlu
nailiyyətdir.
Yunus Oğuz,
“Olaylar” qəzetinin baş redaktoru:
- 22 iyul - Milli Mətbuat Günü ilə
bağlı bütün tədbirləri Mətbuat
Şurası ilə bir yerdə keçiririk. Yəni bu tədbirlərin
keçirilməsi redaksiya
daxilində nəzərdə tutulmur. Milli Mətbuat
Günü ilə bağlı Mətbuat Şurası
hansı tədbirləri keçirsə, biz həmin tədbirlərdə
iştirak edəcəyik.
Azərbaycan mətbuatının
bir çox uğurları olub. Bu il mətbuat ombudsmanı yarandı. Yəni bu, çox
əhəmiyyətli bir
məsələdir. Eyni zamanda,
“Diffamasiya haqqında”
Qanunun qəbul olunması yenidən müzakirə olundu.
Gündəmdə müzakirə edilən
digər məsələ
ondan ibarətdir ki, jurnalistlərin sosial-məişət şəraitlərinin
yaxşılaşdırılması ilə bağlı binanın tikilməsi nəzərdə tutulub.
GÜLYANƏ AĞAKƏRİMOVA
Səs.- 2011.- 20 iyul.- S. 9.