MƏTBUAT JURNALİST GÖZÜ İLƏ...

 

Dahilərdən biri deyib ki, “mən oxuyub, öyrəndikcə, gördüm ki, heç nə bilmirəm”. Eyni halı dəfələrlə özümdə müşahidə etmişəm. İlk yiyələndiyim sənət hüquqşunaslıq olub. Əmək fəaliyyətimə isə müxbir kimi başlamışam. Hər gün məqalə yazırdım, müşahidələr, araşdırmalar aparır, mütaliə edirdim.

Deyilənlərə görə, pis yazmırdım, özümə uyğun oxucu kütləsi toplamışdım - qohum-əqrəbalar, dost-tanışlar, qonum-qonşular... İyirmi yaşlı gənc qız üçün bu, çox şey demək idi, hələ ki, biri sənin yazını oxuyub, tərifləyəndən sonra uçmağa qanad tapmırdın.

İlk baxışda çox cəlbedici və asan görünən jurnalistikanın, əslində, aysberq kimi görünməyən tərəfləri də mövcud imiş. Jurnalistikaya olan həvəs bir gün ona gətirib çıxardı ki, bu sənətin diplomuna yiyələnmək fikrinə düşdüm. Jurnalistika fakültəsinin tələbəsi olan gündən dövrü mətbuatda məqalələr yazmağı yadırğadım. Doğru deyiblər ki, mən çox şey öyrəndikcə, bildim ki, heç nə bilmirəm. İndi qələmi götürüb, yazı yazanda çox böyük məsuliyyətlə sözləri ard-arda düzüb, cümlələrə çevirirəm. Yazdığım yazıdan kiminsə nəsə öyrənməsi, maariflənməsi üçün beyin məhsulları, maraqlı faktlar, araşdırma nəticələri, məlumatlar çatdırmağa çalışıram. Çünki jurnalistikanın incə məqamlarını, zərif nüanslarını, bir az kobud səslənsə də, sirlərini tam olmasa da öyrənirəm. Bilirəm, bir çoxları hesab edə bilər ki, təvazökarlıqdan uzaq adamam, lakin təbii heç bir şey biabırçı hesab olunmamalıdır. Bu mənada, yeri gəlmişkən, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bütün müəllim və professor heyətinə dərin təşəkkürümü bildirirəm. Onlar mənim timsalımda yüzlərlə jurnalistə qələm tutmaq, yazı yazmaq, üslub, dil, janr, mövzu, məqalə, felyeton, ünsiyyət, daha nələr-nələr öyrədiblər. Heç bir portala baxıb köçürmədən, əlinə sadəcə qələmini alıb, ürəyindən keçənləri çatdırmaq, çatdırmaq istədiklərini düzgün nəsrə çevirmək qabiliyyəti aşılayıblar.

Uzun-uzadı açıqlamalar verməkdə məqsədim, bütün sənət sahiblərinin işinə qarışan, özlərini dördüncü hakimiyyət hesab edən, danışmağa-yazmağa düz-əməlli sözü olan da, olmayan da gecə-gündüz söz-mətbuat azadlığı deyən jurnalistlərimizin işinə qarışmaqdır. Aşağı-yuxarı gündə on beş qəzet oxuyuram, daha dəqiq desək, bir çoxunu sadəcə vərəqləyirəm. Əli Əleyhsalam deyib ki, hər kəs öz dilinin arxasında gizlənib, danış ki, bilək kimsən. Bu mənada, istənilən qəzeti oxuduqda onun yazarlarının nə sənətin sahibi olduqlarını və ya tamamilə bisavad olduqlarını anlamaq üçün alim olmaq lazım deyil. Ordan-burdan oğurlanmayan, xariciyerli internet saytlarından götürülüb, dəyişdirilməyən, ideyası və mövzusu yalnız özünəməxsus olan müəllif yazısına dövrü mətbuatda, demək olar ki, çox az rast gəlinir.

Demokratiyanın beşiyi, ocağı, dahabilim nəyi hesab edilən ölkələrdə belə, Azərbaycanda olduğu qədər söz və mətbuat azadlığı yoxdur. Bunu tam məsuliyyətlə deyirəm. Bu günlərdə bütün dünya mediası İngiltərədə baş verən “sarı qalmaqalla” çalxalanır. Media imperatoru hesab edilən Rupert Merdokunsa başı əməlli-başlı bəladadır. 168 il yaşı olan media imperiyası insanların şəxsi işlərinə qarışdıqları, telefon danışıqlarını dinlədikləri, gördüklərini, eşitdiklərini çap edib, geniş ictimaiyyətə yaydıqları üçün bağlanma və bir daha qəzetlərinin işıq üzü görməməsi təhlükəsi ilə üz-üzə qalıblar.

Bizdə isə hərənin bir qəzeti var, jurnalist oldu-olmadı, hər kəs məqalə yazır, dövrü mətbuatda çıxış edir, yaza bildi-bilmədi, hər kəs danışır, danışa bildi-bilmədi, iki dəfə heç kəsə lazım olmayan siyasi proqnozlar verib, üçüncü dəfə özünü politoloq adlandırır, qandığı qrafa oldu-olmadı... İnanın, bu haldan zərrə qədər də narahat olmuram, əksinə, bu, mənim ölkəmdə söz azadlığının ən yüksək səviyyədə olmasından xəbər verir. Kim nə yazır yazsın. Söz deyən yox, senzura qoyan yox, bundan artıq nə azadlıq ola bilər? Elə pis öyrəniblər ki,  şərə, böhtana qeyri-obyektiv yazıya görə üç yaşı belə tamam olmamış bir qəzeti məhkəməyə versən, az qala bunu dünya səviyyəsinə çıxarıb, qlobal məsələyə çevirirlər.

Əvvəlcə mühafizəkar təbiətə malik olduğumu qeyd edib, daha sonra söz və mətbuat azadlığı hüququmdan istifadə edib, demək istəyirəm ki, senzura heçpis şey deyilmiş. Ən azından qeyri-peşəkarların jurnalistikaya böyük axınının qarşısını alardı. Milli mətbuatımızın 136-cı ildönümündə belə kəskin fikirlər söyləmək, bəlkə də, bir çoxlarının xoşuna gəlməz. Lakin Həsən bəy Zərdabi bu ənənələri miras qoyub, gedibmi ki, baş redaktorlar qəzeti lağ-lağı obyektinə çevirsinlər, bir gün titul səhifəsinə öz adlarını, o biri gün evdə hökmranlıq edən həyat yoldaşlarının adını yazsınlar?! Çayxana söhbətlərini lətifəyə çevirib, böyük düşündürücü fakt kimi qəzetin ilk səhifəsinə çıxarsınlar?! Buraxdıqları qəzetin pulunu qırmızı-qırmızı verməkdən imtina etsinlər?! Sanki nəşriyyat bunlara borcluymuş kimi... Qəzetin hər buraxılışında öz şəkillərini, müsahibələrini anonslarla təqdim etsinlər?! Öz fikirlərini xalqın fikri imiş kimi irəli sürsünlər. Bütün qəzeti xarici portallardan götürülmüş məlumatlarla doldursunlar, təsisçilərinin yanında gözə soxub, sinəyə vursunlar, böyük, kiçik bilməsinlər, hörmət, izzət, kişilik öyrənməsinlər. El arasındakı bir deyimdə deyildiyi kimi hər şeyi bir qara keçiyə satsınlar. Daha nələr-nələr... Yox bunların heç birini Zərdabi aşılamazdı, öyrətməzdi, mənimsətdirməzdi.

Ötən il jurnalist həmkarıma adını çəkmək istəmədiyim qəzetlərdən birinin baş redaktoru yaxınlaşıb, ondan müsahibə almağı, haqqında böyük yazı hazırlamağı xahiş etmişdi. Xanım ayaq üstü bir-iki sual verib ki, nədən yazırsınız, sənətiniz nədir? Cavab: “Mənim ali təhsilim yoxdur, orta təhsilim də tam deyil, altı sinif oxumuşam”.

Dünyaya inteqrasiya olduğumuz bir vaxtda ali təhsil hər şey demək deyil, amma çox şeydir.

Hələ özünü baş redaktor adlandıran adam üçün. Hippokrat andı içmiş bir savadsız həkim üç-beş nəfəri, bir qəzet isə milyonları şikəst edə bilər. Yaxud milyonlara mayak olub, düzgün yol göstərə, maariflənmələrinə səbəb ola bilər.

İndiki jurnalistikamıza nəzər salanda görürük ki, bura üç qrup daxildir: peşəkarlar, qeyri-peşəkarlar və həvəskarlar. Peşəkarlar kimlərdir? - Əlində jurnalist diplomu olandoğrudan qələmi, savadı, dünyagörüşü olanlar. Qeyri-peşəkarlar nə jurnalist olanlar, nə də qələmi olanlar- yox, bu sənətə gəlir mənbəyi kimi baxanlardır. Həvəskarlar isə başqa sənət sahibi - tarixçi, həkim, hüquqşünass. olanlar, lakin doğrudan da, yazmağa qələmləri və deməyə ağıllı sözləri olanlardır.

Qeyri-peşəkar jurnalistika ilə məşğul olanlar kimlərdir? Cavab vermək üçün çox da dərindən düşünməyə ehtiyac yoxdur. Adı Milli Mətbuat ŞurasınınQara siyahısı”nda olanlar. Yəni reket jurnalistlər... Hər olur-olsun, bugünkü reallıq odur ki, onlar da bizim həmkarlarımızdır. Tədbirlərdə, konfranslarda görüşüb, salamlaşırıq, hal-əhval tuturuq. Bir dəfə adıQara siyahı”da olan qəzetin baş redaktorundan soruşdum ki, niyə reketçiliklə fəxr edirsiniz, insanlarla normal sivil münasibət yaratmırsınız? Dedi ki, biz neqativ halları tapıb üzə çıxarmasaq, kim çıxaracaq?

Çox gözəl, elə jurnalistin əsas vəzifəsindən biri budur. Lakin neqativ halı aşkar etdiyin obyektdən ya subyektdən rüşvət, pul, bahalı hədiyyə aldıqdan sonra neqativ hal çevrilib bir anda pozitiv olurmu? Sizə neqativ hal aşkarladığınız üçünreketdemirlər, sizə şər atdığınız, böhtan yağdırdığınız, rüşvət istədiyiniz, şantaj elədiyiniz üçünreketdeyirlər.

Elə həmin baş redaktordan soruşdum ki, ixtisasca jurnalistsinizmi? Dedi ki, yox, fizika fakültəsi məzunuyam. Bəli, elə bu səbəbdən jurnalistikaya barmaqarası baxır, onun adına qara ləkə vurursunuz.

Birini qoyub, o birinə keçirəm. Həm böyük ürək ağrısı ilə. Bilirsiniz ki, bir çox qəzetlərin redaksiyası jurnalistikamızın ata ocağı sayılanAzərbaycannəşriyyatında yerləşir. Demək olar ki, burada işıq üzü görən bütün qəzetlərin nümayəndələrini üzdən tanıyıram.

Səhər-səhər işə gələndə onların lifti çağırarkən düyməsini az qala ayaqqabılarını çıxarıb, dabanları ilə sındırdıqlarının şahidi oluram. Liftin daxili düymələrinin üzərində siqaret söndürdüklərinin, saqqız yapışdırdıqlarının, havaçəkənə kağız parçaları soxuşdurduqlarının şahidi oluram. Zibil qabını qoyub, siqaret kötükləri ilə hər səhər tər-təmiz süpürülmüş həyəti axşama qədər zibillədiklərinin şahidi oluram. Cəmisi bir neçə mərtəbə yuxarı qalxmaq saniyələr çəkir. Bu zaman ərzində günəbaxan tumları çırtlamaq çox vacib nümunəvi işdirmi? Axı bu dəhlizləri, pilləkənləri, həyəti süpürənlər, yığışdıranlar da insandırlar, axı bu mühit, bu ətraf, bu ekologiya düşmənin yox, bizimdir. Amma danışanda hamısı yüksək insani dəyərlərdən ziyalılıqdan dəm vururlar.

Bu gün Milli Mətbuat Jurnalistika Günüdür. Məncə, belə bir gündə öz üzərimizə güzgü tutub, tənqid eləmək bəsdir. Keçək, doğrudan da, peşəkar, ziyalı jurnalistlərimizə... Onların qarşısında cığır açan rəhmətlik Həsən bəy Zərdabi olub, lakin sonradan əsil vətəndaş, vətənpərvər jurnalist ordumuz yetişib. Çingiz Mustafayev, Alı Mustafayev, Salatın Əsgərova digərləri yetər ki, hələ əsrlər sonra adları jurnalistika tariximizdə şərəflə anılsın. 2000-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən milli mətbuatımızın 125 illik yubileyinin qeyd edilməsi haqqında verdiyi Fərmandan sonra ilbəil əməkdar jurnalistlərimizin sıraları genişlənir. Elə təkcə ötən il, yəni, milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində cənab Prezidentimiz İlham Əliyev onlarla jurnalistiƏməkdar jurnalist”, “Tərəqqimedalı digər fəxri adlarla təltif etmişdir. Bu tendensiya nəinki milli mətbuatın ad günlərində, ayrı-ayrı qəzetlərin yubileylərində davam etdirilir peşəkar jurnalistlər layiq olduqları zirvələrə qaldırılırlar.

Qeyri-peşəkarlara yenə dahi Nizami Gəncəvinin sözlərini xatırladaq:

 

Kamil bir palançı olsa da insan,

Yaxşıdı yarımçıq papaqçılıqdan,

 

Peşəkarların isə bayramlarını təbrik edib, işlərində uğurlar arzulamaq istərdim

 

 

Yeganə QASIMOVA

 

Səs.- 2011.- 22iyul.- S. 11