Slavyan-türk
mədəniyyətinin qovuşduğu ölkə
Qloballaşan dünyada
informasiyanın dəyəri get-gedə artmaqdadır. Kütləvi informasiya vasitələri də
informasiya daşıyıcıları və
ötürücüləri olduqları üçün son
dövrlərdə istər dövlətlərin beynəlxalq
münasibətlərdəki yerinin və rolunun müəyyənləşməsində,
istərsə də onların bu və ya digər şəkildə
təsir güclərinin artırılmasında müstəsna
rola malikdir. XXI əsr hər nə qədər qlobal informasiya
əsridirsə, bir o qədər də informasiya
imperiyaları əsridir. Yeni əsrdə
dünyada istər iqtisadi, istər siyasi, istər mədəni,
istərsə də humanitar sahədə öz
maraqlarını qəbul etdirmək istəyən hər bir
güclü ölkə mütləq öz dövlət siyasətində
bu faktoru nəzərə almalı və buradan
çıxış edərək dünyaya
açılmağı bacarmalıdır.
Qərbi
Avropa və Avratlantik ölkələri XX əsrin sonundan
başlayaraq informasiya sahəsində və informasiyanın
verdiyi imkanlardan lazımi şəkildə istifadə etməyi,
həmçinin, bu imkanlardan öz dövlət və milli
maraqlarının təmin edilməsi üçün istifadə
etməyi bacardılar. Bu prosesdə dünya idarəçiliyində
hegemonluğa iddia edən bəzi dövlətlər bir qədər
geridə qaldılar. Ona görə də,
hazırda təkqütblü dünyamızda yeni qütblərin
formalaşması, həmçinin, dünya siyasətində
bir tarazlaşdırmanın baş verməsi üçün
ayrı-ayrı güclər zaman-zaman meydana çıxmaqda və
dünya siyasətinə yeni bir nizam və harmoniya gətirmək
iddiasındadırlar. Məhz bu müstəviyə
qədəm qoyan hər bir ciddi dövlət dərhal
anlayır ki, əgər informasiya sahəsində nailiyyətlər
əldə edə bilməzsə, informasiya silahından, mətbuat
silahından doğru istifadə etməyi bacarmazsa, əlbəttə
ki, bu məqsədə çatmaq olduqca çətin olacaq.
Ona görə də, şimal qonşumuz Rusiya
Federasiyası son dövrlərdə istər rusdilli mətbuat,
istərsə də bütövlükdə transmilli media
şirkətləri vasitəsilə yeni dünyada, yeni beynəlxalq
münasibətlər sistemində öz sözünü deməyə
və öz gücünü ortaya qoymağa meyilli olan ölkələrdən
biridir. Görünür, elə bu məqsədlə də
14-17 iyul tarixlərində Ukraynanın Kiyev şəhərində
Ümumdünya Rus Mətbuatının 13-cü Konqresi təşkil
olunmuşdu.
Bu Konqres artıq ənənə
halını alıb və 13 ildir ki, hər dəfə
dünyanın ayrı bir ölkəsində gerçəkləşdirilir.
Budəfəki Konqresə Azərbaycandan da mötəbər
bir nümayəndə heyəti dəvət olunmuşdu. Həmin
nümayəndə heyətinin tərkibində biz iyunun 14-də
Kiyev şəhərinə getdik. Tədbir çox yüksək
səviyyədə təşkil olunmuşdu. Nəzərə
alsaq ki, tədbirdə Ukrayna prezidentinin iştirakı da
gözlənilirdi, bu, tədbirin əhval-ruhiyyəsini daha da rəsmiləşdirir,
məsuliyyətli edirdi.
Türklərlə
slavyanların ortaq şəhəri
Hoteldə qeydiyyatdan keçib,
yerləşdikdən sonra şəhəri gəzməyə
qərara aldıq. Kiyev Dnepr çayının sahilində,
yaşıllıqlarla əhatə olunmuş, geniş
küçələri və prospektləri olan, çox da
uca olmayan binalara malik gözəl bir şəhərdir. Ancaq əlbəttə
ki, sadəcə bu quru rəsmi təsvirlə Kiyev haqqında
danışmağı yekunlaşdırmaq olmaz. Kiyev
haqqında danışarkən, ilk növbədə,
ağlımıza gələn bu şəhərin adı və
onun istər rus dövlətçiliyi, istərsə də
Ukrayna dövlətçiliyi tarixində olan roludur. Məsələyə
bu aspektdən yanaşanda qarşımıza çıxan ilkin
sual belə olur: Kiyev təkcə rus və Ukrayna dövlətçiliyinin
tarixində böyük rol oynamış bir şəhərdir,
yoxsa bunun başqa kökləri də varmı?
Beləliklə, yuxarıda
verdiyimiz suallara müxtəlif elmi və tarixi mənbələrə
əsaslanaraq cavab verməyə çalışaq. Əslində,
rus dövlətçiliyinin formalaşdığı ərazi
kimi təqdim olunan Kiyev şəhərinin alt qatlarında daha
qədim tarix var. Kiyev təkcə slavyan etnosunun, slavyan
dövlətçiliyinin formalaşması üçün
beşik olmayıb. Kiyev, eyni zamanda,
poloves-qıpçaq dövlətçiliyinin mənəvi, mədəni
mərkəzi olub. Çox təəssüf ki, Kiyevin alt
qatlarında bizə, türk qövmlərinə aid olan həqiqətlər
bir növ tarixin qalın-qalın səhifələri
altında itib-batıb. Amma əlbəttə ki, bunun
hamısı itib-batmayıb və bəzi məsələlər
var ki, onları bu gün Kiyevdə tarixçilər çox
ciddi şəkildə qəbul edirlər. Maraq doğuran məsələlərdən
biri də odur ki, hətta əhali arasında da Kiyevin əsl
tarixini bilmək, öyrənmək istəyən yeni nəsil
formalaşır. Onlar Kiyevi heç də təkcə
rus-slavyan mədəniyyətinin beşiyi deyil, eyni zamanda,
böyük Turan mədəniyyətinin beşiklərindən
biri kimi qəbul edirlər.
Qeyd etmək vacibdir ki, hər nə
qədər tarix çox şeyləri unutdurubsa, amma
bütün bu unutqanlığın içərisində
Kiyev şəhərinin adı bir inci kimi parıldayır. Bu
şəhərin kimə aid olduğunu təsdiqedircəsinə
mayak kimi işıq saçır. Buna görə də, tədbirə
dəvət olunmuş həmkarlarımızla söhbət edərkən
nə onlar, nə də yerli ukraynalıların heç biri
Kiyev sözünün etimologiyasını izah edə bilmədilər.
Dedilər ki, bu Kiy adlı bir rusun soyadı ilə bağlıdır.
Mən isə bu zaman həmkarlarıma rus
adlı tayfanın slavyan deyil, norveç əsilli avarçəkənlər
olduğunu, həmçinin, rus sözünün də
norveç dilində elə yelkən, yaxud da avar mənasını
verdiyini izah edəndə, sözün doğrusu onların
böyük bir qismi təəccübləndilər.
Mən onlara
izah etdim ki, rus sözü sizin parus sözündəki həmin
rus kökünün elə özüdür (hind-Avropa dillərində
türk dillərindən fərqli olaraq şəkilçi
sözün kökünün önünə alınır. Bu isə
kökün asanlıqla deformasiya olunmasına gətirib
çıxarır. Türk dillərində isə şəkilçi
kökün sonuna əlavə edilir. Kök toxunulmaz
qaldığı üçün biz arxaik dilimizi başa
düşməkdə çox da çətinlik çəkmirik.
Dil tarixi baxımından bu bizim
üstünlüyümüzdür) və norveçlilərin
dilində rus sözü avarçəkən deməkdir. Kiyev
şəhərini isə norveçlilər bir müddət
qıpçaqların əlindən alaraq işğal ediblər.
Kiyevskiy Rus da siyasi
terminologia kimi elə həmin vaxtlar formalaşıb. Bunun müasir ruslar və
onların slavyan əcdadları ilə heç bir əlaqəsi
yoxdur. O zaman indiki rusların əcdadları Novqoroddan yuxarıda
şimal meşəliklərində yaşayırdılar. Sonrakı dövrlərdə isə rus (avarçəkən)
norveçlilər Kiyev Rus-unda get-gedə azlığa
çevrilməyə başladılar. Kiyevə
axın edən slavyanlar isə norveçli rusların
(avarçəkənlərin) adını qəbul etdilər.
Beləliklə, tarixdə yeni xalq-rus xalqı
formalaşmağa başladı. Buk
xalqın adı Norveç dilindən
götürülmüş olmaqla milli-etnik tərkibi poloves
(qıpçaq), slavyan, kuman-tatar, bulqar, xəzər və bir
sıra kiçik Skandinaviya xalqlarından ibarət idi. Getdikcə slavyan etnosunun sayı artaraq onları Kiyev
Rus-unda dominanta çevirdi. Lakin bu çox
sürmədi. Onlar Kiyev Rus-undan qovularaq Moskva, Ryazan və
s. kimi şəhərlərə köç etdilər. Ancaq slavyan təsiri Kiyevdə həmişəlik
qaldı.
Bu qüvvətləndirici
fikrimdən sonra onların beynində tərəddüd əmələ
gəlməyə başladı və çox sevindim ki,
obyektiv tarixlə bağlı həmkarlarımın beyninə
bir sual işarəsi qoymağı bacardım. Çox güman ki, bunlar artıq Kiyev şəhərindən,
həmçinin, Ukraynadan danışarkən təkcə onun
rus-slavyan mədəniyyətinə beşiklik etməsi barədə
deyil, eyni zamanda, poloves-qıpçaq mədəniyyətinə
də beşiklik etdiyinə dair tarixi materialları tapıb
öyrənəcəklər. Ortaya
çıxan həqiqətlər isə slavyan etnosu ilə
türk etnosu arasında keyfiyyətcə yeni, daha mehriban
münasibətlərin formalaşmasına gətirib
çıxaracaq.
Kıyıdakı
ev-Kiyev
Bu məqamda həmkarlarımdan
birinin çox maraqlı “Yaxşı, Kiyev sözünü
biz Kiy adlı şəxsin adı ilə izah etdik, bəs sizin
versiyanız nədir” sualı ilə
qarşılaşdım. Həmin suala cavab olaraq dedim ki, Kiyev
kıyıdakı (sahildəki) ev (Dneprin sahilində) deməkdir.
Biz bilirik ki, türklər sahilə, ucqara kıyı deyirlər.
Onu da əlavə etdim ki, kıyı sözü Azərbaycan
dilində bir qədər arxaikləşibdir. Yəni, biz
gözün qapağının bitdiyi və kirpiyin gözə
qovuşduğu yerə gözün qıyısı deyirik. Bu
qıyı sözü yəni ucqar, son, son sahil deməkdir.
Anadolu türkləri isə elə bu gün də sahilə
“kıyı” deyirlər.
Dilimizdə hələ bu şəkildə
işlənsə də, amma biz kıyını hazırda
ucqar nöqtə, sahil kimi işlətmirik. Türkiyədə
isə bu gün də kıyı sözünü o mənada
işlədirlər. Böyük dəşti -
qıpçağın son sərhəddində tikilmiş ev,
yaxud qıpçaq dilində desək iv, yaxud qazaxca üy,
yaxud Azərbaycanın bəzi regionlarında öy
sözü hamısı məskən mənasını
bildirir və bu qıpçaqların dəşti-qıpçaq
çölünün hüdudlarında yerləşən
evidir, məskənidir. Sizin ad,
yaxud soyad kimi qəbul etdiyiniz Kiy sözü də Kıyı
sözünün özüdür. Sadəcə, slavyan dillərində
bu sözün mənası başa düşülmədiyinə
görə onu ad kimi yozmağa
çalışırsınız.
Yenə həmkarlarım təəccüblənən
zaman mən dedim ki, yaxşı əgər çox təəccüblənirsinizsə,
onda gəlin bu Kiyev sözünü ruscaya tərcümə
edək, görək nə alınacaq. Nədən sizin
ölkənizin adı Ukraynadır? Nədən XVI, XVII, XVIII əsrlərə
qədər Rusiya Ukrayna haqqında danışarkən
Malorusiya deyirdi, sonradan birdən-birə Ukrayna oldu. Bu necə
formalaşdı? Bu suala cavab olaraq izah etdim ki,
kıyı ev sözünü rus dilinə tərcümə
etdiniz Ukrayna alındı. Daha doğrusu, Kiyev
sözünü, kıyı-ev ev sözünü ruscaya tərcümə
edəndə Okraina, yəni, ucqar yer, yaxud ucqar
yaşayış məntəqəsi, ev mənasını
verir. Hətta mən dedim ki, slavyanların və
türklərin ortaq əcdadı olan qıpçaqlardan
(poloveslər) biri ana dilində, yəni, türkcə olan Kiyev
adını sadəcə rus dilinə tərcümə edib və
Okraina sözünü alıb.
Bundan başqa, istərdim ki,
Malorusiyanın, yəni, Ukraynanın Velikorusiya, yəni, Rusiya
tərəfindən işğalı ilə bağlı bəzi
fikirlərimi və tarixi faktları da diqqətinizə
çatdırım. Son orta əsrlərdə ruslar Ukraynaya
Malorusiya deyirdilər. Hələlik müdrik qıpçaq tərəfindən
Kiyev sözü Okraina kimi tərcümə edilib ölkənin
adı statusunu qazanmışdı. XVI əsrin ikinci
yarısında, daha doğrusu, 1654-cü idə Malorusiya
işğal edildi. Həmin dövrdə rus
çariçası II Yekaterina Ukraynanın Rusiyaya birləşdirilməsi
ilə bağlı xüsusi sərəncam imzaladı. Sərəncamda
deyilirdi: “Çevik üsullarla nail olmaq gərəkdir ki, onlar
ruslaşsınlar (?!), canavar meşəyə baxan kimi öz
keçmişlərinə baxmaqdan əl çəksinlər!”.
Sərəncamdan
görünür ki, ukraynalıların totemi qurddur.
Bütün türklərin totemi kimi, elə II Yekaterina da
onların türk kökünə işarə edərək
bu bənzətməni aparır. O istəmir ki, ukraynalılar
öz keçmişini xatırlasınlar. Belə olsa
asimilyasiya cəhdləri baş tutmayacaq. Ona görə də,
keçmişlərini unutdurmaq lazımdır. Ancaq
ukraynalılar heç də asanlıqla keçmişlərini
unutmadılar. Bu gün də unutmayanlar var. Ona görə də,
II Yekaterinanın sərəncamındakı bu fikri sonradan
Rusiyada zərb-məsələ çevrildi: “Skolko volka ne
kormi vse ravno budut v les smotret (Qurdu nə qədər bəsləsən
də yenə meşəyə baxacaq)”.
Bundan sonra isə 1876-cı ilin 30 may tarixində çar
II Aleksandr başqa bir fərman imzaladı. Həmin
tarixdə imzalanan qanunla Ukrayna dili (oxu qıpçaq dili)
ictimai yerdə işlənməməli, həmin dildə kitab
çap edilməməli idi. Bundan sonra
Ukraynada qıpçaq dili artıq yalnız məişətdə
işlədilə bildi. Sonra isə
yavaş-yavaş unuduldu. Halbuki, 1620-ci ildə
Vasili Buturlinin başçılığı ilə Ukraynaya
göndərilən rus səfirliyinin tərkibində iki tərcüməçi
var idi. Tatar Bilal Baysa və
xristian-qıpçaq Stepan Konçinsk. Cəmi 200 il sonra isə II Aleksandrın fərmanı sayəsində
artıq ruslarla ukraynalılar tərcüməçisiz
danışdılar. Qıpçaq dili isə
sadəcə, dini mərasimlərin icrası zamanı istifadə
edilirdi. 1917-ci ildə baş verən
Böyük Oktyabr inqilabından sonra isə dinin və
savadsızlığın ləğvi adı altında bu dil
kilsələrdən və məişətdən də tamamilə
yığışdırıldı. Nəticədə
“slavyan əsilli” yeni ukrayna xalqı yaradıldı!
Hələ II Yekaterina o zaman “Malorusiya”
adlandırdıqları qıpçaq ellərini işğal
altında saxlayan baş komandan Pyotr Rumyantsevə təlimatında
yazırdı: “Rus xalqı “maloruslara” gözə çarpmayan,
xəlvəti nifrət bəsləməyə vərdiş
edib”.
Bu hələ də davam etməkdədir. XIX əsrdə alman səyyahı
İohan Kol bu qarşılıqlı nifrəti belə ifadə
etmişdir: “Malorusiya xalqının Velikorusiyaya qarşı
ikrahı o dərəcədə böyükdür ki, bunu
milli nifrət kimi səciyyələndirmək tam ədalətli
olardı”.
Böyük səyyah milli-etnik fərqliliyi
tamamilə doğru təsbit edərək, onu dəqiq ifadə
etmişdi. Deyilən
fikir ruslar və ukraynalıların tamamilə fərqli
milli-etnik kökdən gəldiklərini sübut edən bir
sosial-psixoloji mənzərə idi (H.B). Ancaq
bu məsələ uzun illər boyu lap elə “Qolodomor”a qədər
uzansa da, (bəzi ukraynalılar hesab edirlər ki, II Dünya
müharibəsində Ukraynada aclıqdan və soyuqdan
çoxlu sayda ukraynalının vəfat etməsi təsadüfi
hadisə deyil, rusların düşünülmüş siyasəti
idi) bu gün Rusiya və Ukrayna iki qardaş ölkə kimi
çox mehriban münasibətlər qura biliblər. Əslində, bunlar tarixi keçmişlərdir.
Hazırda Ukrayna slavyan ailəsinin ən
aparıcı üzvlərindən biridir. Lakin
eyni zamanda, Ukraynanın bizimlə də çox sıx tarixi əlaqələri
və ortaq keçmişi vardır. Çünki
Ukrayna xalqının etnogenezinin formalaşmasında iştirak
edən türk tayfaları, hunlar, xəzərlər,
qıpçaqlar, tatarlar, bulqarlar və s. Azərbaycan
xalqının da etnogenezinin formalaşmasında kifayət qədər
ciddi pay sahibi olublar.
Buna görə də, Ukrayna və Rusiya
xalqlarını biz özümüzə doğma hesab edirik. Hətta Knyaz Trubetskoy
slavyanlar və türkləri eyni psixoloji tipə aid edirdi.
(Ardı gələn sayımızda)
Hikmət Babaoğlu
Səs.- 2011.- 22 iyul.- S. 6.