Dünya
xalçaçılıq sənətini misilsiz
tərzdə rövnəqləndirən sənətkar
Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni yüksəkliklərə qaldıran, xalça sənətinin incəliklərini qoruyub-saxlayaraq, onu daha da zənginləşdirən,
xalçada rəngarəng milli naxışlar, rəng çalarları,
müxtəlif kompozisiya və süjetlər
yaradan görkəmli sənətkar Kamil Əliyevin yaradıcılığı
milli koloriti ilə səciyyəvidir.
Azərbaycan xalçaçılığı və
dekorativ-tətbiqi sənətinin qədim ənənələrinin
qorunub saxlanılmasında və inkişaf etdirilməsində
əvəzsiz rola malik olan Kamil Əliyev
yaradıcılığı bütün xüsusiyyətlərinə
görə, orijinallığı və
monumentallığı ilə seçilir. Bu, Azərbaycan milli mədəniyyətinin parlaq səhifəsini
təşkil edir. Belə bir yaradıcılıq üslubuna
malik olan Kamil Əliyevin oktyabr ayında 90 illiyi tamam olur. Onun
milli sənətimizə bəxş etdiyi əvəzsiz xidmətləri
nəzərə alaraq ötən gün Azərbaycan Prezidenti
İlham Əliyev tanınmış
xalçaçı rəssam Kamil Əliyevin 90 illik yubileyinin
layiqincə keçirilməsini təmin etmək məqsədi
ilə Sərəncam imzalamışdır. Sərəncama əsasən,
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının təkliflərini
nəzərə almaqla, Kamil Əliyevin 90 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata
keçiriləcək.
Məlumdur ki, xalçaçılıq rəssamdan hərtəfərli
istedad və zəhmət tələb edir. Rəsmin
xalçada təcəssüm tapması həm də
xalçanın texniki hazırlığından
asılıdır. Bəzən kiçik bir səhv
xalçadakı rəsmin dəyişməsinə gətirib
çıxarır. K.Əliyevin, xüsusilə, son illərdə
yaratdığı xalçalardakı texniki mükəmməllik,
yüksək səviyyəli rəsm duyumu, ürəkaçan
kolorit, bütünlükdə xalçanın estetikası
insanı heyran edir. Rəssam həmişə təsviri sənətin
ifadə vasitələri ilə yaratdığı əsərlərin
mövzusuna öz münasibətini bildirir, öhdəsinə
düşən vəzifəni yüksək professionallıqla
həll edir. Xalça sənətimizi və klassik Azərbaycan
ədəbiyyatı xəzinəsini xalqımızın
“Kitabi-Dədə Qorqud” kimi ilk görkəmli abidəsi
şöhrətləndirirsə, dünya
xalçaçılıq sənətini Azərbaycan
xalçaları misilsiz dərəcədə rövnəqləndirir.
K.Əliyev də sələflərinin yolu ilə getmişdir.
O, portret xalçalarının bir silsiləsini Azərbaycan ədəbiyyatının
korifeyləri olan Nizamiyə, Füzuliyə, Nəsimiyə həsr
etməklə, xalqımızın poetik irsinə olan məhəbbətini
büruzə vermişdir.
K.Əliyev ornamentdən istifadə edərək,
şair və mütəfəkkirlərin
yaradıcılığındakı hisslər və emosiyalar
aləmini rəng çalarları vasitəsilə
canlandıraraq, tamaşaçının mənəvi
dünyasına təsir göstərir. Kamil Əliyev ilk
portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan
şairi Məhəmməd Füzulinin anadan olmasının
400 illiyinə həsr etmişdir. Bu xalçanın təravətli,
şux rəngli naxışları Füzuli lirikasının
dərinliyini tamaşaçıya çatdırır. Bu
xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan
Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına
daxil edilmişdir. Xalının uğuru rəssamı o qədər
ruhlandırır ki, o, bir müddət keçəndən
sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr
edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin
hər birinin yaradıcılığına və
dünyagörüşünə xas olan cəhətləri
xalça sənətinin ifadə vasitələri ilə
açmağa səy göstərmiş və məqsədinə
nail olmuşdur.
Kamil Əliyevin portret-xalçalarının ikinci
silsiləsi müxtəlif ölkələrin
tanınmış siyasət və dövlət xadimlərinə
həsr olunmuşdur. Rəssam Hindistanda yaradıcılıq
ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin
mədəniyyətilə yaxından tanış olur,
İndira Qandinin portert-xalçasını yaratmaq üzərində
düşünür. Vətənə qayıtdıqdan sonra
uzun müddət xalçanın çeşnisi üzərində
işləyir. Uzun axtarışlar və hind incəsənətinin
incilərilə tanışlıq müəllifə bu
işdə kömək etmişdir. Kamil Əliyev Azərbaycan
və Hindistan sənəti üçün ənənəvi
olan “buta” ornament motivindən, hindli və azərbaycanlı
xalça ustalarının çox sevdiyi tünd-göy rəng
çalarlarından özünəmxəsus surətdə
ustalıqla istifadə etmişdir.
Kamil Əliyevin türk xalqının böyük
oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam
başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin
ən böyük sənət
uğurlarından sayılır. Turqut Özal, Süleyman
Dəmirəl, eləcə də, neçə-neçə başqa dövlət, elm
və mədəniyyət xadimləri bu
xalçanı çox yüksək qiymətləndirib,
Kamil Əliyev sənətinə böyük hörmətlərini,
ehtiramlarını bildirmişlər.
Fransada yaşayan İran rəssamı
Məlik Cahan Xəzayi bir
qəzetdə yazıb: “Ustad Kamil Əliyev haqqında çox
eşitmişəm. Onun “Atatürk
xalısı”nın şəklini Türkiyə qəzetlərində
görmüşəm. Kamil bəy o tay- bu
tay Azərbaycanın ən görkəmli
portret-xalı sənətkarıdır”.
Qeyd etməliyik ki, portret təsvirli
xalılar, adətən, “Türkbaf” ilməsi
ilə toxunur. Bu da rəsmin dəqiq, real təsvirini
təmin edir. Bu
xalılar çox sıx toxunması ilə
də səciyyəvidir. Texniki cəhətdən
portret xalçalığı yüksək
professionallıq tələb edir. Bütün bunlar, xalçalardakı portretlərin orijinala oxşamasına da
böyük təsir göstərir. Ömrünü-gününü xalqına həsr
etmiş, öz xalqının
taleyində əbədi iz qoymuş
böyük dövlət xadimi,
qüdrətli şəxsiyyət, Ümummilli
Lider Heydər Əliyevin Kamil
Əliyev tərəfindən 1999-cu ildə
yaradılmış yüksək bədii xüsusiyyətlər
kəsb edən portreti də belə əsərlərdəndir.
Kamil Əliyev Heydər Əliyevin ölkənin
Ali Baş Komandanı
kimi general libasında
portret xalçasını
yaratmışdır. Bu portret
ictimaiyyət arasında böyük rəğbətlə
qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə
idi. Kamil Əliyev incəsənətimizi
yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən
görkəmli şəxslərdən biridir.
Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və
qalereyalarında nümayiş etdirilərək,
tamaşaçıların hüsn-rəğbətini qazanmışdır.
Kamil Əliyevin böyük və zəngin yaradıcı əməyi
xalqımız tərəfindən layiqincə qiymətləndirilmişdir.
O, Azərbaycanın xalq rəssamı
adına, ölkənin ən yüksək mükafatı olan “İstiqlal” ordeninə
layiq görülmüşdür. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi
dərəcəsi verilib. Ötən gün isə Prezidentin
imzaladığı Sərəncam görkəmli sənətkarın
yaradıcılığına dövlət səviyyəsində
olan qayğıdır.
NƏZAKƏT
Səs.- 2011.- 23 iyul.- S. 4.