“Əkinçi”ni müasiri - Müstəqil Azərbaycan mətbuatı

 

22 İyul Milli Mətbuat Günüdür. Artıq dünən anadilli mətbuatımızın 136 yaşı tamam oldu. 1875-ci il iyulun 22-də böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin inadlı mübarizəsinin nəticəsi olaraq ilk milli qəzetimiz olan “Əkinçi”nin birinci sayı işıq üzü görmüşdü. Millət fədaisinin həyat yoldaşı və silahdaşı Hənifə xanım Məlikova sonralar qələmə aldığı xatiratında həmin günü belə təsvir etmişdi: “Həsən bəy texniki səbəblərə görə qəzetin pis çıxacağından qorxurdu. Lakin bu kiçik qəzet təmiz çıxanda Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O, əlində qəzet çox həyəcanlı halda evə gəlmişdi. Onun həyatının ən xoşbəxt bir günü idi. Qəzet bütün Rusiya müsəlmanlarını hərəkətə gətirdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminə yayıldı. Yatmış müsəlman aləmini hərəkətə gətirmək üçün heç nə - məktəb və teatr da bu cür təsir edə bilməzdi”.

Doğrudan da, Həsən bəy xalqı ayıldıb öz haqlarını ona anlatmaqda qəzeti məktəb və teatrdan daha təsirli bir vasitə hesab edirdi. O, bu işə Bakı Gimnaziyasında fəal müəllimlikdən və milli teatrımızın ilk tamaşalarını ərsəyə gətirəndən sonra daha ciddi girişmişdi. Həsən bəy 30 il sonra “Həyat” qəzetində “Əkinçi”ni meydana gətirən həmin zərurəti belə xatırlamışdı: “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır... Belədə qəzet çıxarmaqdan savayı, bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın”.

Həyatını xalq işinə həsr etmiş Həsən bəy Zərdabinin gözlərindən sevinc yaşı axıdan o sevincli gündən sonra, 2 ildən artıq müddətdə 56 sayı işıq üzü görmüş “Əkinçi” 1877-ci ilin 29 sentyabrında qürub etsə də, onun bu qısa mövcudluğu ana dilində qəzet çıxartmağın mümkünlüyü və gərəkliyi ictimai düşüncə və milli oyanış tariximizə qızıl hərflərlə yazıldı. “Əkinçi”dən sonra işıq üzü görən qəzet-jurnallarımızın hamısı milli mətbuat tariximizin həmin gündən başlandığını birmənalı olaraq qəbul etdilər, “Əkinçi” yoluna və məramına sadiq qalmağa çalışdılar. “Kəşkül”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq sözkimi onlarla qəzet-jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun naşir-redaktorluğu ilə nəşr olunan rusdilliKaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi. Səid və Cəlal Ünsizadə qardaşları, Məhəmmədağa Şaxtaxtinski, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Haşım bəy Vəzirov, ÜzeyirCeyhun Hacıbəyov qardaşları kimi məfkurə və əməl sahibləri öz adlarını milli mətbuat tarixinə Həsən bəy Zərdabidən sonra onun ən yaxşı davamçıları kimi yazdılar. 1918-ci ilin sentyabrından işıq üzü görən ilk rəsmi qəzet “Azərbaycan” milli demokratik mətbuatımızın ən yaxşı ənənələrinə sahib çıxaraq, onun istedadlı nümayəndələrini bir yerə toplayaraq milli dövlət quruculuğuna yüksək səviyyədə xidmət göstərdi. Bu qəzet AXC dövrü tariximizin zəngin salnaməsinə çevrildi, mətbuatla cəmiyyətin sıx təmasını yaratdı, xalq və dövlət maraqlarını ilk dəfə paralel olaraq əks etdirmək təcrübəsi formalaşdırdı. 1920-ci ilin 28 aprel işğalından sonrakı günlərdə hakimiyyəti qəsb etmiş bolşevik rəhbərlər milli demokratik mətbuatımızın fəaliyyətinə xitam verdilər. Anadilli yazarlarımız yeni sovet-kommunist mətbuatında çalışmaq məcburiyyətində qalsalar da jurnalistikamız süqut etmədi. O vaxt “Azərbaycan” qəzetinin lövhəsinin yerinə bolşevikKommunist” qəzetinin ad göstəricisi vurulmuş, yalnız redaktor dəyişdirilmiş, yerdə qalan heyət isə fəaliyyətini yeni rəsmi nəşrdə davam etdirmişdi.

Müstəqillik məfkurəsini qəbul edən, sovet dövründə milli maraqlara sadiqliyi ilə nüfuz qazanan “köhnə” nəşrlərin bir çoxu yeni şəraitdə fəaliyyətlərini davam etdirdilər. Mətbuat azadlığı prinsiplərinin rəsmən elan və qəbul edilməsi, yüksək səviyyəli normativ-hüquqi baza yaradılması dövlət müstəqilliyinin ilk illərində saysız-hesabsız nəşrlərin meydana gəlməsinə səbəb oldu. Uzun illərin söz azadlığı təşnəliyindən, dövrün ziddiyyətli hadisələrindən qaynaqlanan bu proses sonrakı illərdə səngiməyə və sabitləşməyə başladı. Ulu Öndər Heydər Əliyev jurnalist əməyini qeyri-adi əmək kimi qiymətləndirmişdir:Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın bazar şəraitində, yeni əsaslarla inkişafı üçün həyata keçirdiyi tarixi tədbirlər mətbuatın problemlərinin həllini sürətləndirdi. Ümummilli Liderin imzası ilə həyata vəsiqə alan ana dilinin dövlət statusu alması, latın qrafikalı əlifbaya keçilməsi, senzuranın ləğvi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi barədə tarixi sənədlər yeni, demokratik jurnalistikamızı müasir inkişaf yoluna çıxardı. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə milli mətbuatımızın 130 illik yubileyinin ümumxalq bayramı kimi təntənə ilə qeyd olunması, jurnalistlərin böyük bir dəstəsinin fəxri adlarla və dövlət mükafatları ilə təltif olunması, qəzet-jurnalların borclarının ləğvi, həbsdə olan jurnalistlərin əfv edilməsi ilə bağlı ardıcıl, humanist tədbirlər son 7 ildə jurnalistikamızın demokratik yolla inkişafına təkan vermişdir. Dövlət başçısının himayə və qayğısı ilə həyata keçirilən kütləvi informasiya vasitələrinə kömək konsepsiyası ümummilli maraqları üstün tutan, mətbuat azadlığı prinsiplərinə sadiqlik göstərən qəzet-jurnalların maddi-texniki çətinliklərinin həllini hədəfə alıb. Böyük Həsən bəy Zərdabinin müstəsna sevgi və qeyrətlə ərsəyə gətirdiyi “Əkinçi”nin səpdiyi toxumlar zaman-zaman göyərib, milli mətbuat tariximizin şərəfli səhifələri yazılıb. Tarixi məhrumiyyətlər və ağrı-acılar milli jurnalistikamızı bütün dövrlərdə daxilən saflaşdırıb, möhkəmləndirib. 136 illik mətbuat tariximiz xalqımızın sevincli-kədərli onilliklərinin qəzet-jurnal səhifələrinə həkk olunmuş sözüizidir. “Əkinçi” “doğru sözü iman mənzillərinə çatdırmaq” zərurətindən yaranmışdı və həqiqət damlaları ilə cəhalət daşını dəlib keçdi. Bu ulu qaynaq sonrakı 136 illik jurnalistika tariximizin möhkəm özülüxalqa qələmlə xidmət nümunəsi oldu. Professional Azərbaycan jurnalistikası yaşadığımız günlərin parlaq aynasıdır. Vaxtilə Həsən bəy də bunu istəyirdi: “Hər vilayətin qəzeti gərək o vilayətin aynası olsun”.

 

 

R.KAMALQIZI

 

Səs.- 2011.- 23 iyul.- S.5.