Turizm
sürətlə inkişaf edən biznes sahələrindən
birinə çevrilib
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən, “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm
ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planı”nın təsdiqi ölkəyə turist
axınının güclənməsinə təsirini göstərəcək.
Müasir dövrdə ölkəmizdə qarşıda duran
mühüm vəzifələrdən bir bu sahənin
inkişafına təkan verməkdir. Turizm sahəsi
perspektivliyinə görə qeyri-neft sahələri
arasında aparıcı mövqelərdən birini
tutduğundan müasir dövrümüzdə turizm sürətlə
inkişaf edən biznes sahələrindən birinə
çevrilib. Zəngin mədəni-tarixi irsə və əlverişli
təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində
böyük inkişaf perspektivlərinə malikdir. Azərbaycanda
turizmin inkişafı üçün münbit şərait
yaradılmış, beynəlxalq turizm bazarına
inteqrasiyanın təmin olunmasının əsası
qoyulmuş, milli turizm kompleksinin rəqabətə
davamlılığı yüksəlmişdir.
Tədbirlər
Planına əsasən, Azərbaycanın milli-tarixi, mədəni
və mənəvi irsinin, milli adət-ənənələrin
dünyada təbliği, ayrı-ayrı regionların və
şəhərlərin tarixini əks etdirən
materialların nəşr etdirilməsi və yayılması,
milli sənətkarlıq və suvenir məhsulların
istehsalı və satışının təşkili bu sahəyə
beynəlxalq səviyyədə olan diqqətin artmasına gətirib
çıxaracaq. Dövlət başçısının Sərəncamına
əsasən, “Turizm ili” bağlı Tədbirlər
Planının icrası bu sahənin inkişafını daha
da sürətləndirəcək.
Məlum olduğu kimi, “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” ölkədə
turizmin rastlaşdığı problemlərin həll edilməsi
və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin
edilməsi üçün hazırlanıb. Azərbaycanda
yüksək iqtisadi, sosial və ekoloji tələblərə
cavab verən müasir turizm sahəsinin
formalaşdırılması və onun ölkə
iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə
çevrilməsinin təmin edilməsi əsas məqsəd
olaraq qarşıya qoyulub.
Son zamanlar
turizmin inkişafına dövlət tərəfindən
göstərilən diqqətin nəticəsi olaraq bir-birinin
ardınca imzalanan sərəncamlar ölkədə turizmin əhəmiyyətini
artırmaq, turizm potensialını təbliğ etmək məqsədi
daşıyır. Görülən kompleks işlərin nəticəsi
olaraq ölkəyə gələn turistlərin sayı ilbəil
artır, ölkədə fəaliyyət göstərən
turizm şirkətləri şəbəkəsi genişlənir.
Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun
ölkə iqtisadiyyatının aparıcı sahələrindən
birinə çevrilməsi bu gün Azərbaycanda ən
mühüm vəzifə olaraq qarşıda durur. Son illər
Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş
bu vəzifənin həllinə şərait yaradır.
Turizm sahəsində
çalışanların peşə
hazırlığının artırılması məqsədi
ilə Azərbaycan Turizm İnstitutunun nəzdində müxtəlif
peşələr üzrə daimi fəaliyyət göstərən
kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm
Təşkilatının və Türkiyənin Mədəniyyət
və
Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim
proqramları həyata keçirilməkdədir. Prezidentin 20
iyun 2011-ci il tarixli Sərəncamında göstərilir ki, Azərbaycan
Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi
yaradılsın. Turizm sənayesi üçün kadr
hazırlığı əsas məsələlərdəndir.
“Turizm ili” ilə bağlı Tədbirlər
Planında bu istiqamət də əksini tapıb. Son vaxtlar
turizm sənayesində kadr hazırlığı ilə
bağlı ciddi irəliləyişlər var. Tədbirlər
Planında Azərbaycan turizm təhsilinin təkmilləşdirilməsinə
dair verilən tapşırıqlar bu sahədə daha
geniş işlər görməyə imkan verəcək.
Tədbirlər
Planına əsasən, Azərbaycanın tarix-mədəniyyət
obyektlərinin, qoruqların, tarixi əhəmiyyət kəsb
edən arxeoloji ərazilərin xəritələrinin
hazırlanması və ərazilərin genişləndirilməsinə
ehtiyac olduğu təqdirdə, Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi əsasında mövcud torpaq
qanunvericiliyinin tələblərinə uyğun olaraq torpaqlar
ayrılacaq.
Geniş
sferada təsdiqini tapan Sərəncama əsasən, qonşu
ölkələrin nümayəndələrinin
iştirakı ilə “Sərhədyanı turizmin inkişaf perspektivləri”
mövzusunda beynəlxalq konfransın keçirilməsi gələcəkdə
turizm sektoru ilə bağlı mövcud problemlərin aradan
qaldırılmasına, eləcə də, onun
inkişafına töhfələrini verəcək.
Tədbirlər planına əsasən,
Azərbaycanla Gürcüstan arasında mövcud turist
axınını nəzərə alaraq,
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə
ixtisaslaşdırılmış turist qatarlarının təşkil
olunması diqqətdədir. “Turizm ili” çərçivəsində
turizm nümayişi obyektlərinə tələbələrin
və şagirdlərin ekskursiyalarının təşkilinə
dair xüsusi proqramın işlənib hazırlanması da nəzərdə
tutulub. Belə ki, gənclərin və yeniyetmələrin
asudə vaxtının təşkilində Azərbaycana məxsus
olan maddi və mənəvi dəyərləri nümayiş
etdirmək, gələn qonaqlara məhz bu zənginliyin
tarixinin təqdimi mövcud potensialın təbliğində əsas
amillərdir. Bu baxımdan Tədbirlər
Planına “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası
və qorunması haqqında”, eləcə də, “Şabran
şəhəri” tarix və mədəniyyət abidəsinin
qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin məlum
sərəncamlarının icrasının başa
çatdırılması daxil edilib.
Beynəlxalq
turizm bazarında Azərbaycan Respublikası üçün
prioritet hesab olunan ölkələrdə milli turizmin təbliği
üzrə tədbirlərin görülməsi, həmçinin,
həmin ölkələrdən Azərbaycana infoturların təşkil
edilməsi də Tədbirlər Planına daxil edilib. Belə ki, beynəlxalq səviyyədə Avropa Birliyi ölkələri,
ABŞ, Yaponiya, Kanada, Rusiya və Fars
körfəzi ölkələri ilə birlikdə əməkdaşlığın
həyata keçirilməsi turizm sektorunun müasir standartlar
çərçivəsində inkişafına əhəmiyyətli
dərəcədə təsirini göstərəcək.
Dünyanın nüfuzlu Euronews, Travel Channel, CNN, BBC və
National Geographic televiziya
kanalları ilə əməkdaşlıq,
dünya təcrübəsindən yararlanmaq Azərbaycanda
turizm biznesini sürətləndirəcək. Kütləvi
informasiya vasitələri tərəfindən “2011-ci il turizm
ilidir” devizi altında proqramların və xüsusi verilişlərin
mütəmadi olaraq diqqətdə saxlanılması da zəruri
hesab olunur. Eyni zamanda, “Turizm ili” ilə
bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri
və diasporları tərəfindən Azərbaycanın
turizm potensialının xarici ölkələrdə
tanıtımı məqsədi ilə təbliğat-təşviqat
işinin gücləndirilməsi labüddür.
Xalqımızın zəngin və
dəyərli göstəricisi olaraq mədəniyyətimizin
dünya miqyasına çıxarılmasında turizmin
imkanlarından istifadə olunmalıdır. Turizm Azərbaycana
çoxsaylı xarici qonaqlar, əlavə gəlirlər,
imkanlar gətirir və mədəniyyətimiz də bundan
faydalanır. Azərbaycanda, mütəmadi olaraq, beynəlxalq
səviyyədə müsabiqə və festivalların
keçirilməsi mövcud potensialın xarici qonaqların
tanışlığına dəlalət edir. Belə ki, Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
Qəbələdə Beynəlxalq Musiqi Festivalının
keçirilməsi dünyanın m2xtəlif ölkələrindən
olan insanların buraya gəlməsinə səbəb
olmuşdur. Dünyanın bir çox ölkələrindən
bu tədbirə insanlar gəlir. Turizm şirkətləri də
bu qonaqların gəlməsində, yerləşdirilməsində
böyük fəallıq göstərirlər. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin dediyi kimi, bu,
artıq mədəniyyətlə turizmin uzlaşması, birgə
fəaliyyətidir.
Bu gün Azərbaycanda
turistlərin yerləşdirmə biznesi dinamik surətdə
inkişaf edir. Ölkədə 2011-ci ilin “Turizm ili” elan
olunması və eləcə də,
“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan
edilməsi ilə bağlı Tədbirlər Planı”nın
təsdiqi bu sahənin daha da sürətli inkişafına təsir
göstərəcək.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 26 iyul.- S. 6.