Azərbaycan
Ermənistanla müqayisə edilə bilməz
Minsk Qrupunun həmsədr
ölkələrinin dövlət
başçılarının son birgə bəyanatı
çox ümidvericidir və bizdə məmnunluq hissləri
doğurur. Çünki o bəyanatda Helsinki Yekun
Aktının müddəalarına istinad edilmişdir. Helsinki
Yekun Aktı münaqişənin həlli üçün əsas
kimi göstərilmişdir. Orada ölkələrin ərazi
bütövlüyü prinsipləri xalqların öz müqəddəratını
müəyyənetmə prinsipləri ilə ziddiyyət təşkil
etmir və münaqişələrin ölkələrin ərazi
bütövlüyü çərçivəsində həll
olunması məsələləri də
açıq-aydın göstərilir, bunu iyulun 12-də Azərbaycan
Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında bildirib.
“İkinci vacib məqam ondan ibarətdir
ki, o bəyanatda və ondan sonrakı bəyanatlarda
deyilmişdir ki, yaranmış status-kvo dəyişdirilməlidir,
status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, status-kvonun dəyişdirilməsi
mütləq Azərbaycan torpaqlarının işğal
altından çıxmasını təmin edəcəkdir.
Çünki Ermənistan tərəfi son 20 il ərzində
çalışıb və çalışır ki,
status-kvo dəyişməz olaraq qalsın və beləliklə,
vəziyyətdə heç bir dəyişiklik edilməsin”-
deyə dövlət başçısı deyib.
Azərbaycan Prezidenti qeyd edib ki,
üçüncü vacib məqam, bütövlükdə
Minsk Qrupunun həmsədr ölkələrinin bu məsələ
ilə bağlı fəallığıdır: “Bu fəallığı
biz görürük, ictimaiyyət də bunu bilir. Kazan
görüşü ərəfəsində mənim Amerika
prezidenti cənab Obama ilə telefon söhbətim olmuşdur.
Kazan görüşü ərəfəsində Fransa
prezidenti cənab Sarkozi mənə Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məktub göndərmişdir.
Kazan görüşü, bildiyiniz kimi, Rusiya prezidenti cənab
Medvedevin təşəbbüsü ilə
keçirilmişdir. Görüşdən sonra ABŞ
dövlət katibi xanım Klinton mənə məktubla
müraciət etmişdir və ondan sonra mənim xanım
Klintonla telefon söhbətim olmuşdur. Kazan
görüşündən sonra xarici işlər nazirimiz
Fransa xarici işlər naziri ilə görüş
keçirmişdir və nəhayət, prezident Medvedev öz
xarici işlər nazirini Bakıya göndərmiş və
prezident Medvedevin məktubunu mənə təqdim etmişdir”.
Bu faktların sadalanması onu göstərir ki, fəallıq
doğrudan da, yüksək həddə çatıb və
ümid var ki, bu fəallıq real nəticələrə gətirib
çıxaracaq. Həmsədr ölkələr indi çox
çalışırlar ki, baza prinsipləri tezliklə
razılaşdırılsın və beləliklə, sülh
müqaviləsinin hazırlanması üçün şərait
yaradılsın.
Azərbaycan da bunu istəyir.
Çünki bu, bizim torpaqlarımızdır və erməni
işğalçıları torpaqlarımızı 20 ilə
yaxındır ki, işğal edibdir. Məsələnin həllində
ən maraqlı tərəf Azərbaycandır, buna görə
də təbii olaraq, Azərbaycan bütün dövrlərdə
maksimum dərəcədə konstruktivlik nümayiş
etdirmişdir. 2004-cü ildən
Praqa prosesi adlandırılan bir danışıqlar formatı
yaranıb və bu proses çətinliklə olsa da, irəliyə
gedir və çətin olan məsələlər
haqqında fikir mübadiləsi, danışıqlar
aparılaraq bəzi vacib məsələlər
razılaşdırılıb.
Praqa prosesinin davamı olaraq, tərəflərə
Madrid prinsipləri təqdim edilib. Bu prinsiplər çox
ümumi xarakter daşıyırdı. Azərbaycan çox
kiçik istisnalarla o prinsipləri bütövlükdə qəbul
edib.
Bu prinsiplər əsasında
2009-cu ilin sonuna qədər Minsk Qrupunun həmsədrləri,
Amerika, Fransa və Rusiya hər iki tərəfə yenilənmiş
Madrid prinsiplərini təqdim edib. 2010-cu ilin yanvar ayında
Rusiya prezidenti cənab Medvedev Ermənistan və Azərbaycan
prezidentlərini Soçiyə dəvət edib və orada
üçtərəfli görüş keçirdi. Həmin
görüşdə Azərbaycan birmənalı şəkildə
bildirdi ki, yenilənmiş Madrid prinsiplərini qəbul edir.
Bu, Amerika, Fransa və
Rusiyanın birgə təqdim etdikləri və uzun illər
üzərində çalışdıqları prinsiplər
idi. Ermənistan tərəfi bu prinsipləri qəbul etmədi
və ondan sonra, demək olar ki, danışıqlarda müəyyən
durğunluq yaranmışdı. Çünki növbəti
görüş 6 aydan sonra, 2010-cu ilin iyun ayında
Sankt-Peterburqda keçirildi.
Yenilənmiş Madrid prinsipləri
nədən ibarətdir? Dövlət başçısı
buna aydınlıq gətirib: “Mən hesab edirəm ki, bu barədə
heç bir şübhə və anlaşılmazlıq
olmamalıdır. Vaxt gəlib çatıb, bu barədə
biz açıq danışmalıyıq. İlk növbədə,
orada işğal edilmiş torpaqlardan Ermənistan
işğalçı qüvvələrinin
çıxarılması nəzərdə tutulurdu. Beş
rayondan dərhal, iki rayondan beş ildən sonra Ermənistan
qoşunlarının çıxarılması və Azərbaycan
vətəndaşlarının öz doğma torpaqlarına
qayıtması nəzərdə tutulurdu. Dağlıq
Qarabağa müvəqqəti statusun verilməsi də o təkliflərdə
var idi. Dağlıq Qarabağla Ermənistan arasında olan dəhlizin
fəaliyyət göstərməsi də o prinsiplərdə
var idi.
Bölgəyə həm Ermənistan,
həm Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin
edilməsi üçün sülhməramlı qüvvələrin
gətirilməsi zəruri idi. İşğaldan əziyyət
çəkmiş bütün insanların əvvəlki məskunlaşma
yerlərinə qayıtması da təmin edilməli idi”.
Prezident İlham Əliyevin sözlərinə görə, Ermənistan
ilə Dağlıq Qarabağı birləşdirəcək
dəhlizin parametrləri də o prinsiplərin tərkib hissəsi
idi: “Mən hesab edirəm ki, bu variant qəbul edilə bilər.
Əlbəttə ki, bu, baza prinsipləridir. Bunun əsasında
danışıqlar aparılmalıdır və
danışıqların sonunda sülh müqaviləsi
hazırlanmalıdır. Əlbəttə ki, sülh
müqaviləsi hazır olanda, son qərarı Azərbaycan
xalqı verəcəkdir.
Danışıqların davam
etdirilməsi üçün həmsədr ölkələr
tərəfindən irəli sürülmüş yenilənmiş
Madrid prinsipləri qəbul oluna bilərdi. Ancaq əfsuslar
olsun ki, Ermənistan tərəfi bu prinsipləri qəbul etmədi,
onlardan imtina etdi və ondan sonra danışıqlar prosesində,
yenə də deyirəm, 2010-cu ilin ortalarına qədər
durğunluq yaranmışdı. Ondan sonra isə yeni təkliflər
verilməyə başlanmışdır. Bəzi hallarda bu təkliflər
danışıqların mahiyyətinə və son 7 il ərzində
apardığımız danışıqların əsas
prinsiplərinə dəyişiklik etmişdir. Ona görə
biz indi yeni vəziyyətlə üzləşirik. Bir daha demək
istəyirəm ki, Azərbaycan danışıqların
konstruktiv şəkildə aparılmasında
maraqlıdır. Azərbaycan 2009-cu ildə və 2010-cu ilin əvvəlində
öz niyyətini göstərmişdir. Bir daha göstərmişdir
ki, sülh danışıqlarına sadiqdir və bu
danışıqlar mütləq sülh müqaviləsinə
gətirib çıxarmalıdır”. Azərbaycan Prezidenti
bildirib ki, biz danışıqları sadəcə olaraq,
danışıqlar xatirinə, yaxud da ki, imitasiya və
görüntü yaratmaq naminə aparmırıq: “Burada Azərbaycan
ilə Ermənistan arasında fərq kifayət qədər
böyükdür. Ermənistan daim çalışır ki,
status-kvo dəyişməz olaraq qalsın və guya ki, onlar
danışıqlarda iştirak edirlər və konstruktivlik
nümayiş etdirirlər. Halbuki bütün dövrlərdə
çalışıblar ki, danışıqlar prosesini
pozsunlar.
Azərbaycan isə birmənalı
şəkildə öz konstruktivliyini göstərmişdir.
Bu gün də göstərməyə hazırdır, bax, o
dediyim prinsiplər əsasında. Bütün Azərbaycan vətəndaşları
hazırda işğal edilmiş ərazilərə
qayıtmalıdırlar. Ondan sonra sülh yarana bilər. Ondan
sonra əməkdaşlıq ola bilər. O ki qaldı
Dağlıq Qarabağın hüquqi statusunun müəyyən
edilməsinə, 2009-cu ilin prinsiplərində göstərilmişdir
ki, bu, gələcəyin məsələsidir və tərəflər
razı olduğu təqdirdə, bu məsələ öz həllini
tapa bilər.
Yəni ki, Azərbaycanın
razılığı olmadan Dağlıq Qarabağın
heç bir hüquqi statusu ola bilməz. Məhz ona görə
mən dəfələrlə demişəm, bu gün də
demək istəyirəm ki, Dağlıq Qarabağın Azərbaycandan
ayrılması, Dağlıq Qarabağa müstəqilliyin
verilməsi, yaxud da Ermənistana birləşməsi heç
vaxt danışıqlar mövzusu olmayıb və
olmayacaqdır. Nə Azərbaycan rəhbərliyi, nə Azərbaycan
xalqı heç vaxt bunu qəbul etməyəcəkdir”.
Ölkə
başçısı qeyd edib ki, bütün bu məsələlərin
sadalanması bir daha bütün dünyaya Azərbaycanın
xoş niyyətini göstərir və biz
danışıqlarda həmişə konstruktivlik
nümayiş etdirmişik. İndiki mərhələdə
bütün dünya bu məsələyə çox
böyük diqqət göstərir. Avropa Birliyinə mənim də bu yaxınlarda səfərim
olmuşdur.
Səfər bütövlükdə
çox uğurlu olmuşdur. Avropa Birliyi ilə Azərbaycan
arasında əlaqələrin möhkəmlənməsi
üçün bu səfərin çox böyük əhəmiyyəti
olmuşdur. Ən önəmlisi, Avropa Birliyi ilə Azərbaycan
arasında gələcək əməkdaşlığın
istiqamətlərinin düzgün seçilməsi
üçün bu səfər çox əhəmiyyətli
idi. Mən hesab edirəm ki, biz gələcək birgə əməkdaşlıq
haqqında mövqelərimizdə kifayət qədər
yaxınlıq hiss edirik və elə də olmalıdır.
Çünki biz Avropa Birliyi ilə uzunmüddətli əməkdaşlıq
etmək fikrindəyik. Ona görə, hər bir məsələ
açıq-aydın göstərilməlidir. O cümlədən,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri
müzakirə edilmişdir”.
Əksər ekspertlər belə
düşünürlər ki, münaqişənin həlli
istiqamətində son aylar ərzində yaşanan beynəlxalq
fəallığın səbəblərindən biri də
ondan ibarətdir ki, Azərbaycan dövləti və Azərbaycan
Ordusu güclü dövlətdir və güclü
ordudur. Yoxsulluq içində
çabalayan, xarici ianələr ilə yaşayan Ermənistan
ilə Azərbaycan müqayisəedilməz səviyyədədir.
Azərbaycan inkişaf edir, xalqımız varlanır, ölkəmiz
güclənir, ermənilər isə aclıq içindədir. Son 6 ay ərzində 70 min erməni
ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra
orada 1 milyondan az erməni qalacaq. Azərbaycanın maliyyə
imkanları, siyasi çəkisi artır, regional vəziyyəti
möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər
yüksəlir.
Bütün bunlar onu göstərir
ki, Ermənistan sülh yolu ilə problemi həll etməyə
razı olmasa, onu buna məcbur etmək üçün Azərbaycanın
kifayət qədər böyük imkanları var.
Elçin
Bayramlı
Səs.- 2011.- 29 iyul.- S. 2.