SİA
və Sestv.az İnternet
Televiziyası “Yay məktəbi” layihəsi
çərçivəsində Oğuzda
gənclərlə dəyirmi masa keçirib
“Səs” İnformasiya Agentliyi (SİA) və Sestv.az
İnternet Televiziyasının təşkilatçılığı
ilə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin
“Yay məktəbi” layihəsi çərçivəsində
Oğuzda “Afra” oteldə olan gənclərlə “Azərbaycan gəncliyinin
inkişafında müasir medianın rolu” mövzusunda dəyirmi
masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə
YAP İcra katibinin müavini, millət vəkili Mübariz
Qurbanlı, millət vəkili Asəf Hacıyev, “Səs” qəzetinin
baş redaktoru, “Səs” İnformasiya Agentliyinin və Sestv.az
İnternet Televiziyasının baş direktoru Bəhruz Quliyev,
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov,
AZTELEKOM İstehsalat Birliyinin baş direktorunun müavini Tahir Məmmədov,
Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil
Yusifova, Milli.Az xəbər portalının baş redaktoru Anar
İmanov, Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akedemiyasının dosenti
Vüsal Quliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan
Mübariz Qurbanlı dəyirmi masanın Azərbaycan mətbuatının
yaranmasının 136-cı ildönümünə həsr
olunduğunu bidlirib. Gəncləri diskussiyalarda fəal
olmağa çağıran millət vəkili, onlara mətbuatla
əlaqədar məlumatlar veriləcəyini qeyd edib. YAP icra
katibinin müavini diskussiyaların gedişində qonaqların
fikirlərini gənclərlə bölüşəcəklərini,
sualları cavablandıracaqlarını deyib.
Daha sonra çıxış edən Bəhruz Quliyev
gənclərə görüş üçün şərait
yaratdığına görə, YAP rəhbərliyinə minnətdarlığını
bildirib. O, tədbirin məqsədi barədə
danışıb: “Bu tədbiri keçirməkdə məqsədimiz
Milli Mətbuat Günü ərəfəsində “Yay məkətəbi”
çərçivəsində “Azərbaycan gəncliyinin
inkişafında müasir medianın rolu” mövzusunda gənclərlə
müzakirələr aparmaqdır”.
Baş redaktor gənclərin internetdən - sosial
şəbəkələrdən düzgün istifadə etməli
olduğunu bildirib. 1875-ci ildə “Əkinçi” qəzeti ilə
mətbuatımızın fəaliyyətə
başladığını xatırladan B.Quliyev
mediamızın ən yüksək inkişaf
dövrünün ikinci dəfə müstəqillik əldə
etdiyimizdən sonra başladığnı vurğulayıb:
“1988-92 -ci illərdə Resbublikamızda olan xaos və anarxiya
mətbuata da sirayət etdi. Canlı efirlərə hücumlar
olurdu. Jurnalistləri təhqir edirdilər. Ulu öndərimiz
Heydər Əliyev hakimiyyətə gələndən sonra mətbuatımız
sürətlə inkişaf etməyə başladı.
Xüsusilə “Səs” qəzetinin tarixindəın
danışmaq istəyirəm. O dövrdə “Səs” qəzeti
tarixi bir missiyanı yerinə yetirib. “Səs” qəzeti 91
ziyalının ümummilli lider Heydər Əliyevə
müraciətini dərc etdi. Ulu öndər də “Səs” qəzeti
vasitəsilə ziyalılara cavab ünvanladı. Xalqın təkidi
ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi.
O dövlərdə mətbuatda senzuranın olduğunu
xüsusilə qeyd etmək istəyirəm. Ümummilli
liderimizin ən böyük xidmətlərindən biri də
mətbuata tətbiq edilən senzuranı ləğv etməsidir.
Məhz bundan sonra tam azad və şəffaf mətbuat
yarandı. Ulu öndərin baş redaktorları dəvət
edib, onlarla dəfələrlə mətbuatın problemləri
barədə fikir mübadiləsi aparması diqqətçəkən
məqamlardandır. Ümummilli liderimiz mətbuatın problemlərini,
maddi durumunun ağır olduğunu nəzərə alıb əvvəlcə
qəzetlərin “Azərbaycan” nəşriyyatına
borclarını dondurdu və sonradan ləğv etdi. Daha sonra
Prezident İlham Əliyevin diqqəti və qayğısı
ilə mediamız daha da inkişaf etdi. Mətbuat Şurası
yaradıldı. Prezident mətbuatımızın həm 130,
həm də 135 illiyi ilə əlaqədar möhtəşəm
sərəncamlar imzaladı. Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondu yaradıldı. Bu qurum bir
sıra layihələr həyata keçirir ki, bu layihələr
cəmiyyətin, mətbuatın inkişafı
üçün çox əhəmiyyətlidir”.
Baş redaktor Prezidentin jurnalistlərin mənzil şəraitinin
yaxşılaşdırılması üçün maliyyə
vəsaiti ayırdığını və media
işçilərinin yaxında evlərlə təmin
olunacaqlarını qeyd edib. O, gənclərimizin hər birinin
bir təbliğatçıya çevrilərək, internetdən
düzgün istifadə etməli olduqlarını
vurğulayıb. B.Quliyev gənclərin
torpaqlarımızın işğal altında olduğunu nəzərə
alaraq sosial şəbəkələrdə bu istiqamətdə
işlər aparmalı olduqlarını bildirib. O, müharibə
olarsa gənclərimizin hər birinin ayağa qalxmalı və
hər an Vətənin müdafiəsinə hazır olmalı
olduqlarını deyib.
Politoloq Vüsal Quliyev çıxış edərək
belə görüşlərin çox faydalı olduğunu
qeyd edib. O, Azərbaycanın gənc respublika olduğunu, 20 il ərzində
çox işlər görüldüyünü, hələ
çox işlər də görülməli olduğunu
bildirib. Dosent internetdən düzgün istifadə barəsində
danışıb: “Azərbaycan gənclərinin çoxu
internet istifadəçisidir. İlk növbədə Azərbaycan
gəncləri Dağlıq Qarabağ problemi istiqamətində
fəal olmalıdırlar. Bu istiqamətdə müdafiəçi
yox, hücumçu olmalıdırlar. Gənclərə Azərbaycanda
çox diqqət ayrılır. Prezidentin imzaladığı
gənclər haqqında proqramda onları maraqlandıran hər
bir sahə öz əksini tapıb. Burada Azərbaycanın
milli maraqlarını, milli dəyərlərini qoruyub saxlamaq
üçün də proqramlar var. Bu proqram tam yerinə
yetirildikdən sonra biz tamamilə başqa bir gənclik görəcəyik.
YAP Gənclər Birliyi də bu
proqramda fəal iştirak etməlidir. Hər bir gənc
dövlətin uğurlu siyasətindən xəbərdar
olmalıdır. Bunda da internetin rolu böyükdür. Mən
Sestv.az İnternet Televiziyasını vurğulamaq istəyirəm.
Bölgələrdə olan gənclərimiz bu TV-ni
açıb baxsalar, onlar özləri də buna oxşar
formatda qısa metrajlı xəbərlər hazırlaya bilərlər.
Bu, ilk növbədə bölgələrdə olan gənclərlə
paytaxda olan gənclərin təması deməkdir”.
Çıxış edən Anar İmanov da gənclərlə
görüşə görə, təşkilatçılara
minnətdarlığını bildirib. O, mətbuatınn məqsədinin
məlumatlandırmaq və maarifləndirmək olduğunu
deyib. Mətbuatımızın gündən-günə daha
çox inkişaf etdiyini deyən baş redaktor daha sonra day.az
Media Şirkəti haqqında məlumat verib: “Day.az-ın tərkibində
ingilis dilli today.az, Azərbaycandilli milli.az və day.az radiosu fəaliyyət
göstərir. Day.az-da sosial şəbəkədən,
elektron poçtdan istifadə edə bilərsiniz. Radiomuz 24
saat fəaliyyət göstərir”. O, mediamızın
düyanın inkişaf tendensiyasını izlədiyini,
hazırda Milli.Az xəbər portalının xəbərləri
hazırlanarkən bütün dünyanın aparıcı
saytlarından istifadə olduğunu vurğulayıb.
A.İmanov 10 il əvvəl medianın vəziyyətinə
baxanda, indiki vəziyyətlə fərqi hiss etmək
olduğunu qeyd edib. Artıq telefonla da medianı izləmək
olduğunu xatırladan baş redaktor, hazırda internet
mediasının daha çox inkişaf etdiyini deyib: “Daha
çox sayt, daha çox rəqabət deməkdir. Azərbaycanda
dövlət medianın inkişafı üçün
çox qayğı göstərir. Hər il mətbuat
günündə media orqanlarına maddi yardımlar olunur, fəxri
adlar verilir. Mətbuat dövlət dəstəyindən bəhrələnərək
daha çox inkişaf edir, müstəqil bazasını
yaradır”.
O, gənclərə yol göstərmək lazım
olduğunu qeyd edib. Baş redaktor gənclərin media ilə əməkdaşlıq
etməli olduqlarını deyib: “Bəzən gənclər
deyirlər ki, ermənilər bizim mahnıları
oğurlayırlar, siz hara baxırsınız? Bu işlərdə
gənclər də bizə yardımçı
olmalıdırlar. Dərc olunan yerin linkini göndərməlidirlər
və başqa vasitələrlə əməkdaşlıq
etməlidirlər. Biz daha çox gəncləri
maraqlandıran məlumatlar dərc etməyə
çalışırıq. Tənqid etmək
yaxşıdır, ancaq əməkdaşlıq etmək,
yardım etmək də lazımdır. Saytda əlaqə
üçün telefonlar, elektron potçlar var. Əlaqə
saxlayın, əməkdaşlıq edin”.
Sevil Yusifova isə gənclərin təşkilatlanması
üçün YAP rəhbərliyinin, tədbirdə
iştirak edən qonaqların əllərindən gələni
etiklərini qeyd edib: “Prezidentin sərəncamı da var ki, gənclər
gələcəyin kadrları kimi hazırlansınlar. Siz
internetin inkişafından yararlanmalısınız. Xəbərləri
oxuyub, başqasına ötürə bilərsiniz, şərhlər
yaza bilərsiniz. Keçmişə qayıtsaq görərik
ki, belə imkanlarımız yox idi. Yazılara, xəbərlərə
şərh verə bilmirdik. İndi heç gecikmək problemi
də yoxdur. Saytı açıb artıq keçmiş xəbərləri
də izləyə bilərsiniz. Qadınlarımızı da
cəmiyyətdə, ictimai həyatda fəal olmağa
çağırıram”.
Daha sonra isə tədbir diskussiyalar şəklində
davam etdirilib. Diskussiyalarda yazılı və inetrnet
mediası, televiziya jurnalistikası, soasial şəbəkələr,
internetdən düzgün istifadə, Dağlıq Qarabağ
problemi, Azərbaycan dilinin zənginliyi, informasiya almaq və
yaymaq, mətbuat orqanlarının digər mediada reklamı,
informasiya texnologiyaları və s. mövzular müzakirə
olunub.
Elgün Vidadioğlu
Səs.- 2011.- 22 iyul.- S. 8-9.