Qafqazın ən
güclü ordusu
Azərbaycanın iqtisadi imkanları genişləndikcə ordu quruculuğu sahəsinə göstərilən diqqət və qayğının əhatəsi də genişlənir. Ermənistanla müharibə şəraitində yaşayan ölkəmiz üçün bu sahənin dövlət rəhbəri tərəfindən prioritet elan olunması taleyüklü problemlərin həllində, şübhəsiz, mühüm rol oynayır. İyunun 26-da Bakıda keçirilən növbəti hərbi parad S-300 raketləri də daxil olmaqla, ordumuzun möhtəşəm arsenalını nümayiş etdirdi.
Azərbaycanda
ordu quruculuğunun yeni mərhələsi Prezident İlham Əliyevin
Ali Baş Komandanlığı dövründə
başlayıb. 2003-cü ildən etibarən ölkə
iqtisadiyyatının inkişafı ordu quruculuğu sahəsində
də özünü göstərməyə başladı.
Dövlət ildən-ilə hərbi xərcləri
artırmaqla bu sahənin əsas prioritetlərindən
olduğunu əyani şəkildə nümayiş etdirdi. Bu
illər ərzində ordunun döyüş qabiliyyəti
artırıldı, maddi-texniki bazası gücləndirildi, hərbçilərin
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində mühüm addımlar atıldı.
Hazırda
orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi
var. Hərbi hazırlıq yüksək səviyyədədir.
Son illər ərzində çoxlu texnika və silah-sursat
alınıb. Bu proses davam edir və Silahlı Qüvvələrimizin
imkanları güclənir.
Ümumiyyətlə,
4 may 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun
“Sülh Naminə Tərəfdaşlıq” Proqramına
qoşulmaqla öz üzərinə götürdüyü
bütün öhdəlikləri tam yerinə yetirir.
Silahlı Qüvvələrimizin beş zabiti NATO-nun müxtəlif
qərargahlarında Tərəfdaşlığın Qərargah
Elementi vəzifələrində uğurla xidmət edir.
Silahlı
Qüvvələrimizin beynəlxalq önəmli tədbirlərdə
iştirak edən nümayəndələri onlara göstərilən
etimadı doğruldaraq, bir qayda olaraq, əsil peşəkarlıq
nümayiş etdirirlər. Bunu Müdafiə Nazirliyinin
ünvanına göndərilən təşəkkür məktubları
da təsdiq edir.
Azərbaycan
Ordusunun qarşısında dayanan ən mühüm məsələlərdən
biri döyüş hazırlığıdır. Bunu daim diqqət
mərkəzində saxlayan ölkə rəhbərliyinin səyi
nəticəsində yalnız ötən ilin sonuna Silahlı
Qüvvələrin istifadəsinə təxminən 1 milyard
ABŞ dollarından artıq dəyərdə silah və
texnika verilib.
Hissə
və bölmələrin müxtəlif hava şəraitində
döyüş fəaliyyəti imkanlarını artırmaq məqsədi
ilə Hərbi-Hava Qüvvələrinə müdafiə
üzrə yeni texnikalar alınmış, mövcud
texnikaların təmiri və modernləşdirilməsi
işi həyata keçirilib.
Yeni
kompleks uçuş simulyatorlarının sıraya qoyuluşu
isə nəticədə uçuş heyətinin
döyüş hazırlığı keyfiyyətini
artırıb, aviasiya texnikalarının texniki resurslarına
qənaət olunmasına şərait yaradıb.
Zenit
raket komplekslərinin modernləşdirilməsi isə
müvafiq qoşunlar üzrə döyüş texnikasının
səmərəliliyini, ən əsası, atəş
imkanlarını artırıb. Hərbi-Hava Qüvvələrinin
modernləşdirilməsi yolunda əldə olunmuş ən
böyük uğurlardan biri də döyüş
texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin
edilməsidir.
Yeri
gəlmişkən, keçirilən əməliyyat-taktiki təlimlərində
dağ şəraitində döyüş texnikası və
silahlarının tətbiq edilməsinin üsul və
metodları, döyüş hazırlığı prosesində
hücum əməliyyatının aparılması və s.
kimi vacib məsələlər dərindən analiz edilir,
şəxsi heyətin bilik və bacarığının təkmilləşdirilməsi
istiqamətində mühüm addımlar atılır. Ötən
müddət ərzində, bütün qoşun növlərində
müasir dövrün tələblərinə cavab verən
mühüm islahatlar həyata keçirilib.
Təsadüfi
deyil ki, son 5-6 ildə Azərbaycanın hərbi xərcləri
10 dəfədən çox artıb. Hazırda Azərbaycanın
hərbi xərcləri 3,5 milyard dollara çatıb ki, bu da
torpaqlarımızı işğal edən Ermənistanın
ümumi büdcəsindən çoxdur. Dövlət büdcəsindən
hərbi sahəyə ayrılan xərclərin dəfələrlə
artırılması ordumuzun bütün istiqamətlər
üzrə potensialının yüksək səviyyəyə
çatdırılmasına da yol açıb. Ötən
illər ərzində orduya ayrılan pulların böyük
bir hissəsi yeni texnikaların, təyyarələrin, ən
müasir silahların alınmasına yönəldilib.
Ümumiyyətlə,
bu gün Silahlı Qüvvələrimizin döyüş
qabiliyyəti imkanları əvvəlki illərlə
müqayisədə qat-qat artıb. Yeni silah sistemlərinin
alınması və quraşdırılması nəticəsində
Silahlı Qüvvələrimiz Ermənistanın bütün
ərazisində yerləşən hədəfləri məhv
etməyə qadirdir.
Yeri
gəlmişkən, bir qədər öncə, Londonda yerləşən
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu dünya
ölkələrinin hərbi potensialını qiymətləndirən
illik hesabatını açıqlayıb. Azərbaycan və
Ermənistanın da orduları haqda məlumatların yer
aldığı hesabatda deyilir ki, Azərbaycanın ordusu Ermənistan
ordusundan təxminən 35 faiz çoxdur. Ehtiyat qüvvələrinin
sayına görə də Azərbaycanın imkanları Ermənistandan
2 dəfə çoxdur.
Azərbaycanın
tankları və BTR-ləri Ermənistandan 3 dəfə
çoxdu. Azərbaycanın 320 tankı və 470-ə yaxın “BTR”-i var. “BMP”lərə gəldikdə
isə, Azərbaycanın
127, Ermənistanın isə
104 “BMP”si var.
Hesabata görə,
Azərbaycanın 47 döyüş
qabiliyyətli təyyarəsi
var. Ermənistanın döyüş
qabiliyyətli təyyarələrinin
sayı bundan 3 dəfə azdı. Bundan başqa,
Azərbaycanın 6 müasir
pilotsuz uçuş aparatı var- “Aerostar” və “Orbiter”.
Ermənistanda belə pilotsuz
uçuş aparatları
yoxdur.
Raket qurğularına gəldikdə,
hər iki tərəfdə arsenalın
çoxunu “Qrad” qurğuları təşkil
edir, amma Azərbaycan 12 ədəd
daha müasir “Smerç” qurğularına
da malikdir. Milli Ordumuzun arsenalına artıq S-300 raketləri də daxil olub
ki, bu dəhşətli
silahın imkanlarını
izah etməyə ehtiyac yoxdur.
Tank əleyhinə silahlara
gəldikdə, hesabata
görə, burda Azərbaycanın arsenalı
Ermənistanınkından təxminən
10 dəfə çoxdur. Ümumiyyətlə, orduların maddi-texniki bazasını müqayisə
etdikdə, Azərbaycanın
Ermənistandan 3 dəfə
üstün olduğu
ortaya çıxır.
Hər bir dövlətin əsas təməllərindən biri
onun güclü ordusunun olmasıdır. Böyük
qürur hissi ilə, demək olar ki, Azərbaycanın
yüksək döyüş
qabiliyyətinə, nizam-intizama
malik ordusu var. Dövlətimizin və hökumətimizin diqqəti
sayəsində Silahlı
Qüvvələrimizin möhkəmləndirilməsindən
əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən
təmizləmək, ölkəmizin
ərazi bütövlüyünü
bərpa etmək, qaçqın və məcburi köçkünləri
öz doğma yurdlarına qaytarmaqdır.
Azərbaycan Ordusu artıq
bunu reallaşdırmaq
qüdrətinə sahibdir.
Beləliklə, Azərbaycan Qafqazda ən güclü orduya malik olmaqla,
öz torpaqlarını
işğaldan azad etməyə qadirdir. Sadəcə, problemin sülh yolu ilə həlli
daha optimal olduğundan
Azərbaycan bu imkanlarından, hələ
ki, istifadə etmir. Lakin hər şeyin
bir sonu var. Əgər sülh danışıqları səmərəsiz
başa çatarsa, Azərbaycan Ordusunun qüdrətini bütün
dünya görəcək.
Elçin Bayramlı
Səs.- 2011.- 30 iyul.- S. 2.