Qurtuluşdan
doğan müstəqillik məfhumu
Bu məfhumun qorunub
saxlanılmasında Ümummilli Liderimiz Heydər Əliyevin rolu
danılmazdır
20 il
bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan
xalqı milli dövlətçilik tarixində ikinci dəfə
öz müstəqilliyinə qovuşdu. Müstəqilliyi əldə
etmək nə qədər şərəflidirsə, onu
qoruyub saxlamaq ondan qat-qat məsuliyyətlidir. 1991-ci ildə
müstəqilliyimizi əldə etsək də 1993-cü ilin
iyun ayına qədər bunun əbədiliyinə təminat
yox idi. Başımıza gələn müsibətlər,
hakimiyyət uğurunda mübarizə, hərc-mərclik,
anarxiya, xaos, siyasi qalmaqallar, iqtisadi tənəzzül, zorla cəlb
edildiyimiz müharibənin ağrıları,
torpaqlarımızın itirilməsi, şəhid məzarlarının
günbəgün artması, habelə, Azərbaycanın beynəlxalq
aləmdə imicinin aşağı düşməsi acı
tariximizdir. Bir sözlə, ölkəmiz parçalanma təhlükəsi
ilə üzləşdi. Yalnız Heydər Əliyev
müdrikliyi bizi bu bəlalardan xilas etdi.
Naxçıvandan başlanan müstəqillik yolu
Azərbaycanın
siyasi tarixində özünə parlaq iz qoymuş Ulu Öndər
Heydər Əliyevin Naxçıvanda yenidən siyasi hakimiyyətə
qayıdışı, Naxçıvandan başlanan müstəqillik
yolunun bütün Azərbaycan siyasi mühitində
aparıcı qüvvəyə çevrilməsinə, milli
dövlətçiliyin bərpası istiqamətində qəti
addımların atılmasına gətirib
çıxardı. Xalq azadlıq, istiqlaliyyət uğrunda
mübarizəsində dönməz idi. Xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə desək,
bu dövrdə “Müstəqillik yolunda mübarizə aparan
adamlar Naxçıvan əhalisinin demək olar ki, əksəriyyətini
təşkil edirdi. Naxçıvanın müstəqillik,
milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir
edirdi”. Ulu Öndər Moskvadan Naxçıvana gələndə
Onu şəhərin baş meydanında keçirilən
görüşdə 70-80 min nəfər
alqışlayırdı, muxtar respublika Ali Məclisinin Sədri
seçiləndə sessiyanın keçirildiyi binanın ətrafına
on minlərlə adam toplaşmışdı, onda regionun digər
şəhər və kəndlərində keçirilən
görüşlərdə nə qədər adamın
iştirak etdiyini təsəvvürə gətirmək o qədər
də çətin deyil. Təbii ki, bunlar müdrik rəhbərə
xalq sevgisindən, el məhəbbətindən irəli gəlirdi.
Ümummilli Liderimiz Heydər Əliyev ağır blokada şəraitinə
baxmayaraq, muxtar respublikada torpaqların müdafiəsini
yüksək səviyyədə təşkil etməyə, təcavüzkarlardan
qorumağa nail olurdu. Elə o ağır və məşəqqətli
günlərdə də müdrik şəxsiyyət dönə-dönə
deyirdi: “Doğma vətən torpağına heç də
yenidən hakimiyyət kürsüsünə qalxmaq
üçün yox, ancaq və ancaq respublikanın bu
ağır və çətin dövrlərində xalqın
dərdinə şərik olmaqla vətəndaşlıq
borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə
qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim
Azərbaycanın ərazi bütövlüyünü və
Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində
bərqərar etməkdən ibarətdir”. Naxçıvanda
ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan
etdiyi dövrdə - 17 noyabr 1990-cı ildə muxtar respublika
Ali Məclisinin birinci sessiyası keçirildi. Sessiyada, ilk
növbədə, Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının adından “sovet”, “sosialist” sözləri
çıxarıldı, onun Naxçıvan Muxtar
Respublikası adlandırılması haqqında qərar qəbul
edildi. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz
qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi
qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev
“1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında” qərar layihəsini
işləyib Ali Məclisin sessiyasının müzakirəsinə
təqdim etdi. Ümummilli Liderimiz Heydər Əliyevin
böyük siyasi nüfuzu nəticəsində qəbul olunan
bu qərarda ilk dəfə qanlı yanvar hadisələrinə
düzgün siyasi qiymət verildi, bu hadisədə SSRİ rəhbərliyi
ilə yanaşı, respublika rəhbərliyinin də
böyük günahı olduğu göstərilmiş və
onların adlarının bir-bir açıqlanaraq məsuliyyətə
cəlb edilmələri tələb olundu. 1991-ci il
sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali
Məclisinə Sədr seçilməsi milli miqyasda
böyük hadisə oldu. O, ilk növbədə,
Naxçıvanda fəal və peşəkar fəaliyyəti
ilə milli dövlətçiliyə inam hissini
formalaşdıra bildi. Böyük dövlət xadiminin ilk
gündən başlayaraq atdığı addımlar, həyata
keçirdiyi tədbirlər Naxçıvanı düşmən
əlinə keçmək təhlükəsindən xilas
etdi. İqtisadi blokada şəraitində yaşayan
Naxçıvanın düşmən qarşısında
duruş gətirməklə bərabər, həm də
iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib, yeni
firavan həyat quruculuğuna başlamasında da Heydər Əliyev
şəxsiyyətinin önəmli rolu oldu. Elə bu səbəbdən
də Naxçıvanda dövlət müstəqilliyinin bərpası
istiqamətində tədbirlər təkcə siyasi müstəvidə
getmir, yeni iqtisadi təfəkkürə söykənən,
bazar iqtisadiyyatının tələblərinə
uyğunlaşan iqtisadi model formalaşırdı. Ali Məclisin
16 dekabr 1991-ci il tarixli sessiyasında isə “Dünya Azərbaycan
türklərinin milli həmrəylik və birlik günü
haqqında” qərar qəbul olundu.
Xilaskarlıq missiyası
Ümummilli
Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar
missiyası ilə ikinci dəfə hakimiyyətə
qayıtması Azərbaycan tarixinin ən önəmli hadisəsidir.
Respublikanın müasir tarixi məhz Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin
ilk illərində ölkəyə rəhbərlik edənlərin
səriştəsizliyi nəticəsində böhran
bütün sahələri bürümüş, Azərbaycan
bir dövlət olaraq dünya xəritəsindən silinmək
təhlükəsi ilə üzləşmişdi. Bu
ağır günlərdə xalq üzünü öz
xilaskarına - Heydər Əliyevə tutdu. Bu vəziyyətdən
istifadə edən erməni millətçiləri Azərbaycana
qarşı ərazi iddiaları üçün də əlverişli
şərait əldə etdilər. Ayaz Mütəllibovun
hakimiyyəti illərində ağır olan vəziyyət
1992-ci ildə AXC-Müsavat iqtidarının dövründə
fəlakət həddinə yaxınlaşdı. Belə bir
ağır zamanda xalq son ümidini Ümummilli Lider Heydər Əliyevə
bağladı. Çünki milləti yaşanan ağır vəziyyətdən
məhz Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən,
xalqını sevən bir rəhbər çıxara bilərdi.
Xalqın yaddaşında Ulu Öndər Heydər Əliyev təkcə
ötən əsrin 70-80-ci illərindəki quruculuq fəaliyyəti
ilə deyil, eyni zamanda, blokada şəraitində yaşayan
Naxçıvanda həyata keçirdiyi işlərlə
qalmışdı. 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik
edən, 1982-1987-ci illərdə SSRİ kimi nəhəng bir
dövlətin rəhbərliyində önəmli yer tutaraq
adını dünyanın XX əsr siyasi tarixinə qızıl
hərflərlə yazan Ümummilli Lider Heydər Əliyev Azərbaycanda
hakimiyyətə ikinci dəfə 1993-cü ildə gəldi.
Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyini
itirmək təhlükəsindən xilas oldu. Xalqının
azadlığının, müstəqil dövlətçiliyinin
müqəddəratının həll edildiyi ən
ağır günlərdə Heydər Əliyevin hakimiyyətə
qayıdışı əsaslı dönüş nöqtəsi
oldu.
Qurtuluş missiyalı
qayıdış
Qurtuluş
missiyalı bu qayıdış Azərbaycan xalqının
itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə
olan ümidini artırdı. İyunun 13-də Milli Məclisin
iclasında Ümummilli Liderimiz Heydər Əliyevin Gəncəyə
getmək barədə verdiyi təklifi o dövr
üçün son dərəcə təhlükəli və
eyni zamanda, çox cəsarətli bir addım idi. Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə
siyasi tələb deyil, həm də ictimai tələbata
çevrilmişdi. “Bu ağır vəziyyətdən
çıxmaq üçün-baxmayaraq ki, mən bunu istəmirəm,-Ali
Sovetin sədri kimi fəaliyyət göstərməyə
hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən
çıxmasında müəyyən fəaliyyət
göstərmək üçün gedirəm, başqa məqsədim
yoxdur” - deyə bəyan edən Ulu Öndər xalqının
müdrikliyinə və böyük potensialına güvənərək
hamını birləşdirdi və ölkəni
düşdüyü ağır vəziyyətdən
çıxarmağa nail oldu. Ümummilli Liderin qətiyyəti,
gərgin fəaliyyəti sayəsində vətəndaş
müharibəsinin, ölkənin parçalanmasının və
separatizmin qarşısı alındı, Azərbaycanın
başının üstünü alan təhlükələri
tezliklə aradan qaldırdı, illərlə davam edən
siyasi hakimiyyət böhranına, anarxiya və
özbaşınalığa son qoyuldu.
Yeni tarixi mərhələnin -
dövlət müstəqilliyinin möhkəmləndirilməsi
dövrü
Azərbaycanda
yeni tarixi mərhələnin - dövlət müstəqilliyinin
möhkəmləndirilməsi dövrü başlandı. Son
illərin sosial-iqtisadi uğurları isə xalqın öz
inamında, həqiqətən də,
yanılmadığını göstərir. Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra
nail olduğu bütün uğurlar Ümummilli Liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin
siyasi hakimiyyətə qayıdışından sonra ölkədə
ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü
il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz
böyük oğlunu ölkənin Prezidenti seçdi. Daxili və
xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini
sarsıtmaq istiqamətində əlbir iş gördükləri
bir vaxtda hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev
böyük çətinlikləri dəf etməli oldu. Heydər
Əliyev öz gücünə, təcrübəsinə
güvənən dahi siyasətçi kimi dəfələrlə
bu cür bəyanat vermişdir: “Azərbaycanın dövlət
müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Ulu Öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı
onu bütün dünya azərbaycanlılarının lideri
etdi, ömür yolu doğma vətənə xidmət
nümunəsinə çevrildi. Bütün şüurlu həyatını
canından artıq sevdiyi xalqına, ölkəsinə həsr
etmiş bu müdrik siyasət və dövlət xadimi
tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi
yer tutdu.
1994-cü
ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və
yeni neft strategiyasının həyata keçirilməsinə
başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar
edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə
yatırılmasına imkan yaratdı. İqtisadi
islahatların həyata keçirilməsi istiqamətində
böyük addımlar atıldı. Torpaqlar kəndlilərin
mülkiyyətinə verildi. Müstəqil Azərbaycanın
ilk Konstitusiyasının yaradıcısı olan Ümummilli
Liderimiz Heydər Əliyev demokratik, hüquqi dövlət
quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək,
ölkədə insan hüquq və azadlıqlarının bərqərar
olması üçün əsaslı zəmin yaratdı.
Ümummilli Liderin hakimiyyətə qayıdışına qədər
Azərbaycan tənəzzül dövrünü
yaşadığı halda, bu gün bütün dünyada ən
yüksək sürətlə inkişaf edən iqtisadiyyata
malik bir dövlət kimi tanınır. Təbii ki,
bütün bunlar Ulu Öndər Heydər Əliyev qətiyyətinin,
müdrikliyinin bəhrəsidir. Bu gün Azərbaycan
demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində
başqa dövlətlər üçün nümunədir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 30 iyul.- S. 3.