"Sevil"
obrazını öz həyatında yaşayan qadın
İzzət Orucova cəmi
iki filmə çəkilib, mehrini elmə bağladı
"Məni ilk Azərbaycan
kino aktrisası adlandırırlar. Və mən bəzən
fikrə dalıram: görəsən, bu,
düzgündürmü? Ümumiyyətlə, mən aktrisa
olmuşammı? Axı, mən oynamamışam... Yox, mən
kamera qarşısında iki qadın taleyini
yaşamışam. Bunlar mənim müasirlərim, demək
olar ki, yaşıdlarım idi..." Bu sözləri vaxtilə
"Sevil" və "Almaz" bədii filmlərində
baş rolları ifa edən Azərbaycanın ilk milli kino
aktrisası, görkəmli kimyaçı alim, akademik İzzət
Orucova söyləyib.
20 yaşında ikən əvvəlcə
"Sevil", sonra isə "Almaz" filmlərində
çəkilmiş, Azərbaycan qadınlarının lirik və
dramatik obrazlarını təbii və inandırıcı
boyalarla yaratmağa müvəffəq olmuşdur. Cazibədarlığı,
çəkiliş meydançasında özünü təbii
aparması və hisslərini təmkinlə büruzə vermək
bacarığı ona uğur qazandırmışdır. Bu
iki filmdən sonra o, kinodan bilərəkdən
uzaqlaşmış və həyatını
bütünlüklə elmə həsr etmişdir. Lakin
İzzət xanımla apardığım söhbətlərin
birində o, belə bir fikir söylədi ki, əgər Cəfər
sağ olsaydı, onun filmlərində çəkilişləri
mütləq davam etdirərdim.
İzzət xanım 1932 - ci ildə
Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft
Akademiyası) texnoloji fakültəsini bitirmişdir. Mühəndis
diplomunu alıb Kuybışev adına Azərbaycan Elmi - Tədqiqat
Neft Emalı İnstitutunda işləmiş, həmin institutun
əsasında yaradılan Neft Kimyası Prosesləri
İnstitutunda laboratoriya müdiri, Qeyri - Üzvi və Fiziki
Kimya İnstitutunda direktor, Aşqarlar Kimyası İnstitutunda
motor yağları üçün aşqar kompozisiyaları
hazırlama laboratoriyasının müdiri olmuşdur.
Texnika elmləri doktoru, professor, Azərbaycan
EA - nın akademiki, Azərbaycan Dövlət mükafatı
laureatı, respublikanın əməkdar elm xadimi İzzət
Orucovanı bir alim kimi dünyanın bir çox ölkələrində
yaxşı tanıyır, onun elm aləmindəki kəşflərini
yüksək qiymətləndirirlər. O, keçmiş
SSRİ - nin ən iri sənaye mərkəzlərində və
bir sıra xarici ölkələrdə elmi məruzələrlə
çıxış etmişdir.
İzzət xanımın kinoya gəlişi,
daha doğrusu, onun böyük dramaturq Cəfər Cabbarlı
tərəfindən necə tapılıb kinofabrikə gətirilməsi
barədə müxtəlif rəvayətlər mövcuddur. Lakin
fikirlər müxtəlif olsa da, nəticə eynidir. Onu kino
üçün Cəfər Cabbarlı kəşf
etmişdir.
Cəfər
Cabbarlının tapıntısı
İzzət Orucova 1909-cu il
sentyabrın 16-da Bakıda dünyaya göz açıb.
İzzət xanımın sonrakı həyatının
özü bir kino olub. O, dünyaya göz açanda ölkə
ağrılı dövrünü yaşayırdı.
İnsanların bir gözü gülürdü, digəri
ağlayırdı. Haqsızlıq, ədalətsizlik baş
alıb gedir, insanın insan tərəfindən zülmü ərşə
çıxmışdı. İzzət xanımın yeniyetmə,
gənclik illərində gördüyü, duyduğu,
eşitdiyi müsibətlər neçə-neçə bədii
filmlərin mövzusu ola bilərdi.
Cəhalətin hökm
sürdüyü keçən əsrin 20-ci illərində
azərbaycanlı qızın təhsil alması, oxuyub mühəndis
olması Şərq mühitində görünməmiş
hadisə olmaqla, üstəlik, tələbə qızın
filmə çəkilməsi, baş rolda oynaması əsl
möcüzə, həyat reallığından daha çox əfsanə
kimi qarşılanaraq tariximizə yazılıb.
Arxiv materialları əsasında məlum
olur ki, İzzət Orucovanı kino üçün
böyük axtarışlardan sonra görkəmli dramaturq Cəfər
Cabbarlı kəşf edib. İzzət xanım xatirələrində
bu barədə belə yazıb: "Sevil" filminin həm
ssenari müəllifi, həm də quruluşçu rejissoru
görkəmli dramaturq Cəfər Cabbarlı idi. Filmin digər
rejissoru Beknazarov Sevil rolunun ifasını Nora Arzumanova adlı
bir qıza tapşırmaq istəyirdi. Lakin Cəfər
Cabbarlı buna qəti etirazını bildirdi. Dedi ki, əsərin
baş rolunda azərbaycanlı qızı çəkilməlidir.
Mən Cəfərin adını eşitmişdim,
üzünü görməmişdim. Günlərin birində
o mənə yaxınlaşdı, məqsədini bildirdi. Amma
mən nə "hə", nə də "yox" dedim.
Qarşıya çıxan qismətdən qaçmaq
olmazmış. Rəhmətlik Cəfər müəllim
çox tələbkar idi. Bəyənmədiyi kino
kadrlarının dəfələrlə yenidən çəkilməsini
israr edərdi. Dünən olubmuş kimi xatırlayıram:
Sevilin çarşabı başından atması epizodu bir
neçə dəfə təkrar çəkildi. Lakin bu səhnə
- azərbaycanlı qızının tərəqqiyə can
atması mənzərəsi işıqlı təfəkkür
sahibi Cəfər müəllimin xoşuna gəlmədi. O, hər
dəfə yumşaq tonda, ancaq hiss edirdim ki, hirsini gizlədib
deyərdi: "Yox, İzzət olmadı. Çarşabı
başından atmağın çox süni
çıxır, qondarma görünür. Unutma, əsərin
kulminasiya nöqtəsi də elə burdadır. Sən
müdhiş, qorxunc çarşabı başından elə
atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin
və mövhumatın qara pərdəsi olan çarşaba
nifrət, qəzəb oyatsın".
Beləliklə, İzzət Orucova
"Sevil" filmində baş rola çəkilir və
böyük uğur qazanır. İzzət xanım peşəkar
aktrisa deyildi. Lakin ürəyini ağrıdan hadisələrin
çox şahidi olmuşdu. Hansısa bir nailiyyətdən fərəhlənmək
istəyəndə gözəgörünməz qüvvə
onun sevincini ürəyində boğmuşdu. İzzət
xanım xatirələrində yazıb: "Bəlkə də
dünyada bənzəri olmayan günləri, anları
yaşamışam. "Sevil" bədii filmi ekranda göstərilən
gün anamı da kluba aparmışdım. Qohum-əqrəbalarımız
da gəlmişdi. Tamaşaçıların çoxunun
biletini Cəfər Cabbarlı almışdı. Həmin
gün birinci anam, sonra neçə-neçə
tamaşaçı çarşabı başından
açıb atdı. Ancaq yenidən qara örpəyə,
çarşaba büründülər. Çünki
dünyanın ən dəhşətli zülmü - repressiya
başlamışdı. İncə duyumlu, zərif qəlbli,
kövrək ürəkli şair Mikayıl Müşfiqin
sanki ərşə çəkilməsi rəhmətlik Cəfər
Cabbarlıya da qənim kəsildi".
Filmin uğurundan ruhlanan Cəfər
Cabbarlı özünün eyniadlı pyesi əsasında
"Almaz" kinossenarisini yazır. O, əvvəlki filmlərdə
rejissorluq sahəsində lazımi təcrübə
topladığı üçün böyük həvəs
və ruh yüksəkliyi ilə "Almaz"a quruluş verməyi
öz öhdəsinə götürür. C.Cabbarlı
yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar
arasında rolları bölüşdürür. Almaz roluna
bundan əvvəl "Sevil" filmində çəkilmiş
İzzət Orucovanı təsdiq edir. Lakin Cəfər
Cabbarlının vaxtsız ölümü ona bu arzusunu həyata
keçirməyə imkan vermir. Amma görkəmli dramaturqun bu
arzusunu həmkarları həyata keçirir. İzzət
xanım Almaz obrazını müvəffəqiyyətlə
oynayaraq azadlığa çıxan Azərbaycan
qadınının lirik, canlı obrazını yaratmağa
müvəffəq olur.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin dedikləri:
- Bəxti mərhum İzzət xanımın
üzünə gülmüşdü.
Bütün sarsıntılara, sıxıntılara baxmayaraq,
o, ömrünün ən
bəxtəvər çağlarını
yaşayırdı. 20-22
yaşında gənc
qız oynadığı
Sevil roluna görə dövrün populyar şəxsiyyəti,
ifaçısı kimi
tanınmışdı. "Sevil" filmindən
sonra Cəfər Cabbarlı onu özünün ssenarisi əsasında quruluş verəcəyi "Almaz"
filmində yenə baş rola - Almaz obrazını yaratmağa dəvət etmişdi. Amma dramaturqun arzusu
ürəyində qalır.
O, zamanın amansızlığına
dözüm gətirə
bilmir, dünyasını
dəyişir. Ancaq İzzət xanım Almaz roluna çəkilir
və s. ekran tamaşaçılarının rəğbətini qazanır.
Onun hər iki filmdə
oynadığı rolları
bu gün də örnək kimi qəbul edir, nümunə göstərirlər.
Görkəmli
elm xadimi
İzzət xanım kino aktrisası kimi məşhurlaşsa da, əsas məqsədindən
- elmə sevgisindən
ayrılmır. "Sevil" və "Almaz" filmlərindən
sonra gənc aktrisa kinodan uzaqlaşır və həyatını bütünlüklə
Azərbaycan elminin inkişafına sərf edir.
O, uzun illər Elmi-Tədqiqat Neft Emalı İnstitutunda müxtəlif vəzifələrdə
işləyir. Elmi dərəcələr
qazanır. O, elm sahəsində
uğurlar qazandıqca,
milli kinomuzda iki məşhur rol oynadığını
nəzər-diqqətə çatdırmırdı.
Bəlkə ona görə
ki, ötən illərin ürək ağrıdan müsibətlərini
yenidən yaşamaq istəmirdi. Amma bəzən
Sevillərin, Almazların
çadralarını atmalarına,
arzularına çatmalarına
sevinərdi. Elm xadimi kimi tanındıqca,
ucaldıqca, müxtəlif
fəxri adlar, dövlət mükafatları
alanda, istər-istəməz
ötən günlərini
xatırlayır, fərəh,
qürur hissi duyurdu.
İzzət xanımı gözəl insan, səmimi iş yoldaşı, daim axtarışda olan elm xadimi kimi tanıyır
və sevirdilər. Elmi sahədə onunla uzun illər
birgə çalışan
Həqiqət Cəbiyevanın
xatirələri İzzət
xanımı təkcə
elm adamı kimi deyil, insani keyfiyyətlərini
tanıtmaq baxımından
maraqlıdır:
- Hər dəfə İzzət Orucova haqqında söz düşəndə onun iki xidməti - görkəmli elm xadimi olması, bir də milli kino
sənətimizdə fəaliyyəti
ehtiramla xatırlanır.
30 ilə yaxındır
ki, İzzət xanım haqq dünyasına qovuşub.
Amma mən buna hələ
də inanmıram.
Həmişə, hər vaxt
elə bilirəm ki, indicə qapımız açılacaq,
həmişəki kimi
şən ovqatla əhvalımızı, nəyə
ehtiyacımızın olmasını
soruşacaq. Onun simasında
qadın şərəfinin,
ləyaqətinin ucalığını
görmüşəm. Portretini böyüdüb evimdən
asmışam. Hər dəfə
televiziya ekranlarında
onun ifasında Sevili, Almazı görəndə kövrəlirəm.
İzzət xanım son dərəcə
həssas duyumlu insan idi. Şükürlər olsun ki, o unudulmur. Çünki xatirələrdə özünə əbədi
yer qazanıb.
İzzət Orucovanın yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti
olub. O, Azərbaycan
Demokratik Respublikasının
Dostluq Cəmiyyəti
Azərbaycan Şöbəsinin
sədr müavini kimi çalışıb.
İzzət xanım
1962-ci ildə texnika elmləri doktoru, professor elmi dərəcəsi, iki il sonra Əməkdar elm və texnika xadimi fəxri adını almış, dövlət mükafatına
layiq görülmüş,
Elmlər Akademiyasının
akademiki seçilmişdi.
"Şərəf nişanı", "Qırmızı
əmək bayrağı",
"Lenin" və "Oktyabr
inqilabı" ordenləri
ilə təltif olunmuşdu.
Nağıla
bənzər, amma həyat həqiqəti olan, mənalı ömür yaşayan İzzət Orucova dünyasını dəyişsə
də, unudulmayıb.
Xidmətləri, elmi fəaliyyəti,
xüsusən milli kinomuzun inkişafındakı
əməyi hər vaxt ehtiramla xatırlanır. Bunun üçün
təkcə yaddaşlara
deyil, arxivlərdə
qorunan lentlərə və onları qoruyanlara da minnətdar olmaq lazımdır.
Tanınmış kinoşünas,
Əməkdar incəsənət
xadimi Aydın Kazımzadənin dediyi kimi:
- Nə qədər ki, milli mədəniyyətimiz,
incəsənətimiz var,
İzzət xanım da yaşayacaq, gələcək nəsillərə
örnək olacaq.
"Almaz" filmi
kino ulduzunun şöhrətini möhkəmləndirdi.
Tənqidçilər istedadlı qızın
gözəl gələcəyindən
xəbər verirdilər.
Lakin İzzət xanım onların həyəcanlı
və tərifli məqalələrini oxuyaraq,
öz həyatı barədə daha çox düşünürdü.
Ailədə ona heç
bir söz demirdilər. Hamı diqqətlə
onun hansı yolu seçəcəyini gözləyirdi. Nəhayət,
məhəbbət elmə
qalib gəldi...
1935 - ci ildə
İ.Orucova qonşuluğunda
yaşayan Mövsüm
İsmayılzadə ilə
ailə qurur. Lakin bu xoşbəxtlik uzun sürmür.
1937 - ci ildə M.İsmayılzadəni
xalq düşməni
kimi həbs edirlər. Əvvəlcədən
həbs olunacağını
hiss edən ər dərhal arvadından ayrılır. Bununla da İzzət
xanımı və körpə oğlu Yılmazı sürgündən
xilas edir.
Həyatın ağrı-acılarına dözərək İ.Orucova
sonralar qarşısına
qoyduğu məqsədə
doğru inamla irəlilədi, ekranda yaratdığı Sevil və Almaz obrazlarının
yolunu həyatda davam etdirdi. İzzət xanımın adı Azərbaycan kino tarixinə ilk milli kinoaktrisa, Azərbaycan elm tarixinə isə ilk azərbaycanlı qadın
böyük kimyaçı-alim
kimi daxil oldu.
Cəmil Quliyev: Sevilin obrazı, həyatı hamıya bəllidir. Təsadüfə bax ki, bu qadının şəxsi həyatında
da bu obraz
elə bil təkrar olundu. İzzət xanım da ərindən
ayrılmalı olur, çünki əri repressiya olunur. Onun əri həkim imiş. Hüseyn Cavidin yaxın
dostuymuş. Sürgündə təsadüfən güllələnmədən
canını qurtarır.
O biləndə ki, tutulacaq, İzzət xanımdan boşanır. Yoxsa İzzət xanımı da, biryaşlı oğlunu da sürgün edəcəkdilər.
İzzət xanım cəmi bir il ailə səadətini daddı. Bütün həyatını tək yaşadı. Oğlunu böyütdü.
Çətinliklərlə qarşılaşdı. Ekranda olan obraz
onun həyatına keçdi...
Şərq.- 2011.- 11 iyun.- S.11.