15 İyun Milli Qurtuluş Günüdür

 

Hər bir ölkənin tarixində dönüş nöqtəsi sayıla biləcək məqamlar mövcuddur. Məhz belə məqamlarda xalqın qəbul etdiyi doğru qərar, həm millətin, həm də dövlətin gələcəyini müəyyənləşdirir. Necə ki,  məlum 4 iyun hadisələrindən dərhal sonra Azərbaycan xalqı  15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevə müraciət edərək Onu Bakıya dəvət etdi. Həmin günü - 15 iyunu Azərbaycan xalqı özünün Milli Qurtuluş Günü kimi qeyd edir. Nəsimi rayonu icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bu tarixi günlə bağlı fikirlərini “Səs” qəzetinə bildirərkən vurğuladı ki, müstəqil Azərbaycan dövlətimizin və xalqımızın taleyində Ümummilli Liderimiz Heydər Əliyevin rolu və xidmətləri əvəzsizdir:

- Ötən əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş xalqımız cəmi iki il sonra - 1993-cü ilin iyununda yenidən onu itirmək təhlükəsi ilə üzləşmişdi. O vaxt Azərbaycana rəhbərlik edən səriştəsiz iqtidarların naşı və səhv siyasəti xalqa çox baha başa gəldi. Ölkənin sərvətləri talan edilir, siyasi və iqtisadi böhran günbəgün dərinləşir, siyasi proseslər idarəolunmaz vəziyyət alırdı. 1993-cü ilin iyununda isə Azərbaycanda artıq vətəndaş müharibəsi başlanmış, qardaş qanı axıdılmış və müstəqilliyimizin taleyi sual altına düşmüşdü.

Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün  yarıtmaz  siyasəti ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik yaratmışdır. Orduda vəziyyət günü-gündən ağırlaşır, fərarilik halları getdikcə artırdı. Həmin vaxt hərəkətə keçən düşmənlərin əsas məqsədi isə Azərbaycanın müstəqilliyinə son qoymaq idi. Bu azmış kimi, ölkədə hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Problemlər məngənəsində sıxılan gənc Azərbaycan dövləti xəritədən silinmək təhlükəsilə üzləşdi. Artıq Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birləşmələr separatçı iddialarla çıxış edib mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Belə bir məqamda AXC-Müsavat iqtidarı vəziyyətin daha da kəskinləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. Vəziyyət get-gedə pisliyə doğru dəyişirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birləşmə arasında qanlı döyüş oldu. Belə bir çıxılmaz vəziyyətə düşən Azərbaycanın bir xilas yolu vardı...

Daha doğrusu, xalqın yeganə ümidi Naxçıvana, Ulu Öndər Heydər Əliyevə idi. Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi və qısa vaxt ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Xalqının xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Ulu Öndər Heydər Əliyev sonralar bu məsələ ilə bağlı bildirirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Bəli, məhz o vaxtkı iqtidarın ölkəni idarə edə bilməməsi Azərbaycanı məhv olmaq təhlükəsi ilə baş-başa qoymuşdu. 1993-cü ilin iyununda yaranan siyasi böhranın əsas səbəbi hakimiyyətdə olanların səriştəsiz idarəçiliyindən qaynaqlanırdı. Köhnə quruluş ləğv olunmuşdu, təzə quruluşu yaratmağa, onu idarə etməyə də iqtidarda olanların heç birinin nə bacarığı, nə siyasi səriştəsi çatırdı. Nə Əbdürrəhman Vəzirov, nə Ayaz Mütəllibov, nə Yaqub Məmmədov, nə də Əbülfəz Elçibəy bunu edəcək potensiala sahib deyildilər. İnsanlarda ümidsizlik yaranmışdı. Heç kəs bu məsuliyyətin altına girmək istəmirdi. Yeganə ümid Heydər Əliyev idi. Dövlətçilik təcrübəsi, siyasi səriştəsi, böyük dünyagörüşü məhz Ulu Öndərin ölkəni bu böhrandan çıxarmağa yeganə qadir şəxsiyyət olduğunu deməyə əsas verirdi. Sonrakı hadisələr də göstərdi ki, xalqımız düzgün seçim etdi. Nəticəsini isə bu gün hamımız görürük. O zamanlar Ulu Öndər Heydər Əliyevin yeganə çıxış yolu olduğunu çox adam fikirləşirdi. Amma kiminsə bunu söyləməyə iradəsi çatmırdı. Bu istək xalqda formalaşmışdı. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə parçalanmaq, dövlətçiliyini itirmək vəziyyətində olan, hərc-mərcliyin baş alıb getdiyi, vətəndaş müharibəsi ilə üz-üzə dayanan Azərbaycanın müstəqil, dinamik iqtisadi inkişafa malik, demokratik bir dövlətə çevirdi. Ölkəmiz məhz Ulu Öndərin dövründə öz demokratik təsisatlarını qurdu. Ölkəmizin Konstitusiyası qəbul edildi, parlamentlə icra orqanları arasında qarşılıqlı əlaqə yarandı. Son olaraq bir daha qeyd etmək yerinə düşər ki, həmin vaxt ölkədə cərəyan edən mənfi proseslərdən ən çox əziyyət çəkən xalq idi. Bu baxımdan Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Demokratik təsisatların kövrək addım atdığı, vətəndaş cəmiyyəti institutlarının hələ formalaşmadığı, üstəlik, xarici işğala məruz qalan ölkəni yalnız və yalnız Ümummilli Liderimiz Heydər Əliyev xilas edə bilərdi və etdi də. Bu gün Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır. Bundan başqa, Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün səy göstərdi, regionda aparıcı bir dövlət kimi bərqərar olmasını təmin etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına özünəinamını qaytardı. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın bugününü yaratdı. Sevindiricidir ki, Ümummilli Liderimizin apardığı bu quruculuğa, sabitliyə yönəldilən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əsası Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik prinsipləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 14 may.- S. 4.