Heydər
Əliyev- xalqı dövlətçilik və müstəqillik
ideallarına qovuşdurmuş Ulu Öndər
Ədalət
və humanizm, qanunçuluq, həqiqətən də, hər
bir cəmiyyətin inkişafının başlıca şərti,
əsas qayəsidir. Ulu Öndər Heydər Əliyev hələ
1981-ci ildə “Literaturnaya qazeta”ya verdiyi məşhur
müsahibədə “Qoy ədalət zəfər
çalsın!” deyə cəmiyyəti yüksək demokratizm
və humanizm ruhunda kökləməyə
çalışırdı. Böyük mütəfəkkirlərdən
olmuş Mark Avreli yazırdı ki, hər bir xalqın
gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini
öz parlaq şəxsiyyətində yaşadan insanların
dövlətçilik fəaliyyətində açıla bilər.
Bugünün
özündə də dünyanın bir çox nüfuzlu
dövlətləri məhz fenomen liderlərin müəyyənləşdirdiyi
yolla irəliləyir, davamlı və sabit inkişafı bu
uğur magistralından kənarda təsəvvür etmirlər.
Azərbaycan xalqı tarixən arzularında
yaşatdığı güclü, müdrik və ədalətli
rəhbər idealını ötən əsrin ortalarında
- Ümummilli Lider Heydər Əliyevin parlaq şəxsiyyətində
tapmışdır.
Müstəqilliyə doğru atılan
ilk addımlar
1969-cu
ilin iyulunda Azərbaycanda hakimiyyətə Heydər Əliyev
kimi tükənməz potensiallı və enerjili, xalqına,
dövlətinə bağlı bir şəxsiyyətin gəlməsi
xalqın həyatında mənəvi yüksəlişin
başlanğıcına çevrildi. Ulu Öndər
çevik təşkilatçı, zamanın nəbzini tuta
bilən uzaqgörən rəhbər kimi sübut etdi ki, istək,
iradə, vətənpərvərlik və milli təəssübkeşlik
hissi olan zaman az müddətdə çox uğura imza atmaq
olar. Və elə bu daxili əminliklə də Heydər Əliyev
problemlər məngənəsində çapalayan Azərbaycan
xalqının özünəinamını bərpa edərək
milli ruhu məhv olmaq təhlükəsindən qorudu, dövlət
idarəçiliyinə yeni ruh, müasirlik gətirdi,
xalqın bütün potensialını milli problemlərin həlli
yönündə səfərbər etdi. Hətta imperiya
asılılığında belə millətə
vicdanlı, sədaqətli və ləyaqətli xidmətin
mümkünlüyünü əməli fəaliyyəti ilə
sübuta yetirdi. Böyük strateqin qətiyyəti, təşəbbüskarlığı,
yeniliklərə, islahatlara meyilli olması Azərbaycan vətəndaşlarında
gələcəyə inam hissini gücləndirdi. Ulu Öndər
Heydər Əliyevin qarşısında duran vəzifələr
miqyasca daha böyük və xeyli dərəcədə məsuliyyətli
idi. Xalqına ruhən bağlı olan Ulu Öndər millətin
öz milli kimliyindən uzaqlaşdırılması prosesinin
qarşısını almalı, vətəndaşlarda tarixi
keçmişi, dini, dili, mədəniyyəti ilə
bağlı yetkin fikir formalaşdırmalı idi. Heydər Əliyevin
qarşısında həm də iqtisadi cəhətdən
geridə qalmış bir respublikanın sosial-iqtisadi yüksəlişinə
yönəlmiş səmərəli islahatlar həyata
keçirmək, qanunçuluğu, hüquq qaydalarını
bərpa etmək kimi taleyüklü vəzifələr
dururdu. Böyük strateq nəinki həllini gözləyən
bu və digər problemlərin öhdəsindən uğurla gəldi,
hətta ölkənin müstəqil, təminatlı gələcəyinə
etibarlı zəmin formalaşdıra bildi.
Ümummilli
liderlik zirvəsi
Heydər
Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində
də özünün idarəçilik prinsiplərinə
sadiq qaldı. Fəaliyyətini bütünlüklə millətə,
xalqa, dövlətə xidmət amalı üzərində
quraraq milli xilaskar və qurucu rəhbər kimi ümummilli
liderlik zirvəsinə yüksəldi. Müstəqilliyin ilk
illərində milli dövlətçiliyi qorumaq
üçün nümayiş etdirdiyi qətiyyət və
prinsipiallıq onun yüksək liderlik əzmini bir daha
nümayiş etdirirdi. Ulu Öndər 1993-cü ilin iyununda
çətinliklərə, maneələrə, dövlət
çevrilişi cəhdlərinə mətinliklə sinə
gərərək, xalqı vətəndaş
qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən
qurtardı, çağdaş tariximizə dövlətçiliyin
xilaskarı, qurucusu kimi daxil oldu. Ulu Öndər malik olduğu
yüksək dövlətçilik və idarəçilik səriştəsi
ilə çiyinlərini son dərəcə ağır bir
yükün altına verdi, məsuliyyətdən çəkinmədi.
Siyasi
liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd
və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi
ilə deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri
real həyatda tətbiq imkanları ilə
ölçülür. Bu mənada, əminliklə demək
olar ki, Azərbaycan xalqının milli kimliyinin və
özünəməxsusluğunun bariz təcəssümünə
çevrilmiş mütərəqqi ənənələrin təkmil
ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət
modelində reallaşdırılması məhz Ulu Öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi
kurs bütün istiqamətlərdə Azərbaycanın
dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi
və inkişaf etdirilməsi prinsipinə söykənir.
Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və
sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin
qurulması, milli təhlükəsizlik və xarici siyasət
problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində
görülən işlər bütünlüklə müstəqillik
amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.
Dövlətçilik
fəlsəfəsinin qayəsi
Ümummilli Liderin dövlətçilik
fəlsəfəsinin qayəsini təşkil edən mühüm
məqamlardan biri də qanunun aliliyininin idarəetmə
sisteminin əsas prinsiplərindən biri kimi təsbit edilməsi
idi. Heydər Əliyev müdrik rəhbər olaraq hər bir fərdin
azad, təhlükəsiz şəraitdə yaşaması
naminə, ilk növbədə, respublikada qanunçuluğun
və hüquq qaydalarının bərpasına nail oldu.
Paralel olaraq Azərbaycanda qanunçuluğun inkişafına
baza yaradan addımların atılması isə yeni, müasir
və möhkəm dövlətçilik modelinin təkmil
hüquqi mexanizmlərinin formalaşdırılması məqsədindən
irəli gəlirdi. Azərbaycan müstəqil dövlətə
çevrilmişdir və mükəmməl hüquqi bazaya
söykənən idarəetmə sisteminin
formalaşdırılması zəruri idi. Bu baxımdan
1993-cü ildən sonra Azərbaycanda aparılmış
hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl
prinsiplərinin müəyyənləşdirilməsini,
ölkədə qanunçuluğun doqma kimi qəbul
olunmasını təmin etdi.
1995-ci ilin 12 noyabrında Konstitusiyanın qəbulundan
sonrakı mərhələdə Heydər Əliyevin iradəsi
ilə qəbul olunan saysız-hesabsız törəmə
qanunların da kökündə məhz insan şəxsiyyətinə
hörmət amili dayanırdı. Respublikada əfvetmə
institutunun bərpası, ölüm cəzası üzərində
moratoriumun qoyulması, 1998-ci ildə bu cəzanın birdəfəlik
ləğvi, insan hüquqları üzrə müvəkkil
institutunun (ombudsman) yaradılması, hüquq-mühafizə, ədliyyə
orqanlarında dövrün tələblərinə cavab verən
mütərəqqi islahatların aparılması, məhkəmələrin
müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə
test üsulu ilə seçkilərin keçirilməsi -
bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli
addımları sayəsində gerçəkliyə
çevrildi.
Layiqli
siyasi varis, qəbul edilən lider
Tarixi təcrübə göstərir
ki, siyasi liderin məharəti, eyni zamanda, ictimai
inkişafın mövcud mərhələlərinə
uyğun olaraq insanların idarəçilikdə
iştirakı formalarını müəyyənləşdirmək
bacarığında müəyyən olunur. Bu mənada,
siyasi liderliyin ən əhəmiyyətli cəhətlərindən
biri də idarəetmə aparatına səriştəli,
xalqına vicdanla xidmət edən, savadı ilə fərqlənən
kadrların cəlb olunmasıdır. Bu mənada, Heydər Əliyevin
layiqli siyasi varis kimi cəmiyyətə təqdim etdiyi cənab
İlham Əliyev dövlət başçısı kimi səlahiyyətlərinin
icrasına başladığı ilk gündən Ulu Öndərin
milli dövlətçilik kursunu inamla davam etdirir. Dövlət
başçısı müasir qloballaşma
dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn
mənzərənin əsas cizgilərinə cavab verən
siyasət yürüdür və bu siyasətin əsasında
insan hüquqları məsələsi prioritet mahiyyət kəsb
edir. Ölkə Prezidenti İlham Əliyev son 8 ildə
yürütdüyü siyasətlə Azərbaycan
xalqının demokratikləşməyə tam hazır
olduğunu, insan hüquqlarına böyük önəm
verdiyini Avropaya və bütün dünyaya sübuta yetirdi.
Ötən illər ərzində
aparılan islahatlar tam mahiyyəti ilə ölkədə
qanunçuluğun, demokratik norma və prinsiplərin yüksək
səviyyəli təminatına xidmət edir.
RÖVŞƏN
RƏSULOV
Səs.- 2011.- 30 iyun.- S. 5.