“Mədəniyyətimizin və mədəni
incilərimizin hamisi” kitabının təqdimat mərasimi
keçirildi
Dünən
M.F.Axundov adına Milli Kitabxanada Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın mədəniyyət
sahəsində fəaliyyətini əks etdirən “Mədəniyyətimizin
və mədəni incilərimizin hamisi” kitabının ingilis
və ərəb dillərində çap olunmuş nəşrlərinin
təqdimat mərasimi keçirildi.
Tədbiri
giriş sözü ilə mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev açaraq bildirdi ki, “Mədəniyyətimizin
və mədəni incilərimizin hamisi” kitabı Mədəniyyət və Turizm
Nazirliyinin layihəsi əsasında işıq üzü
görmüşdür. O, qeyd etdi ki, kitabın ingilis və ərəb
dilində çap olunması Mədəniyyət və Turizm
Nazirliyinin növbəti layihəsidir:”2007-ci ildə “Mədəniyyətimizin və mədəni
incilərimizin hamisi” kitabının Azərbaycan dilində
olan variantının təqdimatı keçirilmişdir. Oxucuların
xahişini və təkliflərini nəzərə alaraq,
yaxın gələcəkdə “Mədəniyyətimizin və
mədəni incilərimizin hamisi” kitabının dünya dillərində
nəşr olunacağı nəzərə
alınmışdır. Bir il sonra 2008-ci ildə
kitab rus dilində nəşr olundu. Bu gün isə daha iki
dildə -ingilis və ərəb dilində nəşrinə
müvəffəq olmuşuq. Ümummilli Lider Heydər Əliyevin mədəniyyət
siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyəti
yüksək bir səviyyədə inkişaf edib və təbliğ
olunub. Azərbaycanda bu sahədə müqayisə olunmayacaq dərəcədə
uğurlar müşahidə olunur. Azərbaycan Prezidenti
İlham Əliyevin uğurla davam etdirdiyi mədəniyyət
siyasəti prioritet istiqamət olaraq bir sıra layihələr
və islahatlarla həyata keçirilir. Bu uğurların bir
qismi Heydər Əliyev Fondunun təşəbbüsü ilə
reallaşır. Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən
həyata keçirilən genişmiqyaslı layihələr
Azərbaycanın bütün regionlarında yeni mədəniyyət
və incəsənət müəssisələrinin
açılması, təmir və bərpa etdirilməsi ilə
diqqətdədir. O cümlədən, Azərbaycandan kənarda
reallaşan layihələr milli-mənəvi dəyərlərimizin
təbliğinə yönəlib”.
V.Əliyev qeyd etdi ki, 7 il bundan əvvəl,
fəaliyyətə başlayan Heydər Əliyev Fondu
qarşısına qoyduğu məqsəd əsasında mədəniyyətimizin,
səhiyyəmizin, təhsilimizin dünya standartları səviyyəsində
qurulmasına önəm verərək, layihələrini
müxtəlif adlar altında reallaşdırır. Bu gün
təqdim olunan kitabda Heydər Əliyev Fondu tərəfindən
görülmüş işlər, keçirilən tədbirlər,
beynəlxalq konfrans və simpoziumlar öz əksini
tapmışdır: “Mehriban xanım Əliyevanın yorulmadan
fəaliyyət göstərməsi nəticəsində Azərbaycanda
Beynəlxalq Muğam Mərkəzi tikilmiş, Muğam
Televiziya müsabiqəsi təşkil olunmuş, Azərbaycan
milli muğamı YUNESKO-nun mədəni irs siyahısına
daxil edilmişdir. Onun mədəniyyət sahəsindəki
gördüyü işlər həcm baxımından
geniş olduğundan Azərbaycan aşıq sənəti,
Novruz bayramı, İçərişəhər YUNESKO-nun
şah əsərləri sırasında yer
almışdır. Milli-mənəvi dəyərlərə hər
zaman diqqət yetirən Mehriban xanım xoşməramlı səfir
olaraq Misirdə, Pakistanda, Fransada, Strasburqda və digər
ölkələrdə mədəniyyət və dini
ocaqları bərpa və təmir etdirir. Bütün bunlar Azərbaycanın
imicinə öz təsirini göstərməkdədir. Bu
addımlar Azərbaycan dövlətinin müstəqilliyinə
və dönməzliyinə xidmət edir. Qarabağ probleminin
həlli istiqamətində Azərbaycan həqiqətlərinin
dünyaya bəyan edilməsində rolu Mehriban xanımın Vətənə
xidmətinin nümunəsidir”.
Azərbaycanın birinci xanımı
Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində
mədəniyyətə, mədəni incilərimizə, incəsənətə
və tarixi abidələrə çox böyük önəm
verir. Onun YUNESKO və İSESKO-dakı fəaliyyəti
xüsusilə təqdirəlayiqdir. 8 fəsildən ibarət
kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə
mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti
əks olunur. Azərbaycan Mədəniyyətinin Dostları
Fondu yaranan gündən ölkəmizin mədəniyyəti və
incəsənəti ilə çox sıx əlaqələr
və qırılmaz tellərlə bağlı olmuşdur.
1995-1996-cı illərdə fondun sədri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə ölkəmizə populyar
kollektivlər dəvət olunur və onlar respublikanın ən
möhtəşəm sarayında konsertlər və
proqramlarla çıxış edirdilər.
V.Əliyev bildirdi ki, kitab 2011-ci ildə
Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi,
habelə, Azərbaycanın Suriyadakı səfirliyinin təşkilati
dəstəyi ilə Suriya Ərəb Respublikasında ərəb
dilində nəşr olunub. Kitabın ərəb dili
variantında İslam Konfransı Təşkilatına üzv
dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlıq,
ərəb dövlətləri ilə ikitərəfli
görüşlərdə Mehriban xanımın
iştirakı və mədəni əməkdaşlığın
inkişafında Mehriban xanımın fəaliyyəti öz əksini tapıb.
Sözügedən kitab Azərbaycan mədəniyyətinin
bütün ərəb dünyasında təbliği
üçün böyük imkanlar açacaqdır.
Hər iki kitabda ön sözün
müəllifi mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, elmi rəhbəri Sevda Məmmədəliyeva, layihənin
rəhbəri Lalə Kazımova, tərtibçilər isə
Lətifə Məmmədova, Əli Eyvazov və Mayıl Əhmədovdur.
Kitablarda çoxlu sayda maraqlı,
habelə, ilk dəfə oxuculara təqdim olunan məlumatlar və
fotoşəkillər verilmişdir.
Təqdimat mərasimində
çıxış edən millət vəkili Tahir Rza
Mehriban xanımın “Mədəniyyətimizin və mədəni
incilərimizin hamisi” kitabının əhəmiyyətini
vurğuladı. O, qeyd etdi ki, Mehriban xanım Əliyeva nəinki
Azərbaycanda, dünya miqyasında tanınan bir xanım kimi
milli-mənəvi dəyərlərin yorulmadan təbliğatçısına
çevrilmişdir.
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Azərbaycan,
rus, ingilis və ərəb dillərində nəşr olunan
kitabın mahiyyətinə nəzər salıb Mehriban
xanım Əliyevanın fəaliyyətinin məcmuəsi kimi
təqdim olunan nəşrin əhəmiyyətini qeyd etdi. O
bildirdi ki, idarənin rəisi kimi hər zaman Mehriban xanım Əliyevanın
mədəniyyət və incəsənətimizə göstərdiyi
qayğı və diqqəti hiss edir və bu da milli-mənəvi
dəyərlərimizin inkişafına bir stimul verir. Heydər
Əliyev Fondunun potensialının zənginliyini vurğulayan Əlikram
Əliyev hər bir sahədə fondun fəaliyyətinin məhz
bir ideyaya xidmət etdiyini söylədi. Mehriban xanımın
göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan bu
gün dünyada ən nüfuzlu yarışmalarda nüfuz
qazanır. Belə ki, “Eurovision - 2011” Mahnı Müsabiqəsindəki
qalibiyyət məhz Mehriban xanımın mədəniyyət
sahəsinə göstərdiyi diqqətin nəticəsində
reallaşdı. “Eurovision - 2012” müsabiqəsinin Azərbaycana
gətirilməsində Onun əməyi müstəsnadır.
Təqdimat mərasimində
çıxış edən Azərbaycan Milli Elmlər
Akademiyası Mərkəzi-Elmi Kitabxanasının direktoru Aybəniz
Kəngərli, Yazıçılar Birliyinin katibi Rəşad
Məcid, xalq yazıçısı Çingiz Abdullayev, millət
vəkili Aydın Mirzəzadə, kitabın naşiri Əli
Eyvazov, Milli Kitabxananın direktoru Kərim Tahirov və
başqaları “Mədəniyyətimizin və mədəni
incilərimizin hamisi” kitabının ingilis və ərəb
dillərinə tərcümə edilib çap
olunmasını Azərbaycan mədəniyyətinin dünyada
təbliği istiqamətində əhəmiyyət kəsb
etdiyini bildirdilər. Qeyd olundu ki, bu kitab Azərbaycanın
nailiyyətlərinin müxtəlif ölkələrdə təqdiminə
töhfələrini verəcəkdir.
Nəzakət
Ələddinqızı
Səs.- 2011.- 22 iyun.- S. 4.