Çində 28 May - Respublika Günü münasibətilə rəsmi
qəbul təşkil edilib
Azərbaycanın Çindəki səfirliyi
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
yaranmasının 93-cü ildönümü
münasibətilə rəsmi qəbul təşkil edib. Azərbaycan
Mədəniyyəti Günlərində iştirak
etmək üçün Çində
səfərdə olan nümayəndə
heyətinin üzvləri - mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev, Milli
Məclisin Azərbaycan-Çin parlamentlərarası
əlaqələr üzrə işçi
qrupu sədrinin müavini,
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin
müavini Siyavuş Novruzov, Milli Məclisin
deputatı Rauf Əliyev, Səbail Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Xalidə Bayramova,
habelə Çin hökumətinin və
ictimaiyyətinin, Pekində fəaliyyət göstərən diplomatik korpusun
nümayəndələri, azərbaycanlılar,
tələbələr və mətbuat
nümayəndələri iştirak
ediblər.
Azərbaycanın və Çinin
dövlət himnləri səsləndirilib. Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev 1918-ci il mayın 28-də müsəlman
Şərqində ilk demokratik
respublikanın yarandığını qeyd
edib. Ölkəmizin hazırda bütün sahələrdə
sürətlə inkişaf etdiyini diqqətə çatdıran Ə.Qarayev, Azərbaycan-Çin
əlaqələrinin son illər daha da genişləndiyini
bildirib. Çin xarici işlər nazirinin müavini Çenq Quoping tədbirdə çıxış
edərək, öz hökuməti
adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib, ən xoş
arzularını bildirib. Çenq
Quoping deyib ki, hazırda Azərbaycan-Çin
əlaqələri ölkələrimizin rəhbərlərinin
dəstəyi ilə daha da
inkişaf edir.
Üzərində Azərbaycanın və Çinin
dövlət bayraqlarının təsviri əks olunduğu tort
kəsildikdən sonra mərasim
iştirakçıları Azərbaycan mətbəxinin
nümunələrini dadıblar.
Səs.- 2011.- 1 iyun.- S. 4.