Milli Məclisin yaz sessiyası sona
çatdı
Millət vəkilləri bir sıra
qanun və məcəllələrə vacib dəyişikliklər
etdilər
Dünən Milli Məclisin yaz sessiyasının son
iclası keçirildi. İclasda bir sıra qanunvericilik aktlarına dəyişikliklər
edildi. Öncə “Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında” qanun layihəsi müzakirə olundu. Layihə ilə
bağlı Milli Məclisin Hüquq Siyasəti və Dövlət
Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat
verdi: “İnzibati Xətalar Məcəlləsinin 116.0.7-ci maddəsinə
təklif olunan dəyişiklikdə yazılı bildiriş
göndərilmədən vətəndaşlara verilən təbii
qazın, elektrik və ya istilik enerjisinin verilməsinin
dayandırılmasına görə müfəttişlərin
məsuliyyətini nəzərdə tutmuşdur. Belə ki, vətəndaşa
istifadə etdiyi təbii qaz, elektrik və istilik enerjisinə
görə borcun ödənilməsi ilə bağlı
yazılış bildiriş verilmədən ona verilən mavi
yanacaq, elektrik və istilik enerjisi kəsilə bilməz. Bu
baş verdikdə müfəttiş məsuliyyət
daşıyacaqdır”.
Daha
sonra “Yol hərəkəti
haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə
olunub. Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin
sədri Əli Hüseynli bildirib ki, son vaxtlar parlament tərəfindən
bir sıra məcəllələrə və qanunlara edilən
dəyişikliklər müvafiq dövlət orqanlarının
fəaliyyətində şəffaflığın təmin
olunmasına xidmət edir. Ə.Hüseynli bildirib ki, bu dəyişikliklərin
təşəbbüskarı dövlət
başçısıdır. Onun sözlərinə görə,
həmin layihələr məhz Azərbaycan Prezidentinin
qanunvericilik təşəbbüsü ilə parlamentə
daxil olub. Komitə sədri qeyd edib ki, qanunvericiliyə edilən
mütərəqqi dəyişikliklər bilavasitə vətəndaşların
mənafeyinə uyğundur və bütün sahələrdə
şəffaflığın təmin edilməsilə şərtlənir.
Layihə haqqında məlumat verən Ə.Hüseynlinin
sözlərinə görə, qanunun 85-ci maddəsinə 85-1
əlavəsi edilib. Qanuna təklif olunan dəyişiklikdə
inzibati xəta törətmiş şəxsə cəriməni
müvafiq icra hakimiyyəti orqanının əməkdaşında
olan xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə
plastik kart vasitəsi ilə ödəmək imkanı verilir. Qəbul
edilən qərar və təyin olunan cərimənin məbləği
protokolda göstərilir.
Müzakirələr
zamanı deputatlar bu dəyişikliyin əhalinin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində
mütərəqqi addım olduğunu qeyd etmişlər.
Sonda qanun layihəsi səs çoxluğu ilə təsdiq
edildi.
“Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” qanun layihəsini də müzakirəyə
Ə.Hüseynli təqdim etdi. Qeyd olundu ki, Qanuna təklif
olunan dəyişikliklərdən birinin məqsədi şəxslərin
yol hərəkəti qaydalarının pozmaları ilə əlaqədar
barələrində tətbiq edilən inzibati tənbeh
haqqında qərarlarla və onların nəticələri (cərimələr
və onların ödənilməsi, balların sayı və
ya silinməsi) ilə bağlı rəsmi internet informasiya
ehtiyatlarından məlumat almalarını təmin etməkdir:
“Qanuna 85-1-ci maddənin əlavə edilməsi də nəzərdə
tutulmuşdur. “Yol hərəkəti qaydaları pozuntusunun
aşkar edilməsi və məsuliyyətə cəlb etmə
qaydası” adlanan bu maddəyə görə inzibati cərimə
növündə inzibati tənbeh barədə qərarın
qanuni qüvvəyə mindiyi gündən 30 iş
günü müddətində inzibati xəta törətmiş
şəxs cərimə bildirişi üzrə müvafiq məbləği
banka ödəməlidir. Barəsində inzibati cərimə
tənbeh növü tətbiq edilən şəxs qərarı
dərhal və ya qərar qanuni qüvvəyə mindiyi
gündən 3 iş günü müddətində icra edərsə,
tətbiq olunan cərimənin 10 faizi miqdarında məbləğinin
ödənişindən azad edilir. İnzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərar qanuni qüvvəyə mindiyi gündən 30 iş
günü müddətində cəriməni qanunla müəyyən
edilmiş əsaslar olmadan ödəməyən şəxsə
onun ödənilmədiyi hər növbəti gün
üçün cərimə məbləğinin 2 faizi
miqdarında dəbbə pulu tətbiq edilir”.
Cavid Qurbanov: “Bakıda 76 taksi
dayanacağı tikiləcək”
Müzakirələr
zamanı çıxış edən millət vəkili
Elmira Axundova dəyişiklikləri müsbət qiymətləndirib.
Digər millət vəkili Xanhüseyn Kazımlı bu dəyişiklikləri
müsbət qiymətləndirsə də, Bakının bəzi
küçələrindəki tıxaclardan şikayətlənib.
Onun sözlərinə görə, dövlət yol polisləri
tıxacların aradan qaldırılması üçün fəaliyyətlərini
gücləndirməlidirlər.
“Azəryolservis”
ASC-nin sədri, millət vəkili Cavid Qurbanov isə Bakıda
76 taksi dayanacağının tikiləcəyini bildirib. Onun
sözlərinə görə, artıq bununla bağlı qərar
hazırlanıb və hökumətə təqdim olunub. Millət
vəkili deyib ki, bundan başqa, dövlət
başçısının Sərəncamına əsasən
Bakı şəhərində 120-dən artıq dayanacaq
tikilməlidir. C.Qurbanovun fikrincə, görüləcək bu
işlər tıxacların aradan qaldırılması
kömək edəcək.
Zeynəb Xanlarova: “Dünyanın hər
yerini gəzmişəm və belə işlərin yalnız
gecələr görüldüyünü görmüşəm”
Millət
vəkili Zeynəb Xanlarova çıxışında yol
polislərinin fəaliyyətini yüksək qiymətləndirib.
Onun fikrincə, Bakıda tıxacların yaranmasının əsas
səbəbi yolların qazılması, tikinti işlərinin
aparılmasıdır: “Əlbəttə, mən tikinti-
quruculuq işlərinin əleyhinə deyiləm. Amma
faktdır ki, gündüzlər görülən bu işlər
yolda hərəkətə mane olur. Mən dünyanın hər
yerini gəzmişəm və şahidi olmuşam ki, belə
işlər gecələr görülür. Burada məqsəd
isə nəqliyyatın, insanların gediş-gəlişinə
mane olmamaqdır. Mən hesab edirəm ki, bu təcrübədən
bizdə də istifadə olunmalıdır”.
Siyavuş Novruzov: “Şəhərdə
nəqliyyatın sıxlığı iqtisadi inkişafın
göstəricisidir”
YAP
İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov
da bu dəyişikliklərin tərəfdarı olduğunu
bildirdi. Onun sözlərinə görə, şəhərdə
nəqliyyatın sıxlığı iqtisadi inkişafın
göstəricisidir. Millət vəkili qeyd edərək
bildirdi ki, MDB ölkələrində adambaşına
düşən maşınların sayına görə Azərbaycan
birinci yerdə gedir: “Tikinti-quruculuq işlərinin getməsi
insanların gələcək həyatını təmin etmək
üçündür. Bu işlər zamanı yaranan
narahatlıqlar müvəqqəti xarakter daşıyır.
Digər tərəfdən, yeraltı və yerüstü
keçidlər var, amma çox zaman onlardan istifadə olunmur.
Ona görə də, bu məsələ ilə bağlı
insanlar arasında hüquqi maarifləndirmə
aparılmalıdır, eyni zamanda, qanunlar tətbiq
olunmalıdır. Həmçinin, taksi istifadəsi ilə
bağlı dünya təcrübəsi tətbiq edilsə
yaxşı olar. Məsələn, İstanbul kimi şəhərdə
14 min taksi var və bundan artıq ola bilməz. Bu gün bizdə
isə kimsə sərəncam alaraq nə qədər istəyir,
taksi gətirir və onlardan da şəhərdə istifadə
edir. Bu da problem yaradır. Həmçinin, müxtəlif
adamlar öz maşınlarından taksi kimi istifadə edirlər.
Hesab edirəm ki, bu məsələlər tənzimlənməlidir”.
S.Novruzov bu sahədə Naxçıvan Muxtar Respublikasının yaxşı təcrübəsinin olduğunu bildirdi. Onun sözlərinə görə, Muxtar Respublikada həm avtobus, həm də taksi sürücülərinin müəyyən qaydalara əməl etmələri vacib şərtdir. Bütövlükdə, Naxçıvanda nəqliyyat sistemi ciddi şəkildə tənzimlənib.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov bildirdi ki, qanunlara edilən dəyişiklər vacibdir. Onun sözlərinə görə, dövlət başçısının imzaladığı sərəncamlar da insanların maraqları baxımından böyük əhəmiyyət kəsb edir. Spiker qeyd etdi ki, görülən müsbət işlər təqdir olunmalıdır.
Sonda qanun layihəsi millət vəkillərinin səs çoxluğu ilə qəbul edildi.
Sonra “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxıldı. Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Ə.Hüseynli bildirdi ki, bu dəyişikliklər bundan əvvəl müzakirə olunan məsələ ilə bağlıdır. Belə ki, qanun layihəsinə əsasən İnzibati Xətalar Məcəlləsinə 159-1-ci maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.
Qanun layihəsi səsə qoyularaq təsdiq olundu.
İclasda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi də müzakirə olundu. Qeyd edildi ki, Məcəlləyə təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ərizələrə baxılması ilə bağlı məsələləri özündə ehtiva edir.
Deputatlar
qanun layihəsinin lehinə səs verdilər.
İclasda
son olaraq “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə
münasibət bildirildi.
Qısa
müzakirədən sonra hər iki qanun layihəsi səs
çoxluğu ilə qəbul edildi.
Gündəlikdəki
məsələlərin müzakirəsi başa
çatdıqdan sonra spiker Oqtay Əsədov Azərbaycan
Respublikası Milli Məclisinin 2011-ci il yaz sessiyasının
başa çatdığını elan etdi.
Sonra Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildi.
Bununla da
Milli Məclisin yaz sessiyası başa çatdı.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 1 iyun.- S. 5.