Xalqın rifahına xidmət edən
neft amili
“Azərbaycanda neftdən əldə
olunan gəlirlər ən yüksək səviyyədə
idarə olunur”
Ulu
Öndər Heydər Əliyevin milli neft strategiyasının
uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin
enerji təhlükəsizliyi sahəsində güclü və
müstəqil bir tərəfdaşa çevrilməsini təmin
edib. Neft strategiyasının reallaşmasının ilkin mərhələsində
və neft hasilatının aşağı olduğu bir vaxtda
Dövlət Neft Fondunun yaradılması Ulu Öndər Heydər
Əliyev tərəfindən atılmış uzaqgörən
və strateji bir addım idi. Neft ilə zəngin olan ölkələrdə
neft fondu və yaxud bu kimi qurumların təsis edilməsi bu
dövlətlərdə neft sərvətlərinin nəsillər
arasında bərabər bölgüsünə, onların səmərəli,
məqsədyönlü və şəffaf şəkildə
idarə edilməsinə şərait yaradır.
Ulu
Öndərin neft strategiyasının ayrılmaz hissəsi
olan Azərbaycan Respublikası Dövlət Neft Fondu
yaradılarkən 271 milyon ABŞ dollarına bərabər
aktivlərinin həcmi ildən-ilə artaraq, 2008-ci ildə ilk
dəfə olaraq 10 milyard ABŞ dollarını, 2010-cu ilin
yekunlarına görə isə, artıq 20 milyard ABŞ
dollarını keçib. Ötən il ərzində Neft
Fondunun vəsaitlərinin idarə olunmasından əldə
olunan gəlir 155, 9 milyon manata bərabər olub. Hesabat
dövrü ərzində Neft Fondunun 2010-cu il büdcəsinin
icrası çərçivəsində 5915,0 milyon manat vəsait
dövlət büdcəsinə transfer edilib. Qaçqın və
məcburi köçkün ailələrinin məskunlaşdırılması
və sosial-məişət vəziyyətinin
yaxşılaşdırılması üzrə tədbirlərin
həyata keçirilməsinə 104,9 milyon manat,
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə
su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi
məqsədilə isə müvafiq olaraq 131,0 milyon manat və
199,6 milyon manat vəsait ayrılıb. “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə
Neft Fondundan 9,6 milyon manat vəsait ayrılıb. 12,4 milyon
manat “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə
yönəldilib. 2010-cu il ərzində Neft Fondunun idarə
edilməsi ilə bağlı xərcləri 14,0 milyon manat
olub
Son 3 il ərzində
neft fondunun aktivləri təxminən 10 dəfə artıb.
Xam neftin cari qiymətləri ilə və fondun xərclərinin
cari il səviyyəsində saxlanması şərti ilə
növbəti 5 il ərzində neft fondunun aktivlərinin 50
milyard ABŞ dollarına qədər artması
proqnozlaşdırıla bilər. Həm 2007-ci ilədək
olan dövrdə, həm 2008-2009-cu böhran illərində və
həm də dünyanın yarısından çoxunun
resessiyada olduğu 2010-cu ildə də sürətlə
inkişaf edən Azərbaycan həyata keçirilən
iqtisadi siyasətin düzgün və dayanıqlı
olmasının təsdiqidir. Bir çox dövlətlərin
ciddi problemlər ilə üzləşdiyi bir dövrdə Azərbaycan,
nəinki özünün iqtisadi inkişaf tempini qoruyub
saxlayır, hətta sürətli artıma görə
dünyada birincilər sırasında qalmaqda davam edir.
Dövlət
Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən
biri neft gəlirlərinin səmərəli idarə edilməsindən
əlavə gəlirlərin əldə edilməsidir. Fondun
yaradılmasından bu günə kimi onun idarəetmədən toplam gəlirləri,
ilk dəfə olaraq, 1 milyard ABŞ dollarını keçib.
Bu qazanılmış ilk 1 milyard, təbii resurslardan əldə
edilmiş və toplanılmış vəsaitlərin
artıq kifayət qədər önəmli, müstəqil və
ən vacibi daimi gəlir mənbəyinə çevriləcəyinə
əminlik yaradır. Hazırda neft fondu institusional cəhətdən
formalaşmaqla bərabər, ölkə daxilində və eləcə
də, beynəlxalq səviyyədə tanınmış və
vəsaitlərin idarə edilməsi və şəffaflığın
təmin edilməsi baxımından digər dövlətlərlə
öz təcrübəsini bölüşməyə qadir
olan bir quruma çevrilib. Azərbaycanın təbii sərvətlərinin
idarə edilməsində şəffaflığın
artırılması istiqamətindəki təşəbbüslər
bu gün ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar
tərəfindən yüksək qiymətləndirilir. “Revenue
Watch” İnstitutunun “Transparency İnternational” təşkilatı
ilə birgə dərc etdiyi təbii resursların idarə
edilməsində şəffaflıq indeksinə dair
hesabatında 41 ölkə sırasında Azərbaycanın
9-cu yerdə qərarlaşması, onu deməyə əsas
verir ki, ölkədə həyata keçirilən siyasət,
hətta qeyri-obyektiv yanaşmaları olan beynəlxalq
qurumları da çıxılmaz durumda qoyur və ölkəmizin
bu sahədə nailiyyətlərini qəbul etməyə məcbur
edir. Xüsusilə, qeyd etmək lazımdır ki, Azərbaycan
Şəffaflıq Təşəbbüsündə lider
ölkə olaraq qalır və bu təşəbbüsün
beynəlxalq səviyyədə idarə edilməsində fəal
iştirak edir. Təşəbbüsdə iştirak edən
30-dan çox ölkədən bu günədək yalnız
6-sı tamhüquqlu üzv statusuna malik olub və bunlardan
birincisi məhz Azərbaycandır.
“Azərbaycanda
neftdən əldə olunan gəlirlər ən yüksək
səviyyədə idarə olunur”- deyən Prezident İlham Əliyev
çıxışlarında bu məsələyə
münasibət bildirərkən deyib: “Bu gün Azərbaycan cəmiyyətində
bu sahədə olan məsələlərlə bağlı
heç bir fikir ayrılığı yoxdur. Azərbaycanda bu
sahədə tam şəkildə şəffaflıq təmin
edilib. Hər bir vətəndaş bilir və yaxud bilməlidir
ki, Azərbaycana neftdən nə qədər gəlir gəlib,
bu gəlirin üstünə nə qədər faiz gəlib,
nə qədər xərclənib, necə xərclənib.
Dövlət Neft Fondundan ayrılan xərclərdən istifadə
yalnız parlamentdə müzakirələrdən sonra
mümkündür. Bu da, o deməkdir ki, hər bir vətəndaş
onun parlamentdəki nümayəndəsi vasitəsilə bu gəlirlərin
bölüşdürülməsində iştirak edir. Bax,
biz şəffaflığı təmin etməklə
bugünkü vəziyyətə nail olduq. Bizim gəlirlərimiz
artır”.
Qeyd edək
ki, neft fondunun əsasnaməsinə uyğun olaraq fondun digər
məqsədi Azərbaycanda mühüm infrastruktur və
sosialyönümlü layihələrin maliyyələşdirilməsinin
təmin edilməsidir. Ölkə iqtisadiyyatına daxili mənbələr
hesabına investisiyaların cəlb edilməsində neft fondu
mühüm rola malikdir. 2001-2010-cu illər ərzində
fonddan, ümumilikdə, 2,3 milyard manat vəsait ölkənin
sosial-iqtisadi tərəqqisi naminə ən mühüm
ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli
infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsi
üzrə layihələrin maliyyələşdirilməsinə
yönəldilib. Eyni zamanda, fondun 14 milyard manat vəsaiti
dövlət büdcəsinə transfer edilib və bu vəsait
hesabına dövlət investisiya proqramları həyata
keçirilir. Hələ fond yenicə yarandığı
zaman Ulu Öndərin Sərəncamı ilə Dövlət
Neft Fondundan ilk ayrılmış vəsait ən ağır
sosial durumda olan soydaşlarımıza, qaçqın və məcburi
köçkünlərin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına yönəldilmişdi.
Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq cəmi 3 il ərzində Azərbaycanda
mövcud olmuş bütün çadır düşərgələri
ləğv edilib.
Neft
fondundan maliyyələşən digər layihə - “İpək
Yolu” adlanan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycanın
tranzit potensialının genişlənməsini təmin edəcək.
Dövlət Neft Fondundan maliyyələşən layihələr
- Bakının su təchizatı ilə bağlı problemlərin
əsaslı şəkildə həllini təmin edəcək
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə
su kəmərinin çəkilməsi və Samur-Abşeron
suvarma sisteminin yenidən qurulması layihələri
mühüm yer tutur. Bu layihələrin reallaşması
Bakının su təchizatı ilə bağlı məsələlərinin
həllinə şərait yaradacaq. Ulu Öndərimiz Heydər
Əliyevin azərbaycanlıların xaricə təhsil
almağa göndərilməsi ilə bağlı ənənəsi
hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu proqramın, ilk növbədə,
Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi
“qara qızıl”ın insan kapitalına çevrilməsi”
ideyasının reallaşmasına doğru atılmış
strateji bir addımdır. Bu gün əminliklə demək
olar ki, həyata keçirilən bu siyasət sayəsində
dövlətimizin iqtisadi qüdrəti bundan sonra daha da artacaq,
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edəcək
və xalqımızın maddi rifah halı ildən-ilə
yaxşılaşacaqdır.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 1 iyun.- S. 6.