Əmək Məcəlləsinə və “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər cəmiyyətin maraqlarına tamamilə uyğundur

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin yap.org.az-a müsahibəsi

 

- Hadi müəllim, son günlər cəmiyyətdə əsas müzakirə mövzularından biri Milli Məclis tərəfindən “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin edilməsidir. Sizcə, cəmiyyətin məsələyə bu dərəcədə marağı hansı amillərlə bağlıdır?

- Ümumiyyətlə, bu məsələ cəmiyyətdə uzun müddət geniş müzakirə mövzusu idi. Belə ki, 2006-cı ilə qədər pensiyaya çıxanlarla həmin ildən sonra pensiyaya çıxan insanların təqaüdləri arasında ciddi fərqin olması belə bir müzakirələrin getməsinin əsas səbəbi idi. Əlbəttə, belə bir vəziyyətin yaranması obyektiv səbəblərə əsaslanırdı. Buna baxmayaraq, cəmiyyətdə geniş müzakirələr gedir, bu barədə komitəmizə ərizə və şikayətlər daxil olurdu. Bütün bunları nəzərə alaraq komitə vətəndaşlardan daxil olan müraciətləri Dövlət Sosial Müdafiə Fondunun nəzərinə çatdırmışdı. Azərbaycan Prezidenti cəmiyyətdən gələn sosial sifarişləri nəzərə alaraq pensiyaların verilməsində yaranan bu fərqin aradan qaldırılması ilə bağlı tapşırıq verdi. Yəni insanların müraciətlərinə müvafiq strukturlardan öncə dövlət başçısı reaksiya verdi və sosial ədalət prinsipinin təmin olunması istiqamətində cəsarətli addım atdı. Bunu ona görə cəsarətli addım hesab edirəm ki, yeni qaydalar tətbiq olunandan sonra pensiyaların ödənilməsi üçün ildə 390 milyon manat əlavə vəsait tələb olunur. Digər tərəfdən, bu, 845 min adamın pensiyasına təsir edəcək. Nəzərə alsaq ki, ölkəmizdə 1 milyon 300 min nəfər pensiyaçı var, onda bu yeniliyin onların böyük əksəriyyətinə şamil olunacağını deyə bilərik. Ümumiyyətlə, yeni qaydaları, mexanizmləri hazırlamaq ağır, mürəkkəb bir prosesdir. Məsələ ilə bağlı, Dövlət Sosial Müdafiə Fondunda xüsusi komissiya yaradılıb və bu istiqamətdə iş gedir. Yeni qaydaya görə, pensiyasçılar 85 manat baza hissəsini alacaqlar və bu məbləğin üstünə də əmək stajının hər ili üçün 1 manat 94 qəpik əlavə vəsait gələcək. Məsələn, 40 il stajı olan şəxsin pensiyası təxminən 80 manat artacaq. Beləliklə, əvvəllər 85 manat pensiya alanlar bundan sonra 165 manat təqaüd alacaq. Bu olduqca yaxşı və çox önəmli addımdır. Belə bir qərar verdiyi üçün hörmətli Prezidentimizə minnətdarlığımızı bildiririk.

- Bu yenilik nəticəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ümumilikdə nə qədər təşkil edəcək?

- Bildiyiniz kimi Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə 195 milyon manat vəsait əlavə olunub. Həmin vəsait cənab Prezident tərəfindən ayrılıb. Bu artımla Dövlət Sosial Müdafiə Fondunun illik büdcəsi 2 milyard 188 milyon manata çatdı. Bu məbləğin 850 milyon manata yaxını fonda dövlət büdcəsindən transfert olunub. Qeyd edim ki, bu tədbirlərdən sonra pensiyaların artımı proses dayanmayacaq. Gələcəkdə Prezidentimiz pensiyaların baza hissəsini də artıra bilər. Bütövlükdə isə il ərzində büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqlarının da artımı gözlənilir. Bu məqsəd üçün büdcəyə əlavə olunan vəsaitlərin təxminən 700 milyon manatı nəzərdə tutulur.

- Hadi müəllim, gündəmin əsas mövzularından biri də Əmək Məcəlləsinə edilən dəyişikliklərdir. Bu dəyişikliyə etiraz edənlərin arqumentlərinə münasibətiniz necədir?

- Əmək Məcəlləsinə yaş məsələsi ilə bağlı edilən dəyişiklik cəmiyyətdə birmənalı qəbul olunmur. Bəli, hesab edirəm ki, bu proses müəyyən qədər mürəkkəb olacaq. Ümumiyyətlə, sosial qanunlar bir qədər ağrılı olur. Yadınıza gəlirsə, biz ünvanlılığı təmin etdik. Bir vaxtlar belə bir şey var idi: müəllimlərə işıq pulsuzdur, Qarabağ əlillərinə dərman pulsuzdur və s. Amma burada dəqiqləşməmişdi ki, hansı müəllimlərə nə üçün, hansı şəraitdə elektrik enerjisinə görə güzəştlər edilməlidir. Yaxud da Qarabağ əlilinə hansı dərmanlar pulsuz verilməlidir. Yəni bütün bunlar dəqiqləşməmişdi və ünvansızlıq çox ciddi problemlər yaradırdı. Amma ünvanlılıq prinsipi tətbiq olunmaqla bu problemlər aradan qaldırıldı.

İndi də işləyənlərin 65 yaşdan sonra təqaüdə göndərilməsi ilə bağlı addım atılarkən məsələnin ağırlığını qabaqcadan görürük. Amma gəlin məsələyə obyektiv yanaşaq. Birinci arqumentimiz nədir? İnsan 65 yaşına qədər işləyir, çalışır və müəyyən vaxtdan sonra öz qayğısına qalmalı, istirahətini təmin etməlidir. Digər tərəfdən, bu gün sosial araşdırmalar, sosial tədqiqatlar göstərir ki, 65 yaşdan yuxarı işləyən insanların 97 faizi özü üçün deyil, yenə də övladları üçün çalışır. Bu insan 65 yaşa qədər övladı üçün çalışır, sonra isə nəvəsi üçün işləyir və s. Axı, insan özü üçün də yaşamalıdır. Digər tərəfdən, bu adamlar qayğı ilə əhatə olunmalıdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, 65 yaşına çatanlar pensiyaya çıxmalıdırlar.

Bu yeniliyə etiraz edənlərin arqumentlərindən biri odur ki, institutlarda müəllim çatışmazlığı olacaq. Mən müəyyən mənada bu fikirlə razıyam. Amma bunun müsbət tərəfləri də çoxdur. Müəllim çatışmazlığı yarananda həmin təhsil müəssisəsinin rəhbəri yeni işçilər axtaracaq. Onda müəllimlərin də maaşları artırılacaq ki, başqa təşkilatlarda işləyənlər buraya gəlsin. Eləcə də, gənclərin elmə marağı artacaq, onlar həvəslə elmi yaradıcılıqla məşğul olacaqlar. Nəzərə alsaq ki, pensiyaya çıxanların yerinə elə həmin insanların övladları, nəvələri, qohumları da gələcək, onda burada ciddi problemin olmadığı özünü təsdiqləyəcək.

Yəni bu addımın atılması zəruridir, gənclər üçün yol açılmalıdır. Bu gün həqiqətdir ki, 82 yaşında müəllimin sağlamlığında problemlər var, yeriməkdə çətinlik çəkir, eşitməkdə çətinlik çəkirlər. Əlbəttə, onların müəyyən xidmətləri var və bunu heç kim inkar etmir. Amma 80 yaşında onlar tələbələrə nə öyrədə bilərlər? Hər şeyin əvvəli və sonu var. İnsanlar işləməli və vaxtı çatanda istirahətə getməlidir.

- Bəs hansı kateqoriya insanlara bu yaş həddi tətbiq olunmayacaq?

- Bildirmək istəyirəm ki, cəmiyyətin ehtiyacı olan insanlar heç zaman diqqətdən kənarda qalmayacaqlar. Bu insanlara qadağan olunmur ki, özəl müəssisələrdə, QHT-lərdə, bələdiyyələrdə çalışsınlar. Yaxşı həkimin, müəllimin məsləhətlərinə yenə də ehtiyac duyulacaq. Yəni, bu gün özəl qurumlarda çalışmağa heç bir qadağa qoyulmur.

Konkret sualınıza gəlincə, demək istəyirəm ki, bu yenilik dövlət qulluqçularına, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlara tətbiq olunacaq. Bu müddəa özəl müəssisələrə, bələdiyyələrə, QHT-lərə, dövlətin payı olmayan, yaxud da az olan şirkətlərə aid deyil. Dövlət qulluğunun da müəyyən kateqoriyaları var ki, 65 yaş həddi ilə bağlı yenilik onlara tətbiq olunmayacaq. Məsələn, bu dəyişiklik qanuna uyğun olaraq dövlət başçısının təyin etdiyi şəxslərə şamil edilmir. Bir sözlə, mən bu dəyişikliyə qarşı çıxanları səbirli olmağa çağırıram. Zaman təsdiq edəcək ki, bu qərar düzgündür. Əlbəttə ki, həyat davam edir, proseslərin nəticəsi olaraq belə qanunlara yenidən baxılması da istisna deyil.

- Yəqin ki, yaşı 65-ə çatan insanlar təqaüdə göndərilirsə, onların pensiya təminatı da yaxşılaşdırılacaq...

- Bəli, əmək pensiyaları haqqında qanuna edilən dəyişiklər nəticəsində həmin insanların pensiyası yaxşılaşacaq. Nəzərə alsaq ki, müəllim və həkimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək, onda hər şey aydındır. Bildiyiniz kimi dövlət qulluqçularının pensiya təminatı yüksəkdir.

Yenə də o fikrə qayıdıram ki, yaşlı insanların təqaüdə göndərilməsini faciə kimi qəbul etmək lazım deyil. İndi bəziləri ağrıyla deyirlər ki, məsələn, filan qocaman professorlar olmasa nə edərik. Amma hansı ki, həmin professorların çoxu ateizmdən, sosializm iqtisadiyyatından, kolxoz və sovxozlardan müdafiə ediblər. Yəni belələrinin təqaüdə getməsi elm və təhsilə problem yaratmayacaq. Amma əgər müasir texnologiyalardan, siyasi elmlərdən, İKT-dən müdafiə edənlər, bu sahələrin mütəxxəssisləri yaş məsələsinə görə təqaüdə gedirlərsə, onda hansısa problem yarana bilər. Çünki bu gün bu sahələrin alimlərinə daha böyük ehtiyac var. Hesab edirəm ki, müasir gənclik bu boşluğu dolduracaq.

 

 

Səs.- 2011.- 1 iyun.- S. 7.