Regionların sosial inkişafı tərəqqi yollarında
Lənkəranın timsalında
Azərbaycanın sürətli inkişafını çox
əyani şəkildə görmək olar
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla yerinə yetirilməsinə dair təhlilin aparılması çərçivəsində mətbuat nümayəndələri regionlara səfərlər edir, inkişaf və tərəqqi proseslərini diqqətlə izləyirlər. Bu dəfə təqdim etdiyimiz məqalədə biz Lənkəran rayonunda görülən işlər və yeniliklər haqqında ilkin məlumatlarımızı oxucularımıza təqdim edirik. Regionların sosial-iqtisadi inkişafına dair Birinci və İkinci Dövlət proqramlarından irəli gələn vəzifələr Lənkəran rayonunda da uğurla həyata keçirilməkdədir. Belə ki, 2004-2010-cu illər ərzində rayonun sürətli sosial-iqtisadi inkişafı təmin edilibdir. Ötən il bütövlükdə, ölkəmizin həyatında olduğu kimi, Lənkəran rayonunun sosial-iqtisadi və mədəni həyatında da əlamətdar və yaddaqalan olubdur. Rayon icra hakimiyyətinin məlumatına görə, rayonda bütün sahələrdə əvvəlki illərlə müqayisədə irəliləyiş əldə edilib, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri daha sistemli və ardıcıl xarakter alıbdır.
Lənkəranda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində genişmiqyaslı işlər görülür
Rayon icra hakimiyyətinin məlumatına görə, cari ilin birinci rübündə Lənkəranda sosial-iqtisadi inkişaf artan templə davam edibdir. Rayonda bu müddətdə ümumi məhsul buraxılışı 42,7 faiz artmış və 40,3 milyon manat təşkil edib. Sənayedə 2,4 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 1,8 faiz artaraq, ümumi həcmdə onun xüsusi çəkisi 6,3 faiz təşkil edibdir. Həmçinin, sənayedə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 172 manata çatıbdır. Rayonda yeni müəssisələrin açılması əhalinin işlə təminatı deməkdir. Bu baxımdan da, müasir standartlara cavab verən “Nur-süd” MMC-nin fəaliyyətə başlaması “Pal-süd” markası ilə süd məhsullarının istehsal olunmasıdır. Cari ilin birinci rübündə müəssisədə 2 milyon 420 min litr süd və süd məhsulları istehsal edilmişdir. Müəssisədə 10 çeşiddə məhsul istehsal olunur. Eyni zamanda, “4 saylı regional” MMC tərəfindən cari ilin birinci rübündə nəqliyyat vasitələrinə 1986 ədəd “Fərqlənmə nişanı” verilmiş, 27 min 475 manat vəsait büdcəyə köçürülübdür. Həmçinin, bu ilin 3 ayında kiçik müəssisələrin, yarımçıq tikililərin özəlləşdirilməsi, dövlət əmlakının, torpağın icarəyə verilməsi və özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər davam etdirilir. Birinci rübdə 2 kiçik müəssisənin özəlləşdirilməsindən 22,3 min manat, özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin satışından 10717 manat, dövlət torpaqları və əmlakın icarəsindən 91792 manat vəsait büdcəyə daxil olubdur. Cari ilin birinci rübündə rayonda cəmi 352 yeni iş yeri açılıb, onlardan 251-i daimi iş yerləridir.
Sahibkarlığın inkişafı üçün yaradılan şərait
Əvvəlki illərdə olduğu kimi, cari ilin üç ayı ərzində sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, rayonda istehsalın həcmi sənayedə 63 faiz, aqrar bölmədə 99 faiz və pullu xidmətlərin 83,3 faizi özəl bölmənin payına düşür. Əhaliyə 54,7 milyon manatlıq ticarət, 9,6 milyon manatlıq pullu xidmətlər göstərilibdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət xidməti 6,7 faiz, pullu xidmətlər 2,9 faiz artıqdır. Ötən dövrdə əhali gəlirləri 7,3 faiz, xərcləri 7,4 faiz artıb. Rayon üzrə orta aylıq əməkhaqqı 204 manat olub ki, bu da 7,9 faiz deməkdir.
Cari ilin 3 ayında 5108 nəfər sosial müavinət alanlar üçün 633 min 247 manat vəsait ayrılıbdır
Respublikamızın hər yerində olduğu kimi, Lənkəran rayonunda da əhaliyə əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsi diqqət mərkəzində olubdur. Məhz bunun nəticəsidir ki, bu ilin birinci rübündə 8,7 milyon manat əmək pensiyaları və müavinətlərin ödənilməsinə yönəldilmiş pensiyaların vaxtında verilməsi təmin edilibdir. Rayonda bütün əmək pensiyası alanlar pullarını plastik kartlarla bankomatlardan alırlar. Bu məqsəd üçün Kapital Bankın Lənkəran filialı tərəfindən 9 bankomat quraşdırılıbdır. Ötən dövrdə məcburi dövlət sosial sığorta haqqının yığılması üzrə proqnoza 106,4 faiz əməl olunub. Ünvanlı dövlət sosial yardım üçün rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 1116 ailədən 741 nəfər qeydiyyata alınıb, 660 nəfər ünvanlı sosial yardımı alanlara 66 min manat vəsait ödənilibdir. Ümumilikdə hal-hazırda 3820 nəfər ünvanlı dövlət sosial yardım alır. Cari ilin 3 ayında 5108 nəfər sosial müavinət alanlar üçün 633 min 247 manat vəsait ayrılıbdır. Tənha, ahıl və ya əlil vətəndaşların sayı 119 nəfərə yaxındır. Eyni zamanda, Türkəkəran kəndində Qarabağ əlili üçün fərdi yaşayış evi tikilib istifadəyə verilibdir.
Sosial mənşəli infrastrukturun müasir standartlara uyğunlaşdırılması
Rayonda sosial mənşəli infrastrukturun müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər, mütəmadi olaraq, uğurla həyata keçirilməkdədir. Bu baxımdan, əhalinin təbii qazla təchizatı sahəsində ciddi tədbirlər görülmüşdür. Ötən il əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması daim Lənkəran şəhər icra hakimiyyəti başçısının diqqət mərkəzində olub, əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, eləcə də, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi məqsədilə konkret tədbirlər həyata keçirilibdir. Lənkəran şəhərində 1199 yeni “SMART” kart tipli sayğaclar quraşdırılıb, 13975 metr SİP kabel xətti çəkilib, 10 kv-luq hava xəttində 4892 metr naqil yenisi ilə əvəz edilibdir. Cari ilin birinci rübündə istehlakçı qruplara 2 milyon 581 min 976 manat 16 qəpik dəyərində 43 milyon 032 min 936 kvt/saat elektrik enerjisi verilib, ödəniş isə 1 milyon 737 min 156 manat, yaxud 67,3 faiz təşkil edibdir. Ötən dövr ərzində şəhərin ayrı-ayrı küçələrində 85 ədəd qaz siyirtməsi təftiş edilib, 4 ədəd qaz tənzimləyici şkaf yenisi ilə əvəzlənib, bir sıra küçələrdə aşağı və alçaq təzyiqli qaz kəmərlərində 527 sızma halı aşkarlanaraq aradan qaldırılıbdır. Şəhərin Z.Əliyeva küçəsində yeni çəkilən yeraltı polietilen qaz kəmərlərinin çıxışları mövcud qaz xətlərinə birləşdirilibdir. Rayonun Aşağı Nüvədi qəsəbəsi, Kənarmeşə, Seydəkəran, Tütəpeştə, Viyən, Cil və Boladi kəndlərində tikinti-quraşdırma işləri davam edir. Bununla əlaqədar Gərmətük, Hirkan qəsəbələrinin, Kosalar, Velədi, Bürcəli, Parakənd və Xanbulan kəndlərinin də qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyinin layihə-konstruktor şöbəsi tərəfindən yeni layihələr hazırlanır. Lənkəran Qaz İstismar Sahəsi 13320 abonentə xidmət edir. Bunun 12751-i işlək abonentdir. Təbii qazla təmin olunmuş bütün abonentlər üçün sayğaclar quraşdırılıbdır. Lənkəran QİS tərəfindən cari ilin birinci rübündə rayona dəyəri 10 milyon 721 min 997 manat olmaqla 10 milyon 729 min 976 kubmetr təbii qaz verilibdir ki, sərf olunan mavi yanacağın dəyərinin 909 min 751 manatı, yaxud 84,8 faizi ödənilibdir. O cümlədən, əhaliyə 9 milyon 965 min 201 kubmetr təbii qaz verilibdir.
Ötən dövrdə Lənkəran Su-kanal idarəsi tərəfindən şəhərin içməli su təchizatının və kanalizasiya sisteminin işini yaxşılaşdırmaq məqsədilə müəyyən işlər görülübdür. Xanbulan-Lənkəran ana su xəttinin Gərmətük qəsəbəsi və Bürcəli, Xanbulan, Kosalar kəndləri ərazisində qəzalı vəziyyətdə olan diametri 530 millimetrlik borular təmir olunubdur. Cari ilin birinci rübündə Su-kanal idarəsi tərəfindən istehlakçı qruplara 57097,1 manat məbləğində içməli su və çirkab suların axıdılması xidməti göstərilib, ödəniş 43818,71 manat olubdur.
Şəhərin Heydər Əliyev, Şəhidlər Xiyabanı, Q.Xiyabanı, T.İsmayılov küçələrində və 46-cı məhəllənin ərazisində kanalizasiya xətləri təmir edilib. Abadlıq kombinatının istifadəsində olan məişət tullantılarının atıldığı yer genişləndirilib və həmin əraziyə yeni yol çəkilibdir. Cari ilin 3 ayı ərzində müəssisə tərəfindən məişət tullantılarının daşınmasından 38761 manat vəsait yığılıbdır.
Göründüyü kimi, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Lənkəran şəhəri növbəti illərdə də yüksək tərəqqi yolu ilə inamla irəliləyəcək və sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni uğurlara imza atacaqdır.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 1 iyun.- S. 8.