1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

Azərbaycanda uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir

 

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu tarix əlamətdar gün olaraq qeyd edilir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Həmin tarixdən başlayaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biri olduğundan uşaqların müdafiəsi ilə bağlı tədbirlər həyata keçirilir. Uşaqlar gələcəyimizin aparıcı qüvvəsi olduğundan onlara dövlət tərəfindən xüsusi olaraq qayğı artırılır. Bu, Azərbaycanın  gələcəyinin müdafiəsidir. Bu gün qayğı içində böyüyən uşaqlar sabah müstəqil dövlətin aparıcı ziyalılırı olaraq cəmiyyətdə rol oynayacaqlar.

Uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan uşaqları haqqında məlumat bankı, internet saytı, xüsusi portal yaradılmışdır. Müasir Azərbaycan uşaqlarının potensialının üzə çıxarılmasında, onların dünyaya inteqrasiyası prosesində müxtəlif məzmunlu tədbirlər həyata keçirilir. Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsinin və “Şərq-Qərb” beynəlxalq uşaq rəqs festivalının keçirilməsi nəticəsində Azərbaycan uşaqları həmyaşıdları ilə fikirlərini bölüşürlər.

BMT-ninUşaq hüquqlarına dair” Konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, uşaqların intellektual inkişafına, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə yönəldilmiş müxtəlif tədbirlərin təşkili də Azərbaycanda uğurla həyata keçirilir. Məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının müasir standartlara uyğun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, uşaqlar arasında intellektual yarışların keçirilməsi də görülən işlərin davamıdır.

Ölkəmizdə uşaqlarla bağlı qanunvericiliyin tətbiqi, o qanunlarda islahat aparılması müstəqillik dövrümüzdə davamlı olaraq reallaşır. Azərbaycanın dünyaya inteqrasiya prosesi gücləndiyi bir zamanda yetişən nəslin milli dəyərlər zəminində formalaşdırmaq əsas məsələlərdən biri kimi qarşıda dayanır. Bu gün Azərbaycanda milli uşaq strategiyası yaradılmışdır.

Müasir həyatımızda irimiqyaslı layihələrə imza atan Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz uşaq hüquqlarının müdafiəsidir. Heydər Əliyev Fondu ölkəmizin sosial problemlərinin həllində çox fəal iştirak edir, bir sıra böyük proqramlar, layihələr hazırlayıb həyata keçirir, işlər görülür. Fond tərəfindən hər il mütəmadi olaraq 1 iyun tarixi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkil Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi (deinstitusionalizasiya) və alternativ qayğı” layihəsi bu istiqamətdə görülən işlərin məntiqidir.

 Fond tərəfindən “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı hazırlanıb və onun çərçivəsində bir sıra mühüm işlər görülmüş və davamlı olaraq öz həllini tapır.

Uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunmuş Talassemiya Mərkəzinin məhz uşaqlara olan diqqətin təzahürüdür. Ən müasir avadanlığın quraşdırıldığı mərkəzin istifadəyə verilməsi Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə gətirib çıxarmışdır. Eyni zamanda, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olunmuşdur.

Bu yaxınlarda isə Heydər Əliyev Fondunun və Rusiyanın “Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində Yeni Günəşli yaşayış massivində inşa edilmişXüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi” açılmışdır. Bu müalicəvi idmanfiziki tərbiyə reabilitasiya prosesində əsas üsullardan biridir. Mərkəzdə dünyada populyar olan balneoterapiya da həyata keçiriləcəkdir. Bu, uşaq serebral iflicindən əziyyət çəkənlərə müsbət təsir göstərən bir terapiyadır. Hovuzda uşaqların çəkisi iki dəfə azaldığından, onlar hərəkət etməyə qorxmurlar. Nəticədə hətta ağır xəstələr də sərbəst üzməyi öyrənə bilirbu da onlara hərəkət sevinci, həyat eşqi bəxş edir. Bu terapiyanın daha səmərəli olmağı üçün gələcəkdə hovuza xüsusi qaldırıcı qurğunun alınması planlaşdırılır ki, hərəkət etməyən uşaqlar da bu terapiyadan istifadə etsinlər.

Bütün bunlarla yanaşı, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosialyönlü layihələr sırasında “Diabetli uşaqlara qayğı” layihəsi də əhəmiyyət daşıyır. Avqust ayının 23-dən başlayaraq Gəncə şəhərində 15 gün fəaliyyət göstərəcək yay düşərgəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də, məcburi köçkün və qaçqın, tərkibində 2-3 nəfər şəkərli diabet olan ailələrdən seçilmiş 30 şəkərli diabetli uşaq üçün nəzərdə tutulur. Yay məktəbinin əsas məqsədi gələcəkdə özləri kimi digər uşaqlara ilkin tibbipsixoloji dəstək verə biləcək gənc liderlərin hazırlanmasıdır.

Bütün bunlar gələcəkdə uşaqlarda özünəinam, özünümüdafiə, özünütəsdiq xüsusiyyətlərini inkişaf etdirəcək. Azərbaycan sürətlə inkişaf edən dövlət olduğundan müasir həyatımızda cəmiyyətin ən həssas və qayğıya ehtiyacı olan uşaqlara diqqət artır, onlarla bağlı tədbirlər planı həyata keçirilir. Uşaqlar dünyada sülhsevər olduğundan hər uşağa valideyn himayəsində, azadfiravan bir dövlətin övladı tək böyüməyi arzulayırıq.

 

 

NƏZAKƏT

 

Səs.- 2011.- 1 iyun.- S. 10.