Azərbaycan-Rumıniya əlaqələri genişlənir

 

İki qardaş ölkələrin universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalandı

 

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Rumıniya Respublikasının Babeş-Bolyai Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında müqavilə imzalandı. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, universitetin rektoru, professor Yusif Məmmədov açaraq, bildirdi ki, bu gün Azərbaycanla dost ölkə olan Rumıniya arasında iqtisadi, mədəni, siyasi və başqa sahələrdə əməkdaşlıq davam edir. Bu dostluq, qardaşlıq əlaqələrinin bariz nümunəsi olaraq Rumıniyanın paytaxtı Buxarest şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Universitetin rektoru Y.Məmmədov dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından hesab edilən Babeş-Bolyai Universitetinin rektoru və onu müşayiət edən nümayəndələrin universitetin qonağı olduğunu bildirdi:”Dünyanın 40 ölkəsinin 200 ali təhsil mərkəzi ilə əməkdaşlıq edən Babeş-Bolyai Universiteti Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə də əlaqələri möhkəmləndirir. 1581-ci ildə yaradılmış universitet bu illər ərzində Avropa məkanında böyük nüfuz qazanmışdır. 430 illik tarixi olan universitetdə bu gün 50 mindən çox tələbə təhsil alır. Dərslər ingilis, rus, ispan, alman başqa dillərdə tədris olunur.” Rektor onu da bildirdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Babeş-Bolyai Universiteti nəzdində Türk Mərkəzi Asiya Araşdırmaları İnstitutu yaradılmışdır. Ölkə başçısı İlham Əliyev 2009-cu ildə Babeş-Bolyai Universitetində olmuş oranın Fəxri doktoru adına layiq görülmüşdür. ADPU-nun Elmi Şurasının qərarı ilə iki qardaş ölkələrin universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalandı. Andrey Marqd universitetin Fəxri doktoru adına layiq görüldü.

 

 

N.ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 1 iyun.- S. 10.