Bakı və
Bakıətrafı qəsəbələr yeni inkişaf
yolunda
Görülən işlərin
uğurlu nəticələri Nərimanov rayonunda da
reallaşır
Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu yeni Dövlət Proqramı Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədi ilə hazırlanıb və təsdiq edilib. Artıq yeni Dövlət Proqramının uğurlu icrasına başlanılıb.
Belə ki, Bakı şəhərinin və onun qəsəbələrinin infrastruktur təminatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanıb, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilir, mövcud binalar əsaslı təmir edilir, müasir tipli idman kompleksləri istifadəyə verilir.
Bu uğurlu inkişafı Nərimanov rayonunda da aydın görmək olar. Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ keçmiş sovetlər dönəmində burada inşa edilən və özünün nəhəng istehsal həcminə görə seçilən sənaye müəssisələri bu gün də ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir. Rayonun paytaxtın 5 mərkəzi rayonunun əhatəsində yerləşməsi də buradakı nəqliyyat və digər kommunikasiya sistemlərinin müasir tələblərə uyğun olaraq durmadan inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Paytaxtın ən iri prospektləri olan Heydər Əliyev və Ziya Bünyadov prospektləri də bu rayonda yerləşir. Son illər burada nəqliyyat infrastrukturunun genişləndirilməsi baxımından mühüm irəliləyişlər olub, müasir standartlara uyğun körpü və yolötürücüləri inşa olunmuş, prospekt və yollar genişləndirilibdir. Ümumilikdə, bütün ölkədə aparılan quruculuq və abadlıq işləri Nərimanov rayonunda da geniş vüsət almışdır. Son vaxtlar tikilməkdə olan və özünün əhəmiyyətinə görə digər sosial obyektlərdən müasirliyi, modern arxitekturası, relyefi, genişliyi və əzəməti ilə seçilən, dünyada analoqu olmayan, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Mərkəzini rayonun şah əsəri kimi dəyərləndirmək olar.
Rayonda sakinlərin istirahətinin təşkili baxımından da xeyli işlər görülmüşdür. “Ekologiya ili” elan olunmuş 2010-cu il çərçivəsində 7 hektar ərazi rayonun daxili imkanları hesabına abadlaşdırılıb, park-yaşıllıq zolağı salınıb, ölkəmizin müxtəlif bölgələrindən və İtaliyadan gətirilən müxtəlif qiymətli ağaclar əkilibdir.
Sosial-iqtisadi göstəricilər
Rayon ərazisində 137 sənaye obyekti, 122 tikinti təşkilatı, 1800 firma, şirkət, kiçik müəssisə, 40 nəqliyyat, 43 rabitə müəssisəsi və s. fəaliyyət göstərir. Burada 8 ali, 2 orta ixtisas təhsil müəssisəsi, 4 peşə liseyi, 1 gimnaziya, 3 kollec, 20 orta məktəb, 5 kitabxana, 28 dövlət və 13 özəl tibb müəssisəsi fəaliyyət göstərir. Son dövrdə rayon ərazisində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə fond tərəfindən akademik Zərifə Əliyeva adına Uşaq Bağçası, Respublika Talassemiya Mərkəzi, Psixonevroloji Uşaq Evi və müasir məktəb kompleksi tikilib istifadəyə verilib, kor və zəif görən uşaqlar üçün Respublika İnternat Məktəbi və onun nəzdində musiqi məktəbi, “Ankara məktəbi” liseyi, 6 saylı uşaq poliklinikası əsaslı təmir olunubdur.
Ölkə Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və himayəsi ilə Nərimanov rayonunda bir sıra mühüm obyektlərin tikintisinin təməli qoyulub və inşası uğurla başa çatdırılıbdır. Ümumiyyətlə, son beş ildə ölkə Prezidenti 30 dəfə Nərimanov rayonu ərazisində olub, 25 açılış və 2 təməlqoyma mərasimində iştirak edib, tanışlıq xarakterli 3 tədbirə qatılıbdır. Cənab İlham Əliyev tərəfindən təməli qoyulan və onun şəxsi nəzarəti altında inşa edilən bu obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirib və gözəlləşdirib, əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsində mühüm rol oynamışdır.
Cari ilin birinci
rübü ərzində istehlakçılara 307 milyon
manatlıq sənaye məhsulu göndərilib
Rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilərək, bu müddət ərzində, xidmətlər də daxil olmaqla, 405,1 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən istehsalın həcmi 29,8 faiz artıbdır. Rüb ərzində istehlakçılara 307 milyon manatlıq sənaye məhsulu göndərilib. Sənaye kompleksində işləyənlərin sayı 8295 nəfər təşkil edibdir ki, onların orta aylıq əmək haqqı 13,8 faiz artaraq, 313,5 manat təşkil edibdir. Sahibkarlığın inkişaf etdirilməsi və onlara göstərilən dövlət dəstəyinin artması nəticəsində 2008-ci ildə 295, 2009-cu ildə 302, 2010-cu ildə isə 332 yeni müəssisələr yaradılıbdır. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2003-cü ildən indiyə kimi 27834 daimi iş yeri yaradılıbdır ki, bunun da 1807-si ötən ilə aiddir. İl ərzində bütün mənbələr hesabına əsas kapitala 51,3 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da 2009-cu ilə nisbətən 97,1 faiz təşkil edib. Tikinti təşkilatları tərəfindən yerinə yetirilən podrat işlərinin həcmi 356,2 milyon manat olmaqla, əvvəlki ilə nisbətən 84,4 faiz təşkil edibdir. Bu sahədə işləyən işçilərin orta aylıq əmək haqqı 11,2 faiz artaraq 465 manat olub.
Abadlıq və quruculuq
işləri
Məlum olduğu kimi, rayon ərazisində, Qafqazda analoqu olmayan, Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan Mərkəz inşa edilir. Heydər Əliyev Mərkəzinin tikintisi ilə əlaqədar rayon icra hakimiyyətinə aid olan işlərin icrası təmin olunub, ərazidəki 5 yaşayış binasının sakinləri rayonun mərkəzində yeni tikilmiş yaşayış kompleksində öz əvvəlki mənzillərinin ümumi sahəsindən 2 dəfə çox olmaqla tam təmirli, geniş və yaraşıqlı mənzillərə köçürülübdür.
Rayonda iri infrastruktur layihələrin həyata keçirilməsi işləri də uğurla davam etdirilir. Gənclik meydanında yeraltı yolötürücüsünün və yeraltı avtomobil dayanacağının inşası, metronun “Gənclik” stansiyası ətrafındakı binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi buna əyani sübutdur. Bakı şəhərində olduğu kimi, son 5 ildə rayonun siması əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu inkişaf prosesi uğurla davam etdirilir. Bütün bunlar Prezidentin həyata keçirdiyi düzgün, uzaqgörən, uğurlu sosial-iqtisadi siyasətinin real nəticəsidir.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı sahəsində vəziyyətin yaxşılaşdırılması istiqamətində keçən il müvafiq işlər görülüb. Azadlıq prospekti, Həsən Əliyev, Ziya Bünyadov prospekti və digər küçələrdə nümunəvi məhəllələr yaradılıb. Koroğlu Rəhimov küçəsi və Heydər Əliyev prospektində yol kənarlarında müasir standartlara cavab verən abadlıq-quruculuq işləri aparılıbdır. Prezident İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə bağlı rayonda çox mühüm işlər görülmüşdür. Rayonun küçə və prospektlərinin ətraflarında, məhəllədaxili ərazilərində, park və yaşıllıq zolaqlarında 6 mindən çox ağac, 18 mindən çox dekorativ kol və gül bitkiləri əkilib, A.M.Cümə küçəsində ayrılmış 7 hektar ərazidə nümunəvi yaşıllıq zolağı salınıb, burada İtaliyadan gətirilmiş hündürlüyü 3-4 metrdən çox olan 3 mindən çox leylandra ağacları əkilibdir. Onlara qulluq üçün ərazidə 2 ədəd subartezian quyusu qazılıb, tutumu 300 kubmetr olan su anbarı tikilib, suvarma-damcılama vasitəsi ilə həyata keçirilən sistem yaradılıb, mühafizə məqsədilə ərazi dəmir barmaqlıqlarla hasara alınıbdır. A.M.Cümə və akademik Həsən Əliyev küçələrinin kəsişməsində yeni yaşıllıq zolağı salınıbdır. H.Əliyev, Atatürk prospektlərində və K.Rəhimov küçəsində yerləşən yaşayış binalarının fasadları və dam örtükləri təmir edilib və bu işlər davam etdirilir. Bir sıra küçələrdə məhəllədaxili yollara təxminən 70000 kvadratmetr asfalt örtüyü salınıbdır. İstilik sistemlərinin təmiri ilə əlaqədar mühüm işlər görülüb, 178 saylı orta məktəb və 305, 89, 165, 49, 307, 64 saylı uşaq bağçalarının, 12 yaşayış binasının istilik sistemində əsaslı təmir işləri aparılıbdır.
Həmçinin, cari ildə “Dədə Qorqud” parkında və Atatürk prospektindəki yaşıllıq zolağında aparılacaq təmir-bərpa, yenidənqurma və abadlıq işlərinin layihəsi də təsdiq olunub və tezliklə bu işlərə də başlanılacaqdır.
Təhsildə
uğurlar
Ötən dərs ilində Nərimanov rayonu ərazisindəki 22 ümumtəhsil məktəbində 24648 şagird təhsil alıbdır. Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il keçirilən müsabiqədə Nərimanov rayonunun ümumtəhsil məktəbləri də yaxından iştirak edir. Nərimanov rayonu məktəblərinin əldə etdikləri nailiyyətlər ölkə Prezidentinin müvafiq sərəncamlarında öz əksini tapmış, 304, 177 və 258 saylı məktəblər “İlin məktəbi” adına layiq görülüb. Təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən, təhsilimizin inkişafında xidmətləri olan şəxslər də ölkə Prezidenti tərəfindən fəxri ada layiq görülüb. Rayonun təhsil və səhiyyə müəssisələrində cari təmir işləri aparılıb.
Bütün bunlarla yanaşı, cari ilin birinci rübü ərzində əhalinin sosial müdafiəsi sahəsində də böyük işlər görülüb. Belə ki, Ünvanlı Dövlət Sosial Yardımı Proqramının həyata keçirilməsi ilə əlaqədar 2124 ailəyə (8985 nəfərə) orta hesabla 110 manat olmaqla, hər ay ümumilikdə, 279 min manat məbləğində yardım ödənilibdir.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 3 iyun.- S. 8.