Bakı və Bakıətrafı qəsəbələrin yeni inkişaf dövrü başlayır

 

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Dövlət Proqramı paytaxt və ətraf qəsəbələrdə görülən işlərin daha yüksək səviyyədə davam etdirilməsini təmin edəcək

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Yeni Dövlət Proqramı Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədi ilə hazırlanıb və təsdiq edilib.

Qeyd edək ki, Bakı şəhərinin ətraf qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” təsdiq edilib. Ötən müddət ərzində proqramda nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” da həmin işlərin sistemli şəkildə davam etdirilməsi məqsədi ilə hazırlanıb.

“Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində xeyli görülüb.

“Tədbirlər Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən, qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanıb, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilib, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.

Tədbirlər Proqramının icrası nəticəsində Bakının Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilib, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılaraq, əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində nəzərdə tutulmuş işlər başa çatdırılıb. 2006-2007-ci illər ərzində layihə sənədlərinə uyğun olaraq 272,2 km uzunluğunda qaz kəməri və müvafiq qaz qurğuları tikilib istifadəyə verilib. Ümumilikdə, Bakı şəhərinin 97 faizi qazlaşdırılıb.

Təkcə 2007-ci il ərzində Bakı şəhəri üzrə 189 km uzunluğunda istismara yararsız su xətti, 21,3 km uzunluğunda kanalizasiya xətti əsaslı təmir olunub, 933 elektrik mühərriki və 491 su nasosu yenisi ilə əvəz edilibyaxud təmir olunub, 21,3 km uzunluğunda elektrik kabeli dəyişdirilib. Ümumi həcmi 221,8 min kubmetr olan su anbarları yuyulub və zərərsizləşdirilib.

Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkab suların dənizə axıdılmasının qarşısının alınması məqsədi ilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması layihəsi həyata keçirilib.

Bibiheybət və Sabunçu rayonu ərazilərində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilib, lay suları axıdılan açıq kanalların 1200 metr hissəsi qapalı dəmir-beton kanalla əvəz edilib. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/sutka olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilib.

Ötən müddət ərzində qəsəbələrdə elektrik enerjisinə olan tələbatın təmin olunması məqsədi ilə Bakı şəhərində modul tipli elektrik stansiyası tikilib istifadəyə verilib, 2007-ci il ərzində Bakıda uzunluğu 325 km kabel xətləri çəkilib, 6/10 kv-luq 121 yeni transformator məntəqəsi quraşdırılıb, 110 və 35 kv-luq 12 yarımstansiya və 186 transformator məntəqəsi əsaslı təmir olunub, 272 transformator daha güclüləri ilə əvəz edilib, 0,4-10 kv-luq 955 dayaq yenisi ilə əvəz edilib.

Mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatının yaxşılaşdırılması məqsədilə 2007-ci il ərzində Bakı şəhərində 29 qazanxana tikilib istifadəyə verilib.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2007-ci ildə respublikaya iriorta tutumlu 233 avtobus gətirilərək istismara buraxılıb. Bakı Metropoliteni üçün 2004-2007-ci illər ərzində 50 yeni vaqon alınıb və şəhər sakinlərinin istifadəsinə verilib. Yol qovşaqlarının və piyada keçidlərinin inşası sahəsində 2006-2007-ci illər ərzində 6 yol ötürücüsü və 6 piyada keçidi tikilərək istifadəyə verilib.

Ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi Binəqədi-Balaxanı avtomobil yolu təmir olunub, respublikanın 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan “Bakı dairəvi yolunun, “Əzizbəyov” metro stansiyası dairəsindən aeroporta qədər (14 km) avtomobil yolunun və 6 zolaqlı Zığ-Binə, həmçinin, Bilgəh-Pirşağı avtomobil yolunun tikintisi davam etdirilib.

Ötən müddət ərzində Sabunçu rayonunun Zabrat qəsəbəsində 1176, Ramana qəsəbəsində 840, Bakıxanov qəsəbəsində 1176 və 720, Maştağa qəsəbəsində 720, Binəqədi rayonunun Xocasən qəsəbəsində 840, Suraxanı rayonunun “Dədə Qorqud” yaşayış sahəsində 960, Bülbülə qəsəbəsində 844, Zığ qəsəbəsində 840, Qaradağ rayonunun Sahil qəsəbəsində 1296, Müşfiqabad qəsəbəsində 840, Qobustan qəsəbəsində 1296, Nizami rayonunun Keşlə qəsəbəsində 1296, Sabunçu rayonunun Albalılıq yaşayış sahəsində 1296 şagird yeri olan məktəb binaları tikilmiş, onlarla məktəbdə əsaslı təmir işləri aparılıb, əlavə sinif otaqları və korpuslar istifadəyə verilib.

Bu müddət ərzində onlarla xəstəxana, poliklinikadiaqnostika mərkəzi, o cümlədən, Xocasən, Əhmədli və Bülbülə qəsəbələrinin hər birində 50 gəlişli poliklinika, Xocasəndə təcili tibbi yardım məntəqəsi, Zığ qəsəbəsində sağlamlıq mərkəzi, Buzovnada Vərəm Əleyhinə Dispanserin 125 çarpayılıq korpusu üçün yeni binalar inşa edilib, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqla təchiz olunub.

Əhalinin su təminatının yaxşılaşdırılması üçün tikilən Oğuz-Qəbələ-Bakı su kəməri şəhər əhalisinin 70 faizi Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən keyfiyyətli içməli su ilə davamlı olaraq təmin edəcək.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 32 piyada keçidi tikilib, 23 yol ötürücüsü, körpü və tunellər istifadəyə verilib. Həmçinin, Bakı şəhərində sərnişin nəqliyyatının hərəkətinin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində bir sıra işlər aparılıb, o cümlədən, “Nəsimi” və “Azadlıq prospektiyeni metro stansiyaları inşa olunub, “İçərişəhər” və “28 May” stansiyaları yenidən qurulub, Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilib.

Ölkəmizin hər yerində olduğu kimi, Bakı şəhərində də sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifə kimi qarşıya qoyulub.

Təkcə 2010-cu il ərzində Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı qəsəbələrində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, həmçinin, Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilib, Respublika Klinik Uroloji Xəstəxanasının, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub.

Ümumilikdə, son illər ərzində Bakı şəhərində 34 məktəb, 18 tibb müəssisəsi tikilib və təmir edilib, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilib.

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Bakı şəhəri üzrə 629 sahibkarlıq subyektinə 99 milyon manat güzəştli kredit verilib. Ölkə paytaxtında biznes mühitinin inkişafı sahəsində son illər həyata keçirilmiş layihələr nəticəsində Şüşə Məmulatları İstehsalı Zavodu, Pambıq Emalı Fabriki, Qranit-Mərmər Zavodu istifadəyə verilmiş, gəmiqayırma zavodunun təməli qoyulub.  “Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən Hövsan qəsəbəsində gündəlik istehsal gücü 200 ton olan yeni süd emalı zavodunun, “Qaradağ Sement” ASC-də yeni klinker sobasının inşası davam etdirilib. Məhz görülən işlər nəticəsində son 7 ildə Bakı şəhəri üzrə ümumilikdə 23 minə yaxın müəssisə, 191 mindən çox yeni yeri yaradılıb ki, bunun 189 mindən çoxu daimi yeridir. Göründüyü kimi, son illərdə paytaxtda və Bakıətrafı qəsəbələrdə görülmüş işlər bu bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirib. 2011-2013 illəri əhatə edən yeni Dövlət Proqramının isə bu inkişafı daha yüksək səviyyəyə gətirəcəyinə şübhə yoxdur.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 2 iyun.- S. 3.