“Pensiya
təminatında vahid prinsipin
tətbiqi islahatların yeni
mərhələsidir”
Bu mövzuda YAP və DSMF-nin
birgə təşkilatçılığı ilə
dəyirmi masa keçirilib
Əli Əhmədov: “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin edilməsi Azərbaycan xalqının həyat səviyyəsinin, həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan ciddi addımlardır”
Dünən “Hyatt Regency” otelinin “Bakı” zalında Yeni Azərbaycan Partiyası və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə “Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, bu dəyirmi masa, hər bir Azərbaycan vətəndaşının, xüsusilə, yaşlı əhalini maraqlandıran məsələ ətrafında fikir mübadiləsi aparmağa imkan yaradır: “Dövlətin ictimai müqavilədən irəli gələrək öz üzərinə götürdüyü ən mühüm funksiyalardan biri də pensiya təminatıdır. Pensiya sistemi öz-özlüyündə bir çox əhəmiyyətli funksiyanı yerinə yetirir. Bunun birincisi cəmiyyətin yaşlı nəslinin sosial statusunun təmin edilməsidir. İkincisi, cəmiyyətin layiqli həyat səviyyəsinin təmin olunmasına dəstək göstərilməsidir. Pensiya sistemi, eyni zamanda, cəmiyyətdə vətəndaş həmrəyliyini möhkəmləndirən əhəmiyyətli vasitələrdən biridir”.
Ə.Əhmədov ölkədə bütün sahələrdə həyata keçirilən uğurlu islahatlardan geniş bəhs etdi. Bildirdi ki, bu islahatlar pensiya sistemini əhatə edir: “Ölkəmizdə 20 il ərzində dayanıqlı pensiya sistemi formalaşıb. Bu yaşlı əhalinin layiqli həyat səviyyəsinin və sosial statusunun təmin edilməsinə özünün töhfəsini verir. Bununla yanaşı, həyatımızın inkişafından irəli gələrək bütün sahələrdə islahatların həyata keçirilməsinə ciddi ehtiyacların yarandığı kimi sosial müdafiə və pensiya sistemində də çox ciddi dəyişikliklərin aparılmasına zərurət duyulur. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında uğurlu islahatlar həyata keçirilir. Bu islahatlar bu günədək pensiya sistemində həyata keçirilən dəyişikliklərin yeni mərhələsini özündə ehtiva edir.”
Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov pensiya sahəsində həyata keçirilən tədbirlərlə əlaqədar geniş təqdimatla çıxış etdi: “Bu gün, bütün sahələrdə olduğu kimi, sığorta-pensiya sistemində də həyata keçirilən islahatlar heç də ayrı-ayrılıqda atılan addımlar xarakteri daşımır. Bunlar kompleks şəkildə aparılır. Ulu Öndər Heydər Əliyevin bu tezisi dövlətimizin siyasətinin əsasında dayanır - “Dövlətimizin siyasəti iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, birinci növbədə sosial problemləri həll etməkdən ibarətdir.” İqtisadi siyasətin yaratdığı baza əsasında uğurlu sosial siyasət həyata keçirilir. Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümünə həsr olunmuş tədbirdə dövlət başçısı İlham Əliyev bildirmişdir: “Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əmək haqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir.”
S.Müslümov Azərbaycan Respublikasında pensiya islahatlarının qısa xronologiyasını verdi: “Ümummilli Lider Heydər Əliyev tərəfindən 17 iyul 2001-ci ildə “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası” təsdiq olunub və 2001-2005-ci illərdə konsepsiyanın müddəaları gerçəkləşdirilib. Həmçinin, 27 noyabr 2001-ci ildə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 908 nömrəli Fərmanı ilə vahid sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunduqdan sonra 2003-cü ildən fərdi uçot sisteminin tətbiqi ilə bağlı layihələrin icrasına başlanılıb və 2005-ci ilin sonunadək pilot və hazırlıq işləri başa çatdırılıb. Pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə isə 2004-cü ildən etibarən başlanılıb. 2005-ci ildə sığorta pensiya sistemi ilə dövlət sosial yardım sistemlərini biri-birindən ayıran “Əmək pensiyaları haqqında” və “Dövlət sosial müavinətləri haqqında” Azərbaycan Respublikası qanunlarının layihələri hazırlanıb. 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya sisteminə keçid baş verib və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Həmin tarixədək tətbiq olunan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədən salınıb. 2006-cı ildən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunması Dövlət Sosial Müdafiə Fonduna verilib”.
S.Müslümov islahatların növbəti mərhələsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirildiyini də vurğuladı: “Dövlət Proqramına uyğun olaraq 2010-cu il yanvarın 1-dən yeni təyin olunan pensiyalar üzrə 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının əmək stajı göstəricisinə əsasən müəyyənləşdirilməsi həyata keçirilib. 2011-ci ildə yeni pensiya təyinatında tətbiq olunan əmək stajı göstəricisi əsasında hesablama qaydasının əvvəllər təyin olunmuş bütün pensiyalara da şamil edilməsi və bununla da pensiya təyinatının sistemin bütün iştirakçıları üçün vahid prinsiplə aparılması barədə qanun qəbul edilib”.
S.Müslümov vurğulayıb ki, Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri Ümummilli Liderimiz Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların nə qədər düzgün və alternativsiz olduğunu sübut edir. Eyni zamanda, həyata keçirilən islahatlar cənab İlham Əliyevin “Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir” fikrini bir daha təsdiqləyir.
Dəyirmi masada, həmçinin, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli və AMEA-nın İqtisadiyyat İnstitutunun elmi katibi Rəsmiyyə Abdullayeva “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərdən, onların ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmasından geniş bəhs etdilər. Bildirdilər ki, Azərbaycan bu gün hər bir sahədə böyük uğurlara imza atır. Biri-birindən əhəmiyyətli islahatların həyata keçirilməsi ölkəmizin daha da qüdrətlənməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə geniş yol açır. Uğurlu sosial dəyişikliklərin əsasında isə möhkəm iqtisadi baza dayanır. Bu gün müstəqil dövlətimizin artan iqtisadi imkanları əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların miqyasının daha da genişləndirilməsinə stimul verir. “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər də buna əyani sübutdur.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 2 iyun.- S. 6.