Beynəlxalq uşaq günü qeyd edildi

 

Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı humanizm aksiyalarını davam etdirir

 

Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının və Sabunçu rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib. Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 11 saylı Xüsusi İnternat Məktəbində uşaqlarla keçirilən tədbir bu qəbildən olan uşaqların da heç vaxt diqqətdən kənarda qalmadığına bir işarədir.

Tədbirdə çıxış edən 11 saylı İnternat məktəbin direktoru  Mehparə Cəfərova 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik edərək, onlara sağlam və işıqlı gələcək arzuladı. Bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqlara həmişə diqqət və qayğı ilə yanaşıb. Məhz bunun nəticəsi olaraq bütün ölkə üzrə təhsil müəssisələrində, uşaq bağçalarında Heydər Əliyev Fondu tərəfindən yenidənqurma və bərpa işlərinin aparıldığını, uşaqların normal yaşaması ən yaxşı formada təhsil almaları üçün münbit imkanların təmin edildiyini söyləyən M.Cəfərova Azərbaycanda bütün qəibldən olan insanlar kimi valideyn himayəsəndən məhrum olmuş uşaqlara diqqət və qayğının günü-gündən artırıldığını söylədi.

Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Cəmilə Ramazanova da çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbriklərini çatdırdı. Qeyd etdi ki, ölkəmizdə aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilib. C.Ramazanova uşaqların hər bir ailə üçün sevinc və xoşbəxtlik mücəssəməsi olduğunu və həyatımızı onlarsız təsəvvür etməyin mümkünsüzlüyünü də diqqətə çatdırdı.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva da 1 İyun  Uşaqların Beynəlxalq  Müdafiəsi Günü münasibəti ilə bütün uşaqlara öz təbriklərini, ən xoş arzularını çatdırdı. Qeyd etdi ki, müasirgüclü Azərbaycanın banisi Ulu Öndərimiz Heydər Əliyev həmişə uşaqlara böyük sevgi və qayğı ilə yanaşıb. Bu günOnun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin böyük əzmlə həyata keçirdiyi humanist işlərin tərkib hissəsində uşaqlara xüsusi yer verildiyini söyləyən M.Abasquliyeva Azərbaycan ailəsinin, cəmiyyətimizin uşaqlara qarşı olan münasibətinin bütün bəşəriyyət üçün nümunə ola biləcəyinə də inamını ifadə etdi. M.Abasquliyeva hazırda ölkəmizdə böyük humanizm layihələrini həvəslə və sevgi ilə yerinə yetirən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xeyirxah işlərinin davam etdiyini də vurğuladı.

Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların sevincinə sevinc qatan Sabunçu rayon Mədəniyyət evinin nümayəndələri və məktəblilərin hazırladığı bədii kompozisiyalarla davam etdirldi.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 2 iyun.- S. 8.