Azərbaycanda sənayeləşmə sürətlə inkişaf edir

 

İlham Əliyev: "Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişaf etdirilməsi üçün konkret proqram və ya sənəd qəbul olunmasın"

 

Ölkəmizin sosial-iqtisadi tərəqqisi getdikcə sürətlənir. Həyata keçirilən mühüm dövlət proqramları, məqsədyönlü islahatlar ölkənin davamlı və tarazlı inkişafına geniş imkanlar yaradır. Dünyada maliyyə və iqtisadi böhranın yaşandığı bir zamanda Azərbaycanda belə inkişaf tendensiyasını beynəlxalq aləmdə də çox yüksək dəyərləndirirlər.

 

Davamlı iqtisadi inkişaf

 

Son 7 ilin statistik rəqəmləri Azərbaycanın keçdiyi yüksək inkişaf yolunu, ölkənin sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını əyani şəkildə sübut edir. Belə ki, son 7 ildə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə, dövlət büdcəsinin gəlirləri 5 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, minimum əmək haqqı 6 dəfə artıb, ölkədə 35 mindən artıq yeni müəssisə və 900 mindən çox iş yeri açılıb.

Bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın davamlı və tarazlı tərəqqisinə yönəldilmiş dövlət proqramları mühüm rol oynayıb. Belə ki, 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramının uğurla yerinə yetirilməsi Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə regionlarının sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə yaxşılaşdırıb.

Bununla belə, ölkə Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, həyat öz yerində dayanmır, qarşıya yeni vəzifələr çıxır, problemlər meydana gəlir, onların həlli isə yeni, daha mükəmməl proqramların qəbulunu və həmin sənədlərin uğurla icra edilməsini tələb edir. Bölgələrin mövcud potensialını hərəkətə gətirmək üçün bütün lazımi infrastruktur yaradılıb, bunun da nəticəsində şəhər və rayonlarımızın siması əsaslı şəkildə dəyişib, sosial obyektlərin tikintisi sürətləndirilib.

 

Dövlət proqramlarının müsbət nəticəsi

 

Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişaf etdirilməsi üçün konkret proqram və ya sənəd qəbul olunmasın. Hətta həmin proqramların icrasını sürətləndirmək məqsədilə lazımi maliyyə mənbələri və bütün texniki imkanlar da öncədən müəyyənləşdirilib. İri dövlət proqramlarının uğurla icra edilməsini təmin edən şərtlərdən biri də məhz bu amillərdir. Həmin proqramların son məqsədi isə ölkə əhalisinin firavan yaşayışını təmin etmək, dövlətin məşğulluq strategiyasını uğurla reallaşdırmaqdan ibarətdir.

2003-cü ildən bugünə qədər ölkəmizdə 900 min yeni iş yerinin yaradılması isə sübut edir ki, nəzərdə tutulmuş bütün planlar uğurla icra olunur, Azərbaycan düzgün yoldadır, ölkənin davamlı və tarazlı inkişafı artıq dönməz bir prosesə çevrilib. Bu məsələyə toxunan Prezident İlham Əliyev deyib: "Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi- bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik".

Azərbaycanın mövcud zəngin neft-qaz potensialına baxmayaraq, uğurlarımızın təməlində ciddi islahatların dayandığını vurğulayan dövlət başçısı bir daha bəyan etdi ki, həyata keçirilən tədbirlər, iqtisadiyyatın liberallaşması istiqamətində görülən işlər nəticəsində Azərbaycan hətta böhranlı 2009-cu ili də uğurla başa vurdu.

 

Sahibkarlara siyasi dəstək

 

Dövlət başçısı Azərbaycanın hərtərəfli inkişafına, xalqın firavan yaşayışının təminatına yönəldilmiş işləri yüksək qiymətləndirərək bildirmişdir: "Bizim bütün planlarımız sistemli xarakter daşıyır... Vəzifə qoyulub ki, 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapsın. Ancaq biz bundan da qabağa baxmalıyıq ki, ondan sonra Azərbaycan iqtisadiyyatı hansı meyillərlə inkişaf edəcəkdir?! Biz bu barədə, əlbəttə ki, düşünürük və dövlət qurumları bunun üzərində işləyirlər".

Ölkə Prezidenti İlham Əliyev çıxışlarında ölkədə özəl bölmənin, sahibkarlığın əsil himayəçisi olduğunu bəyan edərkən vurğulamışdır: "Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik... Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır".

Bununla belə, dövlət başçısı sahibkarların da üzərinə mühüm vəzifələrin düşdüyünü bəyan edərək, bildirib ki, iş adamları dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməli, vergiləri vaxtında ödəməlidirlər. Eyni zamanda, onlar sosial təşəbbüslərə də fəal qoşulmalıdırlar.

 

Sənaye kompleksinin modernləşdirilməsi

 

Ölkə Prezidenti İlham Əliyev çıxışlarında görülən işlər nəticəsində ölkənin ərzaq məhsulları ilə təminatının ilbəil yaxşılaşdığını son dərəcə müsbət hal kimi dəyərləndirir. Bununla belə, Prezident İlham Əliyev bəyan edir ki, Azərbaycan dünyada qaçılmaz olan ərzaq böhranına hər an hazır olmalı, daxili istehsalın daha da artırılmasının qayğısına qalmalıdır. Bu yolla həm də ölkənin ixrac imkanlarının artırılmasına nail olmaq mümkündür.

Prezident İlham Əliyev bu barədə danışarkən deyib: "Gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir. Mən bu barədə dəfələrlə demişəm, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir. Bu gün bu proses gedir. Bu gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə işə başlayacaqdır. Bunlar Azərbaycanda yeni istiqamətdə sənaye sahəsinin yaradılmasına gətirib çıxaracaqdır... Sənaye sahəsində görüləcək işlər elə olmalıdır ki, Azərbaycan iqtisadiyyatı ancaq sənaye müəssisələrinin səmərəli fəaliyyəti hesabına yaşaya bilsin".

Bu sahənin daha da inkişaf etdirilməsi üçün isə ölkəmizin hər cür imkanları var. Belə ki, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının satışından əldə edilən gəlir, eləcə də, ölkədə yaradılmış çoxşaxəli nəqliyyat infrastrukturu yeni sənaye sahələrinin yaradılmasına, mövcud müəssisələrdə rəqabət qabiliyyətli məhsul istehsalına hər cür imkan verir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 1 mart.- S. 5.