Jurnalistlərin mənzillə təminatında
hamını razı salan ədalətli variant tapmaq məsuliyyəti
daha böyükdür
Əflatun Amaşov: "Hesab edirəm ki, bu vəzifənin
öhdəsindən gələ biləcəyik"
- Əflatun müəllim,
"Reket jurnalistika" ilə mübarizədə Mətbuat
Şurası müəyyən nəticələr əldə
edə bildimi?
- Nəticələrimiz, təbii ki, var. Mətbuat Şurasının bütün istiqamətlər üzrə fəaliyyətinə, o cümlədən, "reket jurnalistika" ilə mübarizəsinə ən doğru qiyməti verən cəmiyyətdir. Bu baxımdan, nəticələrin nə dərəcədə qənaətbəxş olduğunu söyləmək fikrindən uzağam. Qeyd edim ki, ötən il iyulun 22-də Azərbaycan Mətbuat Şurasının yeni inzibati binasının açılışı zamanı ölkə Prezidenti İlham Əliyev MŞ İdarə Heyətinin üzvləri ilə görüş keçirdi. Toplantıda mediamızdakı problemlərdən söhbət açarkən "reket jurnalistika"dan da bəhs etmişdik. Dövlət başçısı media məkanımızdakı mövcud neqativ halla mübarizənin vacibliyini bildirdi. Bu məsələdə ictimai qınağın artırılmasının zəruriliyinə toxunaraq dövlətin də milli adət-ənənələrimizə zidd belə halların aradan qaldırılmasında üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu vurğuladı. Bütün bunlar Mətbuat Şurasından daha məsuliyyətli davranmağı, "reket jurnalistika" ilə mübarizəni bir qədər də gücləndirməyi tələb edir.
Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı mübarizəsinin strukturu bəllidir. Qurumun bununla bağlı ayrıca komissiyası, Şikayətlər üzrə Komissiyası fəaliyyətdədir. İdarə Heyəti Şikayətlər üzrə Komissiyanın və "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının təqdimatı əsasında il ərzində 3 dəfə "reket nəşr"lərin adlarını açıqlayıb. 2010-cu ilin yekunlarına əsasən "qara siyahı"da yer alan KİV-lərin ümumi sayı 86-dır.
Mətbuatın "qara siyahı"sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. Şura ictimaiyyətin məsələni diqqətdə saxlaması üçün "reket nəşr"lərin siyahısını xüsusi tərtibatda 5000 nüsxədə çap etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara çatdırılmasını həyata keçirib.
"Reket nəşr"lərə qarşı ictimai qınağın fəallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən yayım firmalarına və mətbəələrə məktublar göndərib. Həmin məktublarda bildirilib ki, "qara siyahı"dakı KİV-lərlə bağlı ölçü tədbirinin götürülməsində onların "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin, KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyə edilib. MŞ ötən il "reket jurnalistika"ya qarşı mübarizə çərçivəsində, həmçinin, əlaqədar dövlət qurumlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməyən KİV-lərlə bağlı da müraciətlər ünvanlayıb.
- Səhvlərindən nəticə
çıxaranlar varmı?
- Səhvə yol verənlər olduğu kimi, səhvini anlayanlar da var. Kimlərinsə adını siyahıdan çıxarmaqla onlara hansısa formada yaşıl işıq yandırmaq fikrimiz də yoxdur. Hər halda, şuranın "reket nəşr"lərin müəyyənləşdirilməsinə dair təlimatında nəzərdə tutulan prinsipləri yerinə yetirənlər, buna cəhd göstərənlər, iradlarımızdan nəticə çıxaranlar var və onların mövqeyi nəzərə alınır. Məsələ KİV-lərin peşə etikasına riayət etmələrini, yaradıcılıqları ilə fərqlənmələrini, cəmiyyət həyatının müxtəlif sahələrinə nüfuz etmələrini qiymətləndirməkdə və dəstəkləməkdə, eyni zamanda, özlərini doğrultmalarına zəmin yaratmaqdadır. Nəticə etibarilə mübarizəmizin effektivlik dərəcəsini görmək bizim üçün vacibdir.
Digər tərəfdən, 2010-cu il mətbuatımız üçün yubiley ili idi. İdarə Heyətinin həmin ərəfədə baş tutan iclasında qərara alındı ki, bu münasibətlə adları şuranın "qara siyahı"sında yer alan KİV-lərin müəyyən qismi bağışlansın. Böyük ölçüdə Azərbaycan mətbuatına aid olmasalar da, bir çoxlarının islah olunacağını düşünmək sadəlövhlük olsa belə bu addımı prinsipial baxımdan əhəmiyyətli sayırıq. Heç kəs də düşünməsin ki, mətbu prinsiplərə zidd halların təkrarı adekvat münasibət doğurmayacaq, adı siyahıya qaytarılmayacaq.
- Mətbuat Şurasının fəaliyyətini
əngələmək üçün məhkəməyə
üz tutan "reket nəşirlər" də az deyil.
Bununla bağlı nə dəyə bilərsiniz?
- Bəli belə hallar mövcuddur. Ötən ilin əvvəlində Mətbuat şurası "reket nəşr"lərin bir qrupu tərəfindən məhkəməyə verildi. Bu, bir yandan şuranın işinə əlavə maneçilik yaratsa da, digər tərəfdən Mətbuat Şurasının lehinə olan məhkəmə qərarları götürülən ölçünün, eyni zamanda, hüquqi nöqteyi-nəzərdən doğru olduğunu, bir növ, legitimliyini təsdiqlədi. Bu məqam xüsusi vurğulanmalıdır. Cəmiyyətdə kimin kim olması ilə bağlı təsəvvürlər daha da yetkinləşdi. Mətbuat Şurasına inam dərinləşdi. Üstəlik, "qara siyahı"da yer alan digər KİV-lər də mətbu mühitə təmiz adla qayıtmağın yeganə yolunun məhz şuradan, qurumun haqlı tələblərinə riayətdən keçdiyini anladılar. Hesab edirəm ki, başa vurduğumuz il "reket jurnalistika" ilə mübarizə sahəsində əldə edilən nailiyyətlərdən ən önəmlisi məhz budur.
- Mətbuat cəmiyyət, mətbuat-dövlət
əlaqələrinin qurulmasında Mətbuat Şurası
nailiyyətlərə nail olub?
- Mətbuat-cəmiyyət münasibətlərinin tənzimlənməsində meydana çıxan ən böyük problem haqqında və onun həllinə yönələn tədbirlərdən artıq söhbət açdıq. "Reket jurnalistika"nı nəzərdə tuturam. Amma mövcud istiqamətdəki işlərimiz heç də bununla məhdudlaşmayıb. Şuranın fəaliyyət dairəsi istər-istəməz onu cəmiyyətə yaxınlaşdırır. Bu mənada, müxtəlif mövzularda həyata keçirdiyimiz tematik tədbirləri göstərmək mümkündür. Mətbuat-dövlət əlaqələrinin qurulmasına gəldikdə isə, 2010-cu ildə bununla bağlı da təşəbbüslərimiz olub. Müxtəlif dövlət qurumları ilə birgə tədbirlər reallaşdırmışıq. Eyni zamanda, şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həllinə dair Daimi Komissiyası da aktiv fəaliyyət göstərib. Qurum jurnalistlərin üzləşdiyi problem və çətinliklərlə bağlı müvafiq orqanlarla müzakirələr aparıb, çətinliklərin operativ şəkildə aradan qaldırılmasını təmin edib.
- KİVDF jurnalistlərin maddi, məişət,
sosial problemlərinin həlli istiqamətində mənzillərin
paylanmasında, hər bir jurnalistin razı qala biləcək
mövqe sərgiləyəcəkmi?
- Jurnalistlər üçün mənzil tikintisinin başlanması istiqamətində tamamlanma işləri demək olar ki, yekunlaşıb. Ümumən bu prosesin başlanması analoqu olmayan hadisədir, bir növ, keçilməmiş yoldur. Təkcə Azərbaycan üçün deyil, bütövlükdə, postsovet məkanı üçün də. Hamını razı salan ədalətli variant tapmaq məsuliyyəti daha böyükdür. Hesab edirəm ki, bu vəzifənin öhdəsindən gələ biləcəyik. Məsələnin şəffaflığı naminə ictimaiyyətə mütəmadi məlumatların verilməsi qərarlaşdırılıb.
- Sizcə, jurnalistlər mənzil
üçün KİVDF-yə kollektiv şəkildə,
yoxsa fərdi qaydada müraciət etsələr, daha effektiv
olardı?
- Əsas məqsəd evsiz jurnalistlərin, mənzilə ehtiyacı olanların tələbatını ödəməkdir. Cənab Prezidentin Sərəncamı məhz buna yönəlib. Sənəddə göstərilib ki, bu məqsədlə 5 milyon manat vəsait ayrılıb. Sərəncama uyğun olaraq işlərin təşkili isə KİVDF-yə həvalə olunub. Hazırda mövcud istiqamətdə müzakirələr gedir. Hələlik, kollektiv və ya fərdi qaydada müraciət məsələsində elə bir prinsipial fərq görmürəm. Əlbəttə, gələcək araşdırmalarımız hansı formanın daha məqbul olduğunu qətiləşdirəcək. Yenə də deyirəm ki, əsas məsələ evsiz jurnalistlərin mənzillə təminatındadır.
- Ümumilikdə, dövlətin
mətbuata diqqət və qayğısını necə
xarakterizə edə bilərsiniz?
- 2010-cu il mətbuata, ümumilikdə, mediaya dövlət qayğısı baxımından əlamətdar il oldu. Milli mətbuatımızın 135 illik yubileyi təntənəli şəkildə qeyd edildi, jurnalistlərin böyük qismi orden və medallara, fəxri adlara layiq görüldü. Ən əlamətdar hadisə isə bir qədər öncə jurnalistlər üçün mənzil tikintisini nəzərdə tutan haqqında bəhs etdiyimiz Prezident Sərəncamı idi. Dövlət başçısı "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimindəki çıxışında bütün bunların yalnız başlanğıc olduğunu, jurnalistikamızın inkişafı naminə görülən işlərin daha da genişləndiriləcəyini vurğuladı. Bu isə bizə yeni ümidlər verir.
GÜLYANƏ AĞAKƏRİMOVA
Səs.- 2011.- 1 mart.- S. 7.