Xocalı: soyqırımı, yoxsa terror?

 

Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş soyqırımı aktı öz miqyası etibarilə Xatın, Lidisa, Qradur və Soqminlə müqayisə oluna bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən kütləvi soyqırımına məruz qalmışdır. Bəşəriyyətə qarşı olan bu soyqırımı aktında Ermənistan Respublikasının silahlı qüvvələri və Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki erməni terrorçu birləşmələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişlər.

Bu bəşəri cinayətdə mayor Seyran Ohanyanın (o, hal-hazırda Ermənistan Respublikasının müdafiə naziridir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandanlığı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Valeri Çitçiyan və alayda xidmət edən 50 nəfərdən artıq erməni zabiti iştirak etmişdir.

Soyqırımı siyasəti nəticəsində 613 nəfər həlak olmuş, (o cümlədən, 106 qadın, 63 uşaq) 478 nəfər əlil olmuş, 1275 nəfər erməni əsirliyinin bütün dəhşətlərindən keçmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırılmış, 150 nəfər isə itkin düşmüşdür. Şəhərin özü isə yer üzündən silinmişdir.

Xocalıda terrorçuluq yolu ilə həyata keçirilən soyqırımı hadisəsi beynəlxalq reaksiyaya səbəb oldu. "Qarabağ təpələrinə səpələnən cəsədlər"-, Böyük Britaniyadan olan jurnalist Anatol Levenin reportajı belə adlanırdı. Xocalı soyqırımını ABŞ "İlin ən böyük faciəsi" adlandırmışdır.

Rusiyanın "Gün" (Den) qəzetinin 1992-ci il 10-16 may tarixli 19-cu nömrəsində nəşr olunmuş "Xəyanətin qiyməti" başlıqlı yazıda, haqlı olaraq qeyd olunurdu ki, "niyə "Qarabağ xalqı"nın dostları olan Starovoytova, Nuykin, Bonner, Lebed və başqaları kimi siyasi muzdurlar Sumqayıtda həlak olmuş 27 erməniyə görə göz yaşları axıdırlar, lakin bir dəfə də olsun Xocalını xatırlamırlar? Qarınları yırtılmış hamilə qadınlar, başlarının dərisi soyulmuş qocalar, gözləri çıxarılaraq güllələnmiş uşaqlar-məgər bu, faşizm deyildir?"

Beynəlxalq hüquqi-normativ sənədlər Xocalı qətliamını  soyqırımı cinayəti kimi tövsir etməyə əsas verir. Bu baxımdan "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya", "Beynəlxalq Nürenberq Hərbi Tribunalının Nizamnaməsi", "Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi", "Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi", Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı və digər sənədlər olduqca əhəmiyyətli hüquqi baza rolunu oynayır.

Xocalı soyqırımı həm də beynəlxalq terror aktıdır. Bu mütəşəkkil cinayət əməlində beynəlxalq terrorçuluq üçün xarakterik olan bütün əlamətlər vardır. İlk növbədə, o, siyasi məqsəd daşıyır və prosesdə eyni vaxtda 3 tərəf iştirak edir. Terrorun icraçıları, qurbanları və sağ qalmış insanlar. Bu halda hədəf qismində, nə qədər paradoksal səslənsə də, həlak olmuşlar deyil, sağ qalanlar seçilir. Ölənlərin sayı çox olduqca, sağ qalanlara təsirin miqyası artmış olur, total qorxu və vahimə effekti yaradılır və nəticədə siyasi məqsədin reallaşması-ərazi işğalı üçün unikal imkanlar təmin edilir. Xocalı soyqırımını həyata keçirən erməni terror birləşmələrindən birinin rəhbəri olmuş Serj Sarkisyanın (Ermənistan Respublikasının hal-hazırkı prezidenti) etirafları da yuxarıda səslənən fikirləri təsdiqləyir: "Xocalıdan öncə azərbaycanlılar güman edirdilər ki, biz onlarla zarafat edirik və hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz isə bunun əksini sübut etməyi bacardıq. Baş verənlər də məhz bunlardan ibarətdir."

Beləliklə, yuxarıda gətirdiyimiz faktlar və arqumentlərin natamam təqdimatı belə bir daha təsdiqləyir ki, Xocalıda törədilmiş qətliam öz hüquqi mahiyyəti etibarilə həm soyqırımı, həm də beynəlxalq terror əməlidir. Bu bəşəri cinayətin hələ də cəzasız qalması dünyada hüququn gücü deyil, gücün hüququnun işlədiyinin təsdiqi kimi də dəyərləndirilə bilər. Bu, müasir dünyanın virtual deyil, gerçək  və acı reallığıdır. Sivil dünya öz mövcudluğu üçün "bumeranq effekti" yaradan belə təhlükəli tendensiyaya qarşı qəti və təxirəsalınmaz tədbirlər mexanizmini formalaşdırmalı və onun maksimum tətbiqinə nail olmalıdır. Əks halda sivil dünyanı, bir Şərq mütəfəkkirinin dediyi kimi, "bəşəriyyətin nəhəng qəbiristanlığında əbədi sülh gözləyəcəkdir".

 

 

Günel Feyziyeva

 

Səs.- 2011.- 1 mart.- S. 10.