“Xocalı - şəhid şəhər"
Milli kitabxanada
bu adda kitab
sərgisi təşkil
olunub
Dünən M.F.Axundov
adına Milli Kitabxanada Xocalı faciəsinin 19-cu
ildönümünə həsr olunmuş "Xocalı -
şəhid şəhər" adlı kitab sərgisinin
açılışı və kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış Xocalı adlı
elektron məlumat bazasının "Soyqırımı cinayəti"
və "Xocalı soyqırımı" kitablarının
təqdimat mərasimi keçirildi. "Xocalı"
adlı elektron məlumat bazasının təqdimatı ilə
başlayan tədbirdə giriş sözü ilə
çıxış edən milli kitabxananın direktoru Kərim
Tahirov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən
gecə Xocalı şəhərində baş vermiş dəhşətli
faciənin Azərbaycan xalqının qan yaddaşında
xüsusi iz buraxdığını bildirdi. Qeyd etdi ki, bu soyqırımı XX əsrin ən dəhşətli
və qanlı faciəsi olmaqla yanaşı, İkinci
Dünya müharibəsində faşizmin törətdiyi
qırğınlardan sonra müasir dövrdə erməni
separatçı terrorçuları ilə birlikdə
rusların 366-cı motoatıcı alayının törətdiyi
kütləvi bir soyqırımıdır.
Tədbirin digər
çıxışçısı gənc yazar, publisist Nəzmiyyə
Hicran 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən
gecə Xocalı şəhərində XX əsrin ən dəhşətli
və qanlı faciələrindən birinin törədildiyini
qeyd etdi. Bildirdi ki, sivilizasiya mərkəzlərindən olan
Xocalı şəhəri hələ işğaldan əvvəl
artıq 1991-ci ilin oktyabr ayından etibarən düşmən
əhatəsində qalmışdı. Həmin
vaxtdan etibarən, Xocalıya avtomobillərin gediş-gəlişi
tamamilə kəsilmiş, şəhərlə ancaq hava nəqliyyatı
vasitəsilə gediş-gəliş məhdud səviyyədə
təmin edilirdi. Bu isə 1992-ci ilin yanvar
ayının 28-də içərisində 40 nəfərlik
mülki şəxsin olduğu vertolyotun düşmən tərəfindən
partladılması ilə sona çatdı deyən N.Hicran
bundan əlavə Xocalıya elektrik enerjisinin verilməsinin də
dayandırıldığını diqqətə
çatdırdı. Bildirdi ki, artıq
1992-ci ilin fevral ayının ikinci yarısından etibarən
erməni hərbi birləşmələrinin blokadasına
alınaraq, müntəzəm şəkildə ağır hərbi
texnikadan atəşə tutulurdu. "Məhz
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə
o vaxt Xankəndində olan 366-cı ruslardan ibarət motoatıcı
alayın texnikası Xocalıya hücum edərək, dinc, əliyalın
insanlara qarşı amansızcasına divan tutmuşlar. Bu
dəhşətli qətliam nəticəsində 613 nəfər
dinc sakin amansızcasına qətlə yetirilmiş, bəşəriyyət
XX əsrin çox müdhiş soyqırımı və
etnik təmizləmə cinayətini müşahidə
etmişdir" deyən gənc yazar bütün bunlara
baxmayaraq, Azərbaycan xalqının mübarizə əzminin
heç vaxt sınmadığını düşmənə
istənilən an layiqli cavab vermək əzmində
olduğunu bildirdi. Mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev də öz
çıxışında Xocalı müsibətlərini,
o ağrılı günləri bir daha yada saldı və bu
genosidin heç vaxt Azərbaycan xalqının
yaddaşından silinməyəcəyini qeyd etdi. Tədbirin digər
çıxışçıları da Xocalı qətliamından,
əsrin faciəsindən və xalqımızın
başına gətirilən müsibətlərdən bəhs
etdilər. Tədbir
iştirakçılarının milli kitabxananın
hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet
materiallarından ibarət "Xocalı - şəhid şəhər"
sərgisi böyük marağa səbəb olub.
Tapdıq Qurbanlı
Səs.- 2011.- 1 mart.- S. 10.