İlkin sivilizasiyaları
əks etdirən Anadolunun arxeoloji mədəniyyətləri
AMEA Milli Azərbaycan Tarixi Muzeyində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc Alimlər Şurasının dəvəti
ilə Bakıda olan Türkiyə Elmlər Akademiyasının
Arxeologiya Bölməsinin
professoru, tanınmış
arxeoloq Mehmet Özdoğanla görüş
keçirilib. Görüşdə
M.Özdoğan
"İlkin sivilizasiyaları
əks etdirən Anadolunun arxeoloji mədəniyyətləri" mövzusunda məruzə ilə çıxış
edib.
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun
şöbə müdiri,
tarix elmləri namizədi Fərhad Quliyev son illər
respublikamızda arxeoloji
qazıntıların yeni
mərhələyə qədəm
qoyduğunu, arxeologiya
elminin sürətlə
inkişaf etdiyini, tədqiqatların təkcə
arxeoloji qazıntılarla
deyil, həmçinin,
yeni texnologiyalarla aparıldığını
bildirib. O, qeyd edib ki, arxeoloji
qazıntılar nəticəsində
əldə edilən maddi sübutların öyrənilməsinə başqa
elmlər də cəlb edilir.
Sonra 1992-ci ilin fevral ayının 26-da erməni və rus hərbi birləşmələrinin Xocalıda
həyata keçirdikləri
qətliam nəticəsində
şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"İlkin sivilizasiyaları əks etdirən Anadolunun arxeoloji mədəniyyətləri" mövzusunda məruzəsində
professor M.Özdoğan
əkinçilik mədəniyyətinin
insanlığın inkişafında
oynadığı roldan
danışıb.
Təxminən eramızdan əvvəl XI minilliyə, yəni neolit dövrünə təsadüf edən əkinçilik mədəniyyəti tarixdə insanların heyvanları əhilləşdirməsi, buğda əkini, insan həyatına balıqçılıq və toxuculuğun daxil olması, bəzək əşyalarının hazırlanması, ilkin memarlığın inkişafı, insanların geniş ərazilərə yayılması, şəhərlərin yaranması ilə müşahidə olunur. Professor M.Özdoğan Qərbi və Şərqi Anadoluda aparılan arxeoloji qazıntıların elm üçün maraqlı faktlar aşkar etdiyini bildirdi. Belə ki, qazıntılar zamanı müqəddəs yerlər hesab edilən məbədlərin üzərində kişi rəsmlərinin aşkar edilməsi insanların Ata Tanrıya ibadət etdiklərini, yaşayış binalarının üstündə çəkilən qadın rəsmləri isə qadının ailədə birlik simvoluna çevrildiyini sübut edir. Bütün heyvanların rəsmlərinin daş üzərində həkk olunması isə, indiyə qədər ibtidai insanların ova getməzdən öncə bəxtlərini sınamaq üçün ovlayacaqları heyvanın rəsmini daşa çəkməsi haqqında deyilənləri inkar edir. Daş üzərindəki quş rəsmləri ibtidai insanların ruhani dünyasından xəbər verir. Bu rəsmlər dünyasını dəyişmiş insanın ruhunun göylərə uçması anlamına gəlir. Arxeoloq bildirdi ki, araşdırmalar zamanı tədqiqatçıları təəccübləndirən məqamlardan biri sözügedən ərazidə altmışa qədər mehmanxananın aşkar edilməsi olub. Məlum olub ki, mehmanxanaların ikisinin tikintisində yerli materiallardan deyil, ətraf ərazilərdən gətirilmə materiallardan istifadə edilib. Bu faktın özü xammalın tükəndiyi bir zamanda ticarət əlaqələrinin qurulduğunu sübuta yetirir. Ümumiyyətlə, o dövrdə inşa edilən binalar memarlıq baxımından arxeoloqların diqqətini cəlb edib. Arxeoloji faktlar memarlıqda təkcə daşdan deyil, ağac texnologiyasından da istifadəyə başlanıldığını sübut edir. M.Özdoğanın bildirdiyinə görə, tapılan simvollar insanların əsrlər sonra öyrəndiyi sosial-iqtisadi sistemin əsasının əkinçilik mədəniyyətinə təsadüf etdiyini göstərir. Tədbirdə çıxış edən BDU-nun professoru, arxeoloq Qüdrət İsmayılzadə bildirdi ki, Ön Asiyanın Qədim Şərqin əkinçilik mədəniyyətinin mərkəzi olması arxeoloji faktlarla sübuta yetirilib. Əlverişli coğrafi mövqeyə və iqlimə malik olan Azərbaycan da bu mədəniyyətin inkişaf etməsində böyük rol oynayıb. Türkiyəli professorun məruzəsində maraqlı faktların olduğunu qeyd edən Q.İsmayılzadə səslənən fikirlərdə mübahisəli məqamların da olduğunu bildirib.
Zümrüd
Səs.- 2011.- 1 mart.- S. 12.