SUMQAYIT HADİSƏLƏRİ -
27-29 FEVRAL 1988
Bu, bir həqiqətdir
ki, bugünkü faciələrimizin kökündə,
özəyində dünənimiz
var. Söz yox ki, bu
günədək başımıza
gələnlər rus
imperiyasının tarix
boyu xalqımıza qarşı süngüyə
çevirdiyi erməni
daşnaklarının düşmənçilik
əməllərinin nəticəsidir.
Məhz bu qüvvələr 1988-ci il
fevralın 27-29-da xalqımıza
gözlənilməz zərbə
endirdilər. Keçmiş
SSRİ-nin ali hakimiyyət orqanlarının
bilavasitə rəhbərliyi
ilə Sumqayıt hadisələri törədildi
və bu vəhşilik aktı Azərbaycan xalqının
adına yazıldı.
Bu aksiyanın təşkilatçıları şəhərdə iğtişaşlar
törətmək üçün
süni şərait yaratmışdılar. Gənclərə, xüsusən, texniki-peşə
məktəblərinin şagirdlərinə
spirtli içkilər,
içərisi əvvəlcədən
xaricdə narkotik maddələrlə doldurulmuş
siqaretlər, müxtəlif
psixotrop dərmanlar və s. paylamışdılar.
Əhalinin arasında
Azərbaycan dilini təmiz bilən müxtəlif millətlərdən
(xüsusilə,
ermənilərdən) ibarət
olan təxribatçı
qruplar yerləşdirmişdilər.
Onlar insanları inandırmağa çalışırdılar
ki, guya Ermənistanda və Dağlıq Qarabağda ermənilər azərbaycanlıları
kütləvi şəkildə
döyür, öldürür,
azyaşlı qızları
zorlayır və s. Guya Bakının
dəmiryol vağzalına
vaqon-vaqon meyitlər daşınır. Sumqayıtın
özündə isə
guya içərisi meyit və yaralılarla
dolu avtobusu şəhərin küçələrində
nümayiş etdirirdilər.
Lakin şəhərə
vaxtında ordu göndərilməsi tələbləri
artıq fevralın
27-də Sumqayıtda olan
SSRİ DTK-nın müavini
Bobkov tərəfindən
qulaqardına vurulurdu.
General Krayevin rəhbərliyi ilə fevralın 28-dən 29-na keçən
gecə şəhərə
daxil olmuş ordu hissələri və daxili qoşunlar şəhər
partiya komitəsinin binasını mühasirəyə
alaraq gözləmə
mövqeyində dayanmışdılar.
Həmin anlarda şəhərdə məlum
qüvvələr tərəfindən
erməni millətindən
olanlar döyülür,
öldürülür, zorlanırdılar.
Nəticədə 26 nəfər erməni
öldürüldü. Fevralın
29-da günortaüstü ordunun
proseslərə birdən-birə
müdaxiləsi nəticəsində
6 nəfər azərbaycanlı
tankların tırıltıları
altında vəhşicəsinə
həlak oldular, 400 nəfərə qədər
adam xəsarət aldı, 200 mənzil talan edildi, 50 mədəni-məişət
obyekti dağıdıldı,
40-dan çox avtomobil
zədələndi və
bir hissəsi yandırıldı...
Martın
1-dən keçmiş SSRİ Prokurorluğunun istintaq qrupu hadisələri araşdırmaq üçün
fəaliyyətə başladı.
Bu qrupa keçmiş SSRİ prokurorluğu
baş istintaq idarəsi rəisinin müavini Nenaşev və SSRİ Prokurorluğu
yanında xüsusilə
mühüm işlər
üzrə müstəntiq
Qalkin başçılıq edirdilər.
Bundan başqa, keçmiş SSRİ DTK-nın
SSRİ Hərbi Prokurorluğunun
xüsusi qrupları da fəaliyyət göstərirdilər.
3 minə yaxın şəhər sakini günahlı-günahsız həbs
olunub zindanlara dolduruldu. Onlardan bir qismi inzibati məsuliyyətə
cəlb olundu, bir qismi rüşvət
verərək canlarını
qurtardı, 94 nəfər
haqqında isə cinayət işi başlanıldı. Adıçəkilən
istintaq orqanları baş vermiş hadisələrin səbəblərini,
cinayətlərin törədilməsi
üçün yaradılmış
şəraiti, təşkilatçıları,
əsil caniləri müəyyən etməyə
səy göstərməmiş,
hadisələrin mahiyyətini
ört-basdır etməkdən
ötrü ayrı-ayrı
zorakılıq metodlardan
istifadə edərək,
qondarma şahidlərin
ifadələrinə əsaslanaraq,
uydurma ittihamələr
hazırlayıb keçmiş İtifaqın
müxtəlif məhkəmələrində
baxılmaq üçün
təqdim etmişdilər.
İstintaq zamanı tutulanların zorakılıqla
bir-birinə qarşı
ifadələr verməsində
adıçəkilən istintaq
qrupuna daxil olan respublika prokurorluğunun, respublika DTK-nın, DİN-in müstəntiqlərinin müstəsna
"xidmətləri"
olmuşdur. Onlar Moskvadan gəlmiş ağalarının xoşuna
gəlmək üçün
hər cür çirkin üsullardan istifadə edirdilər...
Məhkəmələr də, öz
növbəsində, yuxarıların
göstərişi ilə
hərəkət etmiş,
baxılan işlərdə
qanunun aliliyi prinsiplərini kobudcasına
pozaraq ədalətsiz
hökmlər vermişdilər.
18 oktyabr-18 noyabr 1988-ci il
tarixdə Moskvada keçmiş SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun,
İ.Cəfərovun, İ.İsmayılovun cinayət işlərinə
baxmış, prosesdə
müttəhimlərə qarşı
ittihamların əsaslılığı
sübut olunmuş, lakin həmin iş bütövlükdə
yenidən istintaqa qaytarılmaq əvəzinə,
İ.Cəfərovun və
İ.İsmayılovun cinayət
materialları yenidən
istintaqa qaytarılmış,
Ə.Əhmədova isə
heç bir tutarlı dəlil-sübut olmadan hadisələrin təşkilatçısı
damğası vurularaq
güllələnməyə məhkum olunmuş və hökm oxunduqdan 17 ay sonra Moskva şəhərində
icra olunmuşdur. Bundan başqa, istintaq dövrü heç bir günahı olmayan, sonradan məhkəmə tərəfindən
sübuta yetirilmiş
II qrup insulinlə yaşayan əlil Elçin Gəncəliyev
Bayıl türməsində
müəmmalı şəkildə
öldürülmüş, tərbiyəli ailədən
olan idmançı Taleh İsmayılov isə 15 il müddətinə cəzalandırılaraq "siyasi
məhbus" kimi Tbilisi şəhərinə
göndərilmiş, bir
ildən sonra oradan meyidi gətirilib
valideynlərinə təhvil
verilmişdir. Digər
həbs olunanlar 2 ildən 15 ilədək cəzalandırılaraq müxtəlif
həbsxanalarda saxlanılmışlar.
Onların böyük
bir qismi hal-hazırda ya dünyasını dəyişib,
ya da əlildirlər.
Qırmızı Ordunun
dəyənək zərbəsinə
tuş gələn azyaşlı Azər Babayev isə 23 ildir ki, yataqdan
qalxa bilmir...
Hadisələrin ertəsi
günü dünya televiziyaları Sumqayıtdakı
erməni qırğınlarından
bəhs edən, dünya ictimaiyyətini şoka salan filmlər nümayiş etdirməyə başladılar.
Yazıçı Maqsud
İbrahimbəyov "Drujba
narodov" jurnalının
redaksiyasında çıxış
edərkən demişdi:
"Sumqayıt hadisələrinə
bir gün qalmış çəkiliş
qrupu gəlib və onlar çəkiliş
aparıblar. Bir qədər sonra həmin film İsveçrədə göstərilib.
Filmin ağlasığmaz
təsviri hissəsini
insan təxəyyülünü
dəhşətə salan
səslər tamamlayır.
Məsələn, filmin
"qəhrəmanlarından" biri ekrandan matı-mutu
qurumuş isveçlilərə
öz dostu Mişanın və onun arvadının qətli səhnəsini təsvir edirdi". Həmin erməni söyləyirmiş
ki, guya sumqayıtlılar dostunun arvadının başını
kəsdikdən sonra tikə-tikə doğramış,
ətindən kabab bişirib iştahla yeyiblərmiş. Filmdə
istifadə olunan lentlərin bir hissəsi keçmiş
SSRİ DTK-nın 7-ci idarəsi
tərəfindən çəkilərək,
sonradan ermənilərə ötürülmüşdür.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin
direktoru, politoloq Mübariz Əhmədoğlu
bizimlə bu barədə etdiyi söhbətində bildirdi
ki, ermənilər separatizmlərini rəsmiləşdirdikləri
günü bayram etməkdənsə, tökdükləri
ilk qandan xəcalət çəkməlidirlər:
"Ermənilər separatizmlərini rəsmiləşdirdikləri
günü bayram etmək əvəzinə,
tökdükləri ilk
qandan xəcalət çəksəydilər, özləri
üçün daha faydalı olardı. 1988-ci
ilin fevralın
20-də Azərbaycan SSR-nin
tərkibində muxtar
vilayət statusu ilə yaşayan Dağlıq Qarabağ erməniləri
Azərbaycan SSR-nin
tərkibindən çıxıb
Ermənistan SSR-nin tərkibinə girməklə
bağlı qərar qəbul etdilər."
Politoloq deyib ki, 1991-ci ildə DQ erməniləri o dövrün Sovet Konstitusiyasına uyğun olaraq referendum keçirtməklə müstəqilliyini
elan ediblər. Bunu qəbul etməyən Azərbaycan Respublikası
azsaylı DQ-yə qarşı müharibəyə
başladı. Son 10 ildə ermənilərin beynəlxalq ictimaiyyətə
sırıdığı DQ münaqişəsinin başlanması
ilə bağlı rəsmi versiya bundan ibarətdir. Əslində, bu, beynəlxalq ictimaiyyətə
hörmətsizlik nümayiş
etdirməyə vərdiş etmiş ermənilərin bir epizodik nümunəsindən
başqa bir şey deyil: "Qondarma qurumun
rəhbəri B.Saakyan
23 il bundan əvvəl baş vermiş hadisələrə
verdiyi qiymətdə hadisələrin ermənilərin
dediyi rəsmi versiyadan fərqli istiqamətdə inkişaf
etdiyinin və ya ermənilərin DQ müstəqilliyi məsələsində
ikiversiyalılığının daha bir sübutudur.
Ermənistan rəhbərliyi,
eləcə də, bütün dünya erməniliyi DQ münaqişəsinin
rəsmən başlanmasını
1988-ci ilin 20 fevralından
götürürlər. Fevralın
20-də Azərbaycan SSR-nin
tərkibində muxtar
vilayət statusu ilə yaşayan DQ erməniləri Azərbaycan
SSR-nin tərkibindən
çıxıb Ermənistan
SSRİ-nin tərkibinə
girməklə bağlı
qərar qəbul etdilər. Bədnam məşhur, iqtisadçı
akademik A.Aqanbekyan və Fransa erməniləri bu məsələdə ilkin
provokator rolunu oynadılar." M.Əhəmədoğlu
onu da bildirdi
ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb,
Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından
2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçirdilər. Ermənilər
atəş açmaqla
2 azərbaycanlı gənci
qətlə yetirdilər.
DQ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin
öldürülməsi faktını
o zamankı SSRİ-nin Baş Prokurorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən
təsdiqlədi.
Politoloqun fikrincə, bu, onu göstərir
ki, DQ münaqişəsinin
rəsmi başlanğıcı
Sumqayıt hadisələrindən
qabaq - 1988-ci ilin 20 fevralından, ermənilərin
müharibənin başlaması
tarixi isə 1988-ci ilin fevralın 22-dən hesablanmalıdır: "Ermənilər
anlamalıdırlar ki,
onların yalanları
yerimir. Əvvəllər
dedikləri yalanlar isə indi ermənilər
üçün əks
effekt yaradır" .
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 1 mart.- S. 13.