ATƏT-in Parlament Assambleyası Azərbaycanda
keçirilən parlament seçkilərini yüksək
qiymətləndirib
Milli Məclisin sədr müavini, Azərbaycanın
ATƏT Parlament Assambleyasında nümayəndə
heyətinin rəhbəri Bahar Muradovanın yap.org.az-a
müsahibəsi
- Bahar xanım, bu günlərdə ATƏT-in Parlament
Assambleyasının qış sessiyası keçirildi. Azərbaycanın bu qurumdakı nümayəndə
heyətinin rəhbəri olaraq sessiyada iştirak etmisiniz.
İstərdik ki, sessiya zamanı müzakirə olunan
məsələlər haqqında məlumat verəsiniz...
- ATƏT PA-nın
qış sessiyası Avstriyanın paytaxtı Vyana
şəhərində fevralın 24-25-də keçirildi. Sessiya üç komitə iclası, iki plenar sessiya
və bir daimi komitənin iclasından ibarət oldu. Müzakirə olunan əsas məsələlər
ATƏT regionunda təhlükəsizlik, inteqrasiya və miqrasiya
məsələləri idi. Gündəlikdə
əsasən Belarusda və Qırğızıstanda
vəziyyət, insan alverinə qarşı mübarizə
məsələləri yer alırdı. Belarusdakı
vəziyyət insan haqları komitəsində,
Qırğızıstanda vəziyyət siyasi komitədə,
insan alverinə qarşı mübarizə isə iqtisadi
komitənin müzakirə predmeti idi. Bütün
bu məsələlərin müzakirəsi plenar sessiyada da
davam etdirildi. Qeyd edim ki, plenar sessiyada
əsas iki məsələ müzakirə olundu. Bu, inteqrasiya və miqrasiya məsələləri,
eləcə də, Yaxın Şərqdə vəziyyət
idi. Nümayəndə heyətimizin
üzvləri bu müzakirələrdə fəal iştirak
etdilər, hər bir məsələ ilə bağlı bir
neçə dəfə çıxışlar etdilər
və bu kontekstdə ölkəmizin üzləşdiyi
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı fikirlər bildirildi. Həmçinin,
ölkəmizin bu məsələ ilə bağlı mövqeyi
səsləndirildi. Çünki
söhbət miqrasiya və inteqrasiyadan gedirsə, burada etnik
münaqişələr, separatizm və onun
nəticələri mütləq şəkildə
müzakirə edilən məsələr arasında yer
alır. Bu da bizim nümayəndə
heyətimiz tərəfindən açıq, kəskin və
qəti şəkildə vurğulandı.
- Azərbaycanda keçirilən son parlament
seçkiləri ilə bağlı aparılan
müzakirələr haqqında nə deyə bilərsiniz? ATƏT PA seçkilərin nəticələrini
necə qiymətləndirdi?
- Azərbaycanda
keçirilən seçkilərlə bağlı
məsələ Daimi Komitənin iclasında müzakirə
edildi. Qeyd edim ki, ATƏT PA-nın müşahidə
missiyası ilə ATƏT-in Demokratik Təsisatlar və
İnsan Haqları Bürosunun missiyası arasında kəskin
bir ziddiyyət yaranmışdı və bu ziddiyyət tək
ATƏT PA missiyası ilə bağlı deyildi, digər
təşkilatların missiyaları ilə də bu
mövqelər kəskin fərqlənirdi. Azərbaycandakı
parlament seçkiləri ilə əlaqədar ilkin rəyin
üzərində razılaşdırma əldə etmək
12 saatlıq müzakirədən sonra mümkün olub. Sonda isə bütün missiyalar bir cür, ATƏT
DTİHB başqa cür bəyanat səsləndirmişdi.
Əlbəttə ki, bununla bağlı bir sıra
narazılıqlar vardı və bu məsələ ilə
bağlı ATƏT PA-nın müşahidə missiyasına
rəhbərlik edən qurumun vitse-prezidenti Volfqanq Qrossruk
seçkilərdən dərhal sonra ATƏT-in o vaxtkı
sədri K.Saudobayevə şikayət məktubu
yazmışdı. Məktubda da açıq
şəkildə göstərilmişdi ki, qurumun Demokratik
Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda
keçirilən seçkilərin nəticələrinə
birtərəfli və qərəzli yanaşmış,
eləcə də, ölkəmizdəki real vəziyyəti
əks etdirməkdən daha çox hansısa dairələrin
maraqlarını həyata keçirməyə cəhd
göstərmişdir, dövlət orqanları və
seçki orqanları ilə əməkdaşlıq
nümayiş etdirməmişdir. Bütün
bunları nəzərə alaraq biz Daimi Komitədə
ölkəmizdəki parlament seçkiləri ilə
bağlı müzakirələrin çox gərgin
keçəcəyini düşünürdük. Digər tərəfdən, müşahidə
missiyasının rəhbəri bu sessiyadan öncə,
fevralın əvvəlində Bakıda səfərdə
olmuşdu. Qeyd edim ki, iclasda Moldovada,
Tacikistanda, Qırğızıstanda, Belarusda, ABŞ-da
keçirilən seçkilərə dair də hesabatlar
dinlənildi. Bu hesabatlar arasında
Azərbaycanla bağlı müzakirə xüsusilə
fərqlənirdi. Müşahidə
missiyasının rəhbəri Volfqanq Qrossruk çox obyektiv
olaraq seçkinin normal, Azərbaycan qanunvericiliyi
çərçivəsində keçirildiyini bildirdi.
Vurğulandı ki, bu seçkidə
ölkədə fəaliyyət göstərən siyasi
partiyaların əksəriyyətinin iştirak edib. Missiya rəhbəri bildirdi ki, özünün
Azərbaycana dəfələrlə olan səfərləri
çərçivəsində seçkiyə
hazırlığın, seçki günü və
seçkidən sonrakı dövrdə hadisələrin normal
şəraitdə olduğunu şəxsən
müşahidə edib. Eyni zamanda,
səfərləri çərçivəsində
bütün siyasi tərəflərlə, dövlət
orqanları, seçki qurumları ilə çoxsaylı
görüşlər keçirdiklərini və həmin
görüşlərin də konstruktiv şəraitdə
keçdiyini bildirdi. Digər
tərəfdən, QHT-lərin, mətbuatın fikirlərini
də öyrəndiyini, özünün də
müşahidələrini bir araya gətirərək bir
hesabat hazırlamaq istədiyini dilə gətirdi və ortaya
qoyulan hesabatın da yaxşı bir hesabat olduğunu
söylədi. Dedi ki, bu seçki prosesi
ölkədə demokratiyanın inkişafında
irəliyə doğru addım kimi qiymətləndirilməlidir.
Seçki prosesi yaxşı təşkil edilmiş,
hökumət qurumları beynəlxalq təşkilatlarla, o
cümlədən, ATƏT-lə sıx
əməkdaşlıq şəraitində fəaliyyət
göstərmiş, bütün
müşahidəçilərə seçkini sərbəst
izləmək üçün hər bir şərait
yaradılmış və bütövlükdə seçki
mühiti müsbət qiymətləndirilmişdir. Lakin bununla
belə demokratiyanın inkişafı sahəsində bundan
sonra da iş aparmaq lazımdır. Hesabatda o da
qeyd olunur ki, Azərbaycana demokratik dövlət quruculuğunu
inkişaf etdirməkdə köməklik
göstərməliyik. Ümumilikdə,
məruzəçi müşahidə missiyasının
işini normal qiymətləndirir və ölkəmizdə
keçirilən seçkiləri irəliyə doğru bir
addım kimi dəyərləndirir.
- Daimi Komitədə iclas
iştirakçılarının qurumun Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosunun
fəaliyyətinə münasibəti nədən ibarət
oldu?
- Qeyd edim ki,
DTİHB təkcə Azərbaycana qarşı deyil, digər
ölkələrə münasibətdə də qeyri-obyektiv
mövqe nümayiş etdirib. Təbii ki, bunun nəticəsində
də bu instituta qarşı ciddi narazılıq yaranıb. Bu
iclas zamanı da cənab Qrossruk ATƏT DTİHB-nin
fəaliyyətinə mənfi münasibətini ifadə etdi.
O bildirdi ki, bu institutun birtərəfli və qərəzli
mövqe nümayiş etdirməsi ATƏT-in prinsiplərinə
ziddir. Eləcə də, bunun ATƏT PA ilə DTİHB
arasındakı münasibətlərə çox mənfi
təsir göstərdiyi qeyd olundu. Hətta vurğulandı
ki, zamanında, ATƏT PA-nın baş katibi S.Oliver bu
institutun mənfi fəaliyyəti haqda danışanda
məruzəçi ona şübhə ilə yanaşıbmış.
İndiki halda isə S.Oliveri daha yaxşı başa
düşdüyünü qeyd etdi. Hesab edirəm ki, hesabat
kifayət qədər obyektiv və ölkəmizdəki
situasiyaya uyğun bir rəy idi. Bu hesabat təkcə
məruzəçinin rəyi yox, ümumilikdə
iştirakçıların əksəriyyətinin rəyi
idi. Məsələ ilə bağlı Rusiya
nümayəndə heyətinin rəhbəri Aleksandr Kozlovski
çıxış etdi. O hətta 2005-ci
ildə baş verən hadisələri yada saldı və o
zaman da DTİHB-nin birtərəfli rəy
hazırladığını xatırlatdı. Eyni zamanda, o,
həm 2005-ci, həm də 2010-cu ildə istər ATƏT PA,
istərsə də MDB müşahidə missiyalarının
tərkibində ölkəmizdə keçirilən
seçkiləri izlədiyini və seçkilərin
standartlara uyğun şəkildə keçirildiyini
dəyərləndirdi və həmkarlarını da
DTİHB-nin fəaliyyətinə qiymət verməyə
çağırdı. Daha sonra Qazaxstanın
nümayəndəsi Qasımcomərd Tokayev
çıxış etdi. O və A.Kozlovski,
eləcə də, V.Qrossruk ATƏT PA-nın vitse-prezidentləridir
və hər üç vitse-prezident ölkəmizdə
keçirilən parlament seçkilərinin demokratik
keçirildiyini və eyni zamanda, tam plürüalist
cəmiyyətin qurulması üçün lazım olan
bəzi addımların atılmasının da vacibliyini
vurğuladılar. Əlbəttə, biz də öz tərəfimizdən
bildirdik ki, seçkidə baş verən hər bir real
nöqsanları aradan qaldırmaq üçün
ölkəmiz siyasi iradəyə malikdir. Amma o
məsələlərin ki, ümumiyyətlə,
Azərbaycanla heç bir əlaqəsi yoxdur, kiminsə
maraqlarına xidmət edir, bizim onu yerinə yetirmək fikrimiz
yoxdur. Bunu ATƏT regionunda bir sıra ölkələrdə
baş verən hadisələr də sübut edir ki, qurumun
öz daxili institutları bir araya gəlib ümumi mövqe
göstərə bilmirlər. Mən iclasdakı
çıxışımda qurumun institutları arasında
olan problemlərin ATƏT-in nüfuzuna ziyan vurduğunu və
DTİHB-nin direktoru vəzifəsinə hər bir
ölkənin nümayəndə təqdim etmək
imkanının yaradılmasını təklif etdim. Bu
təklifi Daimi Komitənin iclasında iştirak edən
hər bir kəs alqışla qarşıladı. Hesab
edirəm ki, bu yalnız Azərbaycandakı seçkiyə
münasibət deyil, eyni zamanda, ATƏT-in
özünün-özünə münasibətidir.
Vəziyyət o yerə gəlib çatıb ki, ATƏT
daxilində bir institut özünü bütövlükdə
bu quruma qarşı qoyur. Fikrimcə, Daimi Komitənin
iclasındakı müzakirələri səmərəli
saymaq olar. O baxımdan yox ki, burada Azərbaycan müsbət
mənada görünürdü. O mənada ki,
ölkəmizin timsalında nəhayət, ATƏT-də bir
çoxları anlamağa və səsləndirməyə
başladılar ki, belə neqativ hallara yol vermək olmaz. Müzakirələr zamanı ABŞ-ın
nümayəndəsi Kristofer Smit belə bir təklif irəli
sürdü ki, DTİHB-nin fəaliyyəti ilə
bağlı işçi qrupu yaradılsın və hər
bir üzv bu institutun fəaliyyəti ilə bağlı
hesabat təqdim etsin. Hesab edirəm ki, bu, çox ciddi
bir təklifdir. Bu istiqamətdə çox adam
çıxış etmək istəyirdi, amma
görəndə ki, müzakirələr tamam başqa
istiqamətdə inkişaf edir və kimlərinsə
Azərbaycandakı seçkiləri mənfi istiqamətdə
qiymətləndirmək istəyi alınmır, onda
müzakirələr kəsildi. Şəxsən mən bu
dəfə ATƏT-in məsələlərə
münasibətindən ona görə razı qaldım ki, bir
təşkilat olaraq özünə tənqidi yanaşmaq
cəsarəti tapa bildi. Düşünürəm
ki, bu müzakirələr gələcəkdə ATƏT
daxilində struktur islahatlarına başlanması
üçün bir təkan oldu. Ümumiyyətlə,
ATƏT-in strukturlarının əhəmiyyətinin,
faydalılığının artırılması
üçün müəyyən islahatların
aparılması haqda vaxtaşırı olaraq fikirlər
səslənməkdədir. Bu dəyişikliklərin
nə olacağını qarşıdakı dövr
göstərəcək.
- Siz həmçinin, bu sessiyada
TürkPA-nın nümayəndə heyətinin rəhbəri
olaraq da təmsil olundunuz. ATƏT PA-da bu quruma qarşı
münasibət necə idi?
- Bəli,
ilk dəfə TürkPA-nın nümayəndə heyəti
də xüsusi qonaq statusunda bu sessiyanın işində
iştirak edirdi. TürkPA bundan sonra ATƏT-in bütün
tədbirlərində iştirak etmək hüququ əldə
edib. Bu dəfə nümayəndə heyətinin
rəhbəri mən idim və türkiyəli bir millət
vəkili və katibliyin iki nümayəndəsi sessiyada
iştirak edirdi. Biz bu fürsətdən də
TürkPA-nın tanıdılması üçün
istifadə etdik. Bir sıra ölkələrin
nümayəndələri, o cümlədən, Rusiya
nümayəndə heyətinin rəhbəri ilə
görüşdük. İlk dəfə ATƏT-in
işində qonaq statusunda iştirakla bağlı
Türkiyə tərəfi müraciət edərkən ən
kəskin etiraz Rusiyadan gəlmişdi. Amma
bu dəfə TürkPA-nın baş katibi Ramil
Həsənovun da iştirakı ilə Rusiya
nümayəndə heyətinin rəhbəri ilə
görüşümüz oldu. İnteqrasiya məsələsindən
danışılan zaman da biz TürkPA-nın
fəaliyyətini əks etdirən topluları bütün
nümayəndə heyətlərinə payladıq
və mən TürkPA-nın fəaliyyəti ilə
bağlı təqdimat xarakterli bir çıxış da
etdim. Onu da qeyd edim ki, ilk dəfə idi ki,
sessiyada Azərbaycanın nümayəndə heyətinin
fəaliyyətini ölkəmizin İctimai Televiziyası
işıqlandırırdı. Bu, ATƏT-də
ölkəmizin mövqeyinin günbəgün
möhkəmlənməsi üçün əyani bir
sübutdur. Mən digər televiziyalara
çağırış edirəm ki, ölkəmizin
beynəlxalq təşkilatlardakı fəaliyyətlərini
işıqlandırsınlar və cür
tədbirlərdə yaxından iştirak etsinlər.
- ATƏT PA-nın bu
sessiyasında da Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı məsələ gündəliyə daxil
edilmədi. Azərbaycan nümayəndə heyəti bu məsələni
sessiya zamanı qaldırdımı?
- Qeyd etdiyiniz kimi sessiya zamanı Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı xüsusi
müzakirə olmadı. Ən azı o səbəbdən ki,
Dağlıq Qarabağla bağlı xüsusi məruzəçi
Qoran Lenmarkerin artıq səlahiyyət müddəti başa
çatıb və o iclasda iştirak etmirdi. Onu
əvəz edəcək yeni məruzəçi də
təyin olunmayıb. Amma deyim ki, ATƏT rəsmiləri plenar
sessiyalarda məruzələrlə çıxış
etdilər. ATƏT-in fəaliyyətdə olan
sədri, Litvanın xarici işlər naziri öz
çıxışında konfliktlər
məsələsinə geniş yer ayırdı və
Dağlıq Qarabağ məsələsinin
üzərində daha geniş dayandı. O, Qarabağla
bağlı ciddi narahatlığını ifadə etdi və
ərazidə gərginləşmənin hiss olunduğunu
bildirdi. O dedi ki, səylər konkret əmələ
çevrilməlidir. Bunun üçün də ATƏT ciddi
şəkildə işləməlidir. Digər
məruzəçilər də,
çıxışlarında bu məsələyə
toxundu. Azərbaycan nümayəndələrinin
çıxışlarında isə bu məsələ
qırmızı bir xətlə keçirdi. Biz bütün
çıxışlarmızda mütləq bu problemə
toxunurduq. Ayrıca olaraq məruzələr əitrafında
müzakirlər aparılarkən, xüsusilə miqrasiyalarla
bağlı məsələ müzakirə olunarkən həm
Rəbiyyət Aslanova, həm də Azay Quliyev
çıxışlar etdilər. Onlar miqrasiya
məsələlərini Dağlıq Qarabağla
əlaqələndirərək bugünki dünyada
insanların nəinki öz ölkəsində, hətta
bütün dünyada sərbəst miqrasiya etdiklərini
nəzərə çatdıraraq bunun müqabilində
Ermənistanın təcavüzü nəticəsində bir
milyondan çox azərbaycanlının öz
yurdlarında yaşamaq hüququndan məhrum olduqlarını
vurğuladılar. Qeyd olundu ki, Ermənistan bu gün monoetnik
bir dövlətdir. Monoetnikliyin özü isə Avropa
məkanı üçün həddindən artıq
böyük bir təhlükədir. Eləcə
də, insan alverinə qarşı mübarizə ilə
bağlı İqtisadi Komitədə müzakirə
gedərkən millət vəkili Eldar İbrahimov bu
məsələyə öz çıxışında
xüsusi yer ayırdı. Yəni, elə bir məsələ
olmadı ki, biz orada Dağlıq Qarabağ
məsələsini gündəmə gətirməyək.
Onu da bildirim ki, Daimi Komitənin iclasında
Azərbaycandakı parlament seçkiləri müzakirə
olunarkən ATƏT PA-nın vitse-prezidenti cənab Qrossruk
çıxışında Azərbaycanın öz demokratik
dövlətini, demokratik cəmiyyətini çox
çətin bir şəraitdə qurduğunu unutmamağı
tövsiyə etdi. Eyni zamanda o, vurğuladı ki, bu
məsələdə qaçqın və
köçkünlərin öz yurdlarına qayıtması
və humanitar problemlərin həlli prioritet olmalıdır.
Səs.- 2011.- 2 mart.- S. 7.