İnvestisiya mühitinin yaxşılaşdırılması dövlətin prioritet vəzifələrindəndir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi inkişaf dinamikasının daha da möhkəmlənməsinə səbəb olub, iqtisadiyyatın modernizasiyası üçün əlverişli imkanlar yaradıb. Ölkə iqtisadiyyatının modernləşdirilməsi, siyasi, iqtisadi və sosial islahatların institusional baxımından dərinləşməsi, sosial reformaların yeni mərhələyə keçid alması makroiqtisadi məzmun təşkil edir. Geridə qoyduğumuz ilin yekunlarına görə, makroiqtisadi vəziyyət də sabit olaraq qalıb. İnflyasiya cəmi 5,7 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 12,3 faiz artıb.

 Bu, bir daha onu təsdiqləyir ki, gəlirlər inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına, və 2011-ci ilin ilk aylarının göstəricilərinə  görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşüb və ölkədə yoxsulluq şəraitində yaşayanlar 9,1 faizi təşkil edir. Yeddi il ərzində isə Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşüb. 2010-cu ildə dövlət tərəfindən ölkə iqtisadiyyatına bütövlükdə 15,5 milyard dollar vəsait qoyulub. Azərbaycanın uzunmüddətli dayanıqlı və tarazlı inkişafının təminatında isə investisiyaların cəlb edilməsi xüsusi önəm daşıyan amillərdəndir. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran prioritet vəzifələrdəndir.

 

Regionlarda kompleks islahatlar və iqtisadiyyatın şaxələndirilməsi

 

Keçən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləri olub. Dövlətimizin başçısı tərəfindən irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta rezervlərinin artmasına da zəmin yaradıb. Təkcə ötən 2010-cu ildə ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Regionların sosial-iqtisadi inkişafına dair ilk proqramın uğurla başa çatmasından sonra qəbul olunmuş ikinci Dövlət Proqramının icrasının cari 2011-ci ildə də sürətlənməsi qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan verib, bu istiqamətdə geniş imkanlar açıb. Bu ilin əvvəllərindən başlayaraq, Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Bu, eyni zamanda, bir daha dövlət başçısının regionların inkişafına xüsusi diqqət və qayğısının, dövlət proqramlarının icrasına birbaşa nəzarətinin göstəricisidir. Bu məqsədlə xeyli vaxtdır ki, bölgələrdə mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı qəbul edilib. 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramı uğurla həyata keçirilib. İndi də 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramında qarşıya qoyulan vəzifələri həyata keçirməkdən ötrü regionlarda genişmiqyaslı iş görülür.

 

Qeyri-neft sektorunun inkişafı yeni investisiyalara şərait yaradır

 

Ötən ildə Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının inkişafını təmin edib. Respublikada cəlbedici investisiya mühitinin yaradılmasının nəticəsində ki, il ərzində ölkəyə bütün maliyyə mənbələri hesabına əsaslı miqdarda investisiya qoyulub. Təqdirəlayiq haldır ki, ölkədə yaradılmış əlverişli biznes mühiti Azərbaycan şirkətlərinin maliyyə imkanlarının artmasına və onların yalnız ölkə daxilində deyil, eləcə də, xarici ölkələrdə investisiya yatırmalarına imkan yaradıb. İnfrastruktur və sosialyönümlü Dövlət İnvestisiya Proqramının icrası nəticəsində nəqliyyat, kommunal, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin tikintisi həyata keçirilib. Bu nəticələr beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilib. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlib. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülüb və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçib. Keçən il ərzində 145 ölkə ilə ticarət aparılıb, xarici ticarət dövriyyəsi 34,8 faiz artaraq 25,1 milyard dollar təşkil edib, 13,7 milyard dollar müsbət saldo yaranıb. Xüsusilə, əhəmiyyətli olan qeyri-neft ixracında 16 faizdən çox artım qeydə alınıb. Ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşıb. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəldib, "Fitch Ratings" agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi verib. Qeyri-neft sektoruna qoyulan investisiyalar isə neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür.

 

Nəqliyyat sektorunun inkişafı – yeni təməllər, yeni layihələr...

 

Keçən il nəqliyyat sektoruna böyük investisiyalar qoyulmuşdur. Azərbaycanda bu tendensiya artıq ənənəvi mənzərəyə çevrilib. Bu sektor ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. Avtomobil yolları tikilir, yeni təyyarələr alınır. Görülən işlər çərçivəsində Ələtdə böyük beynəlxalq ticarət limanının təməli qoyulub, gəmiqayırma zavodunun tikintisinə başlanılıb. Bütün bunlar böyük sərmayə tələb edən layihələrdir. Həyata keçirilməsi nəzərdə tutulan bütün layihələr arasında əsas layihələr artıq reallaşıb və ya artıq onların icrasına başlanıb. Növbəti illərdə o layihələrin icrası və başa çatdırılması nəticəsində nəqliyyat sektorunda, demək olar ki, bütün məsələlər həll ediləcək. Hazırda magistral, şəhərlərarası yollarda işlər gedir, bəzilərində isə artıq başa çatıb. Dəniz nəqliyyatının inkişafı üçün tankerlər, quru yük gəmiləri alınır. Gələcəkdə isə ölkəmiz bu gəmilər vasitəsi ilə neft və neft məhsulları ixrac edəcək.

 

 

Rövşən RƏSULOV

 

Səs.- 2011.- 2 mart.- S. 8.