Azərbaycan! Azərbaycan!

 

Ey qəhrəman övladın şanlı vətəni!...

 

Müstəqil dövlətin yaranması, formalaşması üçün zəruri olan amillərdən biri də həmin dövlətin ərazisində məskunlaşmış xalqın və ya xalqların vahid ideologiya ətrafında birləşməsi, bu ideologiyanın əsaslarını özləri üçün qəbul etmələridir. Vahid, mərkəzləşdirilmiş dövlətin yaranması üçün bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki hər hansı siyasi-ictimai və ya təbiət hadisəsinin müəyyən zaman kəsiyində insanlar bir yerə toplanırsa, fərdin enejisi kütlənin, bəzən də millətin enerjisinə çevrilə bilirsə, səbəb kimi ortada olan faktorun araan qalxması bu birliyin pozulmaması və ardıcıl inkişaf üçün müəyyən ideologiyanın mütləqliyini ehtiva edir. Bu ideyanın olmadığı təqdirdə, yaranan birlik müvəqqəti xarakter daşıyacaq, öz-özünə dağılacaq, bəzi hallarda isə yeni dağıntılara səbəb olma ehtimalını gücləndirəcək. Hadisələrin belə neqativ istiqamət alması isə həm dövlətin ictimai, iqtisadi, sosial həyatında destruktiv fəsadlar yarada bilər, həm də xalqların bu və digər formalarda miqrasiyaya məruz qalmasını şərtləndirər...

 

Böyük liderin varlığı milli həmrəyliyin əsas təməlidir

 

Tarixin bütün dönəmlərində çətinliklərlə üz-üzə qalmış, ən ağır sınaqlara düçar olmuş Azərbaycan xalqı da zaman-zaman bu cür dolanbaclı, taleyüklü məqamlarla üz-üzə dayanıb. Bu cür "olum, ya ölüm" məqamlarında bir sıra hallarda milli ideyanın və bu ideyanın ətrafında cəmləşmiş milli birliyin olmaması xalqımız üçün böyük faciələrə gətirib çıxarıb, zaman-zaman müstəmləkəyə çevrilməmizə, xırda xanlıqlara parçalanmamıza gətirib çıxarıb. Digər tərəfdən, bu cür imtahan sayılacaq günlərdə sınaqdan üzüağ çıxmaq üçün xalqın önündə addımlayan, xalqı vahid çağırışın, ideyanın ətrafında birləşdirən LİDERİN varlığı ən əsas və ən mühüm amildir...

... 1920-ci ildə Şərqin ilk demokratik cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqımız XX əsrin sonunda yenidən öz müstəqilliyinin əldə etmək üçün şans qazandı. Sovet imperiyasının süqutu ilə öz suverenliyinə qovuşan xalqımız yenidən ağır bir sınaq ilə üzləşdi- xarici havadarlarının təhriki və köməyi ilə Ermənistan Respublikası Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarımıza qarşı təcavüzkar siyasət aparmağa, bu torpaqları özünə ilhaq etmək üçün separatçı hərəkata başladı. Azərbaycanda hakimiyyətə yiyələnmiş qüvvələrin isə başı kreslo savaşına qatışdığı üçün Dağlıq Qarabağa qarşı aparılan təcavüzkar siyasətin qarşılığını yalnız yerli əhali verməli olurdu. Bunun nəticəsində isə, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olundu, xalqımız yenidən ermənilər tərəfindən soyqırımına məruz qaldı.

Xarici təcavüzlə yanaşı, ölkə daxilində də müəyyən separatçı qüvvələr ölkəni bir neçə hissəyə parçalamaq arzusunda idilər. 1992-ci ildə hakimiyyətə yiyələnmiş qüvvələrin apardığı etnik ayrı-seçkilik nəticəsində bir sıra azsaylı xalqlar arasında xarici qüvvələrin təhriki ilə silahlı separatçı qüvvələr meydana gəlirdi. Bunun nəticəsi kimi isə cənubda qondarma  "Talış Muğan Respublikası" yaradılır, şimalda isə bir sıra qüvvələr aktiv fəaliyyətə başlayırdı. Məhz belə bir ağır zamanda, ölkənin faktiki olaraq, parçalandığı dövrdə xalqımız yenə də nicat yolu olaraq Ulu Öndərimiz Heydər Əliyevə üz tutdu...

 

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır

 

1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızı vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu, vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan  AZƏRBAYCANÇILIQ ideyası idi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq"...

Ümummilli Liderimiz Heydər Əliyev azərbaycançılığı milli ideyaya çevirməklə, ölkənin daxilində yaşayan onlarla xalqı bu ideyanın ətrafında birləşdirməyə, milli - etnik ayrı-seçkiliyin aradan qaldırılmasına, ölkədə ictimai-siyasi stabilliyi yaratmağa, dövlətin inkişaf konsepsiyasını qurmağa nail oldu. Məhz bu ideologiya ətrafında sıx birləşən Azərbaycan xalqı vahid ideya-dövlətin inkişafı ideyasını prioritet olaraq qarşısına qoydu və bütün enerjisini bu istiqamətə yönəltdi. Bu, həm də müasir, qloballaşan dünyada milli kimliyimizin tanınması istiqamətində mühüm bir addım idi. Artıq bütün dünya güclü Azərbaycan dövlətinin vətəndaşlarının milli kimliyini tanıdı.

 

Dövlətçilik və vətənpərvərlik - bizi birləşdirən dəyər!

 

Azərbaycançılıq ideyasının ən mühüm komponentləri, təməl olaraq "dövlətçilik" və "vətənpərvərlik" ideyalarıdır. Məhz azərbaycançılıq ideyası Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Ulu Öndər Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi zaman dövrün mövcud reallıqları çərçivəsində xaricdəki (təbii ki, ilk növbədə, SSRİ məkanında) azərbaycanlı diasporunun təşəkkül tapmasına mümkün dəstəyi göstərirdi. Ulu Öndər müstəqil Azərbaycanın Prezidenti olduqdan sonra bu fəaliyyəti dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq".

 

Milli-mənəvi dəyərlərimizin intibahı

 

Azərbaycançılıq həm də Azərbaycanın tarixinin, mədəniyyətinin, milli kimliyimizin dünyada təbliğinə yol açdı. Azərbaycanın böyük ədib və mütəfəkkirlərinin, alimlərinin, mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması da bu işin mühüm tərkib hissəsidir. Bu istiqamətdə isə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir. Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür.

Sevindirici haldır ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulan milli birlik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ dövlət başçısı kimi ilk andçimə mərasimində "mən hər bir azərbaycanlının PREZİDENTİYƏM" söyləyən Prezident İlham Əlyiev bu fikri əməli fəaliyyəti ilə sübuta yetirdi. Bu gün Azərbaycanda bütün sahələr üzrə müşahidə olunan inkişaf trayektoriyalarının arxasında milli birlik formulu, sabitlik amili dayanır. Məhz bu milli birlik ölkəmizin dünyaya inteqrasiyasının tam, kompleks halda həyata keçməsinə təminat verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün "Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir". Bu interqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da da azərbaycançılıq fəlsəfəsi təmin edir: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər".

Azərbaycançılıq fəlsəfəsi vahid Azərbaycanın ideya əsası, dünya azərbaycanlılarını birləşdirən ortaq dəyər və Azərbaycanı dünya tanıdan milli-mənəvi irs olaraq öyrənilməli və təbliğ edilməldir. Çünki bu irs, bu fəlsəfə ölkəmizin inkişaf konsepsiyasının, sabitlik amilinin, o cümlədən, milli təhlükəsizliyimizin ən ümdə düsturudur...

 

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 4 mart.- S. 10.