Yol infrastrukturunda
yeni həyat, yeni nəfəs, yeni mədəniyyət...
İlham Əliyev: "Körpülərimiz, yol
ötürücülərimiz nəqliyyat infrastrukturu olmaqla
yanaşı, eyni zamanda, memarlıq
nümunələridir"
Yol infrastrukturunun yeniləşdirilməsi,
yol tikintisi, sərnişinlərin rahatlığı,
nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkəti
üçün körpülərin,
yeraltı keçidlərin
istifadəyə verilməsi
bu gün respublikamızda, ölkəmizdə
geniş və əhatəli miqyasda aparılan yenilik, quruculuq-abadlıq işlərinin
tərkib hissəsidir.
Bu sahədə görülən
davamlı işlərin
beynəlxalq standartlara
uyğun yüksək
keyfiyyətlə icra olunduğunu xatırladaraq,
qeyd etmək mümkündür ki, təqribən 10 il əvvəl ölkədə
böyükmiqyaslı yol
çəkilişlərini yalnız xarici şirkətlər gerçəkləşdirirdi.
Yəni o dövrlər Azərbaycanın maliyyə
imkanları o səviyyədə deyildi ki, yerli şirkətlər,
yaxud da Nəqliyyat Nazirliyinin müvafiq bölmələri
bu işləri öz hesabına görsünlər. Ələt-Qazıməmməd,
Ələt-Salyan yolunun
bir hissəsinin tikintisini məhz xarici şirkətlərin işi kimi göstərmək mümkündür. Həmin
yolların tikinti-bərpa
işlərini Türkiyə
şirkətləri bağlanmış
müqavilə əsasında
əsaslı şəkildə
yenidən qurdu.
Lakin bir neçə
ildir ki, ölkəmizin enerji ehtiyatlarının dünya
bazarlarına nəqlindən
əldə olunmuş
gəlirlər iri maliyyə tutumlu yol-nəqliyyat layihələrini
icra etməyə imkan verməkdədir. Məhz bu amilin
əsaslı və əməli nəticəsidir
ki, son 3-4 il ərzində Bakı ilə yanaşı, paytaxtı regionlarla birləşdirən
magistral avtomobil yollarının əksəriyyəti
ən yüksək beynəlxalq standartlar səviyyəsində yenidən
qurularaq istifadəyə
verilmişdir. Buna misal kimi Bakı-Şamaxı,
Bakı-Sumqayıt-Rusiya sərhədi,
Bakı-Kürdəmir-Ucar-Yevlax-Gəncə-Qazax-Gürcüstan
sərhədi yollarını
və digər magistralları göstərmək
mümkündür.
Son illər ərzində inşa olunmuş bu magistral yolların üstün cəhətlərindən
biri asfalt salınmamışdan öncə,
həmin yolların betonla bərkidilməsidir.
Bununla bağlı ölkə Prezidenti İlham Əliyevin dediyi fikirləri bir daha xatırlatmaq
yerinə düşər:
"Beton yollar Avropanın ən inkişaf etmiş şəhərlərində tikilir.
Ancaq biz nəinki aeroportdan şəhərə gələn
yolu beton örtüyü ilə tikmişik, eyni zamanda, Bakı-Sumqayıt və Bakı-Rusiya sərhədinə qədər
yolu belə tikirik. Bu yollar
insanlara rahatlıq gətirəcək. Əsas
məqsəd budur".
Cənab Prezidentin ifadəsi onu da təsdiq edir ki, O, yeni
yolların müasir tələblərə uyğun
olması ilə yanaşı, bu yollardan istifadə edən insanların rahatlığını da
önəmli hadisə
kimi dəyərləndirir.
Bakıda yeni nəqliyyat infrastrukturunun yaradılması, avtomobil tıxaclarının qarşısının
alınması bu gün ölkə rəhbəri İlham Əliyevin daim diqqətdə saxladığı
önəmli sosial məsələlərdən biridir.
Həmin
işlərlə əlaqədar
görülmüş bir
sıra təxirəsalınmaz
işləri xatırladaq.
Şəhərin mərkəzindən
Heydər Əliyev adına Beynəlxalq Aeroporta gedən yolun bir müddət
əvvəl hansı vəziyyətdə olduğu,
yəqin ki, unudulmayıb. Eyni zamanda,
metronun Əzizbəyov
stansiyası qarşısındakı,
Sabunçu, "Komsomol
dairəsi" və Suraxanı dairələrində
avtomobillər yarım
saatdan çox, hətta günün sıx zamanları bir saat tıxacda
qalırdı. Artıq
iki ildir ki, yuxarıda adları çəkilən
həmin dairələr
yoxdur. Bu dairələrin əvəzində
yeni, müasir körpülər tikilib, Zığ qəsəbəsi
istiqamətindən aeroporta
beynəlxalq standartlı
bond yol çəkilib. Hazırda
bu yolun davamı olaraq, Mərdəkan və Bilgəh istiqamətlərində
yeni yolötürücü
qurğular inşa olunur.
Şəhər daxilində nəqliyyatın
fasiləsiz hərəkətini
təmin etmək üçün, ölkə
başçısının tapşırığı ilə
piyadalar üçün
yeraltı keçidlər
tikilməsi, körpülər
inşa olunması əhali tərəfindən
sevinc və rəğbətlə qarşılanır.
Ötən ilin sonları, 2010 -cu il dekabrın 29-da paytaxtın bir neçə yerində müasir yeraltı keçidlər istifadəyə
verildi. Həmin keçidlərin istifadəyə
verilməsi mərasimlərində
Prezident İlham Əliyev çıxış
edərək, bildirdi ki, şəhər nəqliyyatının tənzimlənməsi
bu gün qarşıda duran əsas vəzifələrdəndir.
Dairəvi yol, demək olar ki, hazırdır. Bu yol paytaxt
üçün əvəzolunmaz
bir qovşaq olacaq. Avtomobillər şəhərə girmədən
həmin yolla hərəkət edəcəkdir.
Dövlət başçısının
qeyd etdiyi kimi, yeni yol
infrastrukturunun yaradılması,
yolların beynəlxalq
standartlara uyğun şəkildə qurulması,
eyni zamanda, sırf sosial xarakter daşıyır. Bu isə, o
deməkdir ki, yeni iş yerləri
açılır, bölgələrdə
canlanma yaranır, yeni müəssisələr
işə salınır.
Habelə, şəhər
nəqliyyatının davamlı
inkişafı üçün,
son illər nəhəng işlər görüldüyü göz
qabağındadır. Bakıda şəhəriçi
hesab edilən və təqribən 200 kilometri əhatə edən yeni yollar salınmış, mövcud yollar əsaslı şəkildə
yenidən qurulmuşdur.
20-yə yaxın yol ötürücüsü, 32 piyada
keçidi və bir neçə nəhəng körpü tikilib istifadəyə verilmişdir. Nəqliyyatın
inkişafı və müasir tələblərə
cavab verməsi üçün ölkəmizə
2 min 500-ə qədər
sərnişin avtobusu
gətirilmişdir. Bakıda
ən müasir standartlara cavab verən nəqliyyatın intellektual idarə edilməsi mərkəzi yaradılır.
Prezident İlham Əliyev paytaxtda və ölkənin digər şəhərlərində nəqliyyatın
tənzimlənməsi üçün
görülmüş işləri
yüksək qiymətləndirərək,
qeyd edir ki, körpülərimiz, yol ötürücülərimiz
nəqliyyat infrastrukturu
olmaqla yanaşı, eyni zamanda, memarlıq
nümunələridir: "Bunlar görünüşü,
dizaynı, gözəlliyi
və müasirliyi ilə paytaxtımıza yaraşıq verir".
Bir sözlə, görülən bütün
bu genişmiqyaslı,
nəhəng işlər
Prezident İlham Əliyevin təşəbbüsü,
rəhbərliyi, diqqət
və qayğısı
ilə həyata keçirilir, reallaşdırılır.
Azərbaycanda ilk beton yolun tikilməsinin
təşəbbüskarı da məhz Dövlət
başçısı İlham
Əliyevdir. O, Azərbaycan
iqtisadiyyatına çox
böyük, əvəzsiz
töhfələr verməklə
yanaşı, müasirləşən,
yeniləşən yol
infrastrukturuna da yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib.
RÖVŞƏN RƏSULOV
Səs.- 2011.- 8 mart.- S. 3.