Azərbaycan qadını dünyanın ən ülvi qadınıdır

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoludur

 

Müasir dövrümüzdə beynəlxalq arenada nüfuza malik olan Azərbaycan qadınının adı fəaliyyət dairəsinin şaxəliliyi ilə hallanır. Dünyada qloballaşma prosesi getdiyi bir zamanda milli mənəviyyat, tarixin qorunması, keçmişin bir irs olaraq yaşadılması Azərbaycan qadınının üzərinə məsuliyyət qoyduğu halda, zərif cinsin nümayəndəsi bu yükün öhdəsindən layiqincə gəlir.

Dövlətimizin sürətli inkişafı, onun potensialının ildən-ilə yüksəlməsində Azərbaycan qadınının da əməyini vurğulamaq vacibdir. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm də ictimai-siyasi xadimdir. Dünya qadınlarının böyük təntənə ilə qeyd etdiyi 8 Mart Beynəlxalq Qadınlar Gününü Azərbaycan qadını da sevinclə bayram edir. Dövlətin aparıcı qüvvəsinə çevrilən Azərbaycan qadını tarixə diqqət etdikdə, görürük ki, müxtəlif obrazlarda təqdim olunub. Döyüşkən, mübariz, qəhrəman, siyasətçi, rəssam, yazıçı və s. İşgüzarlıq, yüksək daxili mədəniyyət, milli-mənəvi sərvətlərə sədaqət müasir Azərbaycan qadınının mövqeyini və simasını müəyyən edir. Müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Demək olar ki, respublikanın bütün sahələrində qadınlarımız təmsil olunurlar. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Bu və ya digər amilləri özündə cəmləşdirən qadınlarımızın nüfuzu günü-gündən artmaqdadır. Bunun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsə məlumdur. Onun qadına verdiyi qiymət, Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi  fikirlər milli dəyərləri özündə yaşadan qadınlarımızın kimliyini ifadə edir.

Bu gün Azərbaycan qadını bütün sahələrdə mübariz və dəyanətlidir. O cümlədən, ictimai-siyasi fəaliyyətdə məxsusi keyfiyyətləri ilə seçilir. Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. Azərbaycan Mehriban xanım Əliyevanın timsalında dünyada öz layiqli yerini tapıb. O, ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Ölkənin həyatında yüksək fəallıq göstərir. Onun Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban Əliyeva gördüyü işlərin sədası dünyanın hər yerindən eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Ümummilli Liderin təməlini qoyduğu yol bu gün də  davam etdirilməkdədir.

Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Mehriban xanım Əliyeva ata və ana məhəbbətindən uzaq olub, uşaq evlərinə verilənlərin qayğısına qalır, həyat şəraitlərini yaxşılaşdırmaq üçün yerləşdikləri mərkəzləri, evləri təmir və bərpa etdirir, onlar üçün hər cür şəraitin yaradılmasına çalışır, həyata keçirdiyi layihələr əsasında azərbaycanlı uşaqların maarifləndirilməsi və sağlam ruhda tərbiyə olunmasına yardımçı olur. Onun atdığı bu və ya digər addımlar Azərbaycan qadınının mənəvi dəyərlərini üzə çıxarır, böyük ürəyə malik olduğunu göstərir.

İctimai fəaliyyətə başladığı zaman məsafəsində Azərbaycanın birinici xanımı Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görüldü.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradıcısına çevrildi. Onun xətti ilə Mehriban xanım Əliyeva festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etdi. Azərbaycanın  mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərdi. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü reallaşdırdı.

Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə nəşr edilən (Azərbaycan, ingilis və rus) "Azərbaycan - İrs" jurnalını təsis etdi.

Müxtəlif sahələri əhatə edən fəaliyyətinin məzmunu geniş olduğundan, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi. Daha böyük layihələrə imza atan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olaraq 7 illik fəaliyyətində, nəinki Azərbaycanda, eləcə də, dünyaya nüfuzunu təqdim edə bildi. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri titulunu aldı.

Elə həmin il 2004-cü il dekabrın 28-də Mehriban xanım Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçildi.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva "İlin qadını" adına layiq görüldü.

Mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görüldü. Bu uğur və nailiyyətlər Mehriban xanım  Əliyevanı fəaliyyət istiqamətinin müxtəlifliyi və məsuliyyət yükünü dərk edərək icrasını yüksək səviyyədə yeriə yetirilməsinə görə, müşayiət edirdi. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.

 Mehriban Əliyeva ictimai-siyasi fəaliyyətdə məxsusi keyfiyyətlərini büruzə verir. Fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində mühüm işlər görür. Fondun "Təhsilə dəstək" layihəsi isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına kömək edir.

 Mehriban Əliyeva ictimai-siyasi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik işlərindən də kənarda qalmayıb, öz üzərinə düşən yükü imkanı daxilində reallaşdırır. Humanizm və xeyriyyəçilik kimi məfhumlar Azərbaycan qadınının mənəvi dəyərlərinin göstəricisidir. O, nəinki Azərbaycanın daxilində, eləcə də, onun hüdudlarından çox-çox kənarlarda Azərbaycan qadınının nəyə qadir olduğunu göstərir.

Mehriban xanım Əliyevanın Azərbaycan ailələrinə qayğı və diqqətlə yanaşması, onların problemlərin çözülməsinə diqqət göstərməsini də qeyd etməliyik. Bu gün Azərbaycanın haqq səsini dünya dövlətlərinə bəyan edən Azərbaycan qadınıdır. Müasir həyatımızda bütün dünya dövlətlərinin qadınları özünü Mehriban xanıma bənzətməyə çalışırlar. Eləcə də, Azərbaycanda bütün xanımlar öz əməlləri ilə Mehriban xanımın yolu ilə getməyə cəhd edirlər. Bu yol bir örnəkdir. Azərbaycan anasının, Azərbaycan xanımının, Azərbaycan ictimai nümayəndəsinin bir nümunə yoludur.

 Mehriban Əliyevanın məqsəd və ideyasının əsasında böyük amillər dayanır. O, bütövlükdə, insanlığa, bəşəriyyətə xidmət göstərir. Azərbaycanın dünya miqyasında tanınması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işləri ölkəmizin imicinin daha da yüksəlməsinə səbəb olmuşdur.

 Azərbaycan qadını dünyanın ən ülvi qadınıdır fikri Mehriban xanım Əliyevanın timsalında bir daha təsdiqini tapır. Onun dəyərləri heç bir dünya qadını ilə müqayisəyə gəlməz. Dünya ictimaiyyətinə Mehriban xanım Əliyeva kimi Azərbaycan qadınının obrazı məlumdur. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir. Seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında peşəkarlıq və fədakarlıq nümayiş etdirir. Qadın bəşəriyyətin qoruyucusudur. O, bütövlükdə, cəmiyyətdə fəaldır və dövlətin prinsiplərinə əməl olunmasında aparıcı qüvvədir.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 8 mart.- S. 4.