Azərbaycan qadınları öz məğrurluğu, cəsarəti milliliyi ilə bütün dünyaya nümunədir

 

YAP Yevlax rayon təşkilatı 8 Mart Qadınlar Günü münasibəti ilə tədbir keçirib

 

Dünən Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatında 8 Mart Qadınlar Günü münasibətilə dəyirmi masa keçirilib. Dəyirmi masada giriş sözü ilə çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev 8 Mart Qadınlar Günü münasibətilə bütün xanımları təbrik etdi. Ə.Quliyev çıxışında ölkəmizdə qadınların tutduğu mövqedən, gender bərabərliyindən və bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi yüksək qiymətdən ətraflı söz açdı. Qeyd etdi ki, Azərbaycan qadınları öz məğrurluğu, cəsarəti, milliliyi və humanistliyi ilə, nəinki Qafqazda bütün dünyada nümunədir.

YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, rayon təşkilatının sədr müavini Zərifə Məmmədova Azərbaycan qadınlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını çatdırdılar.

Ötən gün, həmçinin, Yevlaxda keçirilən Qadınlar Şurasının mükafatı uğrunda şahmat turnirinə də yekun vuruldu. Qaliblər qiymətli hədiyyələrlə, fəxri fərmanlarla təltif edildi.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 8 mart.- S. 6.