“Regionların
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"
uğurla icra olunmaqdadır
Astara rayonunda Dövlət Proqramı çərçivəsində
görülən işlər yüksək səviyyədə
icra olunur
Dünyada hökm
sürən maliyyə böhranından fərqli olaraq, ölkəmizin
sosial-iqtisadi inkişafı öz uğurlu nailiyyətləri
ilə davam edir, həyatın bütün sahələrində
yüksək tərəqqi qeydə alınır. Bütün
bu nailiyyətlər, bir daha onu sübut edir ki, ölkəmiz
sürətli, davamlı inkişaf yolundadır. Bir sözlə,
özünün daxili imkanlarına, zəngin neft-qaz sərvətlərinə
əsaslanan Azərbaycan Respublikası artıq 19 ilə
yaxındır ki, müstəqil iqtisadi siyasət
yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı
və əsas iştirakçısı, eləcə də,
lideri kimi regionda başlıca nüfuz sahibinə
çevrilir.
Sahibkarlığın və regionların
inkişafı geniş vüsət alıb
Artıq bir neçə
ildir ki, ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən
edən Dövlət Proqramı icra edilir. Bu proqram 2004-cü
ildə qəbul edilmiş regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının məntiqi
davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə
başlanmış növbəti proqram da uğurla icra edilir. Baxmayaraq
ki, 2009-cu il bütün dünya üçün çox
çətin, ağır il olub. Lakin Azərbaycan
bütün bu çətin sınaqlardan şərəflə
çıxa bildi. Belə ki, 2009-cu ildə iqtisadi artım 9,3
faiz, sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya
isə 1,5 faiz olubdur.
Bu gün ən əsas və mühüm bir faktı vurğulamaq mümkündür ki, respublikamızda son 5-6 il ərzində sahibkarlığın və regionların inkişafı ilə bağlı olan məsələlərin əməli həlli daha geniş vüsət alıb. Azərbaycan dövləti artıq bu sahədə də öz iradəsini göstərib. Sahibkarlar həm mənəvi, həm də maddi cəhətdən daim dəstəklənir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi, bütün bu sadalananlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran vacib amillərdir.
Astara rayonu yeni inkişaf mərhələsində
Onu da qeyd etmək mümkündür ki, 2004-2008-ci illər Dövlət Proqramı ilə əlaqədar respublikamızın bütün regionlarında, o cümlədən, Astara rayonunda da uğurlu olub. Son illər modul tipli elektrik stansiyası, qaz kompressor stansiyası, Astara yük terminalı, əlil və şəhid ailələri üçün 32 mənzilli yaşayış binası, 18 yeni orta məktəb binası, 4 mehmanxana tikilib, bir turizm-istirahət mərkəzi istifadəyə verilibdir. Rayonda 7 məktəb binası, bir çox mədəniyyət və tarixi abidələrin əsaslı təmir edilib, şəhərin küçə və meydanları, parkları abadlaşdırılıb, qəsəbə və kəndlərə gedən 29,6 km uzunluğunda yollar asfaltlaşdırılıbdır.
Rayon icra hakimiyyətindən bizə verilən məlumata görə, Astara şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyev adına prospekt, mədəniyyət və istirahət parkı salınmış, muzey yaradılmışdır. Hazırda rayonda olimpiya idman kompleksi və Astara gömrük-keçid məntəqəsinin tikintisi davam etdirilməkdədir.
Kənd təsərrüfatı
məhsullarında artım
müşahidə edilir
Bu illər ərzində rayonun kənd təsərrüfatında da böyük canlanma olmuşdur, xüsusilə, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı istehsalçılarına məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağları və mineral gübrələrin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərdə böyük ruh yüksəkliyi yaradıb, onların torpağa bağlılığını ön plana çəkərək və həvəslə işləmələrinə zəmin yaradıblar. "Aqrolozinq" ASC-nin aqroservis filialı tərəfindən 67 nəfər kənd təsərrüfatı istehsalçılarına güzəştli qaydada 210 ton azot gübrəsi satılmışdır. Rayonda məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təmin olunması da diqqət mərkəzində olmuşdur. Bütün bunlar rayonda kənd təsərrüfatı məhsullarının artımına müsbət təsir göstərir. Bu gün Astarada geniş vüsət alan çayçılıq sahəsində də uğurlu işlər aparılır. Belə ki, çayçılıq sahəsində 120 ha sahədə aqrotexniki qulluq işləri aparılıb, çay kollarına mineral gübrələr verilibdir. 2009-cu ildə 263,1 ton yaşıl çay yarpağı tədarük olunub, emal müəssisələrinə təhvil verilib. Faraş tərəvəz istehsalından ötrü 2009-cu ildə əkin sahələrində, əsasən, məhsul yığımı və təmizləmə işləri aparılıb, əkin sahələrini mövsümi yağan yağışların sel sularından qorumaq üçün kanallar lil və palçıqdan təmizlənibdir. Taxıl və dənli bitkilərin istehsalı ilə əlaqədar 2009-cu ildə kənd təsərrüfatı müəssisələri və əhali təsərrüfatlarında 1158,5 ha sahədə dənli və dənli-paxlalı bitkilər əkini həyata keçirilibdir. 586,5 ha sahədə taxıl, o cümlədən, 235,5 ha sahədə çəltik əkilib, 2229,2 ton taxıl, o cümlədən, 1540,8 ton çəltik istehsal edilərək, ziyanverici və həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilibdir. 2009-cu ildə sitrus və meyvə bağlarında 22564 ton meyvə tədarük olunubdur.
Sosial problemlər aradan qaldırılır
Sosial problemlərin həlli ilə bağlı rayonda ciddi işlər görülübdür. Belə ki, 2009-cu ildə 786 evə qaz xətti çəkilib, 1429 p/m müxtəlif diametrli qaz xətləri üzərində təmir-bərpa işləri aparılıb, əhali abunəçiləri üçün 786 ədəd məişət qaz sayğacı quraşdırılıb, 33 ədəd qaz tənzimləyici şkaf təmir edilərək, işlək vəziyyətə gətirilibdir.
2010-cu ilin yanvar-fevral aylarında Pensər və Kakalos kəndlərində 9 km-lik müxtəlif diametrli, orta təzyiqli qaz xətləri üzərində təmir-bərpa işləri aparılıb, 8 ədəd qaz tənzimləyici qurğu təmir olunaraq, 200 evə qaz sayğacı quraşdırılıbdır. Həmin əraziyə təbii qazın verilməsi bərpa edilibdir.
Pensər kənd 2 saylı orta məktəbi üçün 480 yerlik, Rinə kənd orta məktəbi üçün 360 yerlik, Pəlikəş kənd orta məktəbi üçün 240 yerlik, Marzəsəy və Qəcimardə kənd əsas məktəbləri üçün 180 yerlik, Vovada kənd ibtidai məktəbi üçün 80 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilibdir. 620 yerlik Kijəbə qəsəbə orta məktəbinin əsaslı təmiri başa çatdırılıb, məktəb inventar və avadanlıqlarla təmin edilibdir.
Şəhid və əlil ailələri daim diqqət mərkəzindədir
Bütün bu işlərlə yanaşı, rayon ictimaiyyətinin çoxsaylı müraciətlərini, arzu və təkliflərini nəzərə alaraq, 2010-cu ildə Dövlət Proqramı çərçivəsində əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının, Astara, Şahağac magistral yolunun tikintisi, su və kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, bütün bu işlər, onu deməyə əsas verir ki, Astara rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini, birmənalı olaraq, dəstəkləyir və müdafiə edirlər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 8 mart.- S. 8.